“Sosial tədqiqatlar” jurnalının növbəti sayı çapdan çıxıb

27.02.2025

Sosial Tədqiqatlar Mərkəzinin (STM) təsis etdiyi “Sosial tədqiqatlar” jurnalının çapdan çıxmış xüsusi sayı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-Azərbaycana həsr edilib. Bu sayda yerli və xarici müəlliflərin regional və qlobal iqlim təhlükəsizliyi, iqlim miqrantları və iqlim hüququ, qlobal su böhranı, biomüxtəliflik, biotəhlükəsizlik və hidrodiplomatiya, iqlim dəyişikliyi və ətraf mühit etikası, milli iqlim siyasəti və iqlim dəyişikliyinə dair ölkələrin qanunvericiliyi və s. mövzularda 26 məqaləsi, 1 kitaba rəy və COP-29 Azərbaycana həsr edilmiş 3 tədbir haqqında məlumatlar əksini tapıb. 


Azərbaycan, ingilis və rus dilində olmaqla 8 bölmədə oxuculara təqdim edilən məqalələr aktuallığı, məzmun müxtəlifliyi,  əhatəliliyi və təhlil səviyyəsi ilə seçilir. 
“COP29 – Azərbaycan. yaşıl strategiya, iqlim dəyişikliyi, qlobal istiləşmə, iqlim və insan hüquqları: çağırışlar, vəzifələr” adlı 1-ci bölmədə müasir dövrün qlobal çağırışlarından biri olan iqlim məsələlərinə həsr olunmuş 6 məqalə yer alıb. Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Orucun “COP-29 Azərbaycan: regional və qlobal iqlim təhlükəsizliyinin təmin edilməsinə doğru yaşıl keçid strategiyasında tarixi dönüş” adlı məqaləsində ilk dəfə olaraq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında Azərbaycanda iqlim tədqiqatları kontekstində “iqlim təhlükəsizliyi” məsələsi təhlil edilir. Qeyd edilir ki, COP29 konfransında bu məsələ iqlim diplomatiyasının mərkəzində dayanır. İqlim dəyişikliyi və ətraf mühitin deqradasiyası hər bir ölkə və dünya üçün real təhlükə yaradır. Bu çətinlikləri aradan qaldırmaq üçün o, yeni inkişaf strategiyasını “yaşıl keçid” kimi müəyyənləşdirir. Məqalədə qeyd olunur ki, Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik, iqlim dəyişikliyi ilə mübarizədə fəal iştirak edən ölkələrdən biridir. COP29-da Azərbaycan yaşıl enerjiyə keçidlə bağlı öz təşəbbüslərini dünya ictimaiyyətinə təqdim edib. COP29-dan sonrakı tədqiqatlar üçün qarşıda duran mühüm vəzifələrdən biri iqlim dəyişikliyinin çoxşaxəli aspektlərini araşdırmaq və elmi leksikonumuza bir çox yeni terminləri daxil etməkdir. 


Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyəti sədrinin müavini, fəlsəfə elmləri doktoru, professor Tahirə Allahyarovanın “COP-29 Azərbaycan: iqlim dəyişikliyi, iqlim miqrantları və insan hüquqları sahəsində qlobal tendensiyalar, perspektivlər” məqaləsində Azərbaycanda keçirilən qlobal COP29 tədbiri fonunda ilk dəfə iqlim dəyişikliyi və iqlim miqrasiyası, iqlim miqrantları və iqlim dəyişikliyinin insan hüquqları məsələləri araşdırılır. İqlim dəyişikliyinin təsirindən yaranan insan axınının necə adlandırılacağı ilə bağlı terminoloji müzakirələrin, elmi və hüquqi təriflərin son vəziyyəti nəzərdən keçirilir. Məqalədə qeyd olunur ki, qlobal istiləşmə və iqlim böhranı mövcud bərabərsizlikləri daha da gücləndirir, inkişaf üçün əsas hüquqlara təhlükə yaradır, həyat, mənzil, su və kanalizasiya, qida, sağlamlıq, inkişaf hüquqları da daxil olmaqla hüquqların həyata keçirilməsinə birbaşa və ya dolayı yolla mənfi təsir göstərir. Müəllif qeyd edir ki, iqlimlə bağlı miqrasiya kiçik ada dövlətləri üçün təhlükə yaradır və Azərbaycan COP29-da kiçik ada dövlətləri məsələsini diqqət mərkəzində saxlayıb. Məqalədə 2024-cü ildə iqlim dəyişikliyi ilə bağlı AİHM-də məhkəmə presedentinin yaranmasına, onun insan hüquqları sferasına köçürülməsinə və insan hüquqlarının yeni nəslinin yaradılmasına təkan verilməsinə də toxunulub. Qeyd olunur ki, alimlər bu yaxınlarda iqlim dəyişikliyinin ciddi nəticələrini, yaxın onilliklərdə milyonlarla insanı evlərini tərk etməyə məcbur edə biləcək təhlükələri proqnozlaşdırıblar. Bununla belə, ixtisaslaşmış beynəlxalq institut və təşkilatlarda, bir sıra dövlətlərdə yaxınlaşan böhranla mübarizə aparmaq üçün siyasi iradə və hüquqi baza çatışmır. Yer kürəsinin inteqrasiya olunmuş idarəçiliyi üçün daha geniş gündəliyin bir hissəsi olaraq iqlim dəyişikliyinə qlobal uyğunlaşmanı həll etmək üçün sistemli idarəetmə və tənzimləyici siyasət islahatlarına ehtiyac var.


