Siyasətin transmutasiyası: liberal və kommunist perspektivlər (I hissə)

19.06.2025
məqalə, yazı, Azərbaycan

Kommunizm və Liberalizm siyasətə oxşar şəkildə paradoksal yanaşmaları ilə bir-birinə bağlıdır. Hər iki ideologiya insan həyatında siyasətin rolunu minimuma endirməyi vəd etsə də, bəşər tarixində görünməmiş miqyasda siyasiləşməyə səbəb olublar. 

Kommunizmin ideoloqları insanların siyasət yükündən azad olacağı, dövlətin aradan qalxacağı bir dünya ideyası ilə çıxış etsələr də, yəni kommunist eskatologiyada dövlətsiz və siyasətsizləşmiş cəmiyyət artikulyasiya edilsə də, onun tarixi dövlətin əsla geri çəkilmədiyini və ya vətəndaşlarının siyasətdən azad olmadığını göstərir. Əksinə, siyasət “inkişaf etmiş sosialist cəmiyyəti”nin ən kiçik sektorlarına da nüfuz etdi. Siyasət Partiyanın yeganə domeni idi, sovet liderləri yeganə siyasi suverenlər idi. Cəmiyətin geri qalanı isə paradlarda, kütləvi nümayişlərdə, siyasi entuziazmın mütəşəkkil partlayışlarında iştirak vasitəsilə total dəstək anlamına gəlirdi. 


Hər kəsin siyasətdən azad olduğu, lakin hər şeyin siyasi olduğu paradoksal konseptinin daha dərin mənbələri var və bu, modern ağlın ziddiyyətlərini göstərir. Bir tərəfdən, modern insan inanır ki, hər şeyi siyasiləşdirmək onun dominionunun manifestasiyasının ən ali formasıdır. Buna görə də, politizasiya baş verən hər şeyin yalnız onun qərarından asılı olduğu və yalnız onun qərarının şeylərə anlam və dəyər şamil etdiyi faktının nəticəsindən başqa bir şey deyil. Modernizmin ən əvvəlindən Avropa fəlsəfəsi tərəfindən formulyasiya edilən hakim əxlaqi postulat belə idi. O gözlənilirdi ki, insanın həyat, cəmiyyət, bilik, əxlaq və başqa hər şey üzərində artan iqtidarının fərqindəliyi siyasətin artan iştirakı ilə uyğun olacaqdı: daha çox siyasət bu iqtidardan istifadə üçün daha çox alət anlamına gəlirdi. Lakin insan qərarverici hakimiyyətini artırmaqla öz tamlığına çatırsa, iqtidar arzusunun onun təbiətinin dərinliyində yatdığını güman etmək təbiidir. O zaman insani aspirasiyaların tam reallaşmasına və insan təbiətinin azad ifadəsinə icazə verən bir gələcək sistemdə bu arzunun yox olacağını niyə gözləməliyik? İstismara qarşı savaşan, həyatının hər bir hissəsində konflikt görən sinfi mübarizəyə rəhbərlik edən insan niyə bir nöqtədə hakimiyyət bölgüsünə etinasız incəsənət tənqidçisinə çevrilməlidir? 


