Rəqəmsal texnologiyalar Azərbaycanda ictimai həyatın müxtəlif sahələrinə getdikcə daha çox tətbiq olunur. Elektron hökumətin inkişafına, təhsilin rəqəmsal transformasiyasına və informasiya resurslarına çıxışın genişləndirilməsinə yönəlmiş milli təşəbbüslər informasiya-kommunikasiya texnologiyalarından, o cümlədən distant təhsildən istifadə əsasında müasir təhsil mühitinin yaradılmasında öz töhfəsini verir. Azərbaycan iddialı rəqəmsallaşma strategiyalarını həyata keçirərkən, faydalı texnoloji biliklərlə problemli rəqəmsal davranışlar arasında balansın qorunması məsələsi ortaya çıxır. Bu sahədə reallaşan digər araştırmalara baxdıqda, görürük ki, Azərbaycan texnoloji adaptasiya və rəqəmsal savadlılıq sahəsində əhəmiyyətli irəliləyiş əldə etsə də, həddindən artıq istifadə nümunələri, bərabərsizliklər və sosial nəticələr kimi problemlər diqqətlə nəzərdən keçirilməlidir. Bu səbəbdən, rəqəmsallaşmanın faydalarını maksimum dərəcədə artırmaqla yanaşı, asılılıqla bağlı riskləri minimuma endirmək üçün balanslı yanaşmaya dair əsas məqamları nəzərdən keçirmək əhəmiyyətlidir.
"Rəqəmsal Azərbaycan" anlayışı ölkənin texnoloji modernləşmə və rəqəmsal həllərin hökumət, biznes və cəmiyyətə inteqrasiyasına yönəlmiş strategiyasını təmsil edir. Müstəqillik qazandıqdan sonra Azərbaycan informasiya və kommunikasiya texnologiyalarını (İKT) inkişaf strategiyasının əsas dayağı kimi prioritetləşdirib, xüsusilə neft və qaz sektorundan asılılığı azaltmaq məqsədilə. Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair hökumətin strateji yol xəritəsi Azərbaycanın intensiv infrastruktur inkişafı, e-idarəetmə təşəbbüsləri və rəqəmsal savadlılıq proqramları vasitəsilə regional rəqəmsal mərkəzə çevrilməsini hədəfləyir. Lakin rəqəmsal texnologiyalar Azərbaycan cəmiyyətinə daha dərindən inteqrasiya etdikcə, sürətli rəqəmsallaşmanın mümkün sosial fəsadları ilə bağlı suallar ortaya çıxır. Faydalı texnoloji biliklər ilə problemli asılılıq arasındakı sərhəd, xüsusilə sürətli transformasiya dövründə qeyri-müəyyən olur.
Rəqəmsal texnologiyalardan istifadə ilə bağlı bacarıqları təsvir etmək üçün müxtəlif terminlər mövcuddur. Ədəbiyyatda ən çox istifadə olunan termin "rəqəmsal savadlılıq" (digital literacy) anlayışıdır. Digər geniş yayılmış terminlərə "rəqəmsal bacarıqlar" (digital skills), "informasiya-kommunikasiya texnologiyaları (İKT) bacarıqları" (ICT skills), "rəqəmsal səriştə" (digital competence), "media savadlılığı" (media literacy) və "internet bacarıqları" (internet skills) daxildir. Həmçinin, son on ildə "sosial media bacarıqları" (social media skills) konsepsiyası əhəmiyyətli dərəcədə aktuallıq qazanmışdır. Bu terminlərin təhlili əsasında belə nəticəyə gəlmək olar ki, rəqəmsal bacarıqlara dair baxışımız və anlayışımız zamanla əhəmiyyətli dərəcədə dəyişir və kifayət qədər dar bir anlamdan, geniş spektrli "koqnitiv, qiymətləndirici, sosial və emosional bacarıqları" əhatə edən daha geniş bir anlam tərəfə genişlənir. Bu anlayış həm ictimai, həm də əmək fəaliyyəti sahələrində rəqəmsal texnologiyaların sürətli inkişafını əks etdirir. Rəqəmsal bacarıqların daha dar tərifinə adətən kompyuterlə işləmə bacarıqlarının və ya İKT sahəsində bacarıqların əldə edilməsi və istifadəsi daxildir. Bu açıqlama yalnız kompyuterlərin istifadəsinə əsaslanan yeni texnologiyaların aparat və proqram təminatının "texniki, əməliyyat və prosedural" aspektlərinə yönəlmişdir. Qeyd olunan tərifin bu qədər konkret məzmunu o deməkdir ki, "kompyuter bacarıqları" və ya "İKT bacarıqları" kimi terminlər elmi ədəbiyyatda əsas, həmçinin rəqəmsal bacarıqların ən dar konsepsiyaları kimi qəbul edilir. "Rəqəmsal savadlılıq" termini ilk dəfə 1997-ci ildə P. Gilster tərəfindən eyniadlı kitabında populyarlaşdırılmışdır. Müəllif rəqəmsal savadlılığı məlumatların kompyuter vasitəsilə təqdim edildiyi zaman müxtəlif mənbələrdən, bir çox formatda anlamaq və istifadə etmək bacarığı kimi başa düşürdü.
