Ermənistanda 2025-ci ilin ilk sorğusu və NƏTİCƏ

10.02.2025

Siyasi sistemdə neqativ situasiyanı göstərən tədqiqatlar real ictimai rəy sorğularına əsaslanır.   
Yanvar ayının sonunda “Gallup” şirkəti Ermənistanda vətəndaşların siyasi baxışları, Avropa İttifaqına qoşulmaq perspektivi barəsində Ermənistan vətəndaşları arasında sorğu reallaşdırıb 2025-ci ilin ilk sorğusu Ermənistanda siyasi palitranı aydın təcəssüm etdirir.

Sorğu göstərir ki, hakim "Mülki Müqavilə" partiyasının reytinqi rekord səviyyədə enib. Bütün bunlar həm də Ermənistan iqtidarının ciddi narahatlıqlarını da ehtiva edir. Paşinyanın velosiped, avtobus və sair siyasi şousu da əslində cəmiyyətdə aşağı olan reytinqləro yüksəltməyə yönəlik demarşlar sayıla bilər.
Partiyaların reytinqi belədir:

Hansı siyasi partiyaya növbəti bazar günü səs verərdiniz?
Seçkilərə qatılmazdım -    27,2%
ÇÇ - 15,4%
Heç birinə - 13,3%
Cavab verməkdən imtina edənlər - 10,2%
"Mülki Müqavilə" partiyası - 11,3%
"DOK" Partiyası - 6,8%
"Ermənistan" İttifaqı - 6,5%

Beləliklə, Ermənistan ictimai rəyində ümumiyyətlə seçki prosesinə inamsızlıq hökm sürür. Ermənistanın xarici siyasət kursuna qarşı da cəmiyyətdə geniş inamsızlıq var. Sorğuda ünvanlanan suallardan biri də bu kontekstdə olub.


Ermənistanın siyasi kursu düzgün istiqamətdədir?
Cavab    Faizlər (%)
Bəli    9,5
Daha çox ehtimalla bəli    14,7
Daha çox ehtimalla yox    19,7
Xeyr    38,8
ÇÇ    17,2

Ermənistanın qlobal təşkilatlara inteqrasiya ilə bağlı da xalqda böyük çaşqınlıq hökm sürür. 


Güc bloklarına münasibət
Mövqe    Faizlər (%)
Ermənistan neytral mövqedə qalmalıdır    44,3
KTMT üzvlüyünü davam etdirmək lazımdır    16,9
NATO-ya qoşulmağa çalışmaq lazımdır    29,0
ÇÇ    9,8

Əgər seçkilər bu bazar günü keçirilsəydi, yalnız 11,3% seçici "Mülki müqavilə" partiyasına səs verərdi. Bu, 2018-ci ildən bəri ən aşağı göstəricidir.
Ermənistan əhalisi özünü təhlükəsiz hiss etmir. Bu isə bir daha dövlət sistemi ilə vətəndaşlar arasında olan böhranlı situasiyanı aydın göstərir.


Ermənistanın ən vacib problemləri hansılardır?
Problemlər    Faizlər (%)
Təhlükəsizlik məsələləri    39,5
Sərhəd problemləri    21,0
Müharibə təhlükəsi    15,6
İqtisadiyyat    14,0
İctimai nəqliyyatla bağlı problemlər    9,7
İnflyasiya    9,5
Aşağı pensiyalar/maaşlar    7,7
İşsizlik    6,2
Hökumətin dəyişdirilməsi    5,2
Ordunun gücləndirilməsi    5,1

Respondentlərin 58,5%-i hesab edir ki, Ermənistan yanlış yolla gedir, ölkənin indiki kursunu isə yalnız 24,2% dəstəkləyir.
Ermənistan vətəndaşlarının fikrincə, əsas problemlər xarici təhlükəsizlik (39,5%), sərhəd məsələləri (21%) və yeni müharibə ehtimalıdır (15,6%). Bundan sonra iqtisadi çətinliklər (14%), ictimai nəqliyyat problemləri (9,7%) və inflyasiya (9,5%) gəlir.


Cəmiyyətin ümumi siyasi apatiya içində olduğu müşahidə edilir. Ermənistan əhalisi mümkün yeni müharibədən ciddi narahatlıq keçirir və təhlükəsizlik məsələsi sosial-iqtisadi problemlərdən daha vacib sayılır.


Respondentlərin 27%-i hesab edir ki, Avropa İttifaqına inteqrasiya və ABŞ-la imzalanmış strateji tərəfdaşlıq sənədi Ermənistanın təhlükəsizliyini artıracaq. Eyni zamanda, 24,2% bunun əksinə olaraq ölkə üçün yeni risklər yaradacağını düşünür.


Respondentlərin 44,3%-i Ermənistanın heç bir hərbi bloka qoşulmamalı və neytral siyasət yürütməli olduğunu deyib.


16,9%-i Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) qalmağın tərəfdarıdır. 29% isə Ermənistanın NATO-ya üzv olmağa çalışmalı olduğunu düşünür.
“Gallup”-un məlumatına görə, əvvəlki sorğularla müqayisədə KTMT-yə olan etimad 10%-dən çox azalıb, NATO-ya üzvlüyə dəstək isə 7% artıb.
Ermənistanda siyasi böhran davam edir. Cəmiyyət mövcud vəziyyətdən ciddi narazıdır, lakin konkret addımlar atmağa da hazır görünmür. Bununla yanaşı, təhlükəsizlik məsələsi gündəmin əsas mövzusu olaraq qalır. 


Lakin Qərbyönlü və anti-Rusiya yönümlü təbliğat fonunda Ermənistan cəmiyyəti Avrasiya İqtisadi Birliyindən çıxmağın və Aİ-yə üzvlüyün mümkün nəticələrini tam anlamır. Bununla belə, hazırkı hökumət üçün bu məqam önəm daşımır, çünki Avropa inteqrasiyası ilə bağlı diskussiyalar daha çox hakimiyyətin düşən reytinqini artırmaq məqsədinə xidmət edir.


Tural İsmayılov

STM-in sektor müdiri