Dünyada infrastrukturla bağlı vəziyyət necə dəyərləndirilir?

12.10.2023

“Ipsos” beynəlxalq tədqiqatlar mərkəzi dünyada infrastruktura yanaşma ilə bağlı növbəti sorğu keçirib.

Sorğu Qlobal İnfrastruktur Asossasiyası ilə birgə 31 ölkədə aparılıb.

Nəticələrə əsasən, qlobal orta hesabla respondentlərin 69%-i razılaşır ki, infrastruktura sərmayə qoyuluşu yeni iş yerləri yaradacaq və iqtisadiyyatı gücləndirəcək. Ölkələrin çoxunda orta hesabla respondentlərin 59%-i infrastrukturun iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verə biləcəyini düşünür.

Bununla belə ümumilikdə, qlobal səviyyədə respondentlərin 57%-i ölkələrin infrastruktur ehtiyaclarını ödəməsi üçün kifayət qədər iş görmədiyini düşünür. Sorğuda iştirak edənlərin 44%-i infrastruktur sektorunu olduqca və ya çox zəif olaraq dəyərləndirir.

Qlobal miqyasda ölkə infrastrukturundan ümumi məmnunluq səviyyəsi 38%-dir. İnfrastrukturdan narazı olanların nisbəti isə 30%-dir. Respondentlərin üçdə biri isə bu mövzuda qəti bir fikirdə deyil. Sinqapur, İndoneziya, Hollandiya və Hindistandakı vətəndaşlar infrastrukturla bağlı ən pozitiv, Peru, İtaliya, Macarıstan və Rumıniya isə ən mənfi yanaşmadadır.

Cənubi Afrika (78%), Rumıniya (həmçinin 78%) və Braziliyada (73%) insanlar daha çox ölkələrinin infrastruktur ehtiyaclarını ödəmək üçün kifayət qədər iş görmədiyi ilə razılaşırlar. Cənubi Koreya (21%), Sinqapur (28%) və Yaponiyada (31%) isə bu fikirlə razılaşma ən aşağı səviyyədədir. Qlobal miqyasda bu fikir ətrafında əhval-ruhiyyə bir az dəyişib. ABŞ-da isə 2021-ci illə müqayisədə razılıq 61%-dən 57%-ə düşüb.

Ayrı-ayrı infrastruktur sektorlarının dəyərləndirilməsi ilə bağlı önəmli fərq nəzərə çarpır. Hava limanlarının çox və ya kifayət qədər yaxşı olduğunu düşünənlərin göstəricisi 68%-dir. Daşqından müdafiənin yaxşı və ya çox yaxşı olduğunu düşünənlər respondentlərin 30%-ni təşkil edir.

İnfrastruktur üçün prioritetlərə gəldikdə isə respondentlə daha çox günəş enerjisi, su təchizatı və kanalizasiya, seldən müdafiə cavalablarını qeyd ediblər.

Geniş yayılmış bir fikir var ki,  infrastrukturun qurulması yetərincə sürətli aparılmır. Orta hesabla respondentlərin 60%-i bu fikirlə razıdır. Bu cür əhval daha çox infrastrukturdan narazılığın güclü olduğu ölkələrdə özünü göstərir. Məsələn, Cənubi Afrikada respondentlərin 79%-i, Rumıniyada və Peruda 77%-i, Argentinada 75%-i, Cənubi Koreyada 36%-i və Sinqapurda 31%-i bu fikirlə razıdır.



Eyni zamanda, qlobal miqyasda respondentlərin 65%-i razılaşır ki, infrastruktur planları ilə bağlı sakinlərin fikirləri nəzərə alınmalıdır.

 



Şəfanə İbrahimova

Sosial Tədqiqatlar Mərkəzinin aparıcı məsləhətçisi