Yuxarıya
skip to main content

Texnologiya insan münasibətlərinə necə təsir edir?

31.08.2022

“Ipsos” beynəlxalq tədqiqatlar mərkəzi Türkiyədə cəmiyyətin müxtəlif mövzulara baxışını ortaya qoymaq, davranışlarını və vərdişlərini anlamaq, illər içində baş verən sosial dəyişiklikləri izləmək üçün tədqiqat həyata keçirir.

“Türkiyəni Anlama Bələdçisi” adlı araşdırmada bu dəfə inkişaf edən texnologiyanın cəmiyyət üzərində müsbət və mənfi təsirləri, cəmiyyətin internet istifadəsinə yanaşması, üstünlük vermə səbəbləri, münasibət və davranışları incələnib.

Sorğunun nəticələrinə görə,  hər 10 nəfərdən 7-si texnologiyanın inkişafının insanın həyatını asanlaşdırdığını düşünür. Qeyd etmək lazımdır ki, texnologiyalardan istifadə adiləşdikcə belə düşünənlərin faizi azalıb. 2006-cı ildə respondentlərin 85 %-i bu fikirdə olub.

Texnologiya inkişaf etdikcə özünü təhlükəsiz hiss edənlərin göstəricisi 2022-ci ildə aşağı düşüb (16%). 2018-ci ildə bu rəqəm 26%, 2020-ci ildə 19% olub. Bu mövzuda dəqiq bir baxışa sahib olmayanların sayı isə artıb (53%).

Hər 10 nəfərdən 4-ü inkişaf edən texnologiyanın insan münasibətlərinə mənfi təsir etdiyini düşünür (41 %). Bu fikrə qatılmayanların göstəricisi 2020-ci ildən bəri dəyişməsə də (13%), qərarsız olanların nisbəti artır (45%).Vurğulamaq lazımdır ki, illər ərzində texnologiyanın insan münasibətlərinə pis təsir etdiyini düşünən insanların nisbətində nəzərəçarpacaq dərəcədə azalma var, 2018-ci ildə on nəfərdən altısı bu fikirdə olub.

Araşdırmanın nəticələrinə əsasən, Türkiyədə cəmiyyətin 66%-i internetin insanları digər insanlardan uzaqlaşdırdığını düşünür.  2018-ci ildən bəri (59%) bu cür düşünənlər azalıb. Bu fikrə qatılmayanların göstəricisi 11%-dir. Respondentlərin  24 %-nin isə  mövzuyla bağlı dəqiq yanaşması yoxdur.

İnternetdən istifadə isə hər il artır və 2022-ci ildə hər 10 nəfərdən 9-u internet istifadə edir. Onların 93%-i internetdən hər gün istifadə etdiyini bildirir.  Müqayisə üçün qeyd edək ki, 2016-cı ildə internetdən istifadə edənlərin göstəricisi 53% olub.

Şəfanə İbrahimova