Bu paradoks liberal-demokratiyada daha güclü şəkildə özünü göztərir. Liberalizm insan fəaliyyətini əsasən qeyri-siyasi, insan fərdini isə vətəndaş deyil, özəl şəxs olaraq təsvir edən bir nəzəriyyə olaraq görülür. Bu baxışın standart illustratoru əlbəttə ki, C.Lok və onun mülkiyyət və əmək konseptidir. Bu baxışa görə, azad kontraktın nəticəsi kimi dövlət yaradıldıqda onun əsas vəzifəsi sahibkarlarının iş vasitəsilə genişləndirdikləri mülkiyyəti qorumaqdır. Bu özlüyündə onların mənfəət əldəetmə prosesini mümkünləşdirən dövlət ilə bağlarını gücləndirir. Vətəndaşı privatizasiya edən filosoflar arasında B.Konstanı qeyd etmək xüsusilə önəmlidir. O iddia edirdi ki, Antik dövrdə vətəndaşların həzz duyduğu azadlıq olan ictimai həyatda iştirak əsrimizdə prioritet deyil və o, şəxsi məqsədlər uğrunda çalışmanın fərdi azadlığı ilə əvəzlənib. Başqa sözlə, Konstan (daha sonra mövqeyini modifikasiya etsə də) yazırdı ki, insanlar özlərini şəxsi məsələlərin qayğısına qalmaq azadlığı ilə təmin etmələri üçün siyasi institutlara nümayəndələr seçirlər. Siyasət və dövlət seçkilər tərəfindən əvəzlənən və nəzarət edilən kiçik xidmət qrupunun əlində cəmləşir. İnsanların geri qalanının isə siyasətə marağı mümkün olduğu qədər azaldılır. Onlar öz zamanlarını bizneslərini idarə etməyə, maddi sərvətlərini artırmağa, ailə həyatına, şəxsi arzular və maraqlara həsr edirlər. 


Beləliklə, liberal insanın qeyri-siyasi heyvan olduğu yanlış və heç vaxt doğru olmayan hipotezisidir. Liberalizm tərəqqi etdikcə, insanlar siyasəti ləğv etmək bir yana, ondan uzaqlaşmadılar belə. Əksinə, onu heç vaxt olmadığı qədər çox preroqativlər ilə gücləndirdilər. Bu o demək deyil ki, Lok və Konstan şəxsi məsələlərin artan əhəmiyyəti ilə bağlı vurğularında modern cəmiyyəti yalnış diaqnoz edirdilər. Gerçəkdə, bu məsələlər tezliklə siyasətçilər və intellektualların maraq obyektinə çevrildi. Bu, qətiyyən depolitizasiyaya səbəb olmadı. İnsanların əksəriyyəti özlərini siyasi coşğulardan məhrum etmədi və izlədikləri şəxsi həzzlər nə olur olsun, bu məqsədlər modern cəmiyyətin essensial olaraq ultra-siyasi xarakterini dəyişdirmədi. O, təbii olaraq siyasi fəaliyyətlərinə özünə ən yaxın olaraq gördüyünü, uğrunda yaşadığını, ekzistensial səbəbini aşıladı. Lakin bunlar şəxsi məsələlər idi. Liberal-demokratik insan şəxsiliyini siyasiləşdirdi. Evliliyi, ailə münasibətlərini, kommunal həyatı, dili siyasiləşdirdi. Bütün şəxsi şeylərin, özəl şeylərin ən özəl olanı, məhrəm şeylərin ən məhrəm olanı - cinsiyyət domeni - da siyasiləşdirilmədən kənarda qalmadı. 


“Plüralizm” və “dialoq” liberalizmin tərcih betdiyi motivlər arasında olsa da, bu ideologiya essensiyası etibarilə aqqressivdir. Çünki o, özünə və bəşəriyyətə təhdid gördüyü bütün qeyri-liberal aktorlar və ideyaları aradan qaldırmağa qərarlıdır. Liberalizmin təşkiledici prinsipi – dünyanı radikal şəkildə dəyişdirməyi hədəfləyən bütün digər ideoloji fəlsəfələr kimi – plüralizm deyil, dualizmdir. Liberalizmin modern cəsur proponentlərindən biri İ.Berlinə görə, insan düşüncəsi tarixi plüralizm və monizm arasındakı konflikt kimi görülə bilər. Və liberalizm plüralizmi, liberal olmayan hər şey isə monizmi təmsil edir. Bu baxışa əsasən, Qərb ağlının fəlsəfədə yaratdığı hər şey sadəcə monistik deyil, həm də qeyri-liberal olaraq görülməlidir. Başqa sözlə. Liberal plüralizm insan ağlının qaçılmaz deqradasiyasına səbəb olmaqla, Qərb fəlsəfəsinin kolossal (bütün monistik nəzəriyyələrdən) təmizlənməsini anlamına gələ bilər. 


Demokratiyada isə siyasət fərqli tərzdə qavranılır. Depolitizasiya son məqsəd ola bilməz. Demokratiya məlum olan bütün siyasi rejimlərin ən siyasi olanıdır. Onların heç birisi bu qədər çox insanı demokratiya qədər vətəndaş məsuliyyətlərinə cəlb etmirlər. Əgər iştirakçı vətəndaşların sayı azalırsa, demokratiyanın böhran halına və mümkün deligitimizasiyaya prosesinə daxil olduğuna inanılır. Əgər demokratik sistem çoxluğun deyil, azlığın fəaliyyəti ilə dəsətəklənirsə, o, nəzəri olaraq – demokratikliyini itirir və bütöv siyasi mexanizm parçalanır. Modern demokratiyalar siyasətdə hərəkətləndirici gücü cəmiyyətin ölkənin idarə edilməli olduğu proqramı seçmək fürsəti olduğu fərziyyəsi üzərində işləyir. Demokratik cəmiyyət zərurət etibarilə siyasidir, çünki seçkilər vasitəsilə o, avtomatik şəkildə iqtidar mübarizəsinə cəlb olur; bu iştirak vətəndaşlıq vəzifəsidir və insanlar yalnız demokratiyanı dağıtmaq bahasına ondan imtina edə bilər. 
Liberal-demokratiya demokratik modelin yaxşı deyil, pis tərəflərini daha da gücləndirdi. Nəticədə, tədricən qeyd olunan sistem səsverənlərin seçəcəkləri partiya proqramlarının təkliflərini məhdudlaşdırmağa başladı. 


Demokratiyalar hər zaman birformalılıq tərəfindən təhdid edilib. Güclü, lakin qarşısıalınmaz dalğaları ilə estetik zövqlərin, dəblərin birformalılığını formalaşdıran mexanizm asanlıqla siyasi fikir domeninə intişar edə bilərdi. Siyasi müxtəliflikləri legitimləşdirən Partiya sisteminin bu tendensiyaya qarşı gəlməyə xidmət etdiyi düşünülürdü. Bu anlamda, nümayəndəli demokratiyanın birbaşa demokratiyadan daha ali olduğu güman edilirdi, çünki birincinin basqıya məruz qalan qrupların siyasi identikliklərini özgə qruplara qarşı müdafiə edəcəkləri alətlərə sahib olduğuna inanılırdı. 


Əfsus ki, demokratiyanın liberal-demokratiyaya transformasiyadan sonra siyasi keçərlilik – qəbul ediləbilirlik spektri məhdudlaşdırıldı. Liberal-demokratiya öz ortodoksluğunu yaratdı. Bu da onun mövqelərin artikulyasiya edildiyi və aksiyalar üzərində razılığa gəlindiyi bir forumdan öz ortdoksluğu ilə uyğunluq içərisində olan insanlar, təşkilatlar və ideyaların seçilməsi üçün siyasi mexanizmə çevridi. Bu fenomen sağ və sol partiyaların ideoloji yaxınlaşmasının baş verdiyi Avropada xüsusilə görülə bilər. Bu da sosialistlər, xristian-demokratlar, yaşıllar, sosial demokratlar, liberallar və hətta mühafizəkarları ehtiva edən “siyasi meynstrim”in formalaşması ilə nəticələndi. Bu Avropa meynstrimi sağdan daha çox sola meyillidir. Onun daxilində sol əsasən iqtisadi olmaqla bəzi məsələlərdə sağa meyil edib, əxlaqi məsələlərdə isə daha radikal – trotskist şəkildə sola yönəlib. Sağ qanad hərəkatın sola yönəlməsi daha aşkar, genişmiqyaslı tendensiyadır. Bu prosesin kökləri uzaq keçmişdə olsa da, ən həlledici təsir 1960-cı illərdə Qərbdə baş verənlərdən qaynaqlanırdı. Bu, nəhəng siyasi inqilabın baş verməsi və sol qanadın hakim mövqeyə gəlməsi idi. İnqilabın dili anarxist şüarlar, kapitalizm devrilməsi və sinfi mübarizənin marksist ritorikası və hüquqların, emansipasiyanın habelə ayrı-seçkiliyin liberal dilinin qarışığı idi. Kapitalizm və dövlət əsas hədəflər olsa da, ailə, universitetlər, hüquq sistemi və sosial normalara da eyni şiddət ilə hücum edilirdi. 


60-ların inqilabı uğurlu oldu, çünki inqilabçıların bəyan etdiklərinin böyük çoxluğu geniş rəğbət ilə qarşılanırdı. Onu da qeyd etməliyik ki, Avropa, bütövlükdə Qərb 60-cı illərdə dünyanı sarsıdan sol qanaq tipli hərəkatlar üçün uyğun zəmin yaradan ideyaları bətnində bəsləyirdi. Qərbin modern identikliyini müəyyən edən, gələcək obrazını formalaşdıran, inqilablara impetyus verən ideyalar arasında hər şeydən öncə bərabərlik ideyası idi. Fransua Füre yazır ki, bərabərlik Qərbə əxlaqi impuls verməklə yanaşı, siyasi təxəyyülün daha yaxşı dünya uğrunda mübarizələri yönləndirdiyi istiqaməti müəyyən etdi. Siyasətdə sola nəhəng dönüş sanksiyalaşdırıldı, intellektuallar və siyasətçilər ciddi müqavimət görmədən siyasi tərəqqinin açarı elan edildi. Eynisi ABŞ-də baş versə də, orada hələ də sol bir əks-hücum ilə üzləşməkdə, bir kültür mühraibəsi davam etməkdədir. Avropada isə belə müharibə olmayıb və yaxın gələcəkdə olacağı da ehtimal deyil, çünki solun kultural monopoliyasına qarşı bir hücum başlada biləcək əhəmiyyətli sosial qüvvə qoca qitədə mövcud deyil. 


Avropada sosial və institusional dəyişimlərin xarakteri üzərində dərin təsirə sahib olan 60-cı illərdəki geniş siyasi konsensusun formasiyası idi. Çoxpartiyalı mexanizm partiyaların opponentlərinə qarşı öz identikliklərini irəli sürmələrini təlqin etsə də, şaxələnmə dərəcəsi ciddi şəkildə azaldı. Meynstrim siyasət və meynstrim partiyalardan danışmaq adi bir şeyə çevrildi. Bu günün siyasi diskursunun təməl inqrediyentinə çevrilən bu söz əksər siyasi qüvvələr tərəfindən paylaşılan ideyalar, məqsədlər və proqramların “kross-partiya” (bir və daha çox siyasi partiyaya aid olma) sahəsi anlamına gəli. Bu siyasətin aldadıcı tərəfi odur ki, o hər hansı bağlılığa qarşı tolerant deyil və onların legitim mövcudluğunu da inkar edirlər. Meynstrimdən kənarda olanlar ciddi qəbul edilmir ya da faşist olaraq damğalanır. 


60-ların inqilabı boğucu avtoritarizm və zamanında və cəmiyyətlərində baş vermədi, tam oturuşmuş demokratik sistemdə baş verdi. Bundan məmnun polmayan üsyançılar mövcud sistemi və status-kvonu daxildən deyil, action directe ilə kənardan yıxmağa çalışırdılar. Bu inqilab klassik demokratiyanın deyil, demokratik sistemin intizamına yönəlmiş dözümsüzlüyün partlayışı idi. Demokratik mexanizmlərin doğuracağı nəticələr üçün səbrlə və səssizcə gözləmək artıq qəbul edilmirdi, daha demokratik demokratiya, daha liberal, bütün mühafizəkar limitlərindən azad edilmiş “demokratiya” uğrunda mübarizə aparılmalı idi.  

 

Sübhan Padarsoy

Bakı Dövlət Universitetinin tarix fakültəsi məzunu, modernizm sosiologiyası üzrə tədqiqatçı, "Modernizm əsri və insan", "Entropik dünya" kitablarının müəllifidir.