“Azərbaycanda daxili miqrasiya və urbanizasiyanın sosial aspektləri” adlı tədqiqat ingilis dilinə tərcümə edilərək çap edilib

28.02.2025

Azərbaycanda miqrasiyanın yaranma meyillərinin tədqiqinə, respublikada iqtisadi və qeyri-bərabər miqrasiyanın qarşılıqlı əlaqələrinin müəyyən edilməsinə, onun ölkənin sosial-iqtisadi inkişafına və demoqrafik vəziyyətinə təsirinin qiymətləndirilməsinə çox ciddi tələbat yaranmışdır. Bu baxımdan Azərbaycanda ilk dəfə daxili miqrasiyanın sosial aspektlərini, səbəb və nəticələrini öyrənən Sosial Tədqiqatlar Mərkəzi tərəfindən 2019-2020-ci illərdə həyata keçirilən “Azərbaycanda daxili miqrasiya və urbanizasiyanın sosial aspektləri” adlı tədqiqat dövlət, ictimai təşkilatlar və elmi araşdırmalar üçün əhəmiyyətli material hesab oluna bilər. Tədqiqat bu yaxınlarda STM tərəfindən ingilis dilinə tərcümə edilərək geniş ictimaiyyətə təqdim edilib.

Qeyd edək ki, Sosial Tədqiqatlar Mərkəzi tərəfindən tədqiqat çərçivəsində aparılan sorğu zamanı respublika üzrə vətəndaşların doğulduğu yerdən ilk köçdükləri orta yaş dövrünün 23 yaş olduğu müəyyən edilib. Ümumiyyətlə, STM tərəfindən aparılan bu tədqiqatda Azərbaycanda ilk dəfə olaraq, daxili miqrasiyanın səviyyəsi, əhalinin daha çox köç etdiyi yaş dövrü, onun səbəbləri, sosial, siyasi və iqtisadi aspektləri araşdırılaraq təqdim edilir. Müstəqillik dövrünün ilk illərində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində yaranan məcburi köçkünlük ölkə üzrə miqrasiya prosesini mürəkkəbləşdirib. 


Azərbaycanda miqrasiya prosesinin sosial aspektlərini, miqrasiyaya təkan verən amilləri aşağıdakı bir neçə istiqamətdə qruplaşdırmaq olar:
-    Rayon və kənd yerlərində sosial-siyasi amillər. Buraya məşğulluq və sahibkarlıq imkanlarının differensial olmaması, cəmiyyətin təzyiqi və təsiri, davamlı təhsil və ixtisaslaşma imkanlarının zəif olması, siyasi müzakirələrin zəif inkişafı, əkin sahələrinin çatışmazlığı və ya məhsuldarlığın aşağı olması, hərbi əməliyyatlar, təbii fəlakətlər və s. amillər daxildir. 
-    Şəhərin cəlbedici amilləri. Buraya əvvəl köçmüş qohumlara qovuşma və ya zəncirvari miqrasiya, kənd və şəhərin gəlirləri, təhsil və səhiyyə xidmətləri arasındakı fərq, böyük şəhərin/meqapolisin cəlbediciliyi, nəqliyyat və kommunikasiya vasitələrinin rahatlığı, məşğulluq imkanları, evlilik, daha yüksək həyat səviyyəsi, şəhərlərdəki sosial və mədəni imkanlar və s. məsələlər daxildir. 


Hazırda əhalinin daxili miqrasiyası ölkənin inkişafında əhəmiyyətli rol oynamaqla, bütövlükdə demoqrafik proseslərə ciddi təsir göstərir. İnsan resurslarının dövlətin sosial-iqtisadi inkişafında həlledici mənbə olması miqrasiya proseslərinin öyrənilməsi zəruriliyini artırır. 


Tədqiqatın nəzəri əsasını urbanizasiya, miqrasiya və miqrasiya siyasəti, demoqrafiya üzrə yerli və xarici mütəxəssislərin araşdırmaları təşkil edir. Tədqiqat prosesində keyfiyyət sorğusundan, müşahidə xarakterli fərdi müsahibələrdən, regionlar üzrə reportajlardan, müxtəlif sahələr üzrə ekspertlərdən ibarət fokus qrupundan, ev təsərrüfatları və elektrik enerjisi istehlak edən abonentlər haqqında məlumatlardan, 1995-2018-ci illəri əhatə edən IX sinif şagirdlərinin illər üzrə dinamikasından, Dövlət Statistika Komitəsinin (DSK) demoqrafiyaya dair məcmuələrindən, Daxili İşlər Nazirliyinin (DİN) əhalinin ərazi üzrə qeydiyyatına dair məlumatından istifadə edilib. Ümumilikdə, STM tərəfindən göndərilən sorğular nəticəsində müxtəlif dövlət qurumları tərəfindən 2009, 2017 və 2018-ci illəri əhatə edən 15 milyona yaxın ev təsərrüfatı, əhali qrupu üzrə elektrik enerjisi istehlak edən abonentlər, yaşayış yeri üzrə qeydiyyatda olan vətəndaşlar barədə məlumat bazası formalaşıb.


Tədqiqatın ilkin mərhələsində statistik bazanın toplanılması üçün Sosial Tədqiqatlar Mərkəzinin rəhbərliyi tərəfindən DSK-ya və 77 rayonun icra hakimiyyətinə mövcud ev təsərrüfatlarının sayı barədə sorğu göndərilib (Naxçıvan Muxtar Respublikası istisna olmaqla). Sorğuya cavab olaraq 2009-cu və 2018-ci illər üzrə 58 şəhər, 60 rayon, 144 qəsəbə və 2342 kənd yaşayış məntəqəsı üzrə 1,8 milyondan çox ev təsərrüfatına dair məlumat əldə olunub. Daha sonra əldə olunan verilənlərlə (data) “Azərişıq” ASC-nin 1,9 milyondan çox elektrik enerjisi istehlak edən abonentləri üzrə hər bir kənd, qəsəbə və şəhərin müqayisəsi aparılıb.
Tədqiqatın birinci mərhələsində verilənlər bazasından əldə olunan göstəricilərin dərinləşdirilmiş təhlilini həyata keçirmək üçün ikinci mərhələdə keyfiyyət sorğusu aparılıb. Keyfiyyət sorğusunda istifadə edilən anketdə qapalı və açıq olmaqla 9 demoqrafik, 25 əsas sualdan istifadə edilib. Tədqiqat çərçivəsində vətəndaşlardan açıq suallardan ibarət dərinləşdirilmiş müsahibələr vasitəsilə məlumat toplama metodundan istifadə edilib. Bu məlumat toplama metodu respondentlərə öz fikir, hiss və düşüncələrini sərbəst şəkildə ifadə etmək imkanı verib.


Müşahidə metodundan seçilmiş rayon üzrə keyfiyyət müsahibələrində və fərdi müşahidələrdə istifadə olunub. Reportajlar Zaqatala, Cəlilabad, Gəncə və Göygöldə aparılıb. Həmin rayon və şəhərlərdən köçmüş və ya ailə başçısı işləmək üçün başqa şəhərə, yaxud ölkəyə getmiş ailələr barədə məlumatlar toplanılıb, onlarla söhbətlər aparılıb. Ekspertlərlə müsahibələr təşkil edilib. Bu mərhələdə sosioloq, iqtisadçı, psixoloq, demoqraf, memar, həmçinin dövlət qurumlarının və AMEA-nın Coğrafiya İnstitutunun sözügedən sahə üzrə 11 mütəxəssis-ekspertindən ibarət fokus qrupu ilə ictimai rəy sorğusunun dərinləşdirilmiş təhlili aparılıb, onların qiymətləndirilməsi metodlarından istifadə olunub. Eyni zamanda, daxili miqrasiyanın səbəbləri, yaratdığı sosial, siyasi, ictimai, nəqliyyat, ekoloji problemlərə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi (AR İN) və Daxili İşlər Nazirliyinin ekspertlərinin rəyi alınıb. Ekspertlərin fikirləri əsasında miqrasiyanın yaratdığı təsirlər təhlil edilib, bu istiqamətdə verilən təkliflər qeydə alınıb.