Yuxarıya
skip to main content

Sosial Tədqiqatlar Mərkəzi 7-ci Beynəlxalq Sosial Elmlər Konqresində təmsil olunub

03.06.2022

İyunun 2-də ADA Universitetində Milli Məclis, Türkiyə Böyük Millət Məclisi və Beynəlxalq Balkan Universitetinin birgə təşkilatçılığı ilə 7-ci Beynəlxalq Sosial Elmlər Konqresi işə başlayıb. Konqresdə elm və təhsil sahəsi üzrə bir çox rəsmilər, türk dövlətlərinin aparıcı universitetlərinin rektorları, nüfuzlu alimlər və yüksək səlahiyyətli yerli və xarici çıxışçılar iştirak ediblər.


Konqresdə Sosial Tədqiqatlar Mərkəzini Daxili siyasətin təhlili departamentinin rəhbəri, Sosial elmlər üzrə fəlsəfə doktoru, professor Tahirə Allahyarova təmsil edir. Professor Allahyarova Qarabağa həsr edilmiş Konqresin ilk gününün panellər sessiyasında “Kibertəhlükəsizliyin sosial məsələləri: Azərbaycanda problemin öyrənilməsi” barədə məruzə ilə çıxış edərək Türk dünyası və beynəlxalq elmi ictimaiyyət nümayəndələrinin diqqətini məsələnin aktuallığı və əhəmiyyətli aspektlərinə yönəldib, bu istiqamətdə elmi yanaşmaların inkişaf etdirilməsinin vacibliyinə dair akademik mülahizələrini çatdırıb.

_______________

AZƏRTAC: Konqres çərçivəsində baş tutacaq panel müzakirələr çərçivəsində torpaqlarımızın işğaldan azad edilməsi ilə regionda yaranan yeni reallıqlar və çağırışlar, geosiyasi vəziyyət və sülh quruculuğu kimi mövzular ətrafında müzakirələr aparılacaq.

Tədbir Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb.

Açılış mərasimində çıxış edən ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev Konqres iştirakçılarını salamlayaraq tədbirin daha əvvəl İspaniya, Rumıniya, Türkiyə, Qüds, Özbəkistan və Makedoniyada keçirildiyini nəzərə çatdırıb. Rektor konqresdə iştirak etmək üçün 520-dən çox qonağın Bakıya, ADA Universitetinə gəldiyini və 1000-dən çox akademik məruzənin təqdim edildiyini bildirib. Səfir Hafiz Paşayev əlavə edib ki, ADA Universiteti Türkiyənin bir neçə aparıcı universiteti də daxil olmaqla dünyanın 100-dən çox ali təhsil ocağı ilə akademik əməkdaşlığı inkişaf etdirib.

Milli Məclisin sədri Sahibə Qafarova 7-ci Beynəlxalq Sosial Elmlər Konqresinin akademik dairələrimizin birgə fəaliyyətinin daha da gücləndirilməsindəki önəmindən bəhs edərək deyib ki, Konqresin Qarabağa həsr olunması, Qarabağ həqiqətlərinin akademik dairələr tərəfindən vurğulanması və elmi ədəbiyyatda əks etdirilərək gələcək nəsillərə ötürülməsi olduqca vacibdir…


ADA Universitetində 7-ci Beynəlxalq Sosial Elmlər Konqresi keçirilir