Siyasətin transmutasiyası: liberal və kommunist perspektivlər (II hissə)

04.07.2025

Bu gün avropalıların əksəriyyəti üçün II Dünya Müharibəsi tarixin qapalı mərhələsidir. O, indi ilə əlaqəsi olmayan keçmişin dünyasına aid edilərək mühakimə edilir. Digər tərəfdən isə, 60-ların inqilabı və onun sosial mifologiyası daha gənc nəsil tərəfindən həvəslə və coşğu ilə qəbul edilir. Avropa inteqrasiyasının Qurucu Ataları H.Qrosiusdan Kanta qədər davam edən fəlsəfi axının varisləri, vizyonerlər, dövlət xadimləri idisə, onların davamçıları, Maastrixtdə ittifaq yaradanlar ortaq Avropa irsindən bəhs etmirlər. Onlar federal supra-dövlətdən, “avropa demosu”, yeni “avropa insanı” konstruksiya etməkdən bəhs edirlər. Onlar özünəarxayın və arroqant apparatçiklər və bürokratlardır. 

Ən degenerat versiyasında liberal-demokratiyanın ruhunu və düzənini əks etdirən Avropa Birliyidir. Demokratiyanın ən mühüm xarakteristikaları seçkilər və onun hökuməti, hökumət proqramlarını dəyişdirmək mümkünlüyüdürsə, AB bu mümkünlüyü minimuma endirmək üçün hər şeyi edir. Kommunist və avtoritar rejimlər istisna olmaqla, AB parlamenti müxalifətin olmadığı yeganə parlamentar orqandır. Kimin seçkiləri udmasına baxmayaraq, mühüm qərarlar eyni siyasi kartel tərəfindən qəbul edilir. Avropa hökuməti – Avropa Komissiyası isə səsverici elektoratın qərarının nəticəsi olaraq meydana çıxmır. Avrokratlar özlərinin liberal-demokratiya düzənin təməl zamini, kvintessensiyası, təcəssümü olduqlarına inanırlar. AB siyasətinin istiqaməti elektroral mandatı olmayanlar tərəfindən müəyyən edilir. Onlar elita meynstrimi tərəfindən seçilir və təqdis olunurlar. Özünü-mistifikasiyanın qurbanı olan AB siyasətçiləri bu sistemin müxtəliflik, seçim və plüralizmin ən uğurlu təmsili olduğuna inanırlar. Referendumsuz Lissabon müqaviləsinin ratifikasiyasının məcburiləşdirməsi, maliyyə böhranı dövründə İtaliya və Yunanıstanda Avropa institutlarının təzyiqi ilə hökumətlərin seçkilərsiz dəyişdirilməsi, Yunanıstana referendum icazəsinin verilməməsi bu sistemin totalitar tendensiyasını göstərir. Bu, xüsusən 60-cı illərdən sonra avropalıların demokratik siyasət qavrayışının dəyişməsi və onların seçkilər zamanı seçicilərin nə qərar verməsindən asılı olmayaraq modernizasiya, tərəqqi, plüralizm, tolerans və digər “müqəddəs” məqsədləri icra etməli olduqlarına inanmalarının nəticəsi idi.

Liberal-demokratiyada siyasiləşdirmənin digər bir mühərriki də var. Sistemin özünü nə qədər kiçik olmasından asılı olmayaraq qeyri-siyasi həyatın bütün sahələrinə intişar etdirmək tendensiyası var. Onlar azad qeyri-siyasi özünü-təşkiletmə və sosial həyatın çiçəklənməsi kimi mübhəm vəd versələr də, bu verbal bəyanatların arxasında gizlənən cəmiyətin dərin siyasi yenidən strukturlaşdırılması dayanırdı. Yəni əslində baş verən bu doktrinanın tərsi – sosial spontanlığın atrofiyası və siyasətin hipertrofiyası idi.

Kommunistlər kimi, liberallar da rural əraziləri, ailələri, kilsələri və məktəbləri modernizasiya etmədən cəmiyyəti modernizə edə bilməyəcəklərinə inanırdılar. Fərdiyyətçiliyi dəstəkləyən liberallardan fərqli olaraq, sosialistlər və kommunistlərin ən azı nəzəri olaraq topluluq anlayışını dəstəklədiyi görünsə də, onlar uzun ənənələri olan toplumları sərt şəkildə tənqid edir və iqtidar sahibi olduqdan sonra onları ənənənin dayaq nöqtəsi olmasına görə məhv edirdilər. Kənd həyatının “idiotluğu”undan yazan Marks və Engelsin xələfləri də mühafizəkarlıq və “fanatikliy”in qalaları olaraq gördükləri rural topluluqları dağıtmağa çalışırdılar. Rural kültürü bu şəkildə yer üzündən silmək üçün hər şeyi edən kommunistlər, eyni zamanda istismar qurbanları olaraq kəndliləri müdafiə etdiklərini bəyan edirdilər. 
Kommunistlərin ümumdünya inqilabının hərəkətləndiricisi olaraq gördükləri proletariat heç bir real topluluğun uyğun gəlmədiyi abstrakt bir anlayışdır. O, bir siyasi strategiyanın tələbindən başqa bir şey deyil. Marksist proletariat inqilabi proqramın siyasi kriteriyasını icra etdiyi müddətcə mövcud idi. Və bu konstruktun yeganə müəyyənedici (identifikasiyaedici) səciyyəsi onun siyasi rolu idi. Özlüyündə, fabrik işçisi və ya işsiz olmaq avtomatik olaraq birisini proletariat etmirdi.

Cəmiyyətin liberal-demokratik siyasiləşdirilməsi fərqli şəkildə, lakin oxşar effektlərlə baş verdi. Bu sistemin hədəfinin siyasi iqtidarın bir hökumətdən digərinə transfer edilməsinin təhlükəsizliyi deyil, cəmiyyətin bütöv teksturasını yenidən təşkil etmək olduğu qəbul edilirdi. Qeyri-liberal və qeyri-demokratik təbiətli güc strukturları olaraq görülən topluluqlar tənqid, ardınca açıq hücumun hədəfi olurdu. Onlar bütün kontent və dəyərindən məhrum edilməli və siyasi formaya endirilməli idi. Onlar liberal-demokratik standartları yeganə məqbul qaydalar kimi qəbul etməyə məcbur oldular.  

Liberal-demokratik ağıl üçün anlaşılmaz olan və qorxulan qədim kommunal bağlar yeni modern olanları ilə əvəzlənməlidir. Məsələn, feminist ideologiya qadınların bacılıq bağı adlandırdıqları xüsusi birgəlik və həmrəylik hissi tərəfindən birləşdirildiyini elan edir. Belə müəyyən olunan qadınların Marksın proletariatına yaxın ekvivalent olduğunu görmək üçün böyük bəsirətə ehtiyac yoxdur. Proletariat kimi qadınlar-bacıların da ilkin səbəbi bütövlükdə cinslərinin sosial-siyasi olaraq gücləndirilməsi və onlara tarix və cəmiyyət tərəfindən təlqin olunan bütün mümkün zəncirlərdən azad edilməsi anlamına gələn bir beynəlxalq, hətta transmilli siyasi qrup fomalaşdırdıqlarına inanılır. Proletariat kimi, “qadınlar” da hər hansı aktual mövcud bir topluluğu ifadə etməyən abstrakt bir konsept, feminist təşkilatlar və müttəfiqləri arasında siyasi sitayiş obyektinə çevrilən təxəyyüli kollektivdir. Paradoks odur ki, bu feminist qadın – siyasi təxəyyülün fiqmenti – feministlər tərəfindən gerçək qadın hesab edilir, kommunistlər üçün marksist proletariatın işçi sinfinin həqiqi nümayəndəsi, qeyri-kommunist işçinin isə gerçək bir proletarian olmaması kimi, qeyri-feminist qadın da onlar üçün ümumiyyətlə qadın deyil.

Son onilliklərdə olduqca populyar olan “Multikulturalizm” ideyası da çoxsaylı kültürlərin deyil, çoxsaylı real və ya uydurma kollektivliklərə bağlı olan siyasi identikliklərdən ibarət bir cımiyyət inşa etmək proqramıdır. Multikulturalizm identiklik siyasətinin əsas instiqatorudur. O, cəmiyyətlərin və onların tarixən təşkil olunduğu topluluqların zəngin bütövlüyünü qorumaq ilə bağlılığı olmayan, mövcud cəmiyyətin sosial teksturasını radikal şəkildə dəyişdirə biləcək müəyən qrupların siyasiləşdirilməsi proqramı olaraq görülməlidir. Bu gün Qərbdə qadınlar, uşaqlar, eynicinslilər, müsəlmanlar və digər etnik qruplar digər qruplara qarşı iqtidar mübarizəsindən qaynaqlanan xarakteristikalardan başqa heç nəyə sahib olmayan, siyasi və ya ideoloji liderlik tərəfindən yuxarıdan təşkil edilən kvazi-partiyalara transformasiya edilir. Burada heç bir ideoloji dissentə icazə verilmir. Multikulturalizm kültür deyil, siyasət barəsindədir. Ona görə də, o, “kultur” deyil, “polit” (politbüroda olduğu kimi), “multi” deyil, daha çox “Mono” olmalıdır. Multikultural tortun əksər inqrediyentləri artıq inqrediyentlər deyil, tortun özüdür. Feminizm feministlərin, feminist partiyalar və ya qadınların “kültür”ü deyil, hökumətlər, AB və əksər beynəlxalq institutlar tərəfindən dəstəklənilən bir siyasi platformadır. Eynicinslilik ideologiyası eynicinsli aktivistlər və ya təşkilatların əlində deyil, qlobal agendalarda əsas komponentdir.

Multikulturalizm liberal-demokratiyaların proqressiv politizasiyasını əngəlləmir və ya liberal-demokratiya “demos”un sürü sayağı meyilliyini dayandırmır. Əksinə, onları yeni səviyyəyə qaldırır. Bəşər tarixində, daha əvvəl heç vaxt eyni düşüncə qəliblərindən, siyasi olaraq homogen və siyasi dünyanın liberal-demokratik tərzindən başqa bütün siyasi formalara qarşı etinasız olan  milyonlarla insanın plüralizmin mübahisəsiz üstünlüyünə inanmaları deyil təkcə, eyni simplistik və birformalı ortodoksluğu bütün dünyaya təlqin etmək istəmələri görülməyən bir fenomendir. Bu, sözsüz ki, topluluqları sarsıdır və zəiflədir. Kültür üzərində siyasiləş(dir)mənin hökmranlığı hüquq anlayışına da böyük zərbə vurmaqla, onu effektiv siyasi alətə çevirir.

Burada da, Kommunizm ilə analogiya qaçılmazdır. Təbii olaraq, Kommunizmdə məhkəmələrin ixtiyariliyi və onlara hakim partiya tərəfindən nəzarət daha güclü idi, lakin liberal-demokratiyada hüquqa yanaşma və qanundan istifadə onu kommunizmdən uzaqlaşdırmır, əksinə daha da yaxınlaşdırır. Keçmiş kommunist hakim sinif ilə oxşar şəkildə, bu gün meynstrim qanunlar yaratma mexanizmlərini ələ keçirib və ona öz məqsədləri naminə istifadə olunan müstəsna mülkiyyəti kimi baxır. Modern dövlət açıq şəkildə, hətta fəxrlə qanunvericiliyə nəzarət tərəfindən təmin edilən total cəzasızlıqdan faydalanmaqla icmaların həyatına dərin şəkildə müdaxilə edən sosial mühəndislik siyasəti icra edir. Siyasi təəssübə qarşı sədd olan hüquq beləliklə atrofiyaya uğrayır. Hüquq cəmiyyətin aqressiv sosial restrukturlaşdırma siyasətinə müqaviməti və təpkisizliyinə qarşı bir qılınca çevrilir. O artıq günah və cəzanı müəyyən etmək tərəzilərini saxlayan gözübağlı tanrıça olaraq düşünülə bilməz. Çünki o, kommunizmdə olduğu kimi, indini gələcəyə, reqressivi proqressivə transformasiya edən mühərriklərdən biridir. 

Siyasət və hüququn kor olmaması bütün sosial qrupların eyni dərəcədə dəstək almadığı və meynstrim təqdir olunmadığı faktı xüsusunda görülməlidir. Kommunizmdə olduğu kimi, liberal-demokratiyada da xüsusi proteksiyaya layiq görülən və xüsusi imtiyazlar verilənlər mövcuddur. Bu seçilmiş çevrəyə “oppressiya”ya məruz qalanlar daxildir. Basqıya məruz qalanlar statusu bu ideologiyanın ortodoksluğundan qaynaqlanır və onu bu və ya digər qrupa bəxş etmək xalis şəkildə siyasi qərardır. Bu gün eynicinslilər kolossal imtiyazlara sahibdir, çünki oppressiyaya məruz qalan qrup olaraq müəyyən olunublar və liberal-demokratiya hakim olduqca bu status onlara bəxş edilib.

Müsəlmanlar isə müxtəlif səbəbə görə imtiyazlıdır: qismən, liberal-demokratik cəmiyyətlərdə oyatdıqları real qorxuya görə, qismən, doktrinal səbəblərə görə, çünki onlara bu hüququ verməyin multikulturalist ideologiyanın yaşaya bilmək gücünün sübutu olduğuna inanılır, qismən də əxlaqi mazoxizm icrasının parçası olaraq, müsəlmanlara qarşı bu davranış liberal tolerans və açıqfikirliliyin testi olaraq görülür.

