Beyin mərkəzlərinin qlobal təsir gücü

23.06.2025
məqalə, yazı, Qarabağ

Son onilliklərdə dövlət idarəçiliyi, təhlükəsizlik, iqtisadi planlaşdırma və diplomatik strategiya sahələrində beyin mərkəzlərinin çəkisi əhəmiyyətli dərəcədə artıb. Bir vaxtlar yalnız akademik dairələrin maraq dairəsində olan bu qurumlar bu gün milli qərarvermə sistemlərinin görünməyən, lakin yön verən sütunlarına çevriliblər.

Think tank olaraq tanınan bu strukturlar təkcə ideya generatorları deyil – onlar həm də geosiyasi ssenarilərin laboratoriyası və dövlətlərin intellektual infrastrukturunun əsas hissəsidir. Məsələn, ABŞ-da fəaliyyət göstərən 2 mindən çox beyin mərkəzi mövcuddur və bunların bir qismi bilavasitə Konqres və Ağ Ev tərəfindən maliyyələşdirilir. Brookings Institution, RAND Corporation, Heritage Foundation və Center for Strategic and International Studies (CSIS) kimi qurumlar konkret sahələr üzrə həm ekspertiza təqdim edir, həm də ictimai rəyə yön verən narrativlər formalaşdırırlar. 2022-ci ilin “Global Go To Think Tank Index” hesabatına əsasən dünya üzrə 8500-dən çox aktiv beyin mərkəzi fəaliyyət göstərir və bunların 60%-i son 30 ildə yaranıb.

Bu statistika təkcə say çoxluğunu deyil, həm də siyasi proseslərdə artan intellektual tələbatı göstərir. Xüsusilə beynəlxalq münasibətlər, təhlükəsizlik və enerji siyasəti sahələrində beyin mərkəzləri dövlətlərlə qeyri-hökumət aktorları arasında körpü rolunu oynayır.

Son illərdə Rusiyanın “Valday Discussion Club”, Çinin “China Institute of Contemporary International Relations” və İranın “Institute for Political and International Studies” kimi beyin mərkəzləri dövlətin ideoloji və strateji dilini xaricə daşımaq üçün alət funksiyası daşıyır. Bu qurumlar sadəcə analiz aparmır, həm də diplomatik yumşaq güc siyasətinin bir forması kimi işlədilir.

Beyin mərkəzləri vasitəsilə dövlətlər öz maraqlarını bəzən təqdim edir, bununla da beynəlxalq ictimaiyyətə daha qəbul edilən formada çıxış edə bilirlər. Bu, xüsusilə münaqişəli regionlarda informasiya müharibəsinin bir hissəsi kimi qiymətləndirilə bilər.

Misal üçün, Ukrayna müharibəsi fonunda bir çox qərb beyin mərkəzi Rusiya narrativini təkzib etməklə yanaşı, informasiya savaşında Ukraynanın lehinə intellektual üstünlük yaratmağa çalışıb. Habelə, bu qurumların hazırladığı hesabatlar media, hökumət dairələri və QHT-lər üçün əsas istinad nöqtəsinə çevrilib.

Beyin mərkəzlərinin nüfuzu təkcə verdikləri proqnozlarla deyil, həm də hadisələrə ideoloji çərçivə qazandırmaq bacarığı ilə ölçülür. Onlar faktlara məna yükləyir, statistikaya siyasi məna verir və siyasətçinin dilini elmi ritorika ilə örtür. Dünyada getdikcə artan qeyri-sabitlik şəraitində dövlətlər qərarvermədə sürət və dəqiqlik axtarır. Bürokratik mexanizmlərin zəif işlədiyi yerlərdə think tank-lər tez cavab verə bilən, çevik analiz təklif edən alternativ intellektual resurs kimi öndə dayanır.

Məhz bu səbəbdəndir ki, NATO, Aİ və BMT kimi qurumların ətrafında fəaliyyət göstərən beyin mərkəzlərinin sayı hər il artır. Bu qurumlar yalnız prosesləri izləmir, həm də öncədən risk və imkanları modelləşdirir, ssenari simulyasiyaları aparırlar. Çinlə ABŞ arasında Tayvan böhranı zamanı hazırlanan analizlərin 70%-i think tank-lər tərəfindən hazırlanmışdı və bu hesabatlar Vaşinqtonun qərar mexanizminə birbaşa təsir etmişdi. Beyin mərkəzləri həm də ictimai fikri hökumət siyasətinə hazırlayan keçid mərhələsidir.

Yəni, vətəndaşın zehni beyin mərkəzlərinin laboratoriyasında şəkillənir, oradan isə siyasətçi üçün qəbulolunan zəmində ictimai konsensus formalaşır. Bu strukturda medianın da rolu böyüktür, çünki think tank-lər öz hesabatlarını mediaya ötürməklə ictimai yön vermə missiyasını tamamlayırlar.

Xüsusilə postmüharibə dövründə informasiya idarəetməsi, ictimai rəyin sabit saxlanması və region siyasətinin düzgün qurulması baxımından bu qurumların töhfəsi nəzərəçarpacaq dərəcədə artıb. Dövlətin rəsmi strukturları ilə vətəndaş arasında “tərcüməçi” rolunu məhz beyin mərkəzləri oynayır. Bu, yalnız informasiya deyil, həm də nüfuz silahıdır.

Çünki qlobal siyasətdə indi təkcə ordu yox, fikir də güc sayılır. Sərt gücün qarşısında dayanan intellektual yumşaq güc çox zaman daha effektiv nəticələr doğurur. Beyin mərkəzləri isə bu yumşaq gücün həm generatoru, həm də yayıcı mərkəzidir.

Son statistikaya görə, dünyada ən çox beyin mərkəzi ABŞ (2100+), Çin (500+) və Hindistanda (400+) yerləşir. Yəni geosiyasi ambisiyaların arxasında da intellektual infrastruktur var. Yaxın Şərq və Cənubi Qafqazda isə bu qurumların sayı az olsa da, təsiri getdikcə artır. 

Beyin mərkəzlərinin bir digər gücü də diplomatiya ilə əlaqəlidir – bu qurumlar “ikinci xətt diplomatiyası” deyilən kanallarda, yəni rəsmi danışıqlardan kənar analitik körpülərdə əsas vasitəçiyə çevrilir. Məsələn, Türkiyənin SETA və USAK mərkəzləri illərdir həm daxili, həm də regional siyasətdə ideoloji konturların formalaşmasına təsir göstərir.

Post-pandemiya və post-müharibə dövründə intellektual təhlükəsizlik ən az enerji təhlükəsizliyi qədər vacibdir. Bu səbəbdən düşüncə institutlarına yatırım – əslində dövlətin öz düşüncə sisteminə yatırım etməsidir. Beyin mərkəzləri olmadan milli siyasət yalnız reaktiv səviyyədə qalır. Halbuki müasir dünya proaktiv yanaşma tələb edir: qabaqlayıcı analiz, strateji diaqnoz və ideoloji ardıcıllıq.

Zəmanəmiz “kimin ordusu çoxdur?” sualından çox, “kimin arqumenti inandırıcıdır?” sualına cavab axtarır. Bu cavabı isə bəzən mətbuat deyil, məhz analitik hesabatlar verir. Əgər intellektual dominantlıq uğrunda qlobal yarış varsa onun meydanı beyin mərkəzləridir. Bu mərkəzlərin say və keyfiyyət baxımından inkişafı birbaşa milli təhlükəsizliyin elementinə çevrilib.

Beyin mərkəzləri müasir dövlətin “beyni” olduğu qədər, xalqın da “düşüncə mərkəzi” funksiyasını yerinə yetirir. 

Dünya indi daha az hiss, daha çox hesablama tələb edir. Bu hesablama isə ideologiyasız olmamalıdır – çünki analitika yalnız texniki deyil, həm də strateji və milli xarakter daşımalıdır.

Müasirlik, güc və davamlılıq artıq  silahda yox, düşüncədə ölçülür. Fikirlər formalaşmadıqca qərarlar, qərarlar olmadıqca gələcək qurula bilməz.

 

Tural İsmayılov

Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsini bitirib, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətində sektor müdiri, teleaparıcıdır