Yuxarıya
skip to main content

“Şərqdə qadın: tarix, cəmiyyət, elm” adlı beynəlxalq elmi konfrans keçirilib

29.03.2021

Sosial Tədqiqatlar Mərkəzinin Sosial-iqtisadi təhlil departamentinin baş məsləhətçisi, sosioloq Humay Axundzadə mötəbər elmi tədbirdə iştirak edib.

 

Mart ayının 12-də Rusiya Ali İqtisad Məktəbinin Dünya iqtisadiyyatı və siyasəti fakültəsinin Şərqşünaslıq Məktəbi  tərəfindən “Şərqdə qadın: tarix, cəmiyyət, elm” adlı beynəlxalq elmi konfrans keçirilib.

 

Yaxın və uzaq şərq ölkələrində qadınların keçmişi, bugünü, iqtisadi, sosial və digər həyat aspektlərini əhatə edən tədbirdə həmyerlimiz “Orientalizm və erkən sovet dövründə Şərq qadınının reprezentasiyası” (“Azərbaycan qadını” (1928) broşürünün nümunəsində) adlı məruzə ilə çıxış edib.

 

Çıxış tənqidi nəzəriyyələrə əsaslanaraq, Azərbaycan qadını da daxil olmaqla, Şərq qadınına orientalist baxışın birtərəfliyini, Sovet quruculuğu dövründə paternalist siyasətin Azərbaycan qadının üstünlüklərini (hələ əsrin əvvəllərindən etibarən bakıda qızlar məktəbinin olması, ADR dövründə qadınlara siyasi hüquqların verilməsi və s.) nəzərə almayaraq, məhz neqativ cəhətləri (təhsilsizlik, patriarxallıq) qabartmasını, hətta tədqiqatçı-şərqşünasların da öz əsərlərində bu aspekti vurğulamasını  konkret tarixi mətn üzərində göstərib.

 

Zoom üzərindən baş tutan konfrans tədbirinin iştiraçıları məruzəni böyük maraqla qarşılayaraq məruzəçiyə müvafiq suallar ünvanlayıblar.

 

Sonda konfrans məruzəçiləri sertifikatlarla təltif olunublar.