“Ermənistanın Azərbaycan xalqına qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda konfrans keçirildi

13.10.2022

­­­­­­­­­­­­­­­­­Sosial Tədqiqatlar Mərkəzinin (STM) təşkilatçılığı ilə oktyabrın 10-da Bakıda “Ermənistanın Azərbaycan xalqına qarşı müharibə cinayətləri son 30 ildə" mövzusunda konfrans keçirilib.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Ermənistanın xalqımıza qarşı həyata keçirdiyi müharibə cinayətlərini əks etdirən videoçarx nümayiş olunub.

STM-in İdarə Heyətinin sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc çıxış edərək deyib ki, Azərbaycan xalqına qarşı ermənilərin son 34 ildə törətdiyi müharibə cinayətlərinin külliyyatını qısa videoçarxlara yerləşdirmək mümkün deyil.

O qeyd edib: “Azərbaycanın bir neçə yüzillik gələcəyini müəyyən edən dönüş salnaməsini, Zəfər təqvimini sonrakı nəsillərə ötürmək, siyasi-ideoloji proqramlara köçürmək vəzifəsini bir an belə unutmadan bizi dünya gündəminə çevirənlərə cavab verməliyik.

Oktyabrın 2-də erməni əsgərlərinin qətli ilə bağlı tirajlanan səhnələrin ətrafındakı ajiotaj da, ilk növbədə, Qələbəmizə zərbə vurmağı hədəf alıb. Praqada böyük sülh müqaviləsinın imzalanmasına ümid yaradan danışıqlar, hərbi qələbəmizin siyasi-diplomatik masaya daşınmasına paralel olaraq, nifaqın qalmasına çalışan qüvvələrin də mütəşəkkilliyi artıb. Sülh razılaşması yaxınlaşdıqca, həqiqi düşmənlərin də siması aydın görünür, çoxəsrlik münaqişədən qazananlar açıq səhnəyə çıxırlar”.

“Lakin bir həqiqət danılmazdır: Azərbaycan dövləti İkinci Qarabağ müharibəsini beynəlxalq hüquqa və əsas qanunlara tam uyğun apardı. Dövlətimizin başçısı 2021-ci ilin noyabrın 8-də Zəfər Günündə xalqa müraciətində dedi: “Biz öz torpağımızda uğurlu əməliyyat aparmışıq, biz beynəlxalq hüququ pozmamışıq, müharibə qanunlarını pozmamışıq. Ədalətli müharibə aparmışıq və döyüş meydanında düşməni məğlub etmişik”. Əvəzində 44 günlük müqəddəs müharibə əsl Nürmberq mühakiməsi oldu. Beynəlxalq ədalət məhkəməsinin və BMT-nin sifətini Azərbaycan Ordusu xilas etdi. Ulu öndər Heydər Əliyev 1995-ci ildə xalqımız üçün ağır günlərdə bəyan edirdi ki, soyqırımına görə başımızı aşağı salmayın, gələcək qələbənizə inanın!

Şübhəsiz, Ermənistan xalqımıza qarşı 1949-cu ilin Cenevrə Konvensiyasında cinayət sayılan bütün əməlləri törədib. Lakin Göyçədən Zəngəzuradək deportasiyalara, Xocalıdan Gəncəyə, Bərdəyə vurulan raket zərbələrinə və son Edilli kütləvi məzarlığına qədər heç birinə Haaqada hüquqi qiymət verilməyib. 2020-ci il noyabrın 10-dan sonra dünya gördü ki, “qurucu millət” ələ keçirdiyi ərazilərdə son 30 ildə bir milyon ölüm minası “əkib” və hərbi məğlubiyyətlə də bəhrəsini görür. Minaların mülki insanların yaşadığı ərazilərdə, eləcə də yollarda, yaxud piyadalar əleyhinə basdırılmasına qarşı “Human Rights Watch”un 2011-ci ildə təsis etdiyi üzv dövlətlərdən ibarət koalisiyasından hələ heç bir reaksiya verilməyib.

Ermənistanın milli məhkəmələrində bir nəfər də olsun Xocalı qatili mühakimə olunmayıb. Əksinə, onların son 30 ildəki hərbi qəhrəmanlarının çoxu millətimizə qarşı cinayət törədənlərdir. Ali Baş Komandan İlham Əliyev 2021-ci il avqustun 16-dakı çıxışında erməni siyasi-hərbi rəhbərlərinə üz tutaraq, “çıxarın o medalları, atın yerə, çünki siz artıq məğlub olmusunuz” demişdi. İndi o adamlar nəinki xalqımızın, elə sadə ermənilərin də nifrətini qazanıblar. Haaqa tribunalı gərək o qəhrəmanlardan başlayardı”,-deyə STM-in İdarə Heyətinin sədri deyib.

O qeyd edib ki, ilk növbədə, Birinci və İkinci Qarabağ savaşlarını əhatə edən Müharibə Cinayətlərinin Cəzalandırılması Komissiyasının yaradılması vacibdir. Bu halda son 34 ilin hərbi cinayətlərini vahid platformada və siyasətdə birləşdirmək olar. Əgər düşmən tərəfinin 34 illik hərbi cinayətlərə görə təzminat ödəməyə imkanı yoxdursa, dünyada onun əvəzini torpaq və digər alternativ vasitələrlə tələb etmək nümunələri var. Zəngəzur dəhlizi xalqımıza qarşı edilən müharibə cinayətlərinin, vurulan mülki və iqtisadi ziyanların əvəzində tam Azərbaycanın istifadəsinə verilməlidir.

Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini Çingiz Əsgərov çıxışında bildirib: “Azərbaycan öz haqqını beynəlxalq məhkəmələrdə də müdafiə etməlidir. 2003-cü ildən biz bu işlərlə məşğuluq. 2005-ci ildən isə erməni vandalizmi ilə bağlı bütün materiallar Avropa Məhkəməsinə təqdim edilib. Tarixdə ilk dəfə olaraq Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması əks olunub. Bu qərar 2005-ci ildə təsdiqlənib. 2021-ci il yanvarın ortalarında böyük dövlətlərarası şikayət hazırlanıb və təqdim olunub. Bu müharibə cinayətləri Cenevrə Konvensiyası ilə tənzimlənir”.

O deyib ki, Avropa Məhkəməsi son qərarlarında beynəlxalq hüquqa müraciət edir, bəzən də erməni cinayətlərinə qiymət verir. Belə ki, ermənilər tərəfindən Azərbaycan xalqına, hərbçilərinə qarşı törədilən zorakılıqlarla bağlı məlumatlar Avropa Məhkəməsinə təqdim edilib.

Çingiz Əsgərov, həmçinin qeyd edib: “Azərbaycan xalqına qarşı həyata keçirilən vəhşiliklərə, terrorlara dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar susur. Bu da onların ikili standartlarının göstəricisidir. Bütün bunlar ayrı-seçkilikdir. Buna baxmayaraq, biz bu istiqamətdə çalışmalıyıq. İnanırıq ki, məhkəmədə qalib gələcəyik. Ermənistan isə kompensasiya ödəyəcək”.

Müharibə cinayətlərinə görə cəza tədbirlərinin görülməsi beynəlxalq təşkilatların prioritet istiqamətlərindən biri olduğunu deyən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov bildirib: “Bütün bunlar 4 Cenevrə Konvensiyasında nəzərdə tutulur. Amma Ermənistan bütün bunları görməzdən gəlir. Çünki bu konvensiyalar onların günahlar olduqlarını göstərir. Belə ki, Ermənistan Cenevrə Konvensiyasını pozub. Ermənistan asimmetrik müharibə aparıb. Belə ki, onlar mülki obyektlərə ziyan vurub, əsirlərə, girovlara əzab veriblər”.

N.Səfərov vurğulayıb ki, Azərbaycan və Ermənistan Cenevrə konvensiyalarının iştirakçısıdır və buna əməl etmək onların vəzifəsidir. Lakin Ermənistan bunlara əməl etmir.

“Ermənistan müharibə zonasından kənarda yerləşən obyektləri atəşə tutub və mülki şəxsləri qətlə yetirib. Bundan əlavə, mülki və hərbi obyektləri qadağan edilmiş silahlardan atəşə tutub. Bu silahlar beynəlxalq səviyyədə qadağan edilib. Həmçinin Ermənistan Azərbaycan ərazilərini minalayıb”, - deyə deputat qeyd edib.

Daha sonra çıxış edən Müdafiə Nazirliyinin Hərbi hissə komandirinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavini, polkovnik Elşad Əbilov deyib ki, 1988-ci ildən başlayaraq Dağlıq Qarabağda qanunsuz fəaliyyət göstərən erməni silahlı birləşmələri və Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycan Respublikasının Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərində yaşayan Azərbaycanlılar olan yerli əhalinin qanuni yerləşdiyi yerlərdən məcburi hərəkətlərlə didərgin salınması, yaşayış məntəqələrində və dövlət obyektlərində maddi sərvətlərin, mədəniyyət abidələrinin talanması və dağıdılması, azərbaycanlı əsir və girovlara dəhşətli işgəncələr verilməsi, Beynəlxalq humanitar hüquqla mühafizə olunan mülki və digər şəxslərlə amansız rəftar etmə, azərbaycanlıları milli bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürməklə soyqırım, deportasiya, işgəncə və s. sülh və insanlıq əleyhinə cinayətlər, habelə qəsdən adam öldürmə, təxribat, terrorizm və başqa xüsusilə ağır cinayət hadisələri törədilmişdir.

Ermənistan Respublikasının bir qrup silahlıları tərəfindən 24 mart 1990-cı il tarixdə Qazax rayonunun Bağanis-Ayrım kəndinə, 1991 -ci il dekabr ayının 14-dən 15-nə keçən gecə Əsgəran rayonunun Cəmilli kəndinə, 22 dekabr 1991 -ci il tarixdə Əsgəran rayonunun Meşəli kəndinə, 11 fevral 1992-ci il tarixdə Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərinə, 1992-ci ilin fevral ayının 14-nə kimi Xocavənd rayonunun Qaradağlı kəndinə silahlı basqın zamanı yüzlərlə sakinlər öldürülmüş, müxtəlif dərəcəli bədən xəsarətləri almış, kəndləri işğal edərkən fərdi yaşayış evləri, mədəniyyət evləri, kitabxana binaları, məktəb binaları, xəstəxana binaları, tarixi abidələr, digər dövlət obyektləri, habelə hektarlarla meşə zolaqları yandırılaraq, dövlətə və əhaliyə maddi ziyan vurulmuşdur.

Xocavənd rayonunun Tuğ kəndində 1989-cu ildən başlayaraq 1991-ci ilə kimi erməni silahlı dəstələri tərəfindən edilmiş mütəmadi hücumlar və basqınlar nəticəsində 1000-dən artıq azərbaycanlı əhali qanuni yaşadıqları yerlərdən məcburi köçürülməyə məruz qalmış və yaşayış binaları, dövlət obyektləri, təhsil ocaqları və s. məntəqələr yandırılaraq məhv edilmişdir.

Xocavənd rayonunun Xocavənd kəndində 1989-cu ilin noyabr ayından başlayaraq 1991-ci ilin oktyabr ayına kimi erməni silahlı dəstələri tərəfindən 243 ailə zorla deportasiya edilərək, dövlət obyektləri, binalar, yaşayış evləri yandırılmışdır.

25 fevral 1992-ci il tarixdə 366-cı motoatıcı alayın şəxsi heyəti və hərbi texnikası ilə birgə Xocalı şəhərinə hücuma keçmiş, nəticədə Xocalı sakini olan 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın işgəncə ilə öldürülmüş, 8 ailə bütünlüklə məhv olunmuş və 487 nəfər şikəst edilmişdir. 1275 sakin-qocalar, uşaqlar, qadınlar girov götürülmüş, onlardan 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyildir.

Xocalıda törətdikləri soyqırımı bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. Dünya tarixində Xocalı faciəsi tarixi yaddaşlardan heç vaxt silinməyən Xatın, Xirosima, Naqasaki, Sonqmi, Ruanda, Srebrenitsa və Xolokost kimi dəhşətli faciələrdən heç də geri qalmır. Adıçəkilən hadisələr müharibələr tarixinə dinc əhalinin soyqırımı olaraq daxil olmuş və bütün dünyada geniş əks-səda doğurmuşdur.

12 mart 1992-ci il tarixdə Ağdərə rayonunun Sırxavənd kəndinə edilən hücum nəticəsində 12 nəfər ölmüş, 2 nəfər yaralanmış, kəndin 1150 nəfər azərbaycanlı əhalisi evlərini tərk edib çıxaraq öz yaşadıqları torpaqlardan məcburən didərgin salınmışdır.

12 mart 1992-ci il tarixdə saat 23 radələrində Ağdərə rayonunun Başgüneypəyə kəndinə silahlı basqın etmələri nəticəsində, həmin kənd sakinlərindən 17 nəfəri qətlə yetirilmiş, 4 nəfər xəsarət almış, kəndin 120 ailədən ibarət 599 nəfər dinc sakinləri öz doğma yerlərindən məcburi qovulmuş, onların evləri yandırılıb əmlakları dağıdılmaqla talan edilmişdir.

Mono-etnik dövlət yaratmağa nail olan Ermənistan silahlı qüvvələri ona himayədarlıq edən dövlətlərin köməyindən istifadə edərək Dağlıq Qarabağ bölgəsinin (4,4 min kvadratkilometr) hüdudlarından kənarda yerləşən və onun ərazisindən 4 dəfə böyük olan Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan bölgələrini, eləcə də Dağlıq Qarabağ regionundan uzaqda, Ermənistanla sərhəddə yerləşən Qazax rayonunun yeddi kəndini və Naxçıvanın Kərki kəndini işğal etdi. Ermənistanın ərazi iddiası obyekti olan Dağlıq Qarabağın 120 min nəfərlik erməni icmasının öz müqəddəratını təyin etmək cəhdi kimi qələmə verdiyi bu proses Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyondan çox azərbaycanlının öz torpağında qaçqın vəziyyətinə düşməsinə gətirib çıxardı.

İşğal nəticəsində 900-ə yaxın yaşayış məntəqəsi, 22 muzey və 4 rəsm qalereyası, tarixi əhəmiyyəti olan 9 saray, nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı, 44 məbəd və 9 məscid dağıdılmış, talan edilmiş və yandırılmışdır. Bundan əlavə, 927 kitabxanada 4,6 milyon kitab və qiymətli tarixi əlyazmalar məhv edilmişdir. Eyni zamanda, dövlət terrorizmi və soyqırımı siyasəti yeridən Ermənistan və işğal olunmuş ərazilərdəki separatçı rejim tərəfindən ümumilikdə, müxtəlif səpkili (sərnişin avtobuslarında, sərnişin və yük qatarlarında, Bakı Metropolitenində, hava nəqliyyatında, sərnişin daşıyan dəniz bərəsində, yaşayış məntəqələrində, mülki və dövlət obyektlərində) 373 terror aktı törədilmişdir ki, nəticədə 1200 nəfər həlak olmuş, 1705 nəfər yaralanmışdır.

1988-1994-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20000 nəfərdən çox azərbaycanlı həlak olmuş, 100000 nəfərdən çoxu yaralanmış, 50000 nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur. Münaqişə dövründə 4853 nəfər itkin düşmüş, onlardan 1357 nəfəri əsirlikdən azad edilmiş, 783 nəfəri isə hələ də Ermənistanda əsirlikdədir. Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatına görə, 439 nəfər əsirlikdə öldürülmüşdür.

1993-cü ildə BMT Təhlükəsizlik Şurası 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələr qəbul etmişdir. Qətnamələrdə Təhlükəsizlik Şurası Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi yenidən təsdiq etmiş və işğalçı qoşunların Azərbaycanın işğal edilmiş bütün ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb etmişdir. Lakin bu qətnamələrin heç biri yerinə yetirilməmişdir.

Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyətinin nəticəsi də olmamışdır.

02-05 aprel 2016-cı il tarixlərində Goranboy, Tərtər, Ağdam və Füzuli rayonlarının yaşayış məntəqələrinə və həmin rayonların ərazisində yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi hissələrinin mövqelərinə erməni separatçıları tərəfindən iriçaplı silahlardan və artilleriya qurğularından istifadə etməklə hücum təşkil olunmuş, nəticədə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir neçə hərbi qulluqçusu qəsdən öldürülmüş, bir neçəsinin sağlamlığına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməklə qəsdən öldürülmələrinə cəhd edilmiş, habelə qəsdən öldürülmüş hərbi qulluqçuların meyitləri üzərində təhqiredici hərəkətlər “vandalizm” edilmiş, dövlətə, fiziki və hüquqi şəxslərə külli miqdarda maddi zərər vurulmuşdur.

Həmin hücumun qarşısı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bölmələri tərəfindən alınaraq əks hücumla Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Çocuq Mərcanlı kəndi yaxınlığında yerləşən Lələtəpə yüksəkliyi və digər ərazilər düşmən işğalından azad edilmişdir.

2020-ci il iyulun 12-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqeləri ələ keçirmək məqsədi ilə atəşkəs rejimini kobud şəkildə pozaraq dinc əhalinin sıx yaşadığı əraziləri artilleriya atəşinə tutmuş, nəticədə Azərbaycan Ordusunun 13 hərbi qulluqçusu şəhid olmuş, digərləri müxtəlif dərəcəli bədən xəsarətləri almış, o cümlədən cəbhə bölgəsindəki Tovuz rayonu Ağdam kənd sakini həlak olmuş, ümumilikdə mülki əhaliyə mühüm ziyan dəymişdir.

27 sentyabr 2020-ci il tarixdə erməni silahlı qüvvələrinin bütün cəbhəboyu törətdikləri təxribatların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə başlanan Vətən müharibəsi zəfərlə başa çatmış, Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etmiş və Azərbaycanın ərazi bütövlüyü təmin edilmişdir.

Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə bəyanatla Müzəffər Ali Baş Komandan İlham Əliyev hərbi sahədəki möhtəşəm uğurlarımızı məharətlə siyasi-diplomatik müstəviyə keçirməyə nail oldu. Bu sənəd Azərbaycanın Qələbəsinin təsdiqi olmaqla yanaşı, işğal altında olan digər torpaqlarımızın müharibəsiz, qansız, şəhidsiz geri qaytarılmasını təmin etdi.

Lakin ermənilər işğaldan azad edilmiş ərazilərimizi tərk edərkən özləri ilə apara bilmədikləri hər şeyi yandırır, məhv edirdilər. Ali Baş Komandanımız cənab İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibəsində bu faktı xüsusi qeyd etmişdir ki, Füzuli şəhərini işğaldan azad edəndə orada bayrağımızı ucaltmaq üçün bircə salamat bina tapa bilmədik. O bildirib: “Təsəvvür edirsinizmi? Bütün şəhərdə, halbuki orada 10 minlərlə insan yaşayırdı. Bircə bina da qalmayıb. Mənə zəng vurdular, dedim ki, bayrağı dirək üzərində qaldırın. Görün, onlar nə ediblər. Ağdamın, Cəbrayıl rayonunun xarabalıqlarına baxın. Hər şey dağıdılıb. Elə bil buradan vəhşilər keçiblər. Elə bil bunlar insan deyilmiş. Onlar hər şeyi söküb-dağıdıblar. Evlərin damlarını, pəncərə çərçivələrini, hətta unitazları da. Bu, sadəcə, quldurluqdur”.

Mühüm bir faktı da unutmamaq lazımdır ki, Ermənistan silahlı qüvvələri 30 il işğal altında saxladığı Azərbaycan ərazilərini minalarla çirkləndirib. Brüsseldə əldə edilmiş razılıqlara zidd olaraq, rəsmi İrəvan bu günədək mina xəritələrini və Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş 4000-dək azərbaycanlının taleyi barədə məlumatları Azərbaycana təqdim etməyib. Həmçinin basdırılmış mina xəritələrinin Azərbaycana təqdim olunmaması rəsmi İrəvanın bu gün də hərbi cinayətlər törətdiyini sübut edir. Basdırılmış yüz minlərlə mina işğaldan azad edilmiş ərazilərdə bərpa işlərini əsaslı şəkildə ləngidir və mülki əhalinin həyatı üçün təhdid törədir. Müharibə başa çatandan bu günədək 250-dən çox mülki şəxs və hərbiçi minaya düşərək həlak olmuş və ya öz sağlamlığını itirmişdir. Əslində hər bir mina partlayışı atəşkəsin və sülhün pozulması kimi qiymətləndirilə bilər. Buna görə Ermənistan minaların xəritələrini vermədiyinə və bütün bu cinayətlərə görə hüquqi məsuliyyət daşımalıdır.

44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra Azərbaycan Ordusunun Mühəndis Qoşunları tərəfindən görülən işlər:

1. 10 noyabr 2020-ci il tarixdən bu günədək 27590 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib;

- 2477 ədəd tank əleyhinə mina, 8786 ədəd piyada əleyhinə mina, 10310 ədəd partlamamış hərbi sursatlar-cəmi 21573 ədəd aşkar olunub və zərərsizləşdirilib.

2. 13.09.2022-ci il tarixdən Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisində 90 ədəd tank əleyhinə mina, 3287 ədəd piyada əleyhinə mina aşkar edilib. Onlardan 2408 ədədi 2021-ci ildə Ermənistanda istehsal olunan PMN-Э minaları, qalanları 2012, 2016, 2019-cu illərin istehsalıdır.

Düşmən minalarının partlayışı nəticəsində 8 hərbi qulluqçu həlak olub, 85 hərbi qulluqçu yaralanıb. 20 ədəd hərbi texnika, 14 ədəd mülki şəxslərə və təşkilatlara məxsus texnika yararsız hala düşüb.

Ermənilərin qəddarlığının daha bir nümunəsini qeyd etmək istəyirəm. Onlar həm 1-ci həm də 2-ci Qarabağ müharıbəsində minaları xaotik şəkildə, bəzən qalaq-qalaq basdırmaqla, həmçini 2 ədəd piyada əleyhinə minanı bir-birinin üzərinə, tank əleyhinə mina ilə piyada əleyhinə minanı yan-yana qoymaqla, şəhidlərin cəsədlərinin altına mina qoymaqla daha çox insanların həlak olmasına çalışmış, minalı sahələrin axtarışını çətinləşdirmək üçün dəmir hissələrinin səpələnməsi, digər sürpriz bombaların və minaların partlayışının gücləndirilməsi vasitələrindən istifadə etmişlər.

Beynəlxalq Konvensiyalarla qadağan edilmiş kasetli və fosforlu mərmiləri 07.10.2020-ci il tarixdə Cəbrayıl rayonuna atmışlar, Şuşada və digər ərazilərdə sonradan kasetli və fosforlu mərmilər aşkar edilmişdir.

Ermənistan işğal olunmuş ərazilərdə evləri, tikililəri sökərək atış mövqeyi, özlərinin fikrincə keçilməz ohanyan səddi yaratmışlar. Lakin onlar Azərbaycan Ordusunun gücünü hesablamamışdılar.

57 Ermənistan vətəndaşı məsuliyyətə cəlb olunub.

86 Ermənistan vətəndaşı cinayət işi başlanılıb.

Ötən 30 il ərzində 3336 nəfər mina partlayışı nəticəsində həlak olub, yaralanıb, xəsarət alıb. Onlardan 38-i qadın, 357-si isə uşaqdı.

Vətən müharibəsindən sonra 164 şəxs, 1713 meyit, 12-13 sentyabr 2022-ci il tarixlərdə erməni təxribatlarının qarşısının alınması əməliyyatından sonra 17 şəxs və 133 meyit Ermənistana təhvil verilmişdir.  

Ermənistan hər iki Qarabağ müharibəsinin gedişində, eləcə də bu iki savaşın arasında sürən işğal dövründə çox sayda hərbi cinayətlər törədib. İşğaldan azad edilən ərazilərimizdə ardıcıl aşkar olunan kütləvi məzarlıqlar da bunun sübutudur.

Bu ərazilər minalardan təmizləndikcə aşkara çıxan kütləvi məzarlıqlar Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətini, dinc insanlara qarşı törətmiş olduğu müharibə cinayətlərini bir daha sübut edir. Bütün bu faktlar Ermənistanın beynəlxalq hüquqi məsuliyyətə cəlb olunması üçün əsasdır.

2022-ci il martın 28-də Azərbaycan Ordusunun hərbiçiləri Fərrux kəndi ərazisindəki mövqelərdə qazıntı işləri apararkən insan qalıqları aşkar ediblər. Bir gün sonra isə kəndin ətrafında ayrı-ayrı yerlərdə aparılmış qazıntılar zamanı daha bir neçə insan skeleti tapılıb. Aşkarlanan qalıqların Birinci Qarabağ müharibəsində Fərrux yüksəkliyi və eyniadlı kənd uğrunda gedən döyüşlərdə şəhid olmuş şəxslərə aid olduğu güman edilir. Bütün bu fəaliyyətlər beynəlxalq hüququn norma və prinsiplərinə zidd olmaqla yanaşı, Ermənistanın özünün də qoşulduğu beynəlxalq konvensiyalara ziddir və ermənilərin müharibə cinayəti hesab edilir.

Azərbaycan Ordusunun işğaldan azad etdiyi Xocavənd rayonunun Edilli kəndində aşkarlanan kütləvi məzarlıq sayca birinci deyil. Həmin məzarlıqda məftil və kəndirlərdən istifadə edilməklə əl-ayağı bağlanaraq kütləvi şəkildə dəfn edilmiş 12 insan qalığının tapılması, ümumilikdə Edillidə kütləvi məzarlıqlardan qalıqları aşkarlanmış insanların sayının 25-ə çatdığını söyləməyə əsas verir. Geyim və əşyalarından həmin şəxslərin hərbiçi olduqlarını, azərbaycanlı hərbi əsirlərin işgəncə verilərək qətlə yetirilməsini sübut edir.

Belə məzarlıqların üzə çıxması etnik nifrət hissinə köklənmiş Ermənistan silahlı qüvvələrinin davamlı olaraq beynəlxalq hüququn, beynəlxalq humanitar hüququn normalarının, o cümlədən müharibə qurbanlarının müdafiəsi haqqında 1949-cü il tarixli Cenevrə konvensiyalarının tələblərini kobud şəkildə pozaraq azərbaycanlı mülki şəxslərə, hərbi qulluqçulara, xüsusilə də yaralılara və həlak olmuş şəxslərə qarşı işgəncə və insanlıq əleyhinə əməllərlə müşahidə olunan müharibə cinayətlərini açıq şəkildə ifşa edir. Onların qeyri-humanist davranışını, genosid siyasəti həyata keçirdiyini nümayiş etdirir. Birinci və İkinci Qarabağ müharibələri zamanı erməni hərbi qulluqçuları tərəfindən azərbaycanlı hərbi əsirlərin yaxın məsafədən başlarına, ürək nahiyələrinə atəş açmaqla qəddarcasına qətlə yetirilməsi, hərbiçilərin cəsədlərinin qarət olunması, hissələrə doğranması, insanlığa sığmayan hərəkətlərə yol verilməklə işgəncə və təhqirə məruz qalması ilə bağlı çoxsaylı faktları təsdiq edən xeyli sayda videolar qeyd edilənlərin bariz nümunəsidir.

Vətən müharibəsinin davam etdiyi dövrdə beynəlxalq ictimaiyyət dəfələrlə erməni vəhşiliyinin şahidi oldu. Təkcə Gəncə şəhərinə ballistik raketlərin atılması barbarlığın, hərbi cinayətkarlığın ən böyük göstəricisidir. Çünki bu, gecə vaxtı insanların yatdığı zaman hədəflənmiş hücum idi. Azərbaycan Ordusunun zəfər yürüşü qarşısında tab gətirə bilməyən düşmən təxribatlara əl ataraq dinc mülki şəxsləri hədəfə almaqla müharibə cinayətləri törətmişdir. Azərbaycanın şəhərləri ballistik raketlərlə, fosforlu və kasetli bombalarla atəşə tutulmuşdur. Müharibə dövründə namərd atəşlər nəticəsində 100-ə yaxın mülki şəxs, onların arasında uşaqlar, qadınlar həlak olmuşlar. 400-dən çox mülki şəxs yaralanmış, 5 mindən çox ev dağıdılmış, ziyan çəkmişdir. Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan, Mingəçevir və Tərtər rayonlarında şəhər və kəndlərin raket atəşinə tutulması müharibə cinayətidir.

Bu beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq normalarının, o cümlədən “Müharibə qurbanlarının müdafiəsi haqqında” 1949-cu il tarixli Cenevrə konvensiyalarının, xüsusilə də “Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında” Konvensiyanın və ona dair 1977-ci il tarixli I Əlavə Protokolun müddəalarının Ermənistan tərəfindən kobud şəkildə pozulmasıdır.

Ermənilərin insanlığa qarşı olan cinayətlərinə baxmayaraq Azərbaycan Ordusunun hərbi qulluqçuları humanistlik göstərir, Beynəlxalq Humanitar Hüquq normalarına riayət etməyi üstün tutur.

Vətən müharibəsindən sonrakı dövrdə Azərbaycan Ordusunun daha da gücləndirilməsi istiqamətində tədbirlər görülmüş, ermənilərin hər cür təxribatlarının qarşısını bundan sonra da almağa, döyüş tapşırıqlarını qəhrəmanlıq göstərərək yerinə yetirməyə qadir olan yeni “Komando” hərbi hissələri yaradılmışdır.  

Bu gün Azərbaycan Ordusu Ali Baş Komandanımız tərəfindən qarşıya qoyulmuş hər bir tapşırığın və əmrin yerinə yetirilməsinə hər an hazırdır.  

-----------------------------------------------------

 

Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzovun çıxışından tezislər

Çox təəssüflər olsun ki, bu gün Azərbaycan Respublikasına qarşı haqqı, ədaləti fərqli, qərəzli şəkildə onun ziyanına şərh etmək və pozmaq cəhdləri kimi ikili standartlar davam etməkdədir.

Bütün dünyanın da agah olduğu bir bariz nümunə demək istəyirəm: Azərbaycan Respublikasının 20 faiz ərazisi Ermənistan tərəfindən işğal olunaraq 30 il ərzində işğal altında saxlanılarkən, 2 milyon məcburi köçkünü və qaçqını olarkən, köməksiz, hər hansı müqavimət göstərmək iqtidarında olmayan 613 mülki şəxs Azərbaycanın öz suveren ərazisində  - Xocalı şəhərində əsir götürülüb xüsusi qəddarlıqla öldürülərək soyqırıma məruz qalarkən və həmin cinayətləri törədən şəxslər bütün dünyaya məlum olarkən bəzi dövlətlərin və beynəlxalq təşkilatların yadına “təqsirsizlik prezumpsiyası” düşür, bu cinayətləri törədən hakimiyyət, məsuliyyətə cəlb olunmur.

Ancaq KİV-də döyüş əməliyyatları zamanı bir neçə Ermənistan hərbi qulluqçularının öldürülməsi və yaxud meyitləri üzərində təhqiredici hərəkətlərə yol verilməsi barədə mənbəyi məlum olmayan, hələki araşdırılması istintaq yolu ilə davam etdirilən videoların yayılmasını az qala bəzi dövlətlər, beynəlxalq təşkilatlar Azərbaycan dövlətinin soyqırım siyasəti kimi qələmə verməyə çalışırlar.

Mən bir daha Azərbaycan Respublikasının Baş Prokurorluğunun nümayəndəsi kimi bəyan edirəm ki, biz hüquqi dövlət olaraq Azərbaycan ərazisində törədilməsi kimi iddia edilərək yayılan, özündə cinayətlərin əlamətlərini əks etdirən hər bir fakt üzrə cinayət işi başlamışıq və həmin işlərin obyektiv istintaqını aparırıq, əgər bu faktlar üzrə cinayət hadisəsi müəyyən olunacaqsa, hər hansı hərbi qulluqçunun təqsiri müəyyən olunacaqsa təqsirli şəxslər məsuliyətə cəlb ediləcəkdir və bizim apardığımız istintaqın gedişinə hər hansı bir dövlətin, beynəlxalq təşkilatın bəyanatı təsir göstərə bilməz.

Təsəvvür edin, cəmi bir neçə gün qabaq, yəni 02.10.2022-ci il tarixdə Azərbaycan Respublikasının hərbi qulluqçuları tərəfindən törədilməsi iddia edilərək yayılan videogörüntülərlə bağlı bəzi dövlətlər, beynəlxalq təşkilatlar istintaqın nəticəsini gözləmədən Azərbaycan insanını-hansı ki, hal-hazırda bu dövlətin ərazisində 20-yə yaxın millətin nümayəndəsi, o cümlədən 120.000 erməni əsilli şəxs yaşayır- bu xalqı hamıya məlum olan siyasi məqsədləri naminə “dinc yanaşı yaşamayan” xalq adlandırdılar.

Bu mövqedən çıxış edənlərə məsləhətim odur ki, 30 il ərzində Azərbaycana qarşı törədilən cinayətlərin xronologiyasına bir nəzər yetirsinlər, Azərbaycan Respublikasının istintaq qurumlarında toplanmış sübutlar əsasında öz təsdiqini tapan, Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycana qarşı törətdiyi çoxsaylı, qəddar, amansız bütün cinayətləri dünyaya bəyan etsək də, videoları görən gözlər nədənsə həmin cinayətləri görə bilmir və yaxud görmək istəmirlər.

Yalnız Vətən müharibəsi dövründə Azərbaycan Respublikasına Ermənistan tərəfindən təhvil verilmiş çoxsaylı hərbi qulluqçularımızın nəşləri üzərində işgəncə izlərinin əlamətləri aşkar edilmişdir, o cümlədən döyüş meydanında yaralı vəziyyətdə olan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının köməksiz vəziyyətdə olmalarına özlərini müdafiə etmək qabiliyyətinə malik olmadıqlarına baxmayaraq, meyitlərə baxış keçirilərkən, tibbi ekspertiza rəyləri və digər istintaq sənədləri ilə bir neçəsinin başlarının diri-diri kəsilməsi, yaxın məsafədən alın baş nahiyəsinin digər hissələrinə qəsdən açılmış atəşlər nəticəsində qətlə yetirilməsi, meyitlərinin