Melburn Kral Texniki Universiteti tədqiqatçıların 2020-ci ildə “Rəqəmsal bacarıqlarını inkişaf etdirmək üçün Avstraliya tərəfindən qəbul edilmiş yanaşmaların tədqiqi” çalışmasında rəqəmsal bacarıqlar rəqəmsal dünyagörüşünün (aparat təminatı, proqram təminatı, informasiya, sistemlər, təhlükəsizlik və innovasiyaların məcmusu), biliklərin (nəzəri qavrayış və anlayış), səriştənin (koqnitiv və praktik təcrübə) və münasibətlərin (dəyərlər və inanclar) kombinasiyası kimi müəyyən ediblər.Nəticədə, bu istiqamətdə bacarıqlara yiyələnmənin önəminə və bu sahədə təkmilləşmə işləri aparılmasına diqqət çəkiblər.
Beləliklə, rəqəmsal cihazlar, sistemlər və proqram təminatı ilə işləmək üçün tələb olunan texniki bacarıqları, eyni zamanda daim artan məlumat miqdarı ilə informasiya-intensiv mühitdə işləmək üçün lazım olan koqnitiv bacarıqları, geniş spektrli mənbələri və informasiya növlərini əhatə edən təhlükəsizlik sahəsinə aid etik bacarıqları və rəqəmsal mühitdə istehsal problemlərinin müəyyən edilməsinə və həllinə kömək edən strateji bacarıqları özündə birləşdirir. Həmçinin, nəzərdən keçirilən bacarıqların təhlilinin müəyyən edilə bilən bacarıqlara yönəlməsi lazım olduğu iddiaına əsaslanır.
Azərbaycanın rəqəmsallaşmaya keçidi post-Sovet dövrünün əvvəllərində başlayıb, lakin 2000-ci illərdə əhəmiyyətli dərəcədə sürətlənib. "Azərbaycan Respublikasında İnformasiya və Kommunikasiya Texnologiyalarının İnkişafına dair Milli Strategiya (2003-2012)" sənədinin qəbul edilməsi ölkənin rəqəmsal inkişaf yanaşmasında dönüş nöqtəsi olub. Bu strategiyanı e-hökumət, rəqəmsal infrastruktur və İKT təhsili sahələrində həyata keçirilən müxtəlif dövlət proqramları izləyib və nəticədə 2016-cı ildə "Telekommunikasiya və İnformasiya Texnologiyalarının İnkişafına dair Strateji Yol Xəritəsi" təsdiq edilib.
Günümüzdə, Azərbaycan rəqəmsal göstəricilər baxımından əhəmiyyətli irəliləyiş əldə edib. İnternetə çıxış səviyyəsi əhalinin təxminən 88,6%-ni əhatə edir, mobil abunəlik səviyyəsi 92%-i keçib, genişzolaqlı internetin əhatə dairəsi isə həm şəhər, həm də kənd ərazilərində genişlənməkdədir. "Azərbaycan Digital Hub" proqramı ölkəni Avropa və Asiya arasında internet tranziti üçün regional mərkəzə çevirib, yerli təşəbbüslər, məsələn, ASAN xidməti bir çox hökumət xidmətlərini rəqəmsallaşdırıb. COVID-19 pandemiyası rəqəmsal qəbulu sürətləndirib, məsələn müxtəlif sektorlarda distant iş normaya çevrilib, təhsil müəssisələri sürətlə onlayn təhsil platformalarına keçib, online-tibb xidmətləri xeyli genişlənib.
