STM-in təmsilçisi Daşkənddə keçirilən plenar iclasda "Nəsillərarası kommunikasiyada rəqəmsal ünsiyyət vasitələri” mövzusunda məruzə ilə çıxış edib

07.05.2025

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Humay Axundzadə  Özbəkistanın Ali təhsil, Elm və İnnovasiya Nazirliyi təşkilatçılığı ilə həyata keçirilən “Müasir dünyada sosiologiya və tətbiqi psixologiyanın problemləri” beynəlxalq konfransının Plenar iclasında çıxış edib.

Daşkənd Dövlət Universiteti,  Karaqanda Universiteti, Sankt-Peterburq Dövlət Texnoloji Universiteti, Türkiyənin Karabuk Universitetinin iştirakçılığı ilə baş tutan konfransda ölkəmizi təmsil edən Sosial Tədqiqatlar Mərkəzinin son tədqiqatlarından biri - “Azərbaycanda nəsillərarası münasibətlər” tədqiqatına istinad edərək  “Nəsillərarası kommunikasiyada rəqəmsal ünsiyyət vasitələri” mövzusunda məruzə ilə çıxış edildi. Humay Axundzadənin müasir dövrün aktual mövzusuna həsr olunan çıxışı iştirakçılar tərəfindən maraqla qarşılandı.

Sorğu əsaslı tədqiqat nəticəsi rəqəmsal vasitələrin təsirinin birmənalı dətərləndirilməsinin qeyri-mümkünlüyünü nümayiş etdirir. Belə ki, ictimai diskurslarda bir qayda olaraq, neqativ istiqamətdə dəyərləndirilən yeni texnoloji ünsiyyət vasitələri heç də bütün ailələrin təcrübəsinin əks etdirmir və əksinə, bir sıra hallarda (miqrasiya, ailə üzvlərinin ayrı yaşaması və s. hallarda) kommunikasiya intensivliyinin saxlanılması, bir-birinin həyatında uzaq məsafədən də olsa, iştirakçılığının təmin olunmasında vacib rol oynayır.