BSU və STM-in təşkilatçılığı ilə Azərbaycanşünaslığın aktual məsələlərinə həsr olunmuş beynəlxalq konfrans keçirilib
Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə Bakı Slavyan Universitetində “Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual məsələləri: tədqiqat, elmi diskurs və beynəlmiləlləşmə” mövzusunda XV beynəlxalq elmi konfrans keçirilib.
Konfransda Azərbaycan, Türkiyə, Rusiya, Polşa və digər ölkələrin nümayəndələri iştirak edib. Tədbirdə çıxış edən STM-in İdarə Heyətinin sədri Zahid Oruc bildirib ki, konfransda əsas mesajlar Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə edilən qələbənin nəticələrinə əsaslanır, onun yaratdığı yeni reallıqlar üzərindən qiymətləndirilir və bu zəfər yeni yanaşmaları zəruri edir. Qeyd edib ki, şübhə yoxdur ki, Azərbaycanın ən böyük nailiyyəti bundan sonrakı ideoloji baxışlarda, milli kimliyin yenidən təyin olunmasında, yeni ideyaların bu istiqamətdə rupor və aparıcı düşüncə kimi istifadə olunmasında mühüm bir vasitə kimi çıxış edir. O, həm də bildirib ki, bu gün artıq düşüncə forması olaraq azərbaycanlıların öz ata-baba yurdlarına qayıtması siyasi, hərbi missiyalardan daha çox psixoloji, mənəvi, maddi vəzifələrə çevirilib.
Zahid Oruc daha sonra Azərbaycan gəncliyinə müraciət edərək bildirib ki, qalib Azərbaycanın, Vətən Müharibəsindən sonra əldə olunan qələbənin genişlənməsinə, nəticələrinin əbədi təsdiqinə və qalıcı şəkildə davam etdirilməsinə dəstək olsunlar, bu qələbəni mənimsəsinlər, sahib çıxsınlar.