Liberal-demokratik politizasiya kommunist versiyasına oxşar olsa da, mühüm bir aspektdən fərqlidir. Demokratiya əsasən qruplar arasında əməkdaşlığa fokuslanır – kommunizmdə belə bir problem qeyri-ekzistent idi, çünki münaqişələrin artıq mövcud olmadığı və əməkdaşlıq siyasi sisteminin zəruri olmadığı qeyd edilirdi. Çağdaş cəmiyyətlərdə isə əksinə, əməkdaşlıq həşəmətli bir kateqoriyadır və özünü mübahisəsiz şəkildə üstün olaraq görür. Onun alternativi yalnız aqqressiya və müharibədir. Lakin bu, liberal-demokratiya siyasətini heç də avtomatik olaraq əməkdaşlıq modelinə çevirmir. Eyni zamanda, emansipasiya, tanınma, hüquqlar ilə gücləndirmə siyasətinin də ruhu “dialoq”, “debat” və ya “qarşılıqlı sayğı” deyil. Bu ifadələr kommunist dilin inteqral parçaları olan “sosializm quruculuğu”, “millətin əxlaqi-siyasi vəhdəti” kimi bu günün diskursunda dərin şəkildə kökləşsə də, dialoqun meynstrimin hökmranlığını qorumaq məqsədinə xidmət etdiyini görmək çətin deyil. Bu günün dialoq siyasəti “güclü haqlıdır siyasəti”nin xalis formasıdır, hamının inklüzivliyinin ritorikası tərəfindən kamuflə edilsə də. Əməkdaşlıq siyasi imperativdir. Parlamentar və hökumət səviyyələtində əməkdaşlıq kifayət deyil. Əməkdaşlıq siyasəti ictimai həyatın demək olar ki, bütün sahələrini əhatə etməlidir, çünki hər yerdə əməkdaşlığa alternativ diskirminasiya, ədalətsiz dominasiya və müharibədir. Çünki hər yerdə hüquqları pozulan və buna qarşı mübarizə aparan – qadınlar, eynicinslilər, uşaqlar, müsəlmanlar, qaradərililər, və s. var. “Dialoq”, “debat”, “tolerans”, “bərabər hüquqlar” və “açıqlıq” məntiqi bu sistemdə hər şeyin tərifi etibarilə siyasi olduğunu təlqin edir. 

Liberal-demokratiyada olduğu kimi, kommunizmdə də daxili xəyanət aktı və kommunist mesajı qəbul edə bilməmədən qaynaqlanan güclü siyasi şər anlayışı var. Lakin daxili xəyanət aktı inkar edildikdə və yenidən doğulan, reform edilən ağıl bu mesajı qəbul etdikdə şər tərki-sialh edilə və xeyirə çevrilə bilər. İnsanların ağlını siyasi olaraq destruktiv meyillərdən təmizləmə praktikalarını özündə ehtiva etməsinə rəğmən, bu “şüur oyatma” liberal-demokratiyada da öz aktuallığını saxlayır. Belə terapiyalar siyasi korrektliyin əsasında dayanır.

Əməkdaşlıq qaydalarına nəzarət edən və qeyri-kollaborativ qruplara qarşı savaşan sadəcə hökumət deyil. Bu məsuliyyət hər kəsin çiyinlərinə qoyulur və hər kəs yanlış olanın izini sürməkdə və doğru olanı yerinə yetirməkdə məsuldur. Bu xüsusda, liberal-demokratiya kommunizm qədər, hətta ondan daha çox uğur qazanıb. Real sosializmdə itaətsizlik aktlarına qarşı hökumətlər brutal şəkildə davranırdılar. Liberal-demokratiyada isə bu proses spontan şəkildə baş verir. Leqal və siyasi zorakılıq ictimai tələbə cavabdır, cəmiyyətə qarşı ixtiyari zorakılıq aktı deyil. Beləliklə, çağdaş Pavka Morozovlar (Pavel Morozov – öz atasını sovet hakimiyyətinə ifşa edən və buna görə də, ailəsi tərəfindən öldürülən 13 yaşlı sovet gənci. SSRİ-nin dağılmasından sonra bunun sadəcə Sovet Bloku uşaqlarını öz valideynləri barəsində informasiya verməyə təşviq edən siyasiləşdirilmiş əfsanə olduğu ortaya çıxmışdı) kimi ən yaxınlarında dissident sözləri, aksiyaları, məqsədləri izləməyə hazır olan fərdlərin geniş kütləsi var. Onların Tartüf sayağı düşüncələri cəmiyyət və digər ağılları zəhərləyir. Kommunizmdə olduğu kimi, liberal-demokratiyada da bu vəzifə ən bilikli və “maariflənmiş” olan intellektuallara təyin edilir. Hər iki ideologiyani  birləşdirən digər cəhət də onların çoxsaylı lümpen intellektullar yaratmasıdır. Qeyri-loyallığın izini sürməyə və yeni ortodoksluğu gücləndirməyə ekstatik şəkildə cəlb edilən insanların çatışmazlığı deyə bir şey yoxdur. Beləliklə, moralist, komissar və informator bir insanda birləşir. 

Sübhan Padarsoy

Bakı Dövlət Universitetinin tarix fakültəsi məzunu, modernizm sosiologiyası üzrə tədqiqatçı, "Modernizm əsri və insan", "Entropik dünya" kitablarının müəllifidir.