AMEA Fəlsəfə və Sosiologiya İnstitutu Siyasətin fəlsəfəsi və sosiologiyası şöbəsinin müdiri, professor Rəna Mirzəzadənin “Su geosiyasəti, qlobal su böhranı və hidrodiplomatiya yeni elmi, siyasi-hüquqi paradiqma kimi” məqaləsində qlobal dünyada su diplomatiyası, bu kontekstdə "su müharibəsi” və "su münaqişəsi”nin tipləri, növləri, ictimai-elmi fikir tarixində problemə münasibət, su çatışmazlığı, su ilə bağlı qanunlar təhlil edilir. Həmçinin Azərbaycanda su ilə əlaqədar qanunvericilik, respublikada problemə münasibət və bu aspektdən irəli gələn məsələlərə geosiyasi hüquqi-nəzər yetirilir. 


Məlumdur ki, iqlim dəyişiklikləri ətraf mühitin və insanlığın qarşılaşdığı ən ciddi təhdidlərdən biridir. Bu, ekoloji, sosial və iqtisadi aspektləri əhatə edən, inteqrasiya olunmuş əməkdaşlıq tələb edən mürəkkəb bir problem olaraq ortaya çıxır. STM-in departament müdiri, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Siyasətin fəlsəfəsi və sosiologiyası şöbəsinin dissertantı Əziz Əliyevin “İqlim dəyişikliyi və ətraf mühit etikası: yeni etikanın qlobal siyasi-nəzəri aspektləri fonunda” məqaləsində qeyd edilir ki, iqlim dəyişikliyinə görə əsas məsuliyyət Qərb ölkələrinin üzərinə düşür. Çünki onların sənaye sistemi və iqtisadi fəaliyyəti sayəsində atmosferdə normadan artıq qazların yığılması baş verir. Buna görə də inkişaf etmiş ölkələr emissiyaların azaldılmasında, maliyyələşmə və texnologiyaların ötürülməsi yolu ilə yardım göstərilməsində aparıcı rol oynamalıdırlar. Bu, Paris Sazişi kimi beynəlxalq müqavilələrdə nəzərdə tutulan ədalətli iqlim siyasətinin əsas komponentləridir. Azərbaycan iqlim dəyişiklikləri ilə bağlı ciddi çağırışlarla qarşılaşır, məsələn, su ehtiyatlarının azalması və kənd təsərrüfatı üçün optimal şəraitin saxlanılması və s. məsələlərdə, bölgədə iqlim dəyişiklikləri ilə mübarizədə aktiv beynəlxalq təşəbbüslər göstərir. İqlim dəyişiklikləri ilə mübarizənin vacib bir aspekti ədalətdir, o, müxtəlif ölkələrin beynəlxalq məsuliyyət və müasir imkanlarının nəzərə alınmasını tələb edir. İnkişaf etmiş ölkələr iqlim dəyişikliklərinə uyğunlaşma və onların təsirlərinin azaldılması üçün inkişaf etməkdə olan ölkələri kifayət qədər maliyyə dəstəyi ilə təmin etməlidirlər. Bu, yenilənən enerji mənbələrinə investisiya qoyulması, texnologiyalarla təchizedilmə və su mənbələrinin qorunması kimi müdafiə tədbirlərini əhatə edir. Bundan başqa, iqlim dəyişiklikləri problemi dünya və nəsillərarası ədalət məsələləri ilə əlaqədardır. Bu, insan hüquqlarını, o cümlədən həyat, sağlamlıq, qidalanma və su hüquqlarını əhatə edir. Həssas ictimai qruplar, o cümlədən azgəlirli qruplar və yerli xalqlar tez-tez iqlim dəyişikliklərinin ən ciddi nəticələri ilə bağlı problemlərlə qarşılaşırlar. Onların hüquqlarının müdafiəsi və qərar qəbulunda iştiraklarının təmin edilməsi üçün təcili və xüsusi tədbirlər görülməlidir.


Milli Məclisin İnsan Hüquqları Komitəsinin eksperti, Hüquq və İnsan Haqları İnstitutunun doktorantı, ABŞ-ın Lindenvud Universitetinin beynəlxalq münasibətlər və qlobal tədqiqatlar üzrə magistri Lalə Əkbərovanın “COP-29. Milli iqlim siyasəti və iqlim dəyişikliyinə dair ölkələrin qanunvericiliyi: qlobal iqlim sammiti fonunda müqayisəli icmal” məqaləsində COP-29 Azərbaycan kontekstində iqlim dəyişikliyi ilə bağlı dünya ölkələrinin milli iqlim siyasəti və qanunvericiliyi araşdırılır, müqayisəli təhlil edilir. Müəllif qeyd edir ki, bu gün dünya birliyi temperaturun yüksəlməsi, biomüxtəlifliyin azalması, ətraf mühitin kimyəvi və bioloji çirklənməsini əhatə edən “üçqat planet böhranı” yaşayır. Havanın, torpağın və suyun çirklənməsi bəşəriyyətin gələcəyinə olan ümidləri azaldır, insanın təmiz və sağlam ətraf mühitlə bağlı fundamental hüquqlarına zərbə vurur. BMT-nin Ətraf Mühit Proqramına (UN Environment Programme-UNEP) görə, iqlim, biomüxtəliflik və çirklənmə ilə bağlı bir-biri ilə əlaqəli böhranları uğurla aradan qaldırmaq üçün 2050-ci ilə qədər ümumi investisiya 8,1 trilyon dollar, həmin dövr ərzində illik investisiyalar isə 536 milyard dollar təşkil etməlidir. Belə şəraitdə, şübhəsiz ki, dövlətlərin ətraf mühitin mühafizəsi ilə bağlı qanunvericiliklərinin yenidən qurulmasına və iqlim siyasətinin formalaşdırılmasına, bu sahədə subyektlər arasında qarşılıqlı fəaliyyət üçün yenilənmiş normativ hüquqi bazanın yaradılmasına ehtiyac artmaqdadır. Məqalədə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (UNFCCC) və ya daha çox ev sahibliyi edən ölkənin adı ilə “COP29-Azərbaycan 2024” kimi tanınan Tərəflər Konfransı işığında dünyanın müxtəlif ölkələrində iqlim siyasətinin və iqlim dəyişikliyi qanunvericiliyinin inkişafının vəziyyəti və perspektivləri araşdırılır. Qeyd edilir ki, COP29-un əsas prioritet məqsədlərinə istixana qazları emissiyalarının azaldılması üzrə ölkələrin öhdəliklərinin gücləndirilməsi, bərpa olunan enerjiyə investisiyaların artırılması və ən həssas ölkələr üçün uyğunlaşma mexanizmlərinin yaradılması daxildir. 


Çinli ekspert, fəlsəfə doktoru Qu Hangın “Suyun keyfiyyətini qorumaq üçün sosial iş müdaxiləsinin tədqiqi” məqaləsində qeyd edilir ki, hazırda dünyada suyun keyfiyyəti ilə bağlı ciddi problemlər yaşanır. Suların çirklənməsi və su qıtlığı getdikcə daha çox önə çıxır. Bu isə insan sağlamlığına və ekoloji mühitin tarazlığına ciddi təhlükə yaradır. Bu kontekstdə su keyfiyyətinin mühafizəsində sosial işçilər tərəfdarlar, könüllülər, hüquq müdafiəçiləri, praktiklər rolunu oynayırlar. Sosial işçilər suyun keyfiyyətinin mühafizəsində öz peşəkar üstünlüklərindən istifadə edərək suların keyfiyyətinin mühafizəsi sahəsində sosial problemlərin həlli, su resursları və insan rifahının davamlı istifadəsinə töhfə verirlər. 


“Elm. Təhsil. Tədqiqat və İnkişaf” bölməsində 8 məqalə yer alır. Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, filologiya üzrə fəlsəfə doktoru Aqşin Məmmədovun “Müasir universitet konsepsiyası: təhsil, tədqiqat və innovasiya ekosisteminin inkişafı” adlı məqaləsində tədqiqat universitetlərinin yaranması, əhəmiyyəti və ölkəmizdə bu istiqamətdə mövcud vəziyyət təhlil edilir. Qeyd edilir ki, biliklərə əsaslanan innovativ cəmiyyətin iqtisadiyyatı yüksək ixtisaslı mütəxəssislərin xüsusi çəkisinin artmasını, fasiləsiz təhsil üçün şəraitin yaradılmasını, sosial və iqtisadi dəyişikliklərə uyğunlaşmanı təmin edə bilən innovativ təhsil sistemlərini tələb edir. Qloballaşma dövründə elmtutumlu məhsul və xidmətlərin yaradılmasına əsaslanan rəqabət müasir təhsilin strategiyasını müəyyən edir. Son illər ayrı-ayrı dövlətlər elm və texnologiya siyasəti çərçivəsində tədqiqat universitetlərinin inkişafı istiqamətində addımlar ataraq, müəyyən proqramlar həyata keçirərək və zəruri elmi infrastrukturu inkişaf etdirərək tədqiqat universitetləri vasitəsilə uzunmüddətli perspektivdə sosial-iqtisadi dəyər yaratmağı hədəfləyirlər. Tədqiqat universitetləri innovasiya ekosisteminin inkişafı və transformasiyasında milli-regional səviyyədə mühüm rol oynayır. 
Mirzə Uluğbəy adına Özbəkistan Milli Universitetinin Sosial elmlər fakültəsinin Fəlsəfə və mənəviyyatın əsasları kafedrasının professoru, fəlsəfə elmləri doktoru Nigina Şermuhəmədovanın “Fəlsəfənin innovativ tədris metodları” adlı məqaləsində  həm ənənəvi, həm də müasir yanaşmalar nəzərə alınmaqla, bakalavr tələbələri üçün fəlsəfənin tədrisinin optimallaşdırılması üsulları araşdırılır. Tənqidi düşüncəyə, etik əsaslandırmaya və mücərrəd konsepsiyalara diqqət yetirən fəlsəfə, xüsusən də müxtəlif müasir auditoriyalar kontekstində unikal pedaqoji problemlər təqdim edir. Tədqiqatda mövcud tədris təcrübələri təhlil edilir, əsas maneələr vurğulanır, aktiv öyrənmə, texnologiya, fənlərarası yanaşmalar və praktik tətbiqi birləşdirən strategiyalar təklif edilir. Universitet nümunələri vasitəsilə məqalədə bu metodların birləşməsinin necə dinamik və inklüziv öyrənmə mühiti yaratdığı nümayiş etdirilir ki, bu da fəallığı və anlayışı artırır. Nəticələr mürəkkəb real dünya problemlərini həll etmək üçün tələbələrin tənqidi təfəkkürünü inkişaf etdirməyə yönəlmiş fəlsəfə tədrisində uyğunlaşma və davamlı təkmilləşdirmənin vacibliyini vurğulayır.

 

Mirzə Uluğbəy adına Özbəkistan Milli Universitetinin Sosial elmlər fakültəsinin Fəlsəfə və mənəviyyatın əsasları kafedrasının müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Aida Tyukmayevanın “Anlamağın hermenevtik təcrübəsi və işarə-simvolik sistemlərin əsasları şərhin intersubyektiv kontekstində” məqaləsində müəllif humanitar elmlər sahəsində tədqiqatın əsas aspekti olan şərhin subyektlərarası kontekstində işarə-simvolik sistemlərin dərk edilməsi və əks etdirilməsinin hermenevtik təcrübəsini nəzərdən keçirir. İstifadə olunan şərhə subyektlərarası yanaşma çərçivəsində müxtəlif mədəni və sosial kontekstlərdə məna və işarələr arasında qarşılıqlı təsir proseslərini dərk etməyə yönəlmiş subyektlər arasında əlaqə və ünsiyyətin, onların məna və şərhin birgə qurulmasının əhəmiyyəti nəzərə alınır, həmçinin subyektlərarası münasibətlərin şərhin spesifikliyinə və semantikasına təsiri öyrənilir.


ADA universitetinin magistrantları Günay Rüstəmli, Zəhra Zeynalova və Neymət Rüstəmlinin “Müharibədən əziyyət çəkmiş şagirdlərin rifahının yüksəldilməsində məktəbin rolu” məqaləsində Ağdam rayonunun keçmiş cəbhə xəttində yerləşən məktəblərində müharibə nəticəsində travma alan və müharibədən əziyyət çəkmiş IX, X və XI siniflərdə təhsil alan şagirdlərin rifahının artırılmasında məktəbin rolu ilə bağlı tədqiqatı ətraflı şəkildə təhlil edilir. Şagirdlərlə aparılmış sorğu əsasında "şagird emosiyaları" və "məktəb mühiti" başlıqları altında təqdim olunan suallar vasitəsilə şagirdlərin sosial, emosional və psixoloji vəziyyəti araşdırılır. Araşdırmanın nəticələri məktəblər tərəfindən tədris olunan dərslər və digər dərsdənkənar məşğələrlə şagirdlərin mənəvi və intellektual rifahını yüksəldə biləcəyini vurğulayır. Bu dərs və məşğələlər şagirdlərin emosional və sosial inkişafına müsbət təsir edəcək, onların müharibə zamanı yaşadığı stress, qorxu və travmanı unutmasına köməklik göstərəcək. Nəticə və təkliflər köhnə cəbhə xəttində yerləşən bu məktəblərin müharibədən sonrakı dövrdə şagirdlərin rifahını artırmaq üçün beynəlxalq təcrübəyə əsaslanaraq, müxtəlif istiqamətlərdə islahatlar aparılacağını və məktəbin şagirdlər üçün doğma bir məkana çevriləcəyini göstərir.


“Sosial-psixoloji məsələlər” bölməsində Xəzər Universitetinin Psixologiya departamentinin əməkdaşı, geriatrik psixologiya üzrə fəlsəfə doktoru Gülşən Əliyevanın “Əsgərlərin psixi sağlamlığa dair məlumatlılığı və psixi sağlamlıq xidmətinin əhəmiyyəti” məqaləsində qeyd edilir ki, Azərbaycanda hərbi liseylər, hərbi akademiyalar, ali məktəblər fəaliyyət göstərir. Hərbi məktəblərdə təhsilə, biliklərin artırılmasına, maarifləndirməyə daim diqqət yetirilir. Əsgərlərin fiziki və mənəvi sağlamlığı dövlətin diqqət mərkəzindədir. Tədqiqatın məqsədi Mühafizə alayının xüsusi bölmələrində xidmət edən əsgərlərin stress faktorunu ölçməkdir. Tədqiqat 117 əsgərin nəticələrinin təhlili üzərində aparılıb və 2024-cü ilin fevral-iyul ayları arasında Bakıda həyata keçirilir.
Daxili İşlər Nazirliyinin A.Heydərov adına hospitalının psixoloqu, Bakı Dövlət Universitetinin dissertantı Şəhrizad İmanovanın “Hüquq-mühafizə orqanı işçilərində emosional intellektin psixoloji təhlili (polis əməkdaşları nümunəsində)” məqaləsində qeyd edilir ki, fərdlərin zəkasının sosial ölçüsünü ifadə edən emosional zəka ilə bağlı araşdırmalara baxdığımızda emosional zəka fərdlərin özünü tanımasına, məqsədlərinə çatmasına, duyğularından xəbərdar olmasına, həyatdan həzz almasına, motivasiyasına, empatiyasına, konstruktiv düşünməsinə, digər fərdlərlə münasibətlərini idarə etməsinə, sağlam və şüurlu qərarlar qəbul etməsinə kömək edir. Hüquq-mühafizə orqanı işçilərinin fəaliyyətində emosional zəka problemlərin həllində və eləcə də şəxsiyyətlərarası münasibətlərdə təzahür edən bir zəka növü olaraq ortaya çıxır. Xidməti fəaliyyət zamanı əməkdaşların sabit koqnitiv məntiqi intellekt səviyyələri, yəni yüksək “IQ” səviyyələri həmin şəxslərin uğurlu olacağını söyləmək üçün kifayət deyil, onların şəxsi, emosional, sosial və həyatla əlaqəli ölçüləri əhatə edən intellekt səviyyələri bir sıra hallarda özünü sübut edir. Bu məqalədə polis əməkdaşlarının emosional intellekt amili təhlil edilir, mövzuya dair ədəbiyyat nümunələri araşdırılır, eləcə də D.Kolemanın müəllifi olduğu “Emosional intellektin qiymətləndirilməsi testi” və stress göstəricilərinin ölçülməsi üçün nümunə (“Percieved stress scale”) tərcümə edilərək sınaqdan keçirilmişdir. Test nəticələri SPSS proqramı vasitəsilə hesablanmış və sosiodemoqrafik faktorlar əsasında müqayisəli təhlil edilmişdir. Tədqiqat iştirakçıları Daxili İşlər Nazirliyinin A.Heydərov adına hospitalında müayinə və müalicə üçün müraciət edən şəxslər arasında təsadüfi seçmə ilə müəyyən edilmişdir. Məqalənin nəzəri və tədqiqat materialları əsasında bu xidmətdə çalışan əməkdaşlara, eləcə də tədqiqatçılara müvafiq tövsiyələr hazırlanmışdır.


Mirzə Uluğbəy adına Özbəkistan Milli Universitetinin doktorantı Javlonbek Kodırovun “Sosial şürün təbiəti bədən təcrübəsinin empatiya ilə əlaqəsi kimi”  məqaləsində qeyd edilir ki, təcəssüm olunmuş şüur nöqteyi-nəzərindən idrak proseslərinin spesifikliyi bədən təcrübələri və sensorimotor qarşılıqlı təsirlərlə dərindən bağlıdır. Sosial şüur sahəsində bu perspektiv bədən təcrübəsinin şəxsiyyətlərarası qarşılıqlı əlaqəni, empatiyanı və sosial davranışı necə formalaşdırdığını anlamaq üçün cəlbedici çərçivə təklif edir. Məqalədə bədən, ağıl və sosial mühit arasında dinamik qarşılıqlı əlaqə baxımından ictimai şüurun təcəssüm olunmuş təbiəti araşdırılır. 


Bakı Dövlət Universitetinin Sosiologiya kafedrasının doktorantı Məftunə İsmayılovanın  “Məişət zorakılığından zərərçəkənlərə yardım modelləri” məqaləsində qeyd edilir ki, müxtəlif ölkələrdə məişət zorakılığı hallarının fərqli xüsusiyyətlərinin təzahürü cəmiyyətdə hələ də patriarxal münasibətlərin üstünlük təşkil etdiyini göstərir. Kişilərin öz üstünlüklərinə özlərini inandırmaq üçün nümayiş etdirdikləri fiziki və psixoloji şiddət əslində cəmiyyətin mənəvi kasadlığı və iqtisadi zəifliyi ilə bağlıdır. Dünya təcrübəsində məişət zorakılığına qarşı müdafiə tədbirlərinin araşdırılması bu istiqamətdə ölkəmizdə aparılan işin keyfiyyətinin yüksəlməsinə köməklik göstərə bilər.


“Geosiyasi araşdırmalar” bölməsində Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynovun “Beynəlxalq nəqliyyat dəhlizləri kontekstində Zəngəzur dəhlizinin əhəmiyyəti” məqaləsində qeyd edilir ki, müasir dövrdə beynəlxalq nəqliyyat dəhlizlərinin əhəmiyyəti daha da artıb və qlobal güc mərkəzləri nəqliyyat axınlarına nəzarəti əlində saxlamağa çalışırlar. Vətən müharibəsindən və lokal xarakterli antiterror tədbirlərindən sonra ərazi bütövlüyünü və suverenliyini təmin edən Azərbaycan öz geostrateji imkanlarından istifadə edərək Cənubi Qafqaz və Mərkəzi Asiya bölgəsi arasında əməkdaşlığı təşviq edir və nəqliyyat-kommunikasiya bağlantıları müstəvisində əlaqələrin böyük potensialından yararlanmağa çalışır. Bununla yanaşı, Şərq və Qərb arasında enerji və nəqliyyat sahəsində əməkdaşlıq böyük coğrafiyada sülhün, təhlükəsizliyin, sabitliyin və dayanıqlı inkişafın formalaşmasına xidmət edəcəkdir. 
Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının doktorantı İlkin Əhmədzadənin “Beynəlxalq terrorizmlə qlobal mübarizənin başlanması: politoloji təhlil” məqaləsində qeyd edilir ki, XXI əsrin əvvəllərində dünya nizamına ciddi təsir göstərən amillər sırasında ABŞ-da 2001-ci il sentyabrın 11-də baş verən terror hadisələri mühüm əhəmiyyətə malikdir. Süni şəkildə və ya qəsdən törədilməsindən, habelə geosiyasi nəticələrindən asılı olmayaraq 11 sentyabr terroru ilə bağlı diskussiyalar səngimir, tədqiqatların aparılması davamlı xarakter daşıyır. Təsadüfi deyildir ki, 11 sentyabr terroruna qarşı sistemli, məqsədyönlü və kollektiv şəkildə həyata keçirilən mübarizə epoxanın başlanğıcı kimi qeyd edilir. Məqalədə 2001-ci ildən sonra yaranmış beynəlxalq vəziyyət araşdırılır, ABŞ-ın hegemonluq siyasətinin şəciyyəsi verilir və BMT-nin antiterror koalisiyasının yaradılması sahəsində apardığı mübarizə elmi-praktiki baxımdan təhlil edilir.
Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Şəhla Cəlilzadənin “Azərbaycan ictimai rəyində Avropa İttifaqı və Çinə münasibət” məqaləsində qeyd edilir ki, qloballaşma fərdlərin, o cümlədən toplumların mədəni və ictimai-siyasi düşüncələrinə hakim ideoloji təsirlər göstərərək kimliklərinin daha qlobal bir kimlik içərisində əriməsinə hesablansa da, bununla yanaşı, hazırda fərdlərin, toplumların, dövlətlərin və təşkilatların kimlik, aidiyyatlılıq duyğusu beynəlxalq münasibətlərdə heç vaxt olmadığı qədər həssas bir rol oynamaqdadır. Məqalədə milli kimliyi yaradan və cəmiyyətin, xüsusilə Azərbaycan cəmiyyətinin siyasi düşüncələr toplusunun formalaşmasına təsir edən təbii və kənar faktorlar araşdırılır, 1991-ci ildə ikiqütblü dünya düzəninin ləğv olunmasından sonra hazırda Rusiya və Çin liderliyində Şərq bloku ilə ABŞ və Aİ liderliyində Qərb bloku arasında yenidən qütbləşmə meyilləri təhlil edilir, Azərbaycanın 2020-ci il Vətən müharibəsindən sonra bu qütblər arasında siyasət şəkilləndirməsi izah edilir, azərbaycanlıların siyasi düşüncəsində Aİ və Çinə münasibəti formalaşdıran amillər ictimai rəy sorğusu əsasında öyrənilməyə çalışılır.


AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun Azərbaycanın beynəlxalq əlaqələr tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Aqil Əhmədovun “Əhalinin “mütərəddid” miqrasiyasının nəzəri aspektləri” məqaləsi müasir beynəlxalq münasibətlər tarixində zəif öyrənilən, əhalinin “mütərəddid”, yaxud “rəqqas formalı” miqrasiyasının nəzəri aspektlərinə və praktik əhəmiyyətinə həsr olunub. Bu məqsədlə yerli və xarici mütəxəssislərin əsərlərinə müraciət olunaraq, faktoloji materiallar əsasında qeyd olunan miqrasiya növünün ümumi mənzərəsi təhlil edilir. Həmçinin miqrantların yaxın məntəqələr arasında müntəzəm hərəkətliliyi və şəhər aqlomerasiyasında, eləcə də qəsəbə və kəndlərdə proseslərin davam etdiyi göstərilir. Mövcud sahədə regional və beynəlxalq təcrübənin öyrənilməsi, tətbiq olunmasının əhəmiyyəti, sosial-iqtisadi faydaları geniş şərh edilir.  Xüsusilə inkişaf etmiş bəzi Qərbi Avropa dövlətlərinin adları çəkilərək, onların “rəqqas formalı” miqrasiya sahəsində əldə etdikləri uğurlara diqqət yetirilir. Həmçinin, Azərbaycan Respublikasının miqrasiya siyasəti sahəsində qazandığı mütərəqqi təcrübəyə də toxunulur. 


“Sosial-iqtisadi tədqiqatlar” bölməsində 4 məqalə yer alıb. Bakı Dövlət Universitetinin doktorantı Maşallah Səfərovun “İşğaldan azad edilən regionlarda müştərək biznesin inkişaf perspektivləri” məqaləsində müştərək biznesin mahiyyəti açıqlanmaqla işğaldan azad edilən ərazilərdə müştərək biznesin inkişaf prioritetləri, hansı təsərrüfat sahələrinin alternativ və innovativ maliyyə mənbələrinin həmin ərazilərdə müştərək biznesə cəlb edilməsi yolları araşdırılır, müştərək sahibkarlıq fəaliyyətinin həmin ərazilərdə inkişafının PESTLE analizi aparılır. 


UNEC Zaqatala filialının müəllimləri Gülnar Orucova, Ülkər İsfəndiyarova və Pərvanə İsmayılovanın “Azərbaycanın tikinti sektorunun ekonometrik təhlili” məqaləsində Azərbaycan Respublikasında yaşayış binalarının tikintisi sektorunun göstəricilərinə təsir göstərən amillər arasında asılılığın kəmiyyətcə qiymətləndirilməsi məsələləri araşdırılır. Həmçinin tikinti sektorunun iqtisadi xüsusiyyətləri təhlil edilir və bu sahənin mürəkkəb iqtisadi-kibernetik sistem olduğu qənaətinə gəlinir. Tədqiqat üçün məlumat bazası kimi tikinti sektorunun göstəricilərinin zaman sıraları və nikahların statistikasından istifadə edilib. 
Müasir dövrdə beynəlxalq təşkilatların da xüsusi diqqət yetirdiyi ərzaq təhlükəsizliyi məsələsi dövrümüzün aktual problemlərindəndir. Bu səbəbdən hazırda bütün dünyada, o cümlədən də uzun illər müharibə şəraitində olmuş Azərbaycanda ərzaq təhlükəsizliyi məsələsi iqtisadi təhlükəsizliyin əsas istiqamətlərindən biri kimi daima diqqət mərkəzindədir. Bu konteksdə Azərbaycan Dillər Universitetinin doktorantı Aynur Məmmədovanın “Qlobal ərzaq bahalaşması fonunda Azərbaycanda ərzaq təhlükəsizliyi və istehlak mədəniyyəti” məqaləsi maraq doğurur. Məqalədə “COVID 19” pandemiyasından sonra və davam edən iqlim dəyişikliyi nəticəsində dünyada və Azərbaycanda baş vermiş ərzaq bahalaşması məsələsi araşdırılır. Eyni zamanda postmüharibə mərhələsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yenidənqurma və bərpa işlərindən sonra sözügüdən regionun ümumilikdə ölkənin ərzaq təhlükəsizliyi sistemində oynayacağı müsbət rola diqqət yetirilir. Məqalədə həmçinin müasir dövrün ən mühüm problemlərindən olan və ölkəmizdə də yol verilən ərzaq israfçılığı məsələsinə toxunulur, ölkəmizdə “istehlak mədəniyyəti”nin mövcud durumuna diqqət yetirilir. Qeyd edək ki, problemin səbəblərinin araşdırılması üçün 168 nəfər arasında yeddi sualdan ibarət sorğu keçirilmiş və sorğunun nəticələri təhlil edilmişdir.


Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadi və texnoloji elmlər kafedrasının dosenti, iqtisad elmləri doktoru Müslümat Allahverdiyeva və həmin universitetinin magistrantı Elşən Cəbrayılzadənin müəllifi olduqları “Firmanın imicinin formalaşmasında ictimaiyyətlə əlaqələrın rolu” məqaləsində qeyd edilir ki, müsir dövrdə insanlar internet vasitəsilə demək olar ki, şirkətlərlə daim və fasiləsiz şəkildə ünsiyyətdə olurlar. Qarşılarına çıxan reklamlara reaksiya göstərərək onları qiymətləndirir, sahib olduqları məhsullar haqqında digər insanlara öz fikirlərini bildirir, şikayət və kömək ehtiyaclarını həmin firmanın məsul şəxsləri ilə bölüşməyə çalışırlar. Bütün bunlar şirkətlərin ictimaiyyətlə əlaqələrinin ən yüksək səviyyədə olmasına, şirkətin imicinin qorunması və daha da yaxşı olması üçün müştərilərlə olan ünsiyyətlərinə maksimum səviyyədə önəm verməsinə stimul verir. Bu tədqiqat şirkətlər üçün ictimaiyyətlə əlaqələrin önəminin hər zamankından qat-qat yüksək olmasını açıqlamaq məqsədi daşıyır. Tədqiqat zamanı keyfiyyət metodu istifadə edilərək mövzu üzərində nəzəri təhlil aparılıb, informasiyalar toplanılıb. 


AR Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun İnnovativ iqtisadiyyat və rəqəmsal transformasiya şöbəsinin böyük elmi işçisi Rafiq Rzayevin “İnnovasiyalar üçün əlverişli investisiya mühitinin yaradılması” məqaləsində innovasiya-investisiya mühitinin yaradılması yolları, əlverişli investisiya mühitini yaradan maddi və qeyri-maddi amillər, habelə innovasiya-investisiya mühitinin effektiv formalaşdırılması təhlil edilir. Bu mühitin uğurlu olması, onun sərmayə cəlbediciliyinin artması üçün hansı məsələlərə xüsusi olaraq önəm verilməsi oxucuların diqqətinə çatdırılır. Vurğulanır ki, innovasiya-investisiya mühitinin effektiv qurulması iqtisadi inkişafı sürətləndirir, yeni iş yerlərinin yaranmasına və ölkənin rəqabət qabiliyyətinin artmasına kömək edir. Məqalədə, həmçinin, Azərbaycanda innovasiya-investisiya mühiti və onun qiymətləndirilməsi təhlil edilir. Bu qiymətləndirmənin iqtisadi göstəricilər, texnoloji potensial, hüquqi çərçivə, maliyyə imkanları, işgüzar mühit və digər meyarlar əsasında həyata keçirildiyi bildirilir. Bundan əlavə, innovasiya-investisiya mühitinin qiymətləndirilməsi üçün istifadə edilən bir sıra beynəlxalq indekslər nəzərdən keçirilir və Azərbaycanın bu indekslər üzrə bəzi göstəriciləri təqdim olunur. Məqalənin sonunda bu sahədə mövcud olan müsbət hallarla yanaşı, problemlərdən də söz açılır və onların aradan qaldırılması üçün bəzi təkliflər irəli sürülür.
“Sosial media, informasiya təhlükəsizliyi məsələləri” bölməsində yer alan Bakı Dövlət Universiteti, Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Pərvanə İbrahimovanın “Türkiyə-Azərbaycan ortaq media platformasının yaradılmasını zəruri edən amillər” məqaləsində İkinci Qarabağ müharibəsindən əvvəl Azərbaycan və Türkiyənin təşəbbüsü ilə təsis edilən Ortaq Media Platformasının yaranma məqsədi, fəaliyyət istiqamətləri, türk dünyasının media sektoruna verəcəyi yeniliklər təhlil edilir. Tədqiqatda habelə türkdilli dövlətlərin media subyektləri arasında məzmun paylaşma və həmin ölkələrin mədəniyyətlərini, tarixlərini və mövcud inkişaflarını qarşılıqlı şəkildə tanıtmaq məqsədi daşıyan ortaq yayım layihələrindən, sosial media və rəqəmsal platformaların türk xalqları arasında birbaşa ünsiyyəti və qarşılıqlı əlaqəni asanlaşdırmaqla media əməkdaşlığının yeni miqyasda davam etdirilməsinə verəcəyi töhfələrdən bəhs edilir. Məqalədə birgə fəaliyyətin formaları və xarakterik xüsusiyyətləri təhlilə cəlb edilir, türk dövlətlərinin media və kommunikasiya sahəsində həyata keçirdikləri birgə layihələr ətraflı şəkildə araşdırılır. 


Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının professoru, siyasi elmlər doktoru Sabir Məmmədlinin “Bolqarıstan türklərinin mətbuatı milli mübarizənin aparıcı vasitəsi kimi (1944-2010-cu illər)” məqaləsində geniş faktoqrafik materiallar əasında Bolqarıstan türklərinin milli ideallar uğrunda mübarizəsi əks olunur. 1944-cü ildə ölkədə “Dimitrov konstitusiyası"na uyğun olaraq bir müddət bəzi demokratik prinsiplər hökm sürmüşdür. Türk ziyalıları mövcud şəraiti milli məktəblərin açılması, ana dilinin inkişafı, doğma dildə radioyayımın təşkili üçün istifadə ediblər. “Vatan”, “İşık”, “Dostluk” nəşrləri meydana gəlmişdir. Müəllif qeyd edir ki, 1958-ci ildən başlayaraq Bolqarıstan hökuməti türk əhalisinə qarşı məhdudiyyətlər tətbiq etməyə başlamış, milli təsisatları bağlamış və türkləri “bolqarlaşdırmağa” çalışmışdır. Məqalədə “Rodop mücadilesi”, “Tuna dergisi”, “Halk davası” və digər mətbuat orqanları timsalında Bolqarıstan türklərinin mətbuatının milli dəyərlər uğrunda mübarizəsi əks olunub. Xüsusi olaraq vurğulanır ki, 1980-ci illərin sonlarında sosialist sistemi iflasa uğradıqdan sonra Bolqarıstan türklərinin milli dirçəlişi özünü göstərməyə başlamışdır. Milli hərəkat formalaşmış, çox sayda müstəqil, demokratik mətbuat orqanları meydana gəlmişdir. Bolqarıstan türklərinin “Hak və özgürlük” hərəkatı ölkə parlamentində təmsil olunur, onun nümayəndələri koalisyon hökumətdə fəaliyyət göstərir və milli maraqlara xidmət edirlər.


Bakı Dövlət Universitetinin doktorantı, Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi Fidan Əliyevanın “Dəyişən media mühitində yeni meyillər” məqaləsində qeyd edilir ki, sosial media fərdlər və qruplararası münasibətlərə əsaslanan, özündə sosial təcrübələri ehtiva edən ünsiyyət sferasıdır. