Yuxarıya
skip to main content

Uşaqlar internetdə nə qədər vaxt keçirirlər?

10.08.2022

Türkiyə Statistika Qurumu (TÜİK) Uşaqların İnformasiya Texnologiyalarından İstifadəsinə dair tədqiqatı dərc edib.

Qeyd olunan araşdırmanın nəticələrinə görə, Türkiyədə 2021-ci ildə 6-15 yaşlı uşaqların internetdən istifadə səviyyəsi 82,7% təşkil edir. Onların 90,1%-i hər gün internetdən istifadə etdiyi halda, 8,5%-i həftədə ən az bir dəfə, 1,4%-i isə həftədə bir dəfədən az internet istifadə edir. Pandemiya tarixləri arasında aparılan araşdırmanın nəticələrinə əsasən, internetdən müntəzəm istifadə edən uşaqlar  həftədə orta hesabla 12 saat 25 dəqiqə dərsdə, 6 saat 59 dəqiqə isə dərsdənkənar internetdən istifadə ediblər.

Mütəmadi olaraq internetdən istifadə edən uşaqların istifadə məqsədləri arasında onlayn dərslərdə iştirak nisbəti (%86,2 ilə) ən yüksəkdir. Bundan əlavə, onların 83,6%-i ev tapşırığını etmək və öyrənmək, 66,1%-i oyun oynamaq və yükləmək, 61%-i paylaşım saytlarından videolara baxmaq, 55,5%-i audio və video zənglər etmək üçün internetə müraciət edir. Uşaqların 55,1%-nin isə internetdən mesajlaşmaq üçün istifadə etdiyi məlum olub. Bundan əlavə, onlar musiqi dinləmək və yükləmək, sosial media, sağlamlıqla bağlı məlumatlar axtarmaq, internet üzərindən televiziya izləmək, yaradılan məzmunu internet səhifəsinə yükləmək, ödənişli videolara baxmaq kimi məqsədlərlə mütəmadi olaraq internetdən istifadə edirlər. İnternetdən müntəzəm istifadə edən uşaqların  ən az istifadə etdikləri onlayn alış-verişdir. 6-15 yaşlı uşaqların yalnız 9,1%-i alış-veriş üçün internetdən istifadə edir.

 

Tədqiqatın digər nəticələrinə görə, 2021-ci ildə 6-15 yaş qrupunda olan müntəzəm sosial media istifadəçiləri  incələnərək uşaqların həftə içi gün ərzində orta hesabla 2 saat 54 dəqiqə sosial mediadan istifadə etdikləri məlum olub. Həftə sonları isə bu vaxt gündə orta hesabla 2 saat 44 dəqiqədir. Bundan əlavə, eyni yaş qrupunda olan uşaqların 64,4%-i mobil telefondan (smartfondan) istifadə etdiyini bildirir. Bu uşaqların 32,3%-i ən azı hər 30 dəqiqədən bir cihazlarını yoxladıqlarını qeyd edirlər.

Şəfanə İbrahimova