Yuxarıya
skip to main content

Sosial Tədqiqatlar Mərkəzinin (STM) departament müdiri, professor Tahirə Allahyarova Türkiyə Respublikasında elmi ezamiyyətdə olub

31.10.2019

23-26 oktyabr 2019-cu il tarixlərində Sosial Tədqiqatlar Mərkəzinin (STM) departament müdiri, professor Tahirə Allahyarova Türkiyə Respublikasında elmi ezamiyyətdə olub. Professor T. Allahyarova türk dövlətlərinin Ankara-Kırşehir Universitetində keçirilən “Türkdilli  Xalqların Fəlsəfi İrsi üzrə II Beynəlxalq Simpoziumu"na əsas məruzəçi kimi dəvət edilib. Sayca ikinci olan Simpoziumda   7 ölkədən müxtəlif elm sahələrində çalışan   150 alim, akademik heyət  və tədqiqatçılar   iştirak edib. Simpoziumun ortaq təşkilatçıları qismində-  Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Kurumu, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Qırğızıstan-Türkiyə Manas və Bayburt universitetləri, Ankara-Kırşehir Universiteti  çıxış edib.

 

 

Simpozium çərçivəsində  3 gün davam edən panellərdə  Türkiyə, Azərbaycan, Qazaxıstan,    Özbəkistan, Qırğızıstan, Rusiya  və Fransadan gəlmiş alimlərin iştirakı ilə fəlsəfə, sosiologiya, iqtisadiyyat sahəsində: türk dünyasının tarixi və müasir dövrlərinin elm və təhsil,  ictimai-siyasi fikir tarixi, fəlsəfi irsi, sivilizasiyası, milli-mənəvi-dəyərləri, təhsil və universitet modelləri, ənənə və innovasiyalar,XXI əsrdə türk sivilizasiyası qarşısında duran çağırışlar və s. mövzularda məruzələr dinlənilib. 

 

Ankara Konqres və Mədəniyyət Mərkəzində açılış mərasimi baş tutan Simpoziumda  Kırşehir Ahi Evran Universitetinin rektoru, prof. Dr. Vətən Karakaya qeyd edib ki, “türk dünyası yalnız özünün tarixi və şanlı keçmişini tanımaqla və dünyaya tanıtmaqla, indiki nəsillər üçün daha yaxşı bir gələcək qura bilər. Tarix siyasətimizi düzgün qurmaqla tarixi “siyasiləşdirən” və türk tarixini öz istədiyi kimi yazan, təbliğ edən ənənəyə qarşı dura bilərik.”

 

 

Açılış mərasimində çıxış edən Beynəlxlalq Türk Akademiyasının vitse-prezidenti prof.dr. Kadyrali Konkobaev   Simpoziumun türk dünyasının birliyini təmin etmək yönündə müstəsna əhəmiyyət daşıdığını vurğuladı. O, Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünün tarixi dönüş  olduğunu bildirib.   Çıxışına- Azərbaycanın, xüsusilə də,  Prezident  İlham Əliyev  türk dünyasının həmrəyliyin möhkəmlənməsində rolunu diqqətə çəkən K.Konkobayev Türk dövlət başçılarının 10 il əvvəl Azərbaycandan   başlayan əməkdaşlığına Macarıstan və Özbəkistanın da qoşulması ilə birliyin daha da güclənəcəyini qeyd edib.

 

STM departament müdiri “XXI əsrdə tarix fəlsəfəsi qarşısında çağırışlar və türkdilli xalqların fəlsəfi irsində cavab axtarışları” mövzusunda  bir saat yarım məruzə edib. T.Allahyarova  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun” yaradılması ilə Türk dünyasının elm, təhsil və mədəniyyətinin inkişafına verdiyi önəmi həm də qeyd edib. Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində mədəni irsin   məhv edilmə təhlükəsi altında olmasına diqqəti cəlb edib. Türk sivilizasiyasının bəşər elminə verdiyi töhfənin   təbliğ edilməsində və hazırkı inkişafı ilə bağlı problemlərin həlli üçün   daha sıx birləşməli olduğuna toxunub. Tarix boyu humanizm, tolerantlıq, sülh və birgəyaşayış kimi bəşəri dəyərlərin daşıyıcısı olan türk dünyasının - miqrasiya böhranı, beynəlxalq terrorizmlə mübarizə, ksenofobiya və islamofobiya, ifrat siyasi ideoloji hərəkatların yüksəlməsi, qlobal problemlərin həllində çıxış yolu ola biləcək yanaşmalar ortaya qoyması fonunda, dünya   tarixinə yalnız bir Qərb baxışının mövcudluğunun məqbul hal sayılmadığını bildirib.

 

 

Qeyd edək ki, Simpoziumda ingilis, rus, türk,   fransız və özbək dillərində edilən məruzələr elmi məqalələr toplusu kimi beynəlxlaq elmi redaksiya heyəti tərəfindən dəyərləndirilməklə nəşr ediləcək.