Kənd turizmi sahəsi üzrə qlobal trendlər
Kənd turizmi turizmin bir növü kimi kənd bölgələrinə turistləri cəlb etmək üçün kənd təsərrüfatı məhsullarının istehsalı və turizmi özündə birləşdirir. Əsas məqsəd kənd təsəsrrüfatı üzrə biznes sahibi üçün gəlir əldə edərkən qonaqları əyləndirmək və öyrətməkdir. Kənd turizmi çərçivəsində həyata keçirilən əsas fəaliyyətlərə təsərrüfatdaxili satışlar, açıq havada istirahət, kənd təsərrüfatı mövzulu əyləncə, təhsil turları və digər fəaliyyətlər daxildir. Kənd təsərrüfatı məhsullarının birbaşa satışı, təmiz təbii qida ilə təmin etmə və təsərrüfata baş çəkmək imkanının təklif edilməsi turistlərdə böyük maraq yaradır. Turizm agentlikləri və birbaşa satış kanalları vasitəsilə həm qrup, həm də fərdi səyahət edənlərə kənd turizmi xidmətləri göstərilir. Turizmin bu növü inklüzivdir və hər yaşda olan şəxslər üçün uyğundur.
Son illərdə kənd turizmi bazarının həcmi nəzərəçarpacaq dərəcədə artmaqdadır və növbəti bir neçə ildə daha da artacağı gözlənilir. Müşahidə olunan artım əsasən kənd təsərrüfatı iqtisadiyyatının şaxələndirilməsi, təsərrüfat həyatına istehlakçı marağının artması, mədəni irsin qorunması səyləri, ekoloji maarifləndirmə işləri, mövsümi tədbirlər və festivalların populyarlığı ilə əlaqələndirilir. Gözlənilən əsas tendensiyalara aqrotəhsil təcrübələri, “təsərrüfatdan birbaşa masaya” təcrübələr, macəra və kənd fəaliyyətləri, mədəni irsin təbliği və ixtisaslaşdırılmış kənd turizmi təklifləri daxil edilir.
2023-cü ilə olan son məlumata əsasən kənd turizmi bazarında ən böyük region Şimali Amerika olmuşdur. Kənd turizmi bazarına daha çox malik olan ölkələr ABŞ, Kanada, Avstraliya, Braziliya, Çin, Fransa, Almaniya, Hindistan, İndoneziya, Yaponiya, Rusiya, Cənubi Koreya, Böyük Britaniya, İtaliya və İspaniyadır.
Kənd turizmi sahəsində bazar dəyərinə vəhşi təbiətin tədqiqi, at sürmə, konserv zavodu turları, yemək bişirmə dərsləri, məhsul festivalları, anbar rəqsləri, təsərrüfatlarda qalma, bələdçili turlar və ev heyvanxanaları kimi xidmətlərin göstərilməsi və təşkili ilə əldə edilən gəlirlərlə yanaşı, xidmət zamanı satılan və ya xidmət təklifinə daxil edilən müvafiq malların dəyəri də daxildir.
Qlobal kənd turizmi bazarının həcmi 2019-cu ildə 69,24 milyard ABŞ dolları dəyərində qiymətləndirilmiş və 2032-ci ilə qədər bu göstəricinin 197,37 milyard ABŞ dollarına çatacağı proqnozlaşdırılır.
Hazırda, qlobal miqyasda kənd turizminin əsas inkişaf trendi həm də aqro-qida turizminə artan tələb ilə müəyyənləşir. Belə ki, aqro-qida turizmində turistlərə kənd yerlərini və təsərrüfatları gəzməyə, həmçinin yerli əhalinin hazırladığı xüsusi yeməklərdən dadmağa icazə verilir. Aqro-qida turizmi kənd turizmi təsərrüfatlarına yerli mətbəx, yemək, içkilər və kənd təsərrüfatı məhsulları vasitəsilə öz tarixini, mədəniyyətini və mənzərəsini nümayiş etdirməyə imkan verir. Həmçinin, aqro-qida turizmi kənd təsərrüfatı sahəsində olan istehsalçılara, sənətkarlara və fermerlərə bacarıqlarını təkmilləşdirməyə və öz brendlərini və məhsullarını inkişaf etdirməyə şərait yaradır. Bundan əlavə, urbanizasiyanın sürətlə böyüməsi və getdikcə artan məşğul həyat tərzi istehlakçı xərcləri davranışını dəyişdirir ki, bu da şəhər əhalisi arasında təzə istehsal olunan təmiz qidaya, kənd və təsərrüfat həyatına marağı gücləndirir və beləliklə, kənd turizminin böyüməsini şərtləndirən mühüm amilə çevrilir.
