Xoşbəxtlik elm kimi: İctimai siyasətin mövzusu ola bilərmi?

19.06.2025
məqalə, yazı, Azərbaycan

Xülasə
Bu məqalə xoşbəxtliyin elm kimi formalaşmasını və ictimai siyasətdə istifadəsinin mümkünlüyünü təhlil edir. Fəlsəfi baxışlardan başlayaraq, müasir tədqiqatların nəticələrinə əsaslanaraq xoşbəxtlik göstəricilərinin etibarlılığı, siyasət formalaşdırılmasında tətbiqi və institusional potensialı müzakirə olunur. 20-ci əsrin sonlarından etibarən aparılan empirik tədqiqatlar xoşbəxtliyi psixologiya, iqtisadiyyat və sosiologiya sahələrində elmi şəkildə öyrənilən bir mövzuya çevirib. Məqalə xoşbəxtliyin siyasətə inteqrasiyasının getdikcə artan əhəmiyyətini və praktik potensialını vurğulayır.

Giriş
Son onilliklərdə xoşbəxtlik anlayışı elmi tədqiqatların və siyasət planlaşdırmasının diqqət mərkəzinə çevrilmişdir. Əvvəllər daha çox fəlsəfi və etik kontekstlərdə müzakirə olunan xoşbəxtlik, hazırda psixologiya, iqtisadiyyat, sosiologiya və siyasi elmlərin qovşağında yeni bir tədqiqat sahəsi olaraq formalaşıb. Bu transformasiyanın əsas səbəblərindən biri də subyektiv rifah (subjective well-being) göstəricilərinin etibarlı şəkildə ölçülə bilməsidir. Belə göstəricilər insanların həyatlarına verdikləri ümumi qiymətləndirmə, gündəlik emosional vəziyyətləri və həyat keyfiyyəti ilə bağlı məlumatları əhatə edir.
Xoşbəxtliyin ictimai siyasətdə mövzuya çevrilməsi məsələsi ilk baxışda qeyri-ənənəvi görünə bilər. Bununla belə, tarixi kontekstdə utilitarist fəlsəfənin qurucusu Ceremi Bentam artıq XVIII əsrdə dövlətin vəzifəsini “mümkün qədər çox insan üçün mümkün qədər çox xoşbəxtlik” prinsipinə əsaslandırırdı. Hazırda bir çox ölkələrdə, xüsusilə də Skandinaviya regionunda və Yeni Zelandiyada hökumətlər rifah əsaslı siyasətləri həyata keçirməyə başlamış, xoşbəxtlik və rifah göstəriciləri siyasət planlamasında əlavə göstəricilər kimi istifadə olunmağa başlanıb. (OECD, 2024).
Müasir tədqiqatlar göstərir ki, ənənəvi iqtisadi göstəricilər – məsələn, ÜDM (Ümumi Daxili Məhsul) – əhalinin real rifah səviyyəsini hər zaman əks etdirmir. Bu baxımdan, xoşbəxtliyin elmi şəkildə öyrənilməsi və ölçülməsi, dövlət siyasətlərinin effektivliyini qiymətləndirmək üçün əlavə bir vasitə kimi təklif edilir. Xüsusilə, Kahneman və Deaton (2010) tərəfindən aparılan tədqiqat göstərib ki, gəlir artımı yalnız müəyyən bir həddə qədər emosional rifahı artırır – bu isə siyasət dizaynında qeyri-maddi amillərin nəzərə alınmasının vacibliyinə işarə edir.

Xoşbəxtliyin fəlsəfi və konseptual çərçivəsi


 “Xoşbəxtlik” sözünün kökü orta əsr ingilis dilindəki “hap” sözüdür. Bu söz müasir ingilis dilində istifadə olunmur. Lakin mishap (bədbəxt hadisə) və hapless (bəxtsiz) kimi sözlərdə qorunub saxlanılıb. Hap sözü “şans, bəxt, tale” mənasını verir və bu məna hələ də “happen” (baş vermək) sözündə — “təsadüfən meydana gəlmək” anlamında öz əksini tapır. Görünür ki, bu anlayış əvvəlcə “bəxt, uğur, müvəffəqiyyət” mənasında işlənib. Sonradan isə bu uğur və bəxtin nəticəsində yaranan müsbət hissləri də ifadə etməyə başlayıb. Buna görə də “xoşbəxtlik” sözündə “uğurlu taleyə sahib olmaq” ilə “xoş hisslər yaşamaq” arasında mənaca qarışıqlıq var. Bununla yanaşı, xoşbəxtlik insanların həyatlarına verdikləri qiymətləndirmə kimi başa düşülür. Bu qiymətləndirmə həm koqnitiv mühakimələri (məsələn, həyat məmnuniyyəti), həm də emosional hissləri (əvvəla əhval və hisslər) əhatə edir. Başqa sözlə, bu, insanların “yaxşı həyat” anlayışına uyğunluq və gündəlik emosional vəziyyətlərindən alınan informasiya əsasında verdikləri ümumi həyat qiymətləndirməsidir. Bəzi tədqiqatçılar xoşbəxtliklə həyat məmnuniyyətini fərqli anlayışlar kimi ayırırlar – həyat məmnuniyyəti daha çox düşüncə əsaslı, xoşbəxtlik isə emosiyalara əsaslanan bir dəyər kimi təqdim olunur. Məsələn, həyat məmnuniyyəti xoşbəxtliyin koqnitiv komponenti kimi təsvir edilir. Hal-hazırda, tədqiqatçılar arasında xoşbəxtliyin konseptual təsviri və onunla əlaqəli konstruksiyalar üzrə heç bir razılıq yoxdur. Ədəbiyyatda xoşbəxtlik çox vaxt subyektiv rifah, emosional rifah və ya həyat keyfiyyəti kimi xatırlanır ki, bu da bu konstruksiyalar arasında sıx əlaqəni göstərir. Xoşbəxtlik insanın bütün həyatının qiymətləndirilməsi kimi izah edilir. Bütün həyatın qiymətləndirilməsi insanların şüurunda formalaşdırdığı bütün elementləri ehtiva edir. Şəxsin özünü necə hiss etməsi və gözləntilərini nə dərəcədə qarşılaması kimi bütün elementlər bu kontekstdə qiymətləndirilir. Xoşbəxtlik fenomeni fərdin cari həyatının ümumi keyfiyyətini təhlil edən bir ölçü kimi izah olunur. Yəni, insanın yaşadığı həyatı nə qədər sevdiyini göstərən hadisə kimi qəbul edilir. Xoşbəxtliyin zamanla artdığını və həyat səviyyəsinin yüksəlməsi ilə əlaqəli olduğunu görən iqtisadçılar xoşbəxtlik iqtisadiyyatı adı altında araşdırmalar aparıblar. Bu nöqtədə xoşbəxtlik iqtisadiyyatının rifah iqtisadiyyatı, inkişaf iqtisadiyyatı və davranış iqtisadiyyatı ilə əlaqəli olduğunu söyləmək olar. Xoşbəxtlik haqqında ilk sorğular 1940-cı illərin sonlarına, ABŞ-da aparılan ictimai rəy sorğularına aid idi (AIPO tədqiqatları). 1950-ci illərdə xoşbəxtlik, uğurlu yaşlanma tədqiqatlarının bir mövzusu oldu, bəzi ailə həyatı və işlə bağlı tədqiqatlar buna nümunə hesab edilə bilər. Eyni zamanda, 1960-cı illərdə xoşbəxtlik, ümumi əhali arasında zehni sağlamlıqla bağlı tədqiqatlarda göstərici kimi istifadə olunub. 


Xoşbəxtlik elm kimi qəbul edilirmi? 


20-ci əsrin sonları və 21-ci əsrin əvvəllərində sosial elmlərdə aparılan sistemli və empirik tədqiqatlar sayəsində xoşbəxtlik elmi kimi öyrənilməyə başlanıldı. Bu sahədə Avstraliyalı iqtisadçı Richard Layardın subyektiv rifah və xoşbəxtlik mövzusundakı geniş tədqiqatları diqqət çəkir. Layardın "Happiness: Lessons from a New Science" əsəri xoşbəxtliyi fəlsəfi yanaşmalardan çıxarıb sosial və iqtisadi siyasətin əsas göstəricisi kimi təqdim etdi. Onun tədqiqatları xoşbəxtliyin elmi üsullarla ölçülməsi və ictimai siyasətdə tətbiqi zəmin yaratdı. Son illərdə də xoşbəxtlik psixologiya, iqtisadiyyat, sosiologiya və siyasi elmlər kimi akademik disiplinlərdə sistemli şəkildə tədqiq edilən bir fenomenə çevrilib. Bu prosesdə xoşbəxtliyin ölçülməsi və subyektiv rifah göstəricilərinin inkişafı əsas rol oynayıb. Belə ki, insanların həyatlarına dair öz qiymətləndirmələri və emosional vəziyyətlərinin elmi metodlarla toplanması, xoşbəxtliyi daha obyektiv və elmi şəkildə öyrənməyə imkan yaradıb.


Xoşbəxtliyin elm kimi qəbul edilməsinin əsas səbəblərindən biri onun çoxölçülü və kompleks xarakteridir. Bu fenomen həm koqnitiv, həm də emosional komponentləri ehtiva edir. Fərdin həyatına dair geniş qiymətləndirmələr əsasında formalaşır. Eyni zamanda, xoşbəxtlik tədqiqatları beynin funksional strukturları ilə əlaqəli nevrobioloji araşdırmalarla, iqtisadiyyat və davranış elmləri sahəsindəki empirik məlumatlarla dəstəklənir. Bununla belə, xoşbəxtliyin elm kimi mövcudluğu ilə bağlı bəzi tənqidlər də vardır. Bu tənqidlərə əsasən, xoşbəxtliyin subyektiv təbiəti və mədəni kontekstdən asılılığı onun elmi olaraq standartlaşdırılmış ölçülməsini və müqayisəsini çətinləşdirir. Buna baxmayaraq, son illərdə aparılan genişmiqyaslı beynəlxalq sorğular və metodoloji yeniliklər bu maneələri əhəmiyyətli dərəcədə aradan qaldırıb.


Xoşbəxtliyin ictimai siyasətdə məqsədi  və tətbiqi  perspektivləri


Son illərdə xoşbəxtlik konsepti ictimai siyasətin mühüm tərkib hissəsinə çevrilib. Ənənəvi iqtisadi göstəricilər — məsələn, ÜDM (Ümumi Daxili Məhsul) — ölkələrin inkişaf səviyyəsini ölçməkdə faydalı olsa da, fərdlərin və cəmiyyətlərin ümumi həyat keyfiyyətini tam əks etdirə bilmir. Bu səbəbdən xoşbəxtlik və rifah indikatorlarının ölçülməsi və siyasətə inteqrasiyası sosial inkişafın daha geniş və insan mərkəzli perspektivini təqdim edir. Xoşbəxtliyin ictimai siyasətdə rolu əsasən üç istiqamətdə ifadə olunur. Birincisi, fərdi rifahın yüksəldilməsi — dövlət siyasətləri insanların həyatından məmnunluğunu artırmaq və psixoloji sağlamlığı gücləndirmək məqsədi daşıyır. İkincisi, sosial ədalətin və birliyin təşviqi — xoşbəxt və məmnun vətəndaşlar arasında daha möhkəm sosial bağlılıq yaranır, bu da sosial gərginliyi və münaqişələri azaldır. Üçüncüsü, davamlı inkişafın təmin olunması — xoşbəxtlik göstəriciləri iqtisadi artımın ekoloji və sosial təsirlərini balanslaşdırmaqda əhəmiyyətli rol oynayır.


Xoşbəxtlik araşdırmalarının ictimai siyasətə inteqrasiyası ənənəvi iqtisadi və sosial göstəricilərdən fərqli olaraq, daha incə və çoxşaxəli yanaşma tələb edir. Bu səbəbdən xoşbəxtlik siyasətinin yaradılması prosesi kompleks və mərhələli şəkildə həyata keçirilir. Akademik ədəbiyyətdə bu proses əsasən bir neçə ardıcıl mərhələdən ibarət hesab edilir. Hər bir mərhələ siyasətin effektivliyi və davamlılığı üçün vacib rol oynayır. Aşağıdakı cədvəldə xoşbəxtliyin ictimai siyasət prosesi təsvir edilib.
 
1. Konseptual çərçivənin formalaşdırılması


Xoşbəxtlik siyasətinin yaradılmasının ilkin mərhələsi xoşbəxtlik və subyektiv rifah anlayışlarının aydın və operativ konseptual çərçivəsinin formalaşdırılmasıdır. Bu mərhələdə fərdlərin həyat keyfiyyəti, rifah səviyyəsi və xoşbəxtlik kimi anlayışların nə dərəcədə əhatəli və ölçülə bilən kateqoriyalar olması müəyyən edilir. Konseptual çərçivə fərqli sosial, iqtisadi və psixoloji aspektləri nəzərə alaraq siyasətin məqsəd və istiqamətlərinin dəqiq müəyyən edilməsinə xidmət edir. Bu mərhələdə akademik müzakirələr və tədqiqat nəticələri əsasında xoşbəxtliyin müxtəlif komponentləri — məsələn, həyat məmnuniyyəti, emosional rifah və məqsədli həyat kimi — təkminləşdirilir və siyasət üçün uyğun ölçü vahidləri seçilir.


2. Subyektiv rifahın ölçülməsi və monitorinqi
Xoşbəxtlik siyasətinin əsas dayağı subyektiv rifahın etibarlı və davamlı ölçülməsidir. Bu mərhələdə müxtəlif sorğu metodları, statistik göstəricilər və monitorinq sistemləri qurulur. Beynəlxalq təcrübədə (məsələn, OECD Better Life Index və ya Dünya Xoşbəxtlik Hesabatı) tətbiq olunan metodologiyalar burada mənbə kimi istifadə olunur. Ölçmə sistemləri yalnız hazırkı vəziyyətin təhlilinə yox, həm də siyasət tədbirlərinin nəticələrinin qiymətləndirilməsinə imkan verməlidir. Bu, siyasətçilərə və qərar vericilərə proqramların effektivliyini izləmək və lazım gəldikdə tənzimləmələr aparmaq üçün mühüm məlumat bazası yaradır.


3. Siyasət məqsədlərinin və prioritetlərin müəyyənləşdirilməsiMövcud məlumat və konseptual çərçivəyə əsaslanaraq xoşbəxtlik siyasətinin məqsəd və prioritetləri müəyyən edilir. Bu mərhələdə dövlətin sosial və iqtisadi inkişaf strategiyaları ilə uyğunlaşma təmin olunur. Siyasət məqsədləri yalnız makroiqtisadi göstəricilərdən ibarət olmamalı, həm də fərdi rifahın yüksəldilməsi və sosial ədalətin təmin olunması kimi aspektləri əhatə etməlidir. Prioritetlərin müəyyən edilməsində müxtəlif maraqlı tərəflərin (vətəndaşlar, ekspertlər, qeyri-hökumət təşkilatları) fikirlərinin nəzərə alınması siyasətin legitimliyini və icra gücünü artırır.


4. Siyasət vasitələrinin və tətbiq mexanizmlərinin inkişafı
Bu mərhələdə xoşbəxtlik siyasətinin həyata keçirilməsi üçün konkret vasitələr və mexanizmlər müəyyən edilir. Buraya sosial proqramlar, təhsil təşəbbüsləri, sağlamlıq xidmətləri, iş şəraitinin yaxşılaşdırılması və digər sosial müdaxilələr daxildir (OECD, 2013). Effektiv siyasət üçün multidissiplinar yanaşma və müxtəlif dövlət qurumları, eləcə də qeyri-dövlət sektorunun əməkdaşlığı tələb olunur. Bu da siyasətin çevikliyini və fərqli sosial qruplara uyğunluğunu təmin edir.


5. Qiymətləndirmə   mexanizmlərinin qurulması
Xoşbəxtlik siyasətinin davamlı uğuru onun təsirinin qiymətləndirilməsi və geri əlaqə mexanizmlərinin işləməsi ilə bağlıdır. Bu mərhələdə əldə edilən nəticələr əsasında siyasətin effektivliyi qiymətləndirilir. Uğurlar və çatışmazlıqlar müəyyən edilir. Davamlı monitorinq və qiymətləndirmə siyasətlərin təkmilləşdirilməsi və daha geniş sosial təsirə malik olması üçün vacibdir. Həmçinin, bu proses ictimaiyyətin və siyasətçilərin məlumatlandırılması, həmçinin ictimai etimadın artırılması üçün də mühüm əhəmiyyət kəsb edir.


Nəticə


Bu məqalədə xoşbəxtliyin elmi əsaslarla öyrənilməsi və ictimai siyasətin formalaşdırılmasında tətbiq imkanları geniş şəkildə təhlil edilib. Əvvəlcə, xoşbəxtlik anlayışının fəlsəfi kökləri və tarixi inkişafı nəzərdən keçirilib. Subyektiv rifah göstəricilərinin etibarlılığı və onların siyasət qərarlarında istifadəsi məsələsi həm nəzəri, həm də empirik nümunələrlə dəstəklənib. Xoşbəxtlik elmi və subyektiv rifah göstəriciləri artıq yalnız fərdi həyatla deyil, ictimai siyasətlə də əlaqələndirilə bilən etibarlı və dəyərli məlumat mənbəyidir. Onun siyasət dizaynında istifadə olunması daha humanist, daha inklüziv və davamlı qərarların qəbuluna töhfə verə bilər.  Əldə edilən nəticələr göstərir ki, xoşbəxtlik sadəcə fərdi həyatın emosional və subyektiv bir tərəfi deyil, həm də dövlət siyasətlərinin məqsədi və nəticəsi kimi ölçülə biləcək strateji bir hədəfdir. Bu, ictimai siyasət üçün yeni bir paradiqmanın — rifah əsaslı siyasətin — inkişafını şərtləndirir. Belə bir yanaşma yalnız ÜDM və digər maddi rifah ölçülərinə əsaslanmaq əvəzinə, vətəndaşların real həyatda necə hiss etdiklərini və yaşadıqları məmnunluğu da nəzərə almağı tələb edir.


Ədəbiyyat siyahısı
1.    Bentham, J. (1789). An Introduction to the Principles of Morals and Legislation.
2.    Diener, E. (2009). Well-being for Public Policy. Oxford University Press.
3.    Diener, E., Suh, E., Lucas, R., & Smith, H. (1999). Subjective well-being: Three decades of progress. Psychological Bulletin, 125(2), 276–302.
4.    Kahneman, D., & Deaton, A. (2010). High income improves evaluation of life but not emotional well-being. PNAS, 107(38), 16489–16493.
5.    Layard, R. (2005). Happiness: Lessons from a New Science. Penguin Books.
6.    Lucas, R. E. (2007). Adaptation and the Set-Point Model of Subjective Well-Being: Does Happiness Change After Major Life Events? Current Directions in Psychological Science, 16(2), 75–79.
7.    Lyubomirsky, S., Sheldon, K. M., & Schkade, D. (2005). Pursuing happiness: The architecture of sustainable change. Review of General Psychology, 9(2), 111–131.
8.    OECD. (2024). Measuring Well-being and Progress: Well-being Research.
9.    Ryff, C. D., & Singer, B. (2008). Know thyself and become what you are: A eudaimonic approach to psychological well-being. Journal of Happiness Studies, 9(1), 13–39.
10.    Stiglitz, J. E., Sen, A., & Fitoussi, J. P. (2009). Report by the Commission on the Measurement of Economic Performance and Social Progress.
11.    Veenhoven, R. (2008). Sociological theories of subjective well-being. In M. Eid & R. J. Larsen (Eds.), The Science of Subjective Well-Being (pp. 44–61). Guilford Press.
12.    https://www.sciencedirect.com/science/article/pii/S2405844022021016
13.    https://psycnet.apa.org/record/2007-09503-001
14.    https://www.researchgate.net/publication/375770341_Individual_Psychological_Culture_and_Subjective_Well-being
15.    https://www.researchgate.net/publication/350958009_LIFE_SATISFACTION_OF_AGRICULTURE_LABORS_AND_FARMERS


Elnur Süleymanzadə 
Sosial Tədqiqatlar Mərkəzinin Əməkdaşı