Dünyada iqtisadi bərabərsizliklə bağlı narahatlıqlar artır.
Dünyada iqtisadi bərabərsizliklə bağlı narahatlıqlar artır.
Pew Araşdırma Mərkəzinin 36 ölkəni əhatə edən yeni sorğusunun nəticələri bunu deməyə imkan verir. Bu bərabərsizliyə əsas səbəb kimi isə sorğu keçirilən ölkələrin əksəriyyəti sərvət və siyasətin kəsişməsini qeyd edir.
Sorğuda iştirak edən ölkələr üzrə yetkin insanların 54%-i varlılar və kasıblar arasındakı fərqin onların ölkələrində çox böyük problem olduğunu deyirlər. Digər 30% isə bunun orta dərəcədə böyük problem olduğunu deyir. Orta hesabla respondentlərin 60% hesab edir ki, zəngin insanların həddindən artıq siyasi təsirə malik olması iqtisadi bərabərsizliyə böyük töhfə verir.
İqtisadi bədbinlik
Sorğuda həmçinin iqtisadi gələcəklə bağlı dərin qlobal narahatlıqlar və iqtisadi islahatlara güclü istək olduğu üzə çıxıb.
Sorğuda iştirak edən bütün ölkələrdə böyüklərin 57%-i öz ölkələrində uşaqların böyüdükdə maddi cəhətdən valideynlərindən daha pis vəziyyətdə olacağını düşünürlər. Bu fikir Avstraliya, Kanada, Fransa, İtaliya, Yaponiya, İspaniya, Böyük Britaniya və ABŞ daxil olmaqla bir sıra yüksək gəlirli ölkələrdə, xüsusilə, geniş yayılıb. İqtisadi gələcəyə dair bu pessimist baxışı əsasən həm gənclər, həm də yaşlılar, eləcə də daha yüksək və aşağı gəlirli insanlar bölüşürlər.
Bununla belə, bir sıra ölkələrdə ictimaiyyət gələcək nəslin maliyyə perspektivləri ilə bağlı daha nikbindir. Bunlara bir neçə Cənubi Asiya və Cənub-Şərqi Asiya dövləti daxildir: Banqladeş, Hindistan, İndoneziya, Filippin, Sinqapur və Tayland.
Bəzi Latın Amerikası ölkələrində də nəzərəçarpacaq bir nikbinlik var. Argentina, Braziliya, Çili və Meksikada sorğuda iştirak edənlərin təxminən yarısı indiki uşaqların valideynlərindən daha yaxşı vəziyyətə gələcəyini düşünür, on nəfərdən dördü və ya daha çoxu isə pis vəziyyətə düşəcəklərini qeyd edir.
Bir çox ölkədə bu gün COVID-19 pandemiyasından əvvəlkindən daha çox iqtisadi bədbinlik var. Trendlərin mövcud olduğu 31 ölkədən 15-də uşaqların maliyyə baxımından valideynlərindən daha pis vəziyyətdə olacağını düşünənlərin payı bu gün pandemiyadan əvvəlki sorğulardan daha yüksəkdir.
İqtisadi bərabərsizliyin səbəbləri.
Sorğu keçirilən 36 ölkədən 33-də əksəriyyət ölkələrinin iqtisadi sisteminin böyük dəyişikliklərə və ya tam islahatlara ehtiyacı olduğunu düşünür. Asiya-Sakit Okean regionu, Latın Amerikası, Sub-Sahara Afrikası və Yaxın Şərq-Şimali Afrika bölgəsindəki orta gəlirli ölkələrin əhalisi bu dəyişikliyi xüsusilə arzulayırlar.
Bəs iqtisadi bərabərsizliyin səbəbləri nələrdir? Altı potensial faktordan ibarət siyahıda pul və siyasət arasında güclü əlaqə respondentlərdə ən çox rezonans doğurur və 36 ölkədən 31-də siyahının önündə gəlir.
Ümumilikdə, hər on yetkin insandan səkkizdən çoxu deyir ki, varlı insanların siyasətə həddən artıq təsir göstərməsi iqtisadi bərabərsizliyə ya böyük dərəcədə, ya da kifayət qədər töhfə verir.
Lakin respondentlər digər amilləri də vacib hesab edirlər. Sorğuda iştirak edən ölkələrin əksəriyyəti təhsil sistemindəki problemlərin də öz ölkələrində bərabərsizliyə səbəb olduğuna inanırlar.
Bir çoxları bərabərsizliyi bəzi insanların digərlərindən daha çox işləməsi və ya bəzilərinin daha üstün imkanlarla doğulması ilə əlaqələndirirlər. Əvvəl insanlar tərəfindən görülən bir çox işləri robotların görməsini, kompüterləri və irqi və etnik azlıqlara qarşı ayrı-seçkilik də daxil olmaqla digər amilləri qeyd edənlər də var.
Təxminən respondentlərin üçdə ikisi deyir ki, insanlara irqinə və ya etnik mənsubiyyətinə görə ayrı-seçkilik onların yaşadıqları yerdə çox və ya müəyyən dərəcədə dərəcədə problemdir, təxminən on nəfərdən altısı bunu gender bərabərsizliyi ilə bağlı deyir. Sorğuda iştirak edənlərin yarıdan çoxu isə insanlara dinlərinə görə ayrı-seçkiliyi böyük problem kimi səciyyələndirir.
Ümumilikdə, bu məsələlərlə bağlı narahatlıqlar çox vaxt respondentlərin demoqrafik xüsusiyyətləri, keçmişi və təcrübələri ilə əlaqələndirilir.
Orta gəlirli ölkələr daha nikbindir
Sorğu orta və yüksək gəlirli ölkələr arasında gəlir bərabərsizliyinə münasibətdə mühüm fərqləri də aşkar edir. Qeyd etmək lazımdır ki, 18 orta gəlirli və 18 yüksək gəlirli ölkə arasında keçirilib.
İqtisadi bərabərsizliklə bağlı narahatlıqlar sorğu edilən bütün ölkələrdə geniş yayılsa da, xüsusilə, orta gəlirli ölkələrdə yaşayan insanlar bunu çox böyük problem kimi təsvir edirlər. Onlar həmçinin zənginlərin həddən artıq siyasi təsirə malik olmasının bərabərsizliyin əsas səbəbi olduğunu söyləyirlər.
Ancaq iqtisadi gələcəklə bağlı fikirlərə gəldikdə, orta gəlirli ölkələrdə insanlar bir qədər nikbindir. Bu ölkələrdə böyüklərin orta hesabla 44%-i hesab edir ki, öz ölkələrində uşaqlar böyüdükcə maddi cəhətdən valideynlərindən daha yaxşı vəziyyətdə olacaqlar. Zəngin ölkələrdə isə yalnız 26% repondent bu fikri ifadə edir.
Şəfanə İbrahimova
Sosial Tədqiqatlar Mərkəzinin aparıcı məsləhətçisi