Bu müzakirənin əhəmiyyəti yalnız Azərbaycanla məhdudlaşmır, eyni zamanda texnologiyanın ikiüzlü təbiəti ilə bağlı qlobal narahatlıqları da əks etdirir. İnkişaf etməkdə olan ölkələr oxşar rəqəmsal transformasiya gündəmini həyata keçirdikcə, innovasiyanı sosial rifahla balanslaşdırmağın yollarını başa düşmək getdikcə daha vacib olur. 2017-ci ildə Ümumdünya İqtisadi Forumunda (Davos, İsveçrə) rəqəmsal savadlılıq səviyyəsinin və rəqəmsal səriştələrin formalaşmasının qiymətləndirilməsi konsepsiyası – rəqəmsal intellekt əmsalı (DQ)2 təqdim edildi. Rəqəmsal intellekt əmsalı fərdə rəqəmsal həyatın çətinliklərini dəf etməyə və onun tələblərinə uyğunlaşmağa imkan verən universal mənəvi dəyərlərə əsaslanan texniki, koqnitiv, metakoqnitiv və emosional səriştələrin məcmusu kimi başa düşülür. Rusiyada (NAFİ) rəqəmsal savadlılıq səviyyəsinin qiymətləndirilməsi üçün aşağıdakı meyarlar üzrə həyata keçirilən 5 faktorlu metodika işlənib hazırlanmışdır: informasiya savadlılığı, kommunikativ savadlılıq, rəqəmsal məzmunun yaradılması, rəqəmsal təhlükəsizlik, rəqəmsal səriştə. Qazaxıstanın "Rəqəmsal Qazaxıstan" proqramı çərçivəsində əhalinin hədəf rəqəmsal savadlılıq indeksinin hesablanması nəzərdə tutulur. Göstəricilər kimi 5 səriştəni özündə birləşdirən əsas rəqəmsal bacarıqlar və media bacarıqlarını, həmçinin peşəkar rəqəmsal bacarıqları əhatə edən peşəkar rəqəmsal bacarıqlar çıxış edir.
Bu inkişaflar vətəndaşların rəqəmsal iştirakını artırıb. Ancaq bütün məqamları nəzərə aldıqda, biliklə yanaşı rəqəmsal məkanda davranışların hansı istiqamətdə ilərləyəciyini anlamaqda önəmlidir. Biliklərin səriştə artımına yoxsa problemli davranış spektrlərində artıma səbəb olacağını qiymətləndirmək vacibdir.
Problemli davranış dedikdə, təsdiqlənmiş patoloji internet istifadəsi olaraq anlaşılan texnoloji asılılıq nəzərdə tutulur. 1998-ci ildə K.Young internet asılılığını müəyyənləşdirmək üçün məyarlarlar təklif edib. Diaqnostik məyarlarına görə, əgər insan sadalanan bu 8 amildən ən azı 5-nə “bəli” cavabını verirsə, asılılıq probleminin mövcudluğuna işarət etdiyini bildirir. Bu məyarlar: İnternetdə olmadıqda belə, İnternet haqqında fikirləşmək; Eyni həzzi əldə etmək üçün onlayn daha çox vaxt sərf etmək ehtiyacı; Şəbəkə istifadə müddətini azaltmaq üçün uğursuz cəhdlər; Giriş məhdudlaşdırıldıqda əsəbilik və ya depressiya; Planlaşdırılandan daha uzun müddət onlayn qalmaq; İnternetdə olma səbəbiylə vacib məsələlər və ya münasibətlərin korlanması; İnternetdə sərf olunan real vaxtı gizlətmək; Əhval-ruhiyyəni yaxşılaşdırmaq, narahatlığı və ya cansıxıcılığı aradan qaldırmaq üçün İnternetdən istifadə etmək.
Bu məyarları nəzərə alaraq, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ildə yayımladığı “Uşaqlar arasında internetdən istifadə səviyyəsinin ölçülməsi” hesabatında qeyd olunan məlumatlara əsasən, 6-18 yaşları arası uşaq və gənclərin 35,1%-i 5 saatdan çox internetdə vaxt keçirtdiyini, 56%-inin isə rəqəmsal mühitdə iştirakçılığının nəzarəti olmadığını qeyd edir. Zərərlər haqqında isə fikirləri öyrəndikdə isə, ən çox yuxu problem (29%), virtual həyatdan asılılıq hissi (27%) və canlı ünsiyyətdən imtina (24%) olduğunu görürük.
Şəkil 1. "6-18 yaş arası gənclərin 'İnternetin zərərləri hansılardır?' sualına verdikləri cavabların bölgüsü."
Xüsusilə sosial media istifadəsi psixoloji rifaha mənfi təsir edə bilər. Bu problemləri həll etmək üçün Azərbaycanda rəqəmsal savadlılıq proqramları yalnız texniki bacarıqlarla deyil, kompleks yanaşma inkişaf etdirilməlidir. Məsələn, rəqəmsal savadlılıq üzrə təhsil proqramları, profilaktiki maarifləndirici tədbirlər, peşəkarlarmış psixoloji dəstək və cəmiyyət daxili qarşılıqlı əlaqə.
Nəticə olaraq, Azərbaycanın rəqəmsal transformasiyası əhəmiyyətli uğurlar qazansa da, texnoloji asılılıq və sosial fəsadlar kimi problemlər diqqətlə idarə olunmalıdır. Balanslı yanaşma texnologiyanın imkanlarını maksimuma çatdırmaqla yanaşı, potensial riskləri azaltmağa kömək edəcəkdir.
Nailəxanım Rüstəmova
Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi