Təhlükəsizlik - sülh, kimlik və digər beynəlxalq siyasi nəzəriyyələrə aid terminlər kimi çoxsaylı təriflərə məruz qalıb. Bu anlayışın geniş spektrdə yozulmasının əsas səbəblərindən biri onun ideoloji baxışlara görə fərqli formalarda izah edilməsidir. Hər kəs təhlükəsizliyi öz dünya baxışına uyğun tərifləndirməyə çalışdığı üçün, bu anlayış ətrafında konsensus yaratmaq çətindir.
Təhlükəsizlik konsepti nə qədər qeyri-müəyyən olarsa, onun çərçivəsində fəaliyyət göstərmək də bir o qədər sürüşkən və elastik xarakter daşıyır. Təhlükəsizlik adı altında həm dövlətlər, həm də fərdlər tərəfindən atılan addımlar bəzən nəzarətsiz nəticələr doğurur – bunların bir qismi planlaşdırılmamış, bir qismi isə manipulyativ xarakter daşıyır. Bu qeyri-dəqiqlik səbəbindən “təhlükəsizlik” tez-tez dövlətlər və siyasi aktorlar üçün ictimai rəy qazanmaq və siyasi layihələrə dəstək toplamaq vasitəsinə çevrilir. Bu barədə Paul D. Williams qeyd edir ki, təhlükəsizlik siyasi gündəmlərdə öncülük qazanmaq üçün güclü alətə çevrilmişdir.
Bu baxımdan, Samuel Makinda-nın təhlükəsizliyi “cəmiyyətin norma, qayda, institut və dəyərlərinin qorunması” kimi tərifi funksional görünür. O, əlavə edir ki, bu qorunma yalnız hərbi deyil, qeyri-hərbi təhdidlərə qarşı da yönəlmiş olmalıdır. Buradakı “qoruma” ifadəsi təsadüfi və spontan yox, sistemli, məqsədyönlü və planlı fəaliyyət tələb edir. Beləliklə, təhlükəsizlik siyasətinin əhatə dairəsi əsasən cəmiyyətin siyasi rəhbərliyinin bu sahəyə münasibəti ilə formalaşır.
Müxtəlif elmi və praktiki müzakirələrdə milli təhlükəsizliklə qlobal təhlükəsizlik arasında sərhəd çəkilməyə çalışılsa da, bu ayırımı real praktikada qorumaq mümkünsüzdür. Əksinə, bu iki anlayış arasında qarşılıqlı asılılıq və simbiotik münasibət hökm sürür. Elə məsələlər var ki, onların yalnız milli səviyyədə həlli qeyri-mümkündür. Həmçinin, qlobal miqyasda baş verən bəzi hadisələrin nəticələri daxili təhlükəsizlik strukturunu işə salmağı tələb edir. Bu məqalənin əsas məqsədi milli və qlobal təhlükəsizlik strukturları arasında əməkdaşlığın, əlaqələndirmənin və sinerjinin zəruriliyini əsaslandırmaqdır.
Milli təhlükəsizlik ənənəvi olaraq dövlətin vətəndaşlarının müdafiə və qorunma qabiliyyəti kimi qəbul edilir. Makinda-nın təklifi bu çərçivəyə uyğun gəlir. Qlobal təhlükəsizlik isə müasir dövrün qloballaşma və təbiət hadisələri ilə bağlı yaratdığı yeni reallıqlardan doğur. Bu hadisələr və proseslər elə miqyaslıdır ki, heç bir dövlət onları təkbaşına idarə edə bilməz. Xüsusilə Sovet İttifaqının dağılmasından sonra yaranmış qarşılıqlı asılılıq və qlobal inteqrasiya prosesi dövlətləri daha sıx əməkdaşlığa məcbur edir. Bununla yanaşı, qlobal təhlükəsizlik sahəsində ciddi çağırışlardan biri də “təhlükəsizlik kompleksi” anlayışıdır. Bu vəziyyət o zaman yaranır ki, bir dövlətin təhlükəsizlik ehtiyacları digər dövlətlərin ehtiyacları ilə qarşılıqlı şəkildə bağlı olur. Belə konfiqurasiyada ayrı-ayrı təhlükəsizlik strategiyalarını bir-birindən ayırmaq mümkün olmur. Nəticədə, bu bağlılıq dövlətlər arasında rəqabət və qarşılıqlı qorxu doğurur. Bu cür rəqabətin yeganə çıxış yolu beynəlxalq əməkdaşlıqdır və məhz qlobal təhlükəsizlik təşəbbüsləri bu ehtiyaca cavab verir.
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası İdarəsi (OCHA) tərəfindən irəli sürülən “insan təhlükəsizliyi” anlayışı təhlükəsizlik məsələsini daha da geniş bir kontekstdə təqdim edir. Bu modelə əsasən təhlükəsizlik yalnız hərbi müdafiə ilə məhdudlaşmır, eyni zamanda insan ləyaqətinə yönəlmiş təhdidlərə qarşı da tədbirləri əhatə edir. OCHA bu təhlükəsizlik anlayışını yeddi əsas istiqamət üzrə təqdim edir:
1. İqtisadi təhlükəsizlik – yoxsulluğa qarşı tədbirlər, məşğulluq imkanlarının yaradılması.
2. Qida təhlükəsizliyi – aclıq və qıtlığa qarşı mübarizə.
3. Səhiyyə təhlükəsizliyi – xəstəliklər, səhiyyə xidmətlərinə çıxışsızlıq və qida təhlükəsizliyinə qarşı tədbirlər.
4. Ətraf mühit təhlükəsizliyi – ekoloji fəlakətlər, resursların tükənməsi və çirklənmə ilə mübarizə.
5. Şəxsi təhlükəsizlik – fiziki zorakılıq, cinayətkarlıq, terrorizm, məişət zorakılığı və uşaq əməyinə qarşı mübarizə.
6. İcma təhlükəsizliyi – dini, etnik və digər identiklik əsaslı qarşıdurmalara qarşı tədbirlər.
7. Siyasi təhlükəsizlik – siyasi repressiya və insan hüquqları pozuntularına qarşı fəaliyyət.
Bu istiqamətlərin hər biri qlobal təhlükəsizlik sahəsində təhlil edilməli və nəzərə alınmalı aspektlərdir. Çünki bir çox ölkə bu problemlərin öhdəsindən gəlmək üçün lazımi resurs və infrastruktura malik deyil. Qlobalizasiya prosesi isə bu problemlərin bir ölkə daxilində qalmasına imkan vermir – sərhədlər aşılır, nəticələr yayılır. Daxili münaqişələrin doğurduğu miqrasiya və qaçqın problemləri, eləcə də iqlim dəyişikliklərinin doğurduğu fəlakətlər (zəlzələlər, sunamilər və s.) dövlətlərarası əməkdaşlığı qaçılmaz edir. Kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması, silahsızlaşdırma və nüvə təhlükəsinin azaldılması da qlobal təhlükəsizlik mexanizmlərinin birbaşa predmetidir. Bəzi tədqiqatçılar, o cümlədən Jabeen Musarrat qeyd edir ki, dövlətlər hələ də rəqabətçi münasibət modelindən imtina etməyib. Bu isə soyuq müharibənin bitmədiyini, sadəcə formasını dəyişdiyini göstərir.
Louis Beres-in illər əvvəl səsləndirdiyi xəbərdarlıq bu gün də aktuallığını qoruyur: “Dövlətlər hələ də öz təhlükəsizliklərini hərbi güc üzərindən qurmağa çalışırlar.” Onun çağırışı belədir – dövlətlər “yalnız bütün sistem üçün faydalı olan təhlükəsizlik modeli ilə” davam edə bilərlər. Qlobal təhlükəsizlik anlayışının əsas cazibəsi də məhz budur: “hamı üçün ən yaxşısı” prinsipi. Bu prinsip əsasında qurulan beynəlxalq əməkdaşlıq güvən yaradır, milli təhlükəsizlik böhranlarının qlobal problemə çevrilməsinin qarşısını alır və bütün insanlıq üçün daha dayanıqlı bir təhlükəsizlik mühiti formalaşdırır.
Milli təhlükəsizlik anlayışı beynəlxalq münasibətlər kontekstində getdikcə daha çox etik çərçivələrlə iç-içə keçir. Ənənəvi dövlətmərkəzli yanaşmaların uzun illər boyu dominant olduğu təhlükəsizlik diskursunda bu gün artıq insan haqları, beynəlxalq hüquq və qlobal əməkdaşlıq kimi dəyərlər daha çox ön plana çıxır. Bu keçid sadəcə normativ deyil, həm də praktiki səviyyədə dövlətlərin təhlükəsizlik siyasətlərinin məzmununa və icra mexanizmlərinə təsir göstərməkdədir.
