Yuxarıya
skip to main content

2020-ci ilin büdcəsi: istiqamətlərin detalları- (AÇIQLAMA)

10.12.2019

Milli Məclis noyabrın 13-də 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib.

 

2020-ci ilin dövlət büdcəsinin gəlirləri 24 milyard 134 milyon manat (14 196 470 588 ABŞ dolları), xərcləri 26 milyard 913 milyon manat (15 831 176 470 ABŞ dolları), icmal büdcənin gəlirləri isə 27 milyard 533 milyon manat təşkil edəcək. 2020-ci  il  üçün  icmal  və  dövlət  büdcəsinin gəlirləri  hesablanarkən neftin bir barrelinin qiyməti 55 ABŞ dollarına bərabər götürülüb.

 

İqtisadçı Vüqar Bayramov stm.az-a açıqlamasında qiymətin aşağı götürülməsini məqsədəuyğun hesab edir: 

“2019-cu ildə dövlət  büdcəsinin gəlirləri  hesablanarkən neftin bir barelinin qiyməti  60 dollar nəzərdə tutulmuşdu. Gələn il Azərbycan höküməti neftin bir barelinin qiymətini daha az proqnozlaşdırır ki, bu da  neftin büdcədəki payının azaldılması, neftdən asılığın azaldılması baxımından müsbət məqam kimi qiymətləndirilməlidir”.

 

 

Gələn il dövlət büdcəsinin gəlir və xərclərində bu il ilə müqayisədə artım var. Belə ki, gələn il büdcə xərcləri 25.6 milyard manat olacaq. Bu isə 2019-ci il ilə müqayisədə 427 milyon manat çoxdur.

Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə 7 milyard 875 milyon manat daxilolma nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 559 milyon manat və ya 7,6 faiz çoxdur. Gömrük orqanlarının xətti ilə büdcəyə 4 milyard manat, yəni 2019-cu ilə nisbətən 298 milyon manat və ya 8 faiz çox vəsaitin daxil olması proqnozlaşdırılır.

 

Gələn il büdcə gəlirlərinin 57 faizi neft sektorunun payına düşəcək.

 

Vüqar Bayramov bu məqamı belə qiymətləndirir: “Neft və qeyri-neft sektoru üzrə daxilolmalara nəzər yetirsək, 2020-ci ildə də neft sektoru yenə aparıcı olacaq. Büdcə gəlirlərinin 57 faizə yaxını neft sektorunun, 43 faizi qeyri-neft sektorunun payına düşəcək.  Bu, ondan xəbər verir ki, büdcədə neft gəlirləri dominatlığını qoruyub saxlayacaq. Bir müsbət məqam ondan ibarətdir, qeyri-neft sektorunun payında artım var. Ötən ilin büdcəsində qeyri-neft sektorundan gəlirlər 40 faiz idi, 2020-ci ildə bu göstərici 43 faizdən çox olacaq. Qeyri-neft sektorundan büdcəyə 10 milyard 604 milyon manat vəsait daxil olacaq ki, əvvəlki ildə bu rəqəm 9 milyard 467 milyon manat idi”.

 

İqtisadçı büdcədə sosial xərclərin payında artıma diqqət çəkir: “Büdcə xərclərində ən vacib məqam sosial xərclərin payındakı artımdır. Belə ki, sosial xərclər ümumi büdcə xərclərinin 38.5 faizinə çatacaq. Ən çox artım elm xərclərindədir.  (42.1 faiz artım) Bu da müsbət məqam kimi qiymətləndirilməlidir”.

 

Vüqar Bayramov əmək haqqı, pensiya və təqaüdlərə ayrılacaq xərclərin artmasını mühüm məqam hesab edir: “Büdcə xərclərində birbaşa əmək haqqı xərclərinin payı 7 milyard manata  yaxındır, Pensiya və təqaüd xərclərinə 3.2 milyard manat ayrılacaq. Ümumilikdə, 10 milyard manatlıq əmək haqqı, pensiya və təqaüd xərcləri var ki, bu da ciddi rəqəmdir”.

 

İqtisadçı qeyd edir ki, ümumilikdə, 2020-ci ilin dövlət büdcəsində çatışmazlıq gəlirlərdə neft sektorunun dominatlığıdır: “Büdcə gəlirlərində neftin payı yenə də yüksəksdir.  Təbii ki, biz 2020-ci ilədək neftin fiksal gəlirlərdə payının kəskin azalacağını proqnozlaşdırmırdıq. Ancaq 2020-ci ilin büdcəsi baza olaraq  növbəti illərdə neftdən asılılığın azaldılması istiqamətində addımların genişləndsirilməsinə əsas yaratmalıdır. 2025-ci ilə qədər neft gəlirlərinin büdcədəki payı 40 faizə qədər azalarsa, müsbət irəliləyiş olacaq. Növbəti illər üçün büdcə gəlirlərinin diversifikasiyası baxımından əsas hədəflərindən biri bu olmalıdır”.

 

Şəfanə İbrahimova

      stm.az