Proqressiv Etatizm və onun inkişaf tarixi (I hissə)

14.01.2025

T.Ruzvelt Proqressiv Etatizm hərəkatının öncül “evangelisti” olaraq qəbul edilir. Proqressiv Etatistlər əksər amerikalılar kimi inanırlar ki, hər kəsin ədalətli uğur qazanmaq imkanları olmalıdır.

Amerikada meydana çıxan Proqressiv Etatizm amerikalı intellektualların konstitusional respublikaya şübhə duyduğu və onun sürətlə dəyişən dünya və iqtisadiyyata cavab verə bildiyini sorğu-sual etdiyi post-Vətəndaş Müharibəsi erasının xəyalqırıqlığından doğulan bir hərəkat idi. İqtisadi və sosial təlatümlərdən meydana çıxan bhu hərəkat geniş sosial reform hərəkatına çevrildi. Zamanla, onun ideyalar və fəaliyyətləri real sosietal ədalətsizlikləri (dəmiryol korporasiyalarındakı rüşvət və aşağı ərzaq keyfiyyəti) ələ alsa da, Amerikanın Qurucu Atalarınkından çox uzaq bir dünyabaxışından qaynaqlanan Proqressiv Etatizm modern dünyada Amerikanın üzləşdiyi çağırışlara yanlış məlhəm olduğuna inanaraq konstitusional respublikanı tamamilə rədd edirdi. 

O, bir çox yöndən biznes və hökumət arasında “iblisanə ittifaq”ı pisləyən Robert La Follet və T.Ruzveltin dəstək və himayəliyi ilə Respublika Partiyası daxilində doğulan bir hərəkat idi. T.Ruzvelt Proqressiv Etatizm hərəkatının öncül “evangelisti” olaraq qəbul edilir. Proqressiv Etatistlər əksər amerikalılar kimi inanırlar ki, hər kəsin ədalətli uğur qazanmaq imkanları olmalıdır. Lakin proqressivlər iddia edirlər ki, gerçək demokratik hökumət sadəcə bərabər imkanları qorumalı deyil, həm də imkanlar bərabərliyinə təminat vermək üçün biznes praktikaları və sosial şərtlərə müdaxil olmalı, onları tənzimləməlidir. Bunun yerinə yetirilməsi üçün kolossal administrativ dövlət qurulmalı və “sosial ədalət” adlandırdıqlarına nail olmaq üçün maliyyələşdirilməlidir. 

XIX əsrin sonlarında ABŞ-də məhdud universitet və kollec sistemində yüksək dərəcələr əldə etmək imkanları olmadığı üçün, əksər proqressiv intellektuallar xaricə getməyi və PhD-ləri üçün Avropa universitetlərində, xüsusən də Almaniyada oxumağı seçdilər. Hegelin historisizm fəlsəfəsi və “Prussiya Etatizmi”dən dərindən təsirlənən bu intellektuallar adıçəkilən alman filosofu və onun ideyalarının Amerikanın problemlərinə həll yolu olduğuna inandılar. Hegel yanaşmasında hakimiyyət tamamilə güclü menecerial sinif tərəfindən real idarəetmə işini icra edən dövlət və onun departamentlərinə həvalə edilir. Hegelə görə, xalqa və dövlətə ekspert kimi bələdçilik edəcək bu təhsilli elitanın idarəsində olan “hər şeyə qadir dövlət”  “Tanrının Yer üzərindəki yürüşü” idi. Bu “maariflənmiş dövlət” son nəticəsi insanlığın mükəmməlləşməsi olan tarixin konstant, irəliyə doğru, linear yürüşünün sonu idi. Bu Proqressiv Etatistlərin Amerikaya qayıtması və sistematik şəkildə ABŞ hökumətində total dəyişikliyə çağırış etmələri ilə XIX əsrin sonu-XX əsrin əvvəllərində Hegel fəlsəfəsi amerikan həyat tərzinə inyeksiya edildi. Bu hərəkat 1880-ci illərin sonlarından etibarən hər iki siyasi partiyanın nümayəndələri tərəfindən dövlətdə daha çox lokal səviyyədə inkişaf etdirilsə də, onun Amerikada dominant idarəedici fəlsəfəyə çevrilməsində dörd siyasi fiqurun essensial rolu oldu. 



