Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə IDDO psixi sağlamlıq proqramının təqdimatı keçirilib
Tədbiri açıq elan edən Milli Məclisin deputatı, Azərbaycan Autizm Assosiasiyasının prezidenti Jalə Əhmədova autizmli uşaqların diaqnostikası və müalicəsi ilə bağlı problemlərdən danışıb.
Tədbirdə bu sahədə vahid protokolun olmadığı, mərkəzlərin fəaliyyətinin pərakəndə şəkildə aparıldığı, autizmli uşaqlarla bağlı vahid statistikanın aparılmadığı, uşaqlara yanlış diaqnoz qoyulduğu bildirilib.
Qeyd olunub ki, uşaq tam müayinədən keçirilməli, qeyri-dəqiq diaqnozların qarşısı alınmalıdır.
Proqram autizmli uşaqların ümumi statistikasının yaradılmasını, mərkəzləşdirilmiş sistem vasitəsilə işin və nəzarətin həyata keçirilməsinin təmin edilməsini, mərkəzlər arasında əlaqələrin qurulmasını, elektron məlumat bazasının yaradılmasını, tədqiqat metodlarının formalaşdırılmasının təşviq edilməsini, fəaliyyətin qarşısının alınmasına nail olunmasını nəzərdə tutur.
Tədbirdə çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bu proqramın əhəmiyyətini qeyd edib.
Onun sözlərinə görə, ailələrlə geniş maarifləndirmə işi aparılmalıdır.
"Autizmin ağır, orta və yüngül formaları var. Bunu insanlara televiziya vasitəsilə izah etmək lazımdır. Ucqar kəndlərdə insanların bu barədə geniş biliyi yoxdur, onların maarifləndirilməsi vacibdir. Yüngül autizmli uşaqları müalicə etmək olar. inklüziv təhsilin köməyi ilə uşaq cəmiyyətə daha sürətli inteqrasiya edir".
Daha sonra çıxış edən Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü, millət vəkili Elşad Mirbəşir qanunvericilik bazasında müəyyən dəyişikliklərin faydalı olacağı haqda fikirlərini bölüşüb.