Sosial Tədqiqatlar Mərkəzində MÜSİAD Azərbaycanın nümayəndələri ilə görüş keçirilib. Görüşdə STM İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc, STM-in sektor müdirləri Tural İsmayılov və İlyas Hüseynov, MÜSİAD Azərbaycanın İdarə Heyətinin sədri Rəşad Cabirli, sədrin birinci müavini Hüseyin Yapar, Maliyyə və Planlama Komissiyasının sədri Azər Göyüşov, Gənc MÜSİAD sədri Akif Başoğlu iştirak edib.
STM İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc bildirib ki, təmsil etdiyi Mərkəz ölkə maraqlarını özündə əks etdirən müxtəlif xarakterli münasibətlərin inkişaf dinamikasını sistemli təhlil edib, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirib, dəyişiklikləri proqnozlaşdırıb, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdırıb, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikri öyrənərək və sosial tədqiqatların aparılmasını təmin edərək, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini təqdim edib. İctimai əhəmiyyət kəsb edən müxtəlif mövzularda ictimai dinləmələr, debatlar keçirmək, bu sahədə vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq etmək, geniş müzakirə platformaları qurmaq və onları idarə etmək sahəsində də STM-in geniş fəaliyyət prinsiplərinə malik olduğunu qeyd edən sədr MÜSİAD Azərbaycanla əməkdaşlığın hər iki quruma fayda verəcəyini bildirib.
MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli qeyd edib ki, Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) 9 May 1990-cı ildə İstanbulda qurulan bir təşkilatdır. 1990-cı ildən bu yana dünyada 14.000 üzvü ilə, təxminən 2 milyon şəxsə iş imkanı verən, ölkə xaricində 84 fərqli ölkədə, ümumilikdə 179 məntəqə ilə xidmət edən MÜSİAD-ın Azərbaycan bölməsi 01.01.2018-ci il tarixində fəaliyyətə başlayıb. Hal-hazırda müxtəlif sahələrdən olan 87 üzvü ilə 7356 nəfər işçiyə iş imkanı verməkdədir.
Görüşdə STM ilə MÜSİAD Azərbaycan arasında əlaqələrin bundan sonra da davam etdirilməsi, müxtəlif ortaq tədbirlərin və sorğuların keçirilməsi qərara alınıb.