Keyfiyyət tədqiqatlarında “Nəzəriyyə əsaslı” (grounded theory) yanaşması

22.11.2022

Nəzəriyyə əsaslı” yanaşma termini müxtəlif tədqiqat elementlərinə uyğundur. İlk növbədə, “Nəzəriyyə əsaslı” yanaşma, təkrarlanan proses və planlaşdırmanın, məlumatların toplanmasının, məlumatların təhlilinin və nəzəriyyənin inkişafının qarşılıqlı əlaqəsi ilə xarakterizə olunan bir metodologiyadır.

“Nəzəriyyə əsaslı” yanaşma kəmiyyət tədqiqatlarında ədədi anket sorğuları və digər statistik  kəmiyyət analizlərində fərziyyə  testlərinə həddən artıq güvənmə meyilinə cavab olaraq, Tədqiqatçılar Qlaser və Straus tərəfindən hazırlanmışdır. Burada vacib məqam isə bundan ibarətdir ki, əvvəlcə, “Nəzəriyyə əsaslı” (grounded theory) yanaşmanın nə olduğunu müəyyənləşdirmək lazımdır.

Bu sualın sadə cavabı yoxdur, çünki  “Nəzəriyyə əsaslı” yanaşma termini müxtəlif tədqiqat elementlərinə uyğundur. İlk növbədə,  “Nəzəriyyə əsaslı” yanaşma, təkrarlanan proses və planlaşdırmanın, məlumatların toplanmasının, məlumatların təhlilinin və nəzəriyyənin inkişafının qarşılıqlı əlaqəsi ilə xarakterizə olunan bir metodologiyadır.  “Nəzəriyyə əsaslı” yanaşma daha sonra empirik məlumatlara əsaslanan nəzəriyyəni inkişaf etdirmək üçün verilənlərdən rasionallığı dəstəkləyən sistematik metodların xüsusi dəstini təmin edir. Bu üsullara daimi müqayisə üsuluna əsaslanan müxtəlif kodlaşdırma prosedurları daxildir. Burada davamlı olaraq yeni məlumatlar toplanır və inkişaf edən nəzəriyyənin daha da inkişaf etməsinə, onun  təkmilləşməsinə potensial töhfələri əsasında təhlilə yeni hallar daxil edilir. Bu seçmə üsulu nəzəri seçmə üsulu adlanır. Nəzəri seçmə, məlumatların təhlili və nəzəriyyənin işlənib hazırlanmasına, məlumatların iterativ (dönə-dönə təkrar etmə) toplanması prosesi davam etdirilir. Yeni məlumatlar nəzəriyyənin əsaslı inkişafına daha çox kömək etməyənə qədər, yəni “nəzəri doyma” əldə olunana qədər prosesin irəliləməsinə şərait yaradılır. Bu prosesin məhsulu olan nəzəriyyə həm də  “Nəzəriyyə əsaslı” yanaşma adlanır. “Nəzəriyyə əsaslı” yanaşmanın keyfiyyəti test nəzəriyyəsinin standart meyarlarına, yəni obyektivliyə və güvənilirliyə görə deyil, inandırıcılıq və etibarlılıq kimi meyarlara görə qiymətləndirilir.

  “Nəzəriyyə əsaslı” (grounded theory) yanaşma məzmunca heç də nəzəriyyə yaratmağı ifadə etmir. Bu yanaşmanın yaradıcı və təkmilləşdiriciləri onu “nəzəriyyə əsaslı” tədqiqat strategiyası, sistematik üsulu olaraq yaradıb. Yəni, onlar bu üsulu  keyfiyyət tədqiqatlarında strukturlaşdırma  metodologiyasını təkmilləşdirmək üçün dizayn edib.  “Nəzəriyyə əsaslı” yanaşma ilk növbədə induktivdir, yəni tədqiqatçılar keyfiyyət nəzəriyyəsinin yaradılması prosesində hadisələri izah etmək üçün xüsusidən ümumiyə keçirlər.

İdeal olaraq, “Nəzəriyyə əsaslı” ( grounded theory) yanaşması tədqiqat prosesi boyunca, yəni tədqiqat suallarının konsepsiyasından tutmuş paralel seçmə və məlumatların təhlilinə qədər tətbiq edilir. Bununla belə, “Nəzəriyyə əsaslı” məlumatların əksəriyyəti və ya hamısı toplandıqdan sonra kodlaşdırma prosedurlarından istifadə etməyə də imkan verir. Nümunə götürmə verilənlərdəki anlayışlar əsasında aparılır və beləliklə, tədqiqatçı nəzəri olaraq mövcud məlumatlardan nümunə götürə bilər.

“Nəzəriyyə əsaslı” yanaşmadan istifadə edən  nəzəriyyəçilər yalnız konsepsiyalar üçün məlumatları kodlamır, onlar həm də mahiyyətli nəzəriyyə yaratmaq üçün anlayışlar, kateqoriyalar (yəni, dəyişənlər) arasındakı əlaqələri müəyyən edir. Bununla belə, “Nəzəriyyə əsaslı” yanaşmanın tətbiq sahələrini araşdırsaq, müxtəlif elm sahələrində istifadə olunduğunu görə bilərik: 2021-ci ildə “Scopus“ axtarış sistemində “Nəzəriyyə əsaslı” termini üçün axtarış 24,086 nəticə əldə edildi.

Nəticələr aşağıdakı şəkildə qrafikdə verilmişdir: Ən çox “Tibb” 23% və “Sosial Elmlərdə”  23%-lə, qeyd edilmiş tədqiqat metodundan istifadə olunaraq, tədqiqatlar aparılmışdır.

“Nəzəriyyə əsaslı” yanaşma prinsipcə, digər keyfiyyət tədqiqat üsulu olan “keys öyrənmə” (case study) metoduna çox bənzəyir. Lakin, aralarında bir sıra təməl fərqlər var. Bu fərqlər: mövcud nəzəriyyələr tədqiqat problemini həll edə bilmədiyi hallarda “keys öyrənmə”  (case study)  metodologiyası təsadüfi münasibətləri təhlil etmək üsulu deyil, “Nəzəriyyə əsaslı” yanaşmada heç bir tədqiqat sualının və ya təklifinin olmamasıdır. Nəzəriyyə əsaslı” yanaşma metodologiyasında verilənlərin təhlilinin əsas məqsədi nəzəriyyənin inkişafıdır. Bu məqsədə çatmaq üçün toplanmış məlumatlar müxtəlif kodlaşdırma üsullarını əsas proses kimi tətbiq etməklə qiymətləndirilir. “Nəzəriyyə əsaslı” yanaşma metodologiyasında yer alan kodlaşdırma, verilənlərdəki tək hallara ümumi anlayışları (kodlar) təyin etməklə konseptual abstraksiya prosesini özündə ehtiva edir. Qeyd edilən metodologiyada kodlaşdırma həm xüsusi komputer proqramları (xüsusilə, Nvivo və atlas.ti) həm də əllə aparıla bilər.
 
        Bununla yanaşı, “nəzəriyyə əsaslı” yanaşma tədqiqatçıları kodlaşma prosesini üç yerə bölür:

  1. Açıq kodlaşdırma
  2. Aksial kodlaşdırma
  3. Seçici  kodlaşdırma

“Nəzəriyyə əsaslı” yanaşma sahəsinə yeni başlayan tədqiqatçı üçün ən çətin suallardan biri belədir:

Bu, kodlaşdırma paradiqması necə işləyir?

Açıq kodlaşdırma prosesində verilənləri parçaladıqdan sonra, kateqoriya və onun altkateqoriyaları arasında əlaqələr işləndiyi üçün aksial kodlaşdırma prosesində yeni bir şəkildə birləşdirilir. Seçici kodlaşdırmanın məqsədi, aksial kodlaşdırma zamanı işlənmiş, və bir-biri ilə əlaqəli olan müxtəlif kateqoriyaları vahid bir nəzəriyyəyə inteqrasiya etməkdir. Bu məqsədə çatmaq üçün aksial kodlaşdırmanın nəticələri daha da işlənib hazırlanır, inteqrasiya olunur və təsdiqlənir. Bu səbəbdən, seçici kodlaşdırma aksial kodlaşdırmaya olduqca bənzəyir, lakin onlar arasında fərq budur ki, seçici kodlaşdırma daha mücərrəd səviyyədə həyata keçirilir. Bundan başqa, nəzəriyyənin inkişafı müstəqil deyil, kodlaşdırma ailələri və kodlaşdırma paradiqması tərəfindən təmin edilən nəzəri fərziyyələr və əlaqələr ilə birlikdə qurulur. Nəticə etibarı ilə sadalananların hər ikisi sosial reallığa xüsusi perspektivi daxil edir.

Elnur Süleymanzadə

Sosial Tədqiqatlar Mərkəzi, tədqiqatçı.