Yaşayış xərcləri qlobal miqyasda ən böyük narahatlıq olaraq qalır. Lakin 2020-ci ilin iyul ayından bəri ilk dəfə olaraq bu narahatlıq ötən ilin noyabrıyla müqayisədə 2% bəndi azalaraq 40% olub.
“Ipsos” beynəlxalq tədqiqatlar mərkəzinin “Dünyanı narahat edənlər”lə bağlı sorğusunun yeni nəticələri bunu göstərir. Sorğu 25 noyabr-9 dekabr tarixləri arasında keçirilib.
İnflyasiya
Sorğunun nəticələrinə əsasən, inflyasiya ilə bağlı narahatlıqlar ardıcıl olaraq 15 ay yüksəldikdən sonra 2022-ci ilin noyabr ayıyla müqayisədə artmayıb. Bu da qlobal miqyasda sözügedən narahatlığın pik həddə çatıb-çatmadığı sualını doğurur.
Yenə də inflyasiya ardıcıl doqquzuncu aydır ki, əsas qlobal narahatlıqdır: respondentlərin 40%-i deyir ki, bu məsələ bu gün ölkələrinin üzləşdiyi əsas problemlərdən biridir.
Ümumilikdə, 11 ölkə - Argentina, Avstraliya, Belçika, Kanada, Fransa, Almaniya, Böyük Britaniya, Polşa, Səudiyyə Ərəbistanı, ABŞ və Türkiyə - inflyasiyanı əsas narahat edən mələsə kimi göstərirlər. 2022-ci ilin noyabr ayında bu ölkələrin sayı 13 olub.
İnflyasiyadan sonra bütün ölkələrdə ən çox narahat edən problemlər siyahısında yoxsulluq və sosial bərabərsizlik (31%), cinayət və zorakılıq 28 %, işsizlik (26%), maliyyə və siyasi korrupsiya (24%) gəlir.
İqlim dəyişikliyi
İqlim dəyişikliyi vergilərlə bağlı narahatlıqla birlikdə 18 bölmədən ibarət narahatlıq siyahısında yeddinci yerdədir. Avstraliyada iqlim dəyişikliyi ikinci ən böyük narahatlıqdır, Almaniyada isə inflyasiya və bərabərsizlikdən sonra üçüncü yerdə qərarlaşır. Bu narahatlıq İsraildə (1%) ən aşağı səviyyədədir.
Koronavirus
Koronavirusla bağlı narahatlıq 2020-ci ilin aprelindən əlavə olunandan bəri ən aşağı səviyyələrdən birində qərarlaşır. Dekabr ayında qlobal miqyasda hər on nəfərdən bir qədər çoxu (11%) koronavirusu narahatlıq olaraq seçib. Bu göstərici noyabrla müqayisədə bir faiz bəndi çoxdur. Ötən il bu vaxtı isə koronavirus 32%-lə əsas qlobal narahatlıq olub. Yaponiyada koronavirusla bağlı narahatlıq 3% artaraq 31%ə çatıb və bu bölmə üzrə ən narahat ölkə olaraq qalır. Təxminən hər on nəfərdən altısı (62%-i) ölkələrinin yanlış istiqamətdə getdiyini düşünür. Bu göstərici Peruda 89%-ə, Argentinada 85 %-ə çatır.
Yoxsulluq və sosial bərabərsizlik
Yoxsulluq və sosial bərabərsizlik 18 narahatlıq arasında ikinci yerdədir. İndoneziyada bu göstərici hələ də ən yuxarı olaraq qalır. Macarıstanda bu nəticə 5% artıb və 42%-lə bu bölmədə ikinci sıranı tutur. Braziliya, Yaponiya, Tayland və indi də Hollandiya bərabərsizliyin ən çox narahatlıq doğurduğu ölkələrdir. Bu göstərici üzrə ən aşağı narahatlıq səviyyəsi Səudiyyə Ərəbistanındadır (13%). Onu 17%-lik göstərici ilə ABŞ izləyir.
İqtisadiyyat
Qlobal miqyasda ölkələrinin hazırkı iqtisadi vəziyyətini “yaxşı” hesab edənlərin nisbəti 2% artaraq 34%-ə çatıb. Pozitivlik ən çox Malayziya (+9%), Hollandiya (+7%), Böyük Britaniya və Hindistanda (hər ikisi +6%) artıb. Bu göstərici üzrə İsveçdə indiyə qədərki ən aşağı göstərici qeydə alınır. Cənubi Koreya da bu bölmədə bu günə qədərki ən aşağı nəticəsini göstərir. Qeyd edək ki, sorğu 29 ölkə üzrə onlayn şəkildə keçirilib.
Şəfanə İbrahimova – Sosial Təqdqiqatlar Mərkəzinin aparıcı məsləhətçisi