Əziz Əlibəylinin həmmüəllifliyi ilə elmi məqalə beynəlxalq indeksli jurnalda dərc olunub

14.04.2025

 

Sosial Tədqiqatlar Mərkəzinin Media və Kommunikasiya Departamentinin rəhbəri, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun dissertantı, Bakı Dövlət Universitetinin Beynəlxalq Jurnalistika fakültəsinin müəllimi Əziz Əlibəylinin həmmüəllif olduğu “The Impact of Military Allocations on Economic Development: Insights from the South Caucasus Region” adlı elmi məqalə nüfuzlu Scopus indeksli International Journal of Economics and Financial Issues jurnalında dərc olunub.

Tədqiqatda son illərdə beynəlxalq münasibətlər müstəvisində aktuallaşan strateji yanaşma – hərbi amilin dövlətlərin yalnız siyasi deyil, eyni zamanda iqtisadi davamlılığı üçün də mühüm rol oynaması məsələsi araşdırılıb. Müəlliflər qeyd edirlər ki, sabit və sülh şəraitində olan regionlarda iqtisadi inkişaf ön planda olsa da, siyasi gərginliyin hökm sürdüyü bölgələrdə hərbi gücün rolu xüsusilə strateji əhəmiyyət daşıyır. Bu baxımdan geopolitik amil uzunmüddətli iqtisadi gücün formalaşması və qorunması üçün əsas şərtlərdən biri kimi təqdim olunur.

Məqalədə Cənubi Qafqaz regionu, xüsusilə də Azərbaycan nümunəsində hərbi xərclərin iqtisadi inkişafa təsiri ekonometrik və nəzəri aspektlərdən təhlil edilib. Azərbaycanın artan iqtisadi gəlirlərini hərbi sahəyə yönəltməsi, milli hərbi-texnoloji istehsalın inkişaf etdirilməsi və modernləşdirilməsi nəticəsində yalnız işğal altındakı torpaqların azad edilməsi deyil, həm də postmünaqişə dövründə iqtisadi təhlükəsizliyin və dayanıqlılığın təmin olunması faktı xüsusi olaraq vurğulanıb.

Tədqiqatda həmçinin hərbi texnologiyaların iqtisadi innovasiyalara təsiri, postmüharibə dövrünün etik və siyasi reallıqları, humanitar aspektlər və yeni geopolitik paradiqmalar təhlil olunub.

Məqalənin nəticələri Cənubi Qafqaz ölkələri, xüsusilə Azərbaycan üzrə hərbi güclə iqtisadi inkişaf arasında müsbət əlaqənin mövcudluğunu ortaya qoyur.