Proqressiv Etatizm və onun inkişaf tarixi (II hissə)

05.02.2025

Proqressivlər Viskonsini “islahatın elmi laboratoriyası” olaraq təsvir etməklə La Follet və onun reformlarını tərifləyirdilər. Viskonsin ABŞ-də ən səmərəli və effektiv çalışan ştat idi. Almaniyanın dünya üçün olduğu kimi, adıçəkilən ştat da Amerika üçün model idi. Almaniya dünyanın ən inkişaf etmiş elmi dövləti idi, çünki birinci məhz o ekspertlərin idarəsində dövlətə çağırış etmişdi. Təhsil islahatçısı Con Dyuiyə görə, Almaniya barəsində ən yaxşı hissə onun öz qanunvericiliyini real idarəetmə işini aparan bürokratiyaya tabe etməsi idi. 
La Folletin Viskonsin İdeyası 1890-cı illərin ortalarında bütün Amerikaya yayılan Proqressiv Etatist hərəkat xüsusunda olduqca təsirli olacaqdı. İdarəetmənin “xalisləşdirilməsi”nə çalışmaqla qeyd olunan hərəkat dövləti fəzilətli tərəqqiyə nail oluna biləcək bir vasitə olaraq dəstəkləyirdi. Cəmiyyətin xəstəliklərinin hamısı, həyatın bütün aspektləri, siyasətdə korrupsiyalaşma təhsilli məmurlar tərəfindən idarə olunan bir hökumət tərəfindən ələ alına və həll edilə bilərdi. 

1901-06-cı illər arasında Viskonsin ştatının qubernatoru kimi ximət edən La Follet ştat daxilində mühafizəkar respublikaçıların ciddi müxalifliyinə rəğmən İdeyasının mühüm bir hissəsini icra etdi. Ardınca o, həmin il senator vəzifəsinə seçildi və  ölümünə, 1925-ci ilə qədər Viskonsin ştatının senatoru olaraq fəaliyyət göstədi. O, Proqressiv Etatizmin hədəfləri uğrunda yorulmaz şəkildə çalışmaqla Senatda tezliklə Proqressivlərin liderinə çevrilmişdi. 

Teodor Ruzveltə qədər proqressivlərin milli lideri olaraq qəbul edilən La Follet Ruzveltin opportunizmi və xəyanətini gördükdən sonra onunla mübarizəyə başladı. Sonda La Follet çox böyük reputasional zərbə aldı və onun hərəkatdakı mövqeyi sarsıldı. 

 

Herbert Kroli Proqressiv Etatizm hərəkatının pionerləri arasında daha az tanınsa da, onun yüksəlişi və effektləri üzərində təsiri doğru qiymətləndirilməlidir. Nyu-Yorkda iki proqressiv jurnalistin ailəsində dünyaya gələn Kroli insanlığın ateist ideologiyasında vaftiz edilmişdi. O, 1909-cu ildə nəşr edilən “Amerikan Həyatının Vədi” kitabı ilə Proqressiv Etatist hərəkatda məşhurluq qazandı. O, sözügedən kitabında bərabər hüquqların müdafiəsi üzərində köklənən deyil, “məsuliyyətin və siyasi iqtisadi assosiasiyadan qaynaqlanan faydaların bir hissəsini bütöv topluma bəxş etmək” üzərində fokuslanan yeni demokratiya formasının arqumenti ilə çıxış edirdi. Kroli bunun baş verməsi üçün korporasiyaların milliləşdirilməsini, güclü həmkarlar ittifaqları və mərkəzi hökumətin yaradılmasını təklif edirdi. 
Bu yeni “demokratiya” formasının rasionallaşdırılması üçün Kroli Qurucu Ataların öncül fəlsəfələrini birləşdirməyə çalışırdı: Tomas Ceffersonun demokratiya və A.Hemiltonun daha güclü federal hökumət ideyaları. Lakin o, həm Cefferson, həm də Hemilton düşüncəsinin özək prinsipini kənara qoyurdu: fərdi hüquqlara və onların müdafiəsinə təməl inam. 
İdarəetmənin ən yaxşı formalarına necə nail olmaq barəsində Hemilton və Ceffersonun fərqli baxışları olsa da, fərdiyyətçilik və fərdi hüquqlara bağlı idilər. Hemilton inanırdı ki, hakimiyyət bölgüsü və yayılması ilə Amerika Respublikasının bütöv mexanizmi təməl fərdi hüquqları himayə etmənin ən yaxşı yoludur. Nə üçün hər iki siyasi lider və filosof məhz bu punkt üzərində razılığa gəlirdilər? Çünki fərdi hüquqlar hakimiyyətin bir azlığın əlində cəmləşməsinə əngəl olur. (Məhz bu Qurucların qətiyyətlə qarşı çıxdığı, Proqressivlərin isə uğrunda çalışdığı idi). 
Proqressiv Etatistlərə görə, təbii, təməl fərdi hüquqları himayə etməyə bağlı bir hökumət ölçüsü, düşüncəsi, miqyası və faydalılığı etibarilə məhdud bir hökumətdir. Hökumət üzərində bu məhdudiyyətləri aşmaq, onu qeyri-məhdud etmək üçün fərdi hüquqlar aşılmalı və dövlətin hər şey olduğu demokratiyanın “daha yeni” formasında ikinci dərəcəyə qoyulmalıdır. Hər şey dövlətə tabe edilməli və dövlətə loyallığın qarşısındakı bütün sədlər aradan qaldırılmalıdır. Kroliyə görə, bu məqsədə varid olmaq üçün partiyalar da ləğv edilməli idi. Bir insan özünü hər hansı bir partiyanın tərəfdarı kimi identikləşdirdikdə, o, orqanik bütövlüyün – dövlətin tərəfdarı ola bilməzdi. Kroliyə görə, partiya sistemi partiya üçün sadiq xidmət və şəxsi fədakarlıq tələb edir. Halbuki, ictimai ruhlu demokrat bunu yalnız dövlət üçün etməlidir. 
Krolinin vizyonu cəmiyyətdə istənilən konflikti həll etmək üçün iqtidarın bir azlığın əlində cəmləşməsi idi. Konflikt səbəblərini aradan qaldırmaq üçün Kroli iddia edirdi ki, mülkiyyətin ləğv edilməsi, korporasiyaların milliləşdirilməsi və sonra bunların hamısının yenidən bölüşdürülməsi baş verməlidir. Yalnız bu şəkildə ölkə daha demokratik olacaqdı. Kommunizmdən faşizmə kimi etatizmin bütün digər proponentləri kimi, Proqressiv Etatistlər də “daha ədalətli” cəmiyyət yaratmaq naminə mülkiyyət və sərvətə nəzarət yaxud da onların yenidən bölüşdürülməsinin tərəfdarı idilər. 
Vilson kimi, Kroli də idarəedici elitaya böyük iqtidarın etibar edilməli olduğuna inanırdı. O da sadəlövhcəsinə inanırdı ki, bu azlıq hər hansı bir şəkildə administrativ dövlət tərəfindən onlara veriləcək nəhəng iqtidardan sui-istifadə etməyəcək. Krolinin çağdaş tənqidçiləri inanırdılar ki, belə bir ideya, əgər reallaşdırılsa, totalitarizm, avtoritarizm və faşizmə yol aça bilərdi. Proqressiv Etatizmin nəhayi sonunun avtoritarizm olduğu deyildikdə, bu, yeni müşahidə deyildi və onun tarixi Proqressiv hərəkatın başlanğıcına təsadüf edirdi. Onun məqsədi XXI əsrdə tam şəkildə reallaşır. 
Kroli 1914-cü ildə Proqressiv düşüncənin öncül jurnalı olan “Yeni Respublika”nın fəaliyyətini başlatmaqla bu hərəkat və onların nümayəndələri üzərində təsirini daha da gücləndirdi. Kroli öz yazılar və kitabında Qurucular tərəfindən yazılan ABŞ konstitusiyasının modern Amerikan demokratiyası ilə uzlaşmadığı üzərində fokuslanırdı. Bu ideya Proqressiv Etatizm hərəkatının düşüncəsinin özəyini təşkil etsə də, Qurucuların Konstitusiyasının təməl prinsiplərinə zidd idi. Proqressiv Etatizm hərəkatının uğur qazanması üçün bu Konstitusiya öz orijinal formasında saxlanıla bilməzdi, o ya de-legitimləşdirilməli ya da onun üzərində yenidən düşünülməli idi. Con Marini “Administrativ Dövləti İfşaetmə” adlı kitabında yazır: “Proqressiv hərəkatın təməl məqsədi ABŞ Konstitusiyasının siyasi və əxlaqi nüfuzunun destruksiyası idi.”
Kroli yaxşı bilirdi ki, Proqressivizmin zəfər qazanması üçün Qurucuların bütöv sistemi dekonstruksiya edilməli idi. Vilson və digər etatistlər kimi Kroli də düşünürdü ki, “mükəmməlliyə doğru tərəqqi”nin son məqsədi xüsusən də, Almaniyanın nümunəsində bir rifah dövlətidir. Böyük tarixi ironiya ondan ibarətdir ki, Qurucu Atalar belə etatist ideyalardan müstəqilliyə can atırdılarsa, proqressiv etatistlər mıəhz bu ideyalara qayıtmağı qarşıya məqsəd qoyublar. 


Proqressiv Etatizmi daha koherant bir hərəkata çevirən sonuncu pioner Teodor Ruzvelt idi. ABŞ tarixinin ən gənc prezidenti olan T.Ruzvelt 1901-ci ildə prezident Makkinliyə sui-qəsddən sonra bu posta yüksəlmişdi. 

Siyasi karyerası boyu respublikaçı olan Ruzvelt “trest dağıdıcısı” kimi tanınırdı. O, ilk prezidentlik dövründə Şerman Anti-Trest Aktından Çikaqodan Şimal-qərbi Pasifik regionuna qədər dəmiryol xətlərinə nəzarət edən “Northern Securities” şirkətini parçalamaq üçün istifadə etdi. Daha sonra Ruzvelt digər monopoliyalara qarşı da oxşar siysəti tətbiq etməyə başladı. 
Yenə məhz ilk prezidentlik dövründə T.Ruzvelt Korporsiyalar Bürosunun yaradılmasına çağırırdı. Bu yeni hökumət agentliyi korporasiyalar, xüsusən də onlaırn inhisarçı praktikaları barəsində informasiya toplamalı, yeni tənzimləmələr ilə bağlı Konqressə tövsiyələr verməli idi. Bu agentlik Federal Ticarət Komissiyasının öncülü idi. Monopoliyalara qarşı mübarizələri T.Ruzveltə 1904-cü ildə yenidən seçilməsinə kömək etdi. Qələbəsi zamanı o həyat yoldaşına “mənim əzizim, mən artıq bir siyasi təsadüf deyiləm” – demişdi. 
Ruzvelt ikinci prezidentliyi dövründə Proqressiv Etatizmə meyillənməyə başladı. Bu xüsusda onun ən mühüm addımlarından biri modern administrativ dövlətin təməllərindən biri olaraq qəbul edilən Hepbörn Aktının Konqress tərəfindən qəbulu oldu. Ştatlarası Ticarət Komissiyasının (ICC) yurisdiksiyası “ədalətli və məqbul” maksimum dəmiryol tariflərini müəyyən etmək həddinə qədər genişləndi. Qeyd olunan Akt həmçinin ICC-yə dəmiryol korporasiyalarının gəlirlərini yoxlamağa icazə verirdi. Dəmiryol sənayesindən tutmuş körpülər, terminallar və neft borukəmərlərinə qədər nəhəng infrastruktur üzərində ICC-nin hakimiyyəti quruldu. 
Yalnız 1906-cı ilin ortalarından etibarən T.Ruzvelt tam şəkildə Proqressiv Etatizmi dəstəkləməyə başladı. O, sadəcə dəmiryollarının deyil, bütövlükdə sənaye iqtisadiyyatı üzərində daha güclü nəzarətə çağırış edirdi. Bu məqsədlə o, Korporasiyalar Bürosunun tam bir tənzimləyici agentliyə çevirən qanun layihəsini dəstəklədi. Onun ideyaları tam reallaşmasa da, heç bir şübhə yox idi ki, Ruzvelt etatist tənzimləyici rejim uğrunda çalışır, hətta genişlənmiş bürokratik dövləti maliyyələşdirmək üçün varislik vergisinin təyin olunmasına çalışırdı. 
O, prezidentlik postunu tərk etdikdən sonra Avropaya səfər edərək Fransa və İngiltərə kimi ölkələrdə Amerika demokratiyasının gələcəyi ilə bağlı vizyonunu nümayiş etdirən nitqlər söylədi. O, 1910-cu ildə Sorbonda, Parisdə söylədiyi “Bir Respublikada Vətəndaşlıq” adlı nitqi zamanı xəbərdarlıq edirdi ki, ifrat fərdiyyətçilik doktrinaları ifrat sosializm doktrinaları kimi bir respublika üçün təhlükəlidir. 
Avropa turundan qayıtdıqdan sonra T.Ruzvelt Kanzasdakı “Yeni Milliyətçilik” adlı nitqində Qurucuların mülkiyyət hüquqlarını və “insanın öz əməyinin meyvələrinə olan təbii hüququ” anlayışını rədd edərək iddia edirdi ki, istənilən mülkiyyət hüququ topluluğun onun bütövlük üçün faydalı olub, olmamasını hiss etməsindən asılıdır. “Biz mülkiyyət əldəetməyə onun topluluğa faydanı təmsil etdiyi müddətcə icazə verməliyik” – deyə o bildirirdi. 
Ruzveltə görə, fərdi hüquqlar, xüsusən də mülkiyyət hüquqları ideyası fərqli bir dövrün qalığı olmaqla yanaşı, Qurucular tərəfindən insan təbiətinin təməl olaraq yanlış anlaşılmasına əsaslanır. Əksər proqressivlər kimi Ruzvelt də Qurucuların insanın qeyri-mükəmməl, eqotist təbiətinə inanmalarının yanlış olduğu anlamına gələn darvinist təkamül inanclısı idi. Çünki təkamülün “yeni sekulyar İncili” onu öyrədirdi ki, sabitləşmiş insan təbiəti deyə bir şey yoxdur, insani varlıqlar özlərinin eqotist fərdiyyətçiliyini aşaraq tərəqqi edə bilərlər. Burada Ruzveltin məqsədi amerikalıları xalis “leqal” prinsiplərindən uzaqlaşdırmaq və vətəndaşların fərdi hüquqları barəsində daha az, “vəzifə və öhdəliklərində inkişaf etmiş” hüquqları barəsində daha çox düşündükləri daha “etik” ədalətə yönləndirmək idi. Onun bu düşüncələrinin əsasında Kolumbiya Universitetində hüquq təhsili aldığı Con Börgess dayanır. Prusiyya filosofu Hegelə heyranlıq duyan Börges hökumətin məqsədinin fərdin hüquqlarını qorumaq olduğu ideyasını qətiyyətlə rədd edirdi. 
Qurucuların konstitusional respublikasının bütöv əsasının vətəndaşların fərdi hüquqlarını qorumaq olmasının yanlış olduğunu irəli sürən Börgessə görə, dövlət və insani varlıqların daha rasional və “ədalətli” cəmiyyətə doğru tərəqqi etməsi səbəbilə maddi şeylər və fərdi hüquqlara daha az, etik və spiritual məqsədlər üzərində daha çox köklənməlidir.” Börgess onillər boyu öyrətdiyi minlərlə tələbəyə dərindən təsir etməklə Ruzvelt də daxil olmaqla “alman ideallarını amerikan konstitusional düzəninə təlqin etmək və onu daha da “etikləşdirmək” ideyasına bağlı proqressiv evangelistlər yetişdirdi.     


 Ədəbiyyat:


1. W.Wilson., Study of Administration https://faculty.fiu.edu/~revellk/pad3003/Wilson.pdf 
2. John Marini., Unmasking the Administrative State., 2019 
3. Herbert Croly, The promise of American Life, 1909  https://ia800206.us.archive.org/0/items/promiseofamerica00crol/promiseofamerica00crol.pdf   
4. Theodore Roosevelt., Address at the Sorbonne in Paris, France: "Citizenship in a Republic" https://www.presidency.ucsb.edu/documents/address-the-sorbonne-paris-france-citizenship-republic  
5. https://www.wisconsinhistory.org/Records/Article/CS417   

Sübhan Padarsoy

Bakı Dövlət Universitetinin tarix fakültəsi məzunu, modernizm sosiologiyası üzrə tədqiqatçı, "Modernizm əsri və insan", "Entropik dünya" kitablarının müəllifidir.