Naxçıvan Sənaye Parkının yaradılmasının zərurəti və gözləntilər

09.01.2025

Bu gün Sənaye Parkları istər milli iqtisadi, istərsə də biznes ekosisteminin mühüm drayverlərindən biri kimi xarakterizə edilməkdədir.

Bu gün Sənaye Parkları istər milli iqtisadi, istərsə də biznes ekosisteminin mühüm drayverlərindən biri kimi xarakterizə edilməkdədir. Sənaye Parkları həm də sənayeləşmə üzrə dövlət siyasətinin əsas tərkib hissəsi və çağırışlarından biridir. Dünya təcrübəsi onu göstərir ki, sənaye parkları üçün ən mühüm tələb onun nəqliyyat logistikası sistemi baxımından yerləşməsidir, çünki nəqliyyat xərcləri bu gün işlək dəyər zəncirində mühüm yer tutur. Qeyd edilənlərdən çıxış edərək, regionlarda sənaye parklarının yaradılması və sənayenin klasterləşməsi iqtisadi inkişaf üçün yeni nəfəslik olmaqla yanaşı, regionlararası bərabərsizliyin aradan qaldırılması üçün də önəmli siyasət tədbirlərindən biri kimi dəyərləndirilməlidir.

Naxçıvan Sənaye Parkının yaradılması zərurəti bilavasitə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”ndan qaynaqlanır. Həmin proqram çərçivəsində regional sənayeləşmə siyasəti bilavasitə Sənaye Parklarının yaradılmasını tələb edir. Naxçıvan Sənaye Parkının yaradılması zərurətini həm də regional məşğulluq çağırışı kimi də dəyərləndirə bilərik.

Naxçıvan Sənaye Parkından gözləntiləri qısa, orta və uzun müddətli dövr üçün xarakterizə etmək olar. Belə ki, qısa müddətli dövr üçün Sənaye Parkında dövlət tərəfindən zəruri istehsal və sosial infrastrukturun qurulması, həmçinin gömrük və vergi güzəştlərinin tətbiq edilməsi nəticəsində regiona yerli və xarici investisiyaların cəlb edilməsi nəzərdə tutulur. Orta və uzun müddətli perspektivdə isə Sənaye Parkı imtiyazlardan faydalanaraq rezident kimi fəaliyyət göstərəcək kiçik və orta biznes subyektlərinin klasterləşməsi  və dayanıqlı biznes fəaliyyətləri üçün əsas olacaqdır. Digər xüsusi məqam kimi isə, Naxçıvanın Türkiyə ilə həmsərhəd olması və Zəngəzur dəhlizi üzərində yerləşməsi faktorunu nəzərə alaraq Sənaye Parkında fəaliyyət göstərəcək müəssisələrin xarici bazara çıxmaq imkanını daha da artıracaqdır. Bu isə sənayeləşmə siyasəti ilə yanaşı, ixracın diversifikasiyası üçün də ciddi həmlə rolunu oynaya bilər.


Elmir Mehdiyev