Ənənəvi təhlükəsizlik modeli əsasən dövlətin öz mövcudluğunu qorumaq və onun ərazi bütövlüyünü və siyasi suverenliyini təmin etmək üzərində qurulmuşdu. Bu yanaşmanın əsas xüsusiyyətləri aşağıdakılardır:
Dövlətmərkəzli baxış - (Dövlətin maraqları və mövcudluğu ali prioritet sayılır, fərdi hüquq və rifah məsələləri isə ya ikinci planda qalır, ya da tamamilə nəzərə alınmır). Sərt güc tətbiqi - Diplomatik və humanitar vasitələr əksər hallarda kənarda qalır, təhlükə yarandıqda ilk müraciət olunan üsul hərbi gücdür. Gizlilik və rəqabət - Beynəlxalq münasibətlər gizli razılaşmalar, informasiyanın saxlanılması və qarşılıqlı güvənin olmaması üzərində qurulur.
Müasir təhlükəsizlik yanaşması isə fərdi insanın hüquqları, sosial rifahı və ləyaqəti üzərində qurulur. Burada dövlət yalnız qoruyucu bir struktur deyil, həm də hesabatlı və normativ bir aktor kimi dəyərləndirilir. Yəni, təhlükəsizlik yalnız sərhədlərin qorunması deyil, həm də vətəndaşın hüquqlarının təminatı, rifahının qorunması və ictimai ədalətin bərqərar olunması kimi aspektləri əhatə edir. Dövlətlər öz davranışlarını beynəlxalq hüquq normaları çərçivəsində tənzimləməli və beynəlxalq ictimaiyyətlə əməkdaşlığa açıq olmalıdır.Diplomatiya, humanitar yardımlar, təhsil, mədəniyyət və sosial inkişaf vasitələri təhlükəsizliyi təmin etməkdə önəmli alətlərə çevrilmişdir. Dövlətin təhlükəsizlik siyasəti ictimaiyyət qarşısında açıq olmalı, qəbul edilən qərarlar isə hüquqi və etik çərçivəyə uyğun izah edilməlidir.
Bu etik dəyişikliklər yalnız nəzəri deyil, milli təhlükəsizlik strategiyalarının məzmununa və metodikasına da köklü təsir göstərir. Aşağıdakı əsas sahələr bu keçidin əhəmiyyətini əks etdirir: Əvvəllər təhlükəsizlik yalnız fiziki sərhədlərlə assosiasiya edilirdisə, bu gün qlobal təhlükələr, regional qarşılıqlı asılılıq və transsərhəd çağırışlar bu sərhədləri formal hala salıb. İndi təhlükəsizlik üçün əməkdaşlıq daha vacibdir, nəinki təcrid. Ənənəvi hərbi təhlükələrlə yanaşı, müasir dövrdə iqlim dəyişikliyi, kiber hücumlar, pandemiyalar, məcburi miqrasiya və transmilli terrorizm kimi qeyri-ənənəvi təhlükələr gündəmdədir. Bu təhlükələrə yalnız beynəlxalq əməkdaşlıq və etik əsaslı yanaşmalarla cavab vermək mümkündür. Müasir təhlükəsizlik təkcə silahlı qüvvələr və sərhəd mühafizəsi deyil, iqtisadi sabitlik, ətraf mühitin qorunması, sosial ədalət, informasiya təhlükəsizliyi və insan hüquqları kimi aspektləri də əhatə edir. Bu, təhlükəsizliyin daha çoxşaxəli və dərinləşdirilmiş anlayışa çevrildiyini göstərir.Dövlətlər yalnız öz vətəndaşlarının deyil, qlobal cəmiyyətin rifahı və təhlükəsizliyi qarşısında da məsuliyyət daşıyır. Bu yanaşma “qlobal vətəndaşlıq” ideyasını gücləndirir və dövlətlər arasında normativ əməkdaşlığı təşviq edir.
Azərbaycan üçün milli təhlükəsizlik yalnız bir dövlətin müdafiə qabiliyyəti anlamına gəlmir; bu, eyni zamanda müstəqilliyin qorunması, ərazi bütövlüyünün təmin edilməsi və vətəndaşların rifahının saxlanılması kimi çoxşaxəli, kompleks bir anlayışdır. Milli təhlükəsizlik konsepsiyası olmadan davamlı iqtisadi inkişaf, siyasi sabitlik və cəmiyyət daxilində sosial harmoniyanın təmin edilməsi qeyri-mümkün olar. Eyni zamanda Azərbaycan regional və beynəlxalq təhlükəsizlik arxitekturasında mühüm rol oynayan bir aktor kimi çıxış edir. Milli təhlükəsizlik strategiyalarının mərkəzində duran əsas məsələ dövlətin suverenliyinin və öz müqəddəratını təyin etmə hüququnun qorunmasıdır. 1991-ci ildə Sovet İttifaqının süqutundan sonra Azərbaycan öz müstəqilliyini bərpa etdi. Lakin bu müstəqilliyin kağız üzərində qalması deyil, real həyatda davamlı və sabit şəkildə qorunması milli təhlükəsizlik siyasətlərinin əsas vəzifələrindən biridir. Xarici müdaxilələrin qarşısının alınması və daxili sabitliyin möhkəmləndirilməsi üçün sistemli və çoxsəviyyəli yanaşma tələb olunur.
Azərbaycanın ərazi bütövlüyü uzun illərdir Ermənistanla olan münaqişə səbəbindən ciddi təhlükə altında olub.
2020-ci ildə əldə edilən hərbi və siyasi uğurlar bu istiqamətdə mühüm dönüş nöqtəsi oldu. Lakin bu uğurların qorunması və davamlı sülh mühitinin təmin edilməsi üçün təhlükəsizlik siyasətinin kompleks şəkildə inkişaf etdirilməsi zəruridir. Təhlükəsiz və sabit bir mühit iqtisadi yüksəlişin əsas şərtidir. Xarici sərmayənin cəlbi və yerli sahibkarlığın inkişafı üçün güvənli hüquqi və fiziki infrastruktur vacibdir. Azərbaycanın enerji resursları və geostrateji mövqeyi ölkənin iqtisadi potensialını artırsa da, bu resursların təhlükəsiz və davamlı şəkildə idarə olunması milli təhlükəsizliyin tərkib hissəsi olaraq qiymətləndirilməlidir. Milli təhlükəsizlik, həm də dövlət idarəetmə mexanizmlərinin davamlılığını və siyasi sabitliyi təmin edən faktordur. Daxili və xarici təhlükələrə qarşı effektiv müqavimət göstərmək, dövlət institutlarının gücləndirilməsi və ictimai etimadın artırılması siyasi sabitliyin əsas dayaqlarıdır. Sabit idarəetmə olmadan təhlükəsizlik strategiyaları da uğursuzluğa düçar olar. Milli təhlükəsizliyin effektivliyi yalnız sərhəddəki vəziyyətlə ölçülmür – o, eyni zamanda cəmiyyətin daxilindəki münasibətlər və qarşılıqlı etimadla sıx bağlıdır. Etnik və dini müxtəlifliyi olan cəmiyyətlərdə sosial harmoniya yalnız güclü təhlükəsizlik və humanitar siyasətlə qoruna bilər. Təhlükəsiz bir mühit, fərqli kimliklərə malik vətəndaşların bir arada yaşaması üçün baza yaradır.
Azərbaycan Cənubi Qafqazda yerləşən strateji mövqeyə malik ölkə olaraq bölgənin təhlükəsizlik balansına birbaşa təsir göstərir. Enerji layihələrinin marşrut nöqtəsi olması, nəqliyyat və logistika dəhlizlərindəki rolu onu təkcə regional deyil, həm də qlobal təhlükəsizlik dinamikasında əhəmiyyətli iştirakçıya çevirir. Bu səbəbdən Azərbaycan təkcə öz sərhədlərini deyil, həm də bölgə sabitliyini qorumağa yönəlmiş siyasət yürütmək məcburiyyətindədir.
İstinadlar:
1 Williams, Paul D. ed. Security Studies: An Introduction, Routledge, UK, 2008.
2 Makinda, Samuel M. Sovereignty and Global Security, Security Dialogue, 1998, Sage Publications, Vol. 29(3) 29: 281-292.
3 Ibid.
4 McSweeney, Bill. Security, Identity and Interests: A Sociology of International Relations, Cambridge University Press, 1999.
6 Human Security Unit, United Nations Office for the Coordination of Humanitarian Affairs, Human Security in Theory and Practice (http://hdr.undp.org/en/media/HS_Handbook_2009.pdf).
7 Musarrat, Jabeen. Governance Divide, Pakistan Horizon, The Pakistan Institute of International Affairs, Karachi, Vol. 56, No. 4, 2003.
8 Beres, Louis Rene. Terrorism and Global Security: The Nuclear Threat, Westview Press Inc., 1979.