Proqressiv Etatizmin respublikaçılar və demokratlar arasında çoxsaylı dəstəkçiləri olsa da, səlahiyyət, status və təsir gücünə görə çox az sayda insanlar Proqressiv Apokalipsisin Öndərləri hesab edilir. Onlar, Vudro Vilson, Robert La Follet, Herbert Kroli və Teodor Ruzveltdir. Məhz onlar XX əsrin əvvəllərində Qurucu Ataların konstitusiyasına birbaşa hücumun önündə gəlirdilər. Proqressiv Etatist hədəflərinə nail olmaqda bu siyasətçilər olduqca böyük uğur qazana bildilər. 

Bu hərəkatın öncül intellektuallarından biri V.Vilson ABŞ-nin iki dövr prezident kimi tanınsa da, o əslində karyerasına akademiya daxilində başlayır, birinci Brayn Mavr-da təhsil alır, daha sonra isə Prinston Universitetinin rektoru olur. Ardınca o Nyu-Cersi ştatının qubernatorluğu üçün namizədliyini irəli sürür. Bir qubernatorluq dövründən sonra o uğurlu seçki kampaniyası ilə 1912-ci ildə ABŞ-nin prezidenti seçilir. Vilson prezidentlik dövründə tez-tez təriflənsə də, daha sonralar fanatiklik  və irqçiliyi, habelə avtoritar tendensiyaları ilə bağlı tədqiqatlar onun siyasi irsinə xeyli zərər vurdu. 

1880-90-cı illərdə digərləri ilə tandem şəkildə məhz Vilsonun yazıları və çıxışları Amerikada Proqressiv Etatizmin idarəeetmə yanaşması və siyasət fəlsəfəsini detallı şəkildə anlatmağa başladı. V.Vilsonun 1887-ci ildə nəşr olunan “Study of Administration” əsəri siyasi prosesdən və siyasətin “korruptiv” təsirindən qoparılmış agentliklərin nəhəng bürokratiyası ideyasını ortaya qoyur. Vilsona görə, məhz belə bir bürokratiya tətbiqi elmdən istifadə etməklə təhsilli bürokratlara Amerikada aktual tərəqqini meydana gətirməyə icazə verəcək. “Ən yaxşı kolleclərdən ən yaxşı oğlanları” təmsil edəcək olan bu elita administrasiya və tətbiqi elmdə mütəxəssisləşmiş olacaqdı. Əsası 1876-cı ildə qoyulan Con Hopkins bu anlamda xüsusi qeyd olunmalıdır. Adıçəkilən universitet alman təhsil modelini ABŞ-yə gətirmək üçün təsis edilmişdi və Vilson, C.Dyui, F.Cekson Törner kimi proqressivlər yetişdirmişdi. 

Hegelin ideyalarının dərin təsirlərinin müşahidə edildiyi adıçəkilən əsərində Vilson qəbul edir ki, təhsilli elitalar və bir menecerial sinif ilə doydurulmuş bürokratiyalar, agentliklər fəlsəfəsi Amerikaya aid olmayan, “yad bir elm”dir. O, fransız və alman professorlar tərəfindən inkişaf etdirilib və dünyanın hər yerində əlaqəsiz bir şəkildə bir kompakt dövlətin ehtiyaclarına adaptasiya edilib və hökumətin yüksək dərəcədə mərkəzləşdirilmiş formalarına uyğunlaşdırılıb. Vilson administrasiyanın ən çox öyrənildiyi və demək olar ki, mükəmməlləşdirildiyi Prusssiya, habelə konstitusional erasının doğuluşundan əvvəl bir mütləq idarəçinin idarəsi tərəfindən “vətəndaş apparatusu”nun mükəmməlləşdirildiyi Napoleon Fransası örnəklərini alqışlayır. Heç bir institusional və ya xalq iradəsi Napoleonun əmr verdiyi düzənləmələrə təsir edə bilməzdi. 
Daha sonra, Vilson öz əsərində Amerikada administrativ dövlətə nəyin əngəl olduğunu soruşur. Ardınca isə cavab verir: xalq suverenliyi. Çünki ona görə, administrasiyanı təşkil etmək monarxiyaya nəzərən demokratiya üçün daha çətindir. Etatizmin bütün formalarında müşahidə edilən bir hal kimi, etatistlər insanların real səs və real təsirinin olduğu nümayəndəli demokratik proses ilə bağlı dərin frustrasiya yaşayır, ondan usanır və nəhayət ona qarşı antaqonist mövqe sərgiləyirlər. 

Hakimiyyətin administratorların əlində konsolidasiyasına çağırış etdikdən sonra, Vilson iddia edir ki, bu tərəfsiz bürokratlar siyasətin sferasından qorunmalıdır: “Ən mühüm və xalqa xidmət islahatçıları tərəfindən təlqin edilməli olan həqiqət odur ki, administrasiya siyasətin sferasından kənardadır.” Vilson əlavə edir ki, siyasətdən və seçilmiş nümayəndələrin nəzarətindən qoparılan bu menecerlərə etibar edilməlidir. Ona görə, “onların hakimiyyəti nə qədər çox genişdirsə, onu sui-istifadə etmək ehtimalı da o qədər aşağıdır.” 
Geniş miqyasda idarəçiliyə və cəmiyyətə bələdçilik etmək üçün siyasi nəzarətdən qoparılmış güclü bürokratlar sinfi ideyası Vilsonun düşüncəsində mərkəzi mövqeyə sahibdir: “Bürokratiya yalnız dövlət xidmətinin insanların ümumi siyasi həyatından, onların rəhbərlərindən ayrıldığı yerdə mövcud ola bilər.” Onun motivləri, obyektləri, siyasəti və standartları bürokratik olmalıdır. Başqa sözlə, Vilsonun vizyonunda administrativ bürokratiya siyasət və siyasi seçkilərin hesabatlılığından ayrılmalıdır. 

Vilsonun arqumentləri Proqressiv Etatizmin necə görünə biləcəyinin həm intellektual təməlini, həm də praktiki tətbiqini formalaşdırmağa kömək edir. Qısacası, təhsilli, menecerial sinif tərəfindən idarə olunan bir administrativ dövlətin yaradılması, ətrafındakı dünyaya qarşı tətbiqi elmdən istifadə etmək səlahiyyətinin verilməsi, tərəqqini reallşdırmaq üçün siyasi nəzarət və siyasətin korruptiv təsirindən azad edilməsi Proqressiv Etatizmin essensiyasıdır.

Bu hərəkatın özəyini Qurucu Ataların idarəetmə ideyalarının total rəddi təşkil edir. Bundan daha mühümü odur ki, o, Qurucu Ataların insan təbiətinə baxışının tam rəddini özündə ehtiva edir. Fərdlərə böyük iqtidar verməkdə, arroqant və sadəlövh şəkildə bu iqtidara sahib olanların bir şəkildə həmişə nəcib aspirasiyalar ilə hərəkət etdiyinə inanmaqda, heç vaxt ondan sui-istifadə etməyəcəklərini düşünməkdə V.Vilson yalnız deyildi. 

Proqressivizmin inkişaf etidirlməsində ona hər iki siyasi qanadı təmsil edən intellektuallar qoşuldular. Vilsonun ideyalarını reallığa çevirməyə çalışan Robert La Follet Viskonsin ştatının qubernatoru seçildikdən sonra Hegelin Prussiya Etatizminə əsaslanan Proqressiv “Viskonsin Planı”nı icra etməyə başladı. 
Demokrat V.Vilson ölkənin Şərq Sahilində Proqressiv “islahat” uğrunda çalışırdısa, onun təsirləri Orta Qərb ərazilərində də özünü göstərirdi. 

1890-cı illərin əvvəllərində Viskonsində Respublika partiyasından xəyalqırıqlığı yaşayan La Folet bu partiyanın öz əxlaqi kompassını itirdiyinə, prinsiplərini tərk edərək dəmiryolları və digər biznes maraqlarının alətinə çevrildiyinə inanırdı. Beləliklə o, status-kvoya və partiya rəhbərlərinin iradəsinə meydan oxuyaraq qubernatorial yarışa namizəd oldu. O uduzdu. 1896-cı ildə yenə namizəd olsa da, yenə məğlub oldu. Lakin o və müttəfiqləri öz reformunda məğlubiyyəti qəbul etməyərək partiyanın mərkəzi apparatı və onun namizəd müəyyənetmə prosesi üzərində nəzarətini qırmaqda qərarlı idilər. La Folletin qubernatorial platformasında əsas olan ideya o idi ki, siyasət sahəsidə korporasiyaların ifrat təsirinə daha çox köklənməklə siyasi proseslərdə reforma ehtiyac var idi. 

La Folet bildirirdi ki, “qanunvericilər öz konstituent prinsiplərini qəbul etmədikdə və öz platformalarının təəhhüdlərini pozduqda, xalqa xidmət etməli olan məmurlar hökmranlara çevrilir və xalq suverenliyini itirir, bərabər hüquqlar və imkanlar hökuməti aradan qalxır, konstitusional azadlığın cöhvəri itirilir. Korporasiyaların gücünü məhdudlaşdırmaq üçün belə qanunvericilərə baxmayın! Vergi yükünü bərabərləşdirmək üçün belə qanunvericilərə baxmayın! Biz bu gün sevdiyimiz bayraq altında özümüzü ölkəmizin müstəqilliyini geri qaytarmağa, bu nəslin azadlığına və siyasi apparatın boyunduruğundan qurtulmağa həsr etməliyik.” 

La Follet inanırdı ki, əgər partiya rəhbərləri və onun mərkəzi apparatların gücü zəiflədilə bilsə, siyasət və o cümlədən amerikan xalqının iradəsi üzərində korporasiyaların təsiri də qırılacaq. 1900-cü ildə La Follet və onun Üsyançıları “Stolvortlar”ı məğlub etməyə nail olmaqla qubernatorluq üçün respublikaçıların namizədi oldu. Bundan sonra, bütün Viskonsin boyu səyahət edən La Follet anti-korporatizm və islahat “incil”ini yaymağa çalışırdı. Və nəhayət o, qubernatorluq yarışından qalib ola bildi. Medisondakı yeni administrasiyasında La Follet sistematik şəkildə islahat ideyalarını icra etməyə başladı. İdeyaları üçün inkubator kimi Viskonsin Universitetindən istifadə etdiyi üçün onun təklifləri Viskonsin Planı və ya Viskonsin İdeyası olaraq tanınır və Proqressiv Etatizm hərəkatının əsas sütunlarından birini təşkil edir. O, dövlət xidmətində texniki ekspertlərin çalışdırılmasına (menecerial sinif), birbaşa ilkin namizəd seçimlərinə, dəmiryol tənzimləməsinə və vergi islahatına çağırış edirdi. Prussiya yanaşmasına əsasən, işçilərin hüquqları da islahata daxil edilmişdi, işverənlər işçilərinin qayğısına qalmalı idilər (bu da pensiya sistemində reallaşdırılacaqdı). 

Korrupsiyalaşmış prosesi aşmaq məqsədi ilə Proqressiv Etatistlər seçim üzərində partiya rəhbərləri və korporasiyaların iqtidarını aradan qaldırmaq üçün senatorların birbaşa seçiminə çağırış etməyə başladı. La Follet və digər proqressivlərin ideyalarına görə, birbaşa xalq tərəfindən seçilən senatorlar artıq korporasiyalar və partiya rəhbərlərinə deyil, xalqa – seçicilərə qarşı daha hesabatlı olacaqdılar. Viskonsin İdeyası dəmiryol korporasiyalarının daha böyük tənzimləməsinə çağırışları da ehtiva edirdi. La Follet və müttəfiqləri bu korporasiyaların vergi yükü çəkmədiyini və öz mənfəətləri naminə siyasi sistemi manipulyasiya etdiklərini düşünürdü. La Folletin ağlında ən böyük zəfər dövlət xidməti qanununun qəbul edilməsi idi. Bu qanunun qəbulundan əvvəl siyasi vəzifə əldə edənlər hökumətdə yaxınları və dostlarının da müxtəlif vəzifələrə yiyələnməsinə çalışırdılar. Bunun da əlbəttə ki, şəhərlərin və ştatların idarə olunmasında acınacaqlı nəticələri olurdu. Administrativ bacarıqlara sahib təhsilli bir elitanı yaratmağa əlavə olaraq, La Folletin Viskonsin İdeyası ekspertlərin menecerial sinfinin siyasətçiləri təlimatlandırması deyil, onları əvəzləməsini ehtiva edirdi. Burada, Proqressiv Etatizmin təməl səciyyəsi ilə qarşılaşırıq: real idarəetmə seçilməmiş təhsilli elita tərəfindən həyata keçirilir.

Sübhan Padarsoy

Bakı Dövlət Universitetinin tarix fakültəsi məzunu, modernizm sosiologiyası üzrə tədqiqatçı, "Modernizm əsri və insan", "Entropik dünya" kitablarının müəllifidir.