Qlobal miqyasda kənd turizminin inkişafına təsir edən əsas hərəkətverici amillər :
Kənd təsərrüfatında mövsümdən asılı olaraq məhsuldarlığın aşağı olma riski və məhsul satışından əldə olunan gəlirlərin davamlı olaraq yüksək olmaması səbəbindən təsərrüfatların kənd turizmi istiqamətində qurulmasına daha çox meyl etməsi.
Təsərrüfat sahibləri daha yüksək gəlir əldə etmək üçün mülklərini kənd təsərrüfatı turizmi istiqamətlərinə çevirməyə getdikcə daha çox meyl edirlər. Məhsuldarlığın aşağı olması səbəbindən itkilərdən əziyyət çəkən fermerlər üçün kənd təsərrüfatı turizmi biznesinə sərmayə qoymaq onların dolanışıqlarını dəstəkləmək və gəlirlərini artırmaq üçün mühüm seçimə çevrilir ki, bununla da bütün dünyada kənd turizmi bazarının daha da böyüməsi proqnozlaşdırılır.
Ekoloji təmiz qida və içki məsullarına ehtiyacların artması.Ekoloji təmiz qida və içkiyə ehtiyacın artması kənd bölgələrinə səyahət edən turistləri həmin məhsulların necə istehsal edilməsini yerində öyrənməyə cəlb edir, həmçinin, kənd mənzərələrindən zövq almağa sövq edir. Məsələn, üzüm bağına gələn turistlər üzüm yığımında iştirak edə və dayanıqlı şərabçılıq prosesləri haqqında məlumat əldə edə, eyni zamanda kəndin füsünkar təbiəti ilə yaxından tanış olma imkanı əldə edə bilərlər. Bu cür praktiki təcrübə turistlərin qida istehsalı haqqında anlayışlarını zənginləşdirir, həmçinin torpaq və icma ilə daha dərin əlaqəni gücləndirir. Bundan əlavə, kənd turizmi təşəbbüsləri çox vaxt kənd turizmi bazarını daha da gücləndirən orqanik əkinçilik üzrə seminarlar kimi təhsil komponentlərini də əhatə edir.
Yerli qida hərəkatları vasitəsilə maarifləndirici tədbirlərin artırılması.
Yerli qida hərəkatları vasitəsilə maarifləndirmə işlərinin aparılması turist seçimlərinə əhəmiyyətli dərəcədə təsir edir, bir çox səyahətçilər yeməklərinin mənşəyini anlamağa can atırlar. Qida inqridiyentlərinin birbaşa yerli təsərrüfatlardan alınmasını vurğulayan “təsərrüfatdan süfrəyə” hərəkatı kənd turizminə marağı artıraraq geniş populyarlıq qazanıb. Turistlər getdikcə onları yerli qida istehsalçıları ilə birləşdirən orijinal təcrübələr axtarırlar və kənd turizmi məhz bunu təklif edir. Məsələn, ailə tərəfindən idarə olunan təsərrüfata səfər qonaqlara mövsümi meyvələrin seçilməsində iştirak etmək, davamlı əkinçilik təcrübələrini öyrənmək və təzə yığılmış inqrediyentlərlə hazırlanmış yeməklərdən həzz almaq imkanı verir. Bu cür təcrübələr qida həvəskarlarına ən təzə məhsulları dadmaq şansı verir, onların yerli kənd təsərrüfatına və onun cəmiyyətə təsirinə olan qiymətlərini dərinləşdirir. Bu tendensiya daha çox ərzaq təminatında şəffaflığa artan tələbatla dəstəklənir, turistləri yerli fermerləri dəstəkləmək və qida istehsalı prosesi haqqında ilkin bilik əldə etmək yolu kimi kənd turizmini seçməyə vadar edir və nəticədə bazarın genişlənməsinə təkan verir.
Qlobal miqyasda kənd turizminin inkişafı üçün mövcud imkanlar :
• Rəqəmsal marketinq və sosial medianın geniş vüsət alması
Kənd turizmi biznesində daha geniş auditoriyaya çatmağa və potensial ziyarətçiləri daha effektiv şəkildə cəlb etmək üçün sosial media marketinqi daha çox tətbiq edilməkdədir. Kənd turizmi operatorları Instagram, Facebook və TikTok kimi platformalardan öz unikal təkliflərini nümayiş etdirmək, təsərrüfat fəaliyyətlərinin valehedici vizuallarını paylaşmaq və mövsümi hadisələri tanıtmaq üçün istifadə edə, bununla da yeni müştəriləri cəlb edə və təcrübələri ətrafında səs-küy yarada bilərlər. Rəqəmsal marketinq strategiyalarından və səmərəli onlayn sifarişdən yararlanmaqla, kənd turizmi müəssisələri bazar imkanlarını əhəmiyyətli dərəcədə genişləndirə və orijinal, təsərrüfat əsaslı təcrübələrə artan tələbatdan istifadə edə, nəticədə bazar üçün daha geniş imkanlar yarada bilərlər.
• Qlobal miqyasda kənd turizminə hökumət tərəfindən dəstəyin artırılması
Hökumətlər müxtəlif iqtisadiyyatlar üzrə bazar üçün mühüm artıma təkanverici amil olacağını proqnozlaşdırılan kənd turizmini təşviq etməklə kənd təsərrüfatı iqtisadiyyatını təkmilləşdirməyə diqqət yetirirlər. Əsasən kənd turizmi konsepsiyası çərçivəsində təbiət, kənd təsərrüfatı və rifah arasında əlaqəni vurğulamaqla maliyyə stimulları, infrastrukturun inkişafı, təlim və bacarıqların artırılması, maraqlı tərəflərlə əməkdaşlıq, dövlət-özəl tərəfdaşlıq və təşviqat kampaniyalarını əhatə edən kənd turizmi konsepsiyasını dəstəkləmək üçün siyasət həyata keçirilir.
Kənd turizmi üçün məhdudlaşdırıcı amillər :
• İnkişaf etməkdə olan ölkələrdə kənd turizmi sahəsində mütəşəkkilliyin zəif olması
Əsasən inkişaf etməkdə olan ölkələrdə kənd turizmi bazarının inkişafı üçün əsas maneə onun qeyri-mütəşəkkil olmasıdır. Bu növ turizm istiqamətləri haqqında məlumatlılığın olmaması və bu sahədə qurulmuş kənd turizmi operatorlarının sayının az olması bazarın böyüməsi üçün əsas maneə kimi çıxış edir.
• Kənd turizmi sahəsində mövsümülük problemi
Kənd təsərrüfatı fəaliyyətlərində mövsümilik aqroturizm üçün əhəmiyyətli problem yaradır, çünki ziyarətçilərin marağı çox vaxt xüsusi məhsul yığım vaxtları və əkinçilik hadisələri ilə bağlıdır. Məsələn, alma yığımı təcrübəsi təklif edən təsərrüfatlar adətən alma yığımı mövsümünə təsadüf edən payızda ziyarətçilərin artımını görürlər. Bununla belə, qış və erkən yaz kimi qeyri-pik aylarda bu təsərrüfatlar turistləri cəlb etməkdə çətinlik çəkə bilər ki, bu da qeyri-sabit gəlir axınlarına səbəb olur. Aqroturizm operatorları əlavə investisiya və strateji planlaşdırma tələb edə bilən mövsümiliyin təsirini azaltmaq üçün təkliflərini diversifikasiya etmək və ya il boyu cazibədar yerlər yaratmaq yollarını tapmalıdırlar.
COVID-19 pandemiyası və ardınca qapanmalar demək olar ki, bütün sahələrə, o cümlədən turizmə ciddi mənfi təsir göstərmişdir. Məsələn, Beynəlxalq Valyuta Fondunun 2020-ci ilin dekabr ayında dərc etdiyi hesabata əsasən, turizm sənayesi pandemiyadan ən çox zərər çəkən sahələrdən biri olmuşdur. Bundan əlavə, hesabatda qeyd olunmuşdur ki, 2020-ci ilin birinci yarısında dünya üzrə turist gəlişi təxminən 65% azalmışdır. Bir neçə ölkənin iqtisadiyyatında bütün səyahət və turizm fəaliyyətlərinin tam və ya qismən dayandırılması səbəbindən böhranın qarşıdakı aylarda davam edəcəyi gözlənilirdi. Vəziyyətlə bağlı qeyri-müəyyənlik kənd turizmi sahəsi üzrə gələcək illər üçün bazar statistikasını proqnozlaşdırmağı çətinləşdirirdi, lakin vəziyyətin yaxşılaşması ilə bazarın rəvan templə canlanması gözlənilirdi. Əhalinin sıx olduğu şəhərlərdə virusun yayılmasının yüksək olması vəziyyəti qarşıdakı dövrlərdə səyahətçiləri sərinlik üçün kənd və təbiət turizmini seçməyə həvəsləndirəcəyi proqnozlaşdırılırdı. Bu da bazarın böyüməsinə kömək edəcək.
Azərbaycanda aqroturizmin hazırkı vəziyyəti.
Hazırda Azərbaycanın ayrı-ayrı regionlarında, o cümlədən kəndlərində turistlərə yerləşdirmə vasitələri və qidalanma növləri üzrə müxtəlif xidmətlər göstərilsə də, bu xidmətlər istənilən səviyyədə deyildir. Belə ki, kənd ərazilərində yaşayan ev sahiblərinə turizm vərdişlərinin aşılanması kənd ərazilərində məşğul olan əhalinin sayının artırılmasına, kənd turizmi sahəsində xidmət infrastrukturunun gücləndirilməsinə, kənd evlərində turizm xidməti səviyyəsinin yaxşılaşdırılmasına, turizmin alternativ növlərinin və regionların iqtisadi inkişafına yardımçı olan amillərdəndir. Kənd turizmini inkişaf etdirməklə fərdi sahibkarlıq vərdişlərinin aşılanmasına, kənd yerlərində kommunal xidmətlərin inkişafına, əhalinin, xüsusilə də qadınların məşğulluğunun artırılmasına nail olmaq mümkündür və bu məqsədlə davamlı turizm potensialından istifadə ilə bağlı bir sıra məqsədyönlü tədbirlər həyata keçiriləcəkdir.
Azərbaycana gələn turistlərin illər üzrə sayına baxsaq görürük ki, 2018-ci ildə bu göstərici 12 777 olmuşdursa, 2019-cu ildə 2,4 dəfə artaraq 30 950 olmuşdur. 2020-ci ildə COVID-19 pandemiyası ilə əlaqədar gələn turistlərin sayı 2019-cu ildəki müvafiq göstərici ilə müqayisədə kəskin azalaraq (13,4 dəfə) 2 304 olmuşdur. 2021-ci ildən etibarən 2023-cü ilədək Azərbaycana gələn turistlərin sayında az da olsa dinamik şəkildə artım müşahidə edilmişdir, lakin 2023-cü il üzrə bu göstərici 2018-ci ilin müvafiq göstəricisi ilə müqayisədə aşağıdır
(Bax. Qrafik 1.).
Mənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır.
Statistika onu deməyə əsas verir ki, Azərbaycana turizmin inkişaf etdirilməsi və turist sayının artırılması məsələsi aktualdır. Turist sayının artırılması istiqamətində görülən tədbirlərdən biri kimi kənd turizminin inkişaf etdirilməsi ola bilər.
Azərbaycanda turizmin, o cümlədən kənd turizminin formalaşdırılması və inkişaf etdirilməsi üzrə əsasən 2011-ci ildən başlayaraq müvafiq qanunlar qəbul edilmiş, inkişaf strategiyaları və prioritetlər hazırlanmışdır:
• Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq olunması haqqında 20 iyul 2011-ci il tarixli 1644 nömrəli Sərəncamı
• Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İxtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”
• Turizm haqqında 27 dekabr 2021-ci il tarixli qanun
• “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası” (müvafiq sahə üzrə - bənd 2.3.1.2.)
Turizm haqqında qanunun 2.2.3.-cü bəndinə istinadən kənd (icma) turizmi – turistlərin kənd təsərrüfatı obyektlərində (ferma, əkin sahələri, bağ, bostan, üzümlük və s.) təsərrüfat fəaliyyətində iştirakı (aqroturizm), kənd həyat tərzi, yerli ərazinin təbii, tarixi və mədəni dəyərlərinin öyrənilməsi ilə bağlı xidmətlərin göstərilməsi ilə müşayiət olunan turizm kimi təsbit edilmişdir.
“İxtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə turizm sektorunun inkişafı üçün ölkə üzrə əlverişli mühitin formalaşdırılması, yerli və regional turistlər üçün regional turizm növlərinin inkişaf etdirilməsi, turistlərin məmnunluğunun artırılması məqsədilə milli turizm keyfiyyət sisteminin yaradılması istiqamətlərində tədbirlərlərin görülməsi nəzərdə tutulmuşdur. Yol Xəritəsində Dövlət Turizm Agentliyi tərəfindən müvafiq olaraq kənd turizminin inkişafı üzrə tədbirlər planının hazırlanacağı qeyd edilmişdir. Həmin tədbirlər planına əsasən, həmçinin həmin kəndlərdə mövcud olan bir sıra ənənələrin təbliğatı (məsələn, çörəkbişirmə, xalçaçılıq və s.) məqsədilə qısamüddətli kurslar təşkil ediləcək, eləcə də ixtisaslaşmış kənd təsərrüfatı məhsullarının brendləşdirilməsi üzrə tədbirlər görüləcəkdir. Bunun üçün, ehtiyac yaranarsa, bu prosesə yerli və xarici ekspertlərin cəlb olunması da nəzərdə tutula bilər. Turistlərin yerləşdirilməsi məqsədilə müvafiq kənd evləri də müəyyən ediləcək, həmin kənd evlərində təmir-bərpa işlərinin aparılması, kənd icmalarında turistlərin qəbulu və xidmətlərin təşkili ilə əlaqədar təlimlərin keçirilməsi, eləcə də həmin kəndlərin sakinlərinə vergi ödəmək vərdişlərinin aşılanması məqsədilə maarifləndirmə işinin aparılması üçün dəstək tədbirləri görüləcəkdir. Kənd evlərində minimum tələblərin təmin olunması ilə əlaqədar müvafiq standart hazırlanacaqdır. Yol Xəritəsinə əsasən layihədən, ilk növbədə, kənd evi sahibləri və turistlər faydalanacaqlar. Lakin layihənin reallaşdırılması ilə daha geniş auditoriya kütləsi, o cümlədən turistlərə birbaşa xidmət göstərən (məsələn, bələdçilik, nəqliyyat, ov və s.) digər kənd sakinləri, turistlərin ehtiyaclarını ödəmək üçün ərzaq və suvenir hazırlayan xidmət sahələri də fayda əldə edəcəkdir. Kənd sakinləri arasında mütəşəkkilliyin və sahibkarlıq vərdişlərinin artması ilə onların aktiv həyat tərzinə keçməsi və fəaliyyəti nəticəsində kəndlərdə infrastrukturun yaxşılaşdırılması, kənd sakinləri üçün daimi iş yerlərinin yaradılması, məşğulluğun artmasına nail olunacaq ki, bu da öz növbəsində, kəndlərdə maddi rifah səviyyəsinin yaxşılaşmasına, biznes vərdişlərinin formalaşmasına və insanların sosial vəziyyətinin yüksəlməsinə səbəb olacaqdır.
Azərbaycanda aqroturizmin formalaşdırılması və inkişafı üçün münbit şərait mövcuddur. Belə ki, ölkənin rəngarəng təbiəti və coğrafiyası turizmin bu növünün inkişafı üçün imkan yaradır. Azərbaycanda aqroturizmin inkişafı, kənd əhalisinin gəlirlərinin artrılmasında, yoxsulluq səviyyəsinin azaldılmasında, kənd əhalisinin şəhərlərə köçünün, xüsusən də ucqar kəndlərin boşalmasının qarşısının alınmasında, həmçinin, mədəni irsin qurunması və təbliğində mühüm bir vasitdir. Beləliklə, aqroturizm təkcə turizmin bir növü olmaqla bir biznes sahəsi deyil, həm də diplomatiya alətidir.
Azərbaycanda turizm son illərdə inkişaf etsə də, xarici turistlərin daha çox üstünlük verdikləri kənd turizmi xüsusi diqqət çəkir. Azərbaycan vətəndaşlarının isə xeyli bir hissəsi aqroturizm barədə kifayət qədər məlumatlı deyil və bu səbəbdən turizmin bu növünə maraq aşağı səviyyədədir. Hazırda ölkədə turistik bölgələrin əksəriyyətində evlərini gündəlik və ya bir neçə günlük kirayə verən kənd sakinlərində də, istirahətini daha sakit kənd həyatında daha təbii keçirmək istəyən turistlərdə də kənd turizminə maraq kifayət qədərdir. Buna görə də aqroturizm sahəsində yüksək tələblərə cavab verən infrastrukturun qurulması zəruridir. Azərbaycanın aqroturizm potensialı nəzərə alınaraq bu sahənin inkişafı üçün müxtəlif layihələr icra edilir. Dövlət Turizm agentliyinin məlumatına əsasən, “İxtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə və “Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda aqroturizmin inkişafı üzrə qarşıya qoyulmuş öhdəliklərin icrası üçün müxtəlif layihələr həyata keçirilmişdir. Hazırda, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası” çərçivəsində turizm potensialı olan kəndlərdə “turistik kənd” konsepsiyasına uyğun olaraq turizm infrastrukturunun yaradılması istiqamətində işlər görülür. Belə ki, 8 kənddə turizm əlaqəli infrastruktur işlərinin həyata keçirilməsi və ümumilikdə kəndlərdə qonaqlara kirayə verilən evlərin sayının 20% artırılması nəzərdə tutulur.
Dövlət Turizm Agentliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin birgə əməkdaşlığı çərçivəsində turizm potensialı yüksək olan kəndlərdə turizm üzrə fəaliyyətin dəstəklənməsi və özünüməşğulluğun artırılması məqsədilə kənd qonaq evlərinin müvafiq avadanlıqlarla təmin edilməsi üzrə "Turistik Kənd" layihəsinə start verilib. Layihə üzrə yerli və xarici turistlər üçün alternativ yerləşmə yerlərinin yaradılması ilə kənd turizminin inkişafı, eləcə də yerli icmaların və turizm fəaliyyəti ilə məşğul olan ailə təsərrüfatlarının rifahının yaxşılaşdırılması hədəflənir. İlkin olaraq turizm potensiallı Qusar rayonunun Ləzə kəndi, Qax rayonunun İlisu və Sarıbaş kəndlərində icra olunacaq layihə çərçivəsində ümumilikdə 20 qonaq evinin "Aqroturizm" zərfi üzrə zəruri avadanlıqlarla təmin edilməsi nəzərdə tutulur.
Elmir Mehdiyev
Sosial Tədqiqatlar Mərkəzinin aparıcı məsləhətçisi