Yuxarıya
skip to main content

Lentlərin apardığı müharibə

27.10.2019

Qarabağ münaqişəsinə həsr olunan filmlərə dair internet resurslarında sayı 20-yə çatan bədii nümunələrdən savayı informasiya məkanında kütləvi tirajlı əsərlərin sayı o qədər də çox deyil.

 

Əvəzində qarşı tərəfin tarixi və siyasi arzularını özündə əks etdirən yüzlərlə film "Youtube", o cümlədən digər populyar resurslarda yerləşdirilib. Hər il onların ətrafında müxtəlif beynəlxalq turnelər keçirilir, dünya çapında səs-küylü baxışlar təşkil edilir, ətrafında geniş təbliğat kampaniyaları qurulur. Bir sözlə, torpaq uğrunda savaşı səngərdə əsgər-zabitlərin üzərinə qoyan dünya erməniçiliyi beyinləri zəbt etməyə də milyonlar xərcləyir, dünya ictimai fikrini rəsmi ideologiyaya uyğunlaşdırmaq üçün kino sənayesini hərbi texnologiya ilə az qala birişlədirirlər.

 

Ötən əsrdə "soyqırım" ideologiyasına həsr olunan ekran əsərləri son 30 ildə yeni nəfəs qazanıb və artan xətt üzrə inkişaf edir. Bunlardan “Ararat”, “40 gün Musa dagda”, “Yara”,  “Mayrik”("Ana"), “Torağay yuvası “ və başqalarını misal göstərmək olar. Məşhur Hollivud, "Metro Qoldenmayer" kinoşirkətlərindən tutmuş, fransız kompaniyalarına qədər geniş bir diapazonda, o cümlədən tanınmış aktyorların ifasında yaradılan təsirli səhnələr xarici auditoriyaları dolaşaraq bir millətin siyasi savaşında ən güclü silahlara çevriliblər.

 

Heç kəs çəkilən filmlərin həyati gerçəkliklə bağlılığını, seçilən ssenarinin təxəyyül məhsulu olub-olmamasını araşdırmağa cəhd etmir. Brüsselə, Berlinə səpələnən ideoloji ürünlər, “məzlum millət” obrazına xitab edən hiss sümürgənliyi sürətli bir şəkildə beynəlxalq arenada yayılır, birtərəfli məlumatların sayəsində erməni düşmənlərinə qarşı köklənən elitar rəylərin meydana çıxmasına səbəb olur və nəticədə, mədəniyyət siyasətin əsirinə çevrilir.

 

Azərbaycan yalnız müstəqillik illərində Qarabağı lentlərə köçürməyə başlayıb.Ona qədər Cıdır düzündən hazırlanan reportajlar və ya Qarabağ atlarının doğma torpaqlardakı yarış səhnələri indiki kommunikasiya müharibəsinin tələblərinə cavab vermədiyindən yalnız daxili auditoriyanın nisgil və xatirə məclislərini bəzəyir. Hələ üstəlik, köhnə kadrların getdikcə solan mənzərəsi özü ayrıca bir dərd kimi zaman keçdikcə aktuallaşır.

 

Halbuki son bir əsrlik tarixi hazırlanmış strateji milli bir proqramla vahid bir nazirlik üzərindən dünyaya daha sistemli və yüksək incəsənət nümunələri ilə çıxarmaq olardı.Təkcə elə Rusiyanın, Türkiyənin 21-ci əsrin sürətlə dəyişən reallıqları fonunda qurmağa çalışdıqları böyük dövlət ideallarına cavab verən kino siyasəti beynəlxalq festivalların qalibi olmaqdan daha çox yenidən öz milli maraqlarını və təhülkəsizliyini qorumaqdan ötrü çəkdikləri ideoloji sipərdir.

 

Misal üçün, son bir ayda müxtəlif ölkələrdə nümayiş etdirilən müəllif Civan Avetisyanın “Cənnətin qapısı” adlı filmi 3 il əvvəlki aprel müharibəsinə həsr olunub və rejissor qarşısına məqsəd qoyub ki, 90- cı illərlə son döyüşlər arasında insani bağları qabartsın.Bunun üçün 1-ci Qarabağ savaşında əsir düşən fotojurnalist Edqar Martirosyan obrazını uydurur, onun opera müğənnisi qızının illər sonra atasının çəkdiyi döyüş səhnələrini öz adına çıxan şəxsin ifşasına diqqət ayırır, lakin əsas hədəfin Azərbaycan olduğunu hər addımda tamaşaçıya çatdırmağı unutmur.

 

Doğrudur, SSRİ-nin dağılması ilə iki xalq arasında baş verən silahlı qarşıdurma ya müxtəlif illərin acısından baxarkən xaotik ekran işlərinə bəlkə də haradasa haqq qazandırmaq olar və yüzlərlə müəllifin çəkdiyi sənədli filmləri informasiya məkanında kiçik bir cavab reaksiyası adlandırmaq da olar. Lakin indi qaçqın-köçkünlərin ağrılarının hələ onları tərk etmədiyi və iqtisadi cəhətdən güclü olduğunu dərk edən bir xalq üçün yaradıcı siyasətə tam fərqli münasibət göstərməsi həyati ehtiyacdır. Çünki bir müddət keçəcək, yeni nəsil Göyçə və Zəngəzur filmlərini Hollivudun nəhəng konveyerindən çıxan istənilən adi trillerdən aşağı yerə qoyacaq, onun hansı tarixi mənanı kəsb etdiyini dərk etməyəcək və beləcə köklərindən ayrı düşüb növbəti itkilərə hazırlanacaq. Deməli, film siyasəti siyasəti filmləşdirməyi tələb edir.

 

Baxın, "TRT World" tərəfindən bu ilin əvvələrində ingilis dilində çəkilən sənədli film ssenarisinə və çəkilən kadrların daşıdığı siyasi çəkiyə görə çox əhəmiyyətli olsa da yalnız indi informasiya resurslarında yayılmağa başlayıb. Xatırladaq ki, filmin müəllifi Qubai Şahbəndərdir.

 

Filmdə Xocalı qurbanları və A.Duqinin, T.Qoltsun, M.Brayzanın, S.Markovun və digərlərinin ədalətli mövqeyi əksini tapıb.Sabiq erməni rəsmilərinin də müsahibələri burada yer alıb.Ən başlıcası, Azərbaycan generallarının ingiliscə indiki hərbi vəziyyəti izah etmələri regiondakı reallıqları dərk etməyənlər üçün çox yaxşı bilgi verir. Gerçəkdən də qürur verici səhnələrdir.

 

Filmə olan reaksiyalardan görünür ki, ermənilər onu özlərinə dəyən top gülləsi kimi qyimətləndiriblər. Məsələn, hər zaman Azərbaycanın xəbər məkanını diqqətdə saxlayan amerikalı yazar Emil Salamyan “indicə yalanla dolu olan bu təbliğat filminə baxdım” deyə atdığı tvitlə əsərin effektini aşağılamaq üçün uğursuz cəhddə bulunub.

 

Son olaraq, məşhur bir deyimdə olduğu kimi, tarixi bu gün yazmaq lazımdır, onu gələcəyə saxlamaq olmaz. Bizim böyük ədəbiyyatçılarımız hər zaman “Hərb və sülh”ü əldə rəhbər tutub gözlədikləri 40 ildən sonrakı gələcək tamam ayrı Azərbaycan olacaq. Lentlərin yaratdığı Amerika Pentaqon ordusunun qurduğu dövlətdən daha böyükdür!

 

Tural İsmayılov

ekspert