Erməni bloger: “İlham Əliyev inanılmazı gerçəkləşdirdi”

21.09.2023

Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri uğurla başa çatdı.  Nəticədə Azərbaycan öz suverenliyini bərpa etdi.



Antiterror tədbirləri nəticəsində Ermənistan Silahlı Qüvvələrinin birləşmələrinin 20-dək hərbi təyinatlı avtomobili, 40-dan çox artilleriya qurğusu, 30-da çox 120 mm və 82 mm minaatan, 2 zenit-raket qurusu, 6-dan çox “Martira” radioelektron mübarizə stansiyası və digər hərbi təyinatlı vasitələr zərərsizləşdirildi. 



Ali Baş Komandanın qətiyyəti, hərbçilərimizin qəhrəmanlığı, şücaəti peşəkarlığı nəticəsində Ermənistanın Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və bu günlərə qədər çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv edildi. 20 sentyabr 2023-cü il tarixdə erməni separatçıları təslim olduqlarını bəyan etdilər və ağ bayraq qaldırdılar.



İstər lokal antiterror tədbirlərinin gedişi zamanı, istərdə də sonrasında bəzi  erməni blogerlər də Azərbaycanı dəstəkləyən yanaşmalar sərgilədilər. Erməni bloger Karen Şirinyan Azərbaycan prezidenti İlham Əliyevdən qanunsuz xuntanın bütün nümayəndələrini həbs etməyi xahiş etdi:

“Mən Azərbaycan liderindən yalnız bir şey istəyirəm: Qarabağın dəyərsiz “prezidenti” və “nazirləri” həbs edilsin, günahsız insanlara yol verilsin. Qarabağa vəba və xalqları məhv edənlər lazım deyil”.

Erməni bloger Natali Aleksanyan Azərbaycan prezidentinə Qarabağ sakinləri üçün təhlükəsiz dəhlizlərin verilməsi ilə bağlı müraciət etdi:

“Azərbaycan Prezidenti İlham Əliyevə müraciət Hörmətli cənab Prezident! Sizdən xahiş edirəm ki, Qarabağın günahsız sakinlərinin həyatını mümkün qədər qoruyasınız, uşaqların ölməsi və yaralanmasının qarşısını alasınız. Sizdən xahiş edirəm ki, imkan daxilində onların od-alovdan çıxarılması və canlarının qorunması üçün təhlükəsiz dəhlizlər ayırasınız. Hörmətlə, Natali Aleksanyan”.



 



Bloger İşxan Verdyan da Azərbaycanın qələbəsinə münasibət bildirib. O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev mümkün olmayanı bacardı:



“O, bütün “sivil dünyanın” təzyiqlərinə baxmayaraq, öz ölkəsinin torpaqlarını tamamilə geri qaytarmağa və öz ərazisindəki millətlərarası münaqişəni praktiki olaraq dayandırmağa nail oldu. Bu nailiyyətin ciddiliyini düzgün başa düşmək üçün xatırlamaq kifayətdir ki, son otuz ildə heç bir etnik münaqişə belə başa çatmayıb. Bunu nəzərə alsaq, əminliklə deyə bilərik ki, İlham Əliyev inanılmazı gerçəkləşdirdi”.



“Əgər Azərbaycan Prezidenti Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə inteqrasiyasını yüksək səviyyədə həyata keçirə bilsə, o zaman onu əminliklə planetin ən böyük siyasətçilərdən biri hesab etmək olar”, – deyə Verdyan bildirib.



Digər bir postunda Verdyan belə yazır:



“Vəssalam. Kabusun sonu. Daha ölüm olmayacaq. Tezliklə yaraları sağaltmaq və normal həyata qayıtmaq vaxtı gələcək. Qarabağda qalmaq istəyən ermənilərə isə yaxşı olacaq”.



“Ermənistandakılar isə oturub düşünsünlər. Düzdür, onlar həmişə olduğu kimi normal bir şey tapmayacaqlar. Amma bu artıq məni çox narahat etmir. Mən Qarabağda, qalan ermənilərlə yaşamağa gedirəm”, -  deyə Verdyan bildirib.