1945-ci ildə İkinci Dünya müharibəsi başa çatdıqdan sonra antifaşist bloku arasında fikir ayrılıqları daha da şiddətləndi. Sovet İttifaqının Şərqi Avropada təsır dairəsini genişlətməsi, yenidən təşəkkül tapan Qərb bloku üçün bir növ təhlükə siqnalı oldu.
1945-ci ildə İkinci Dünya müharibəsi başa çatdıqdan sonra antifaşist bloku arasında fikir ayrılıqları daha da şiddətləndi. Sovet İttifaqının Şərqi Avropada təsır dairəsini genişlətməsi, yenidən təşəkkül tapan Qərb bloku üçün bir növ təhlükə siqnalı oldu. 1946-ci ildə İngiltərənin keçmiş baş naziri Uinston Çörçilin çağrışı ilə “soyuq muharibə” başladı.
Qərb və Şərq bloku arasında 1991-ci ilə kimi davam edən bu rəqabət dünyanı da siyasi cəhətdən iki qütbə böldü. 50 ilə yaxın davam edən bu vəziyyət alternativlərin boğulmasına səbəb oldu. Dünyada 2 əsas iqtisadi mərkəz meydana gəldi: kapitalist sistem ve sosialist düşərgə. O cümlədən iki hərbi blok quruldu: NATO və Varşava Müqaviləsi Təşkilatı.
Moskva ve Vaşinqton arasında davam edən kəskin rəqabət səbəbindən beynəlxalq aləmdə gedən bütün proseslər demək olar ki, “soyuq muharibə”nin təsiri altına düşürdü.
İkinci Dünya müharibəsi dövründə ciddi dağıntılara məruz qalmış Avropada “soyuq müharibə”nin sərt “şaxtasına” düşmək istəməyən liderlər sosializm və bazar iqtisadiyyatı elementlərini özündə ehtiva edən “Üçüncü Yol” prinsipi üzrə hərəkət etməyə cəhd etdi.
İqtisadi münasibətlərdə olduğu kimi, siyasi məslələrdə də Qərb və Şərq blokuna eyni məsafədə durmağa çalışdılar, lakin bu siyasi xətt uğursuzluğa düçar oldu, Avropa ölkələri də “soyuq müharibə” dövründə ikiqütblü rəqabətdən kənarda qala bilmədi. Marşall yardımları vasitəsilə ABŞ-dan maliyyə dəstəyi alan Avropa ölkələri iqtisadi siyasətini bu yöndə qurdu.
1956-cı il Macarıstan hadisələri, 1961-ci il Berlin böhranı və 1968-cı “Praqa Baharı” Avropada özünə yol tapmağa çalışan “Üçüncü Yol” xəttinə siyasi münasibətlər cəhətdən də ciddi zərbə endirdi.
Bu dövrdə alternativ mövqe kimi sadəcə 1961-ci ildə Yuqoslaviya Prezidenti İosip Broz Tito, Hindistanın Baş naziri Cavahirləl Nehru və Misir Prezidenti Camal Əbdül Nasirin təşəbbüsü ilə qurulan Qoşulmama Hərəkatını göstərmək olar. Bu hərəkat həm “soyuq müharibə” dövründə, həm də ondan sonrakı dövrdə dünyada siyasi qütbləşmənin sərtləşməməsi üçün beynəlxalq səviyyədə öz töhfəsini verdi.
1991-ci ilə kimi davam edən “soyuq müharibə” bəşəriyyətin potensialını yorucu rəqabətə xərclədi. “Soyuq müharibə”nin bahalı xərclərinə misal olaraq ABŞ-nin hərbi büdcə artımlarına diqqət etmək kifayətdir. 1945-ci ildə hərbi xərcləri azaltmağa başlayan ABŞ 1950-ci illərdən etibarən sürətlə yenidən silahlanmağa başladı.
1949-cu ildə 60 milyard dollar təşkil edən ABŞ hərbi büdcəsi 1950-ci ildə 153 milyard dollara yüksəlmiş və indi də artan templə davam edir.
(ABŞ-nin “soyuq müharibə” dövründə artan xərclərini göstərən qrafik)
İnsanlıq üçün baha başa gələn “soyuq müharibə” 1991-ci ildə sona çatdıqda dünyada geosiyasi boşluq olacağı təxmin edilirdi.
Yeni yüksələn güclərdən yeni təşəbbüslər:
Lakin 2000-ci illərin əvvəllərində MDB məkanında, Asiyada və Latın Amerikasında iqtisadi cəhətdən yüksələn yeni güclər təkqütblü sistem yerinə bütün insanlıq üçün daha faydalı ola biləcək çoxqütblü dünya sistemi üçün fəaliyət başlatdı.
Yüksələn yeni güclər olaraq ifadə edilən bu ölkələrin atdığı ən diqqətçəkən və dünya qarşısında yeni çox qütblü alternativlərlə çıxış edən addımlardan biri, şübhəsiz, BRICS-dir.
2006-cı ildə Braziliya, Rusiya, Çin və Hindistan BRIC tərəfdaşlıq bloku adı altında təşkilatın təməlini atacaq müzakirələrə başladı. 3 il davam edən müzakirələrin ardından 2009-cu ilin iyun ayının 16-da dörd ölkənin abbreviaturasını əsas alan BRIC forumu rəsmi olaraq elan edildi. Bir il sonra Cənubi Afrika respublikasının qoşulması ilə BRIC sözü BRICS-lə (Brasil, Russia, India, China, South Africa) əvəz edildi.
Rəqabəti deyil dialoqu əsas alaraq hərəkət edən BRICS təşkilatı özlüyündə böyük potensiala sahibdir. BRICS üzvləri dünya quru səthinin təxminən 30%-ni və dünya əhalisinin 45%-ni əhatə edir.
Cənubi Afrika Respublikası Afrika qitəsində ən böyük iqtisadi gücdür, Braziliya, Rusiya, Hindistan və Çin isə əhali, ərazi və ümumi daxili məhsul (ÜDM) nominalına və alıcılıq qabiliyyəti paritetinə görə dünyanın ən böyük on ölkəsi sırasındadır. İlk beş üzv dövlət həm də G20 üzvüdür.
Üzvlərin ümumi nominal ÜDM-i 28 trilyon ABŞ dollarıdır (ümumi dünya məhsulunun təqribən 27%-i). Taxıl istehsal edən ölkələr arasında BRICS ölkələrinin 4-ü ilk onluqdadır.
Xüsusən üzv və tərəfdaş ölkələr arasında ümumi ehtiyacların ödənilməsi yolunda sosial, iqtisadi və siyasi maneələri aradan qaldırmaq üçün resursların və xidmətlərin könüllü və birgə mübadiləsi prinsipi ilə hərəkət edən BRICS bərabərhüquqlu üzvlüyü və qarşılıqlı faydanı da maksimum səviyəyə çıxarmaq imkanlarına sahibdir.
BRICS bu prinsiplər səbəbindən üzv ölkələrin daxili işlərinə qarışmamaq, hər hansı bloklaşmaya məcbur etməmək kimi müasir əməkdaşlığı özündə ehtiva edir.
Bu səbəbindən BRICS inkşaf etmiş və inkşaf etməktə olan ölkələrin diqqətini özünə cəlb edir.
2024-cü ildə Misir, Birləşmiş Ərəb Əmirlikləri, İran və Efiopiyanın üzvlüyə qəbil edilməsi də BRICS-ə olan beynəlxalq marağın təzahürüdür. 40 ölkənin üzvlük üçün müraciəst etməsi bu trendin genişləndiyini göstərir.
Beynəlxalq Valyuta Fondunun məlumatlarına görə, bu il beş yeni ölkənin qoşulması ilə BRICS-in iqtisadi həcmi 29,5 trilyon dolları keçib, qlobal iqtisadiyyatdakı payı isə 28 faizə yüksəlib. BRICS-in xüsusilə enerji sektorunda beynəlxalq müstəvidə rolu artır.
OPEC-in məlumatlarına görə, genişləndirilmiş birliyin neft hasilatı sutkada 45 milyon barrelə çatıb, başqa sözlə, dünya xam neft hasilatının təxminən 45 faizini təşkil edir.
Yuxarıda sadalanan bütün göstəricilər bir daha onu göstərir ki, dünyanı qütblərə bölən və beynəlxalq təşkilatlar daxilində rəqabətin ortaqlıqdan güclü olduğu “soyuq müharibə” tərzindəki təşkilatlar XXI əsrdəki beynəlxalq münasibətlərin tələblərinə cavab vermir. Bu səbəbdən BRICS kimi kollektiv əməkdaşlığı əsas götürən təşkilatlar sürətlə yeni dünya nizamında yerini alır.
Bu tip təşkilatların daha da güclənməsi özü ilə bərabər hegemon ağılı deyil, ortaq düşüncəni mərkəzə çəkir. Dəyişən yeni münasibətlər sistemi dünyada yeni rezerv pul sistemi, milli valyutalarınn rolunun artması, yeni ödəmə əməliyyatları, yeni güclü bank sistemləri və tranzit şəbəkələr kimi ideyaların önə çıxmasına təkan verir.
Azərbaycanın-BRICS münasibətləri
1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan müstəqilliyimizin ilk illərində çətin sınaqlarla qarşı-qarşıya qaldı. Qarabağın işğalı, iqtisadi çətinliklər, çevriliş cəhdləri ölkəmizin taleyini belə sual altına qoyurdu. 1993-cü il iyununun 15-də Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması dövlət sistemində yaranmış böhranı aradan qaldırdı.
1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” ilə Azərbaycanda iqtisadi sistem yenidən çiçəklənmə dövrünə qədəm qoydu. Azərbaycan siyasi və iqtisadi cəhətdən beynəlxalq aləmə inteqrasiya olmağa başladı.
Umummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs Azərbaycanın xarici siyasətinin və iqtisadi əlaqələrinin təməlini təşkil etdi. Milli maraqlarımızı mərkəzə alan və bərabərhüquqlu münasibətləri özündə ehtiva edən siyasi və iqtisadi siyasət Azərbaycanı beynəlxalq arenada müstəqil və nüfuzlu bir ölkə olaraq tanıtdı.
Balanslı siyasi xəttini davam etdiran Bakı bu gün beynəlxalq arenada bərabərhüquqlu və kollektiv əməkdaşlığı əsas götürən əlaqələrə xüsusi önəm verir. Azərbaycanın xarici siyasət strategiyasına uyğun bir model əsasında formalaşan BRICS də bu gün rəsmi Bakının diqqətindən kənarda qalmır.
Azərbaycan və Çin arasında 2024-cü ilin iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Qazaxıstanın paytaxtı Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” imzalanıb.
Bəyannamənin 4.5-ci bəndinə əsasən, Azərbaycanın BRICS-ə daxil olmaq niyyəti vurğulanıb və forumun qurucu üzvlərindən olan Çin də BRICS ilə əməkdaşlıqda Azərbaycanın iştirakını dəstəkləyib.
Prezident İlham Əliyev 22-24 oktyabr 2024-cü il tarixində Rusiya Federasiyasının Kazan şəhərində keçirilən 16-cı BRICS zirvəsində iştirak etmiş və burada yüksək səviyyəli görüşlər keçirmişdir.
Azərbaycan-BRICS münasibətlərində qarşılıqlı fürsətlər
2023-cü ildə Azərbaycanın xarici ticarət dövriyyəsinin 20%-i BRICS üzvlərinin payına düşüb. Belə ki, 2023-cü ildə BRICS-in iki qurucu üzvü olan Rusiya və Çin Azərbaycanın 3-cü və 4-cü ticarət tərəfdaşı olub.
Bu gün davam edən iqtisadi əməkdaşlıqlardan əlavə BRICS və Azərbaycan arasında daha böyük əməkdaşlıq potensialı var. Xüsusilə Azərbaycanın da 2005-ci ildə qoşulduğu Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin və Asiya-Avropa arasında yük daşımalarını nəzərdə tutan Şərq-Qərb Nəqliyyat Dəhlizinin intensivləşməsi Azərbaycanın yerləşdiyi coğrafiyanın əhəmiyyətini daha da artırır.
Bu iki plan Azərbaycan və BRICS ölkələri üçün yeni fürsətlər doğurur. Bu əməkdaşlıq quru və dənizçilik sahələrinin inkşafına daha çox təkan verə bilər. Azərbaycan həm quru, həm də dəniz ticarət yollarının mərkəzində yerləşən qovşaq kimi həm Şərqi Asiya limanlarından Avropaya və Rusiyaya nəql edilən yüklərdən, həm də Çindən Avropaya və əksinə daşınan yüklərdən ciddi dividend qazana bilər.
Qeyd etmək lazımdır ki bu gün BRICS ölkələri iqtisadi əməkdaşlığı Qərb bloklarından fərqli olaraq siyasi şantaj aləti kimi istifadə etmir. BRICS ölkələrinin qurduğu Yeni İnkişaf Bankı siyasi məqsədlər güdmədən üzv ölkələrlə əməkdaşlıq edir. Bu tip şəffaf əməkdaşlıqlar da regional gücə çevrilən Azərbaycanın maraqlarını təmin edir.
Bütün bunlardan əlavə, BRICS ölkələri arasında gələcəkdə azad ticarət zonasının və ya güzəştli gömrük sisteminin yaradılması Azərbaycanın iqtisadi əlaqələrinə ciddi töhfələr verə bilər.
İqtisadi maraqların siyasətə çevrildiyi, yeni bloklaşmaların və diktələrin artdığı bir dönəmdə müstəqil xarici siyasət həyata keçirən Azərbaycan və bərabərhüquqlu əməkdaşlığa önəm verən BRICS arasında əlaqələrin inkişaf etməsi təbiidir. Çünki bu gün həm Azərbaycanın, həm də BRICS-in izlədiyi yol çağdaş çağırışlara cavab verir.
İstifadə edilmiş ədəbiyyat:
https://www.stimson.org/2023/the-future-of-brics-between-objectives-and-challenges/
https://eastasiaforum.org/2024/04/02/is-brics-offering-an-alternative-model-for-global-governance/
https://www.bloomberght.com/brics-e-kabul-edilen-petrol-devi-ulkelerin-ekonomik-gucu-2337258-amp
https://www.reuters.com/world/more-than-40-nations-interested-joining-brics-south-africa-2023-07-20/
https://dergipark.org.tr/tr/download/article-file/772484
https://lenta.ru/articles/2024/05/14/chto-takoe-briks/
https://report.az/xarici-siyaset/azerbaycan-brics-e-daxil-olmaq-ucun-muraciet-edib-resmi/
Kazım Kazımov,
Sosial Tədqiqatlar Mərkəzinin aparıcı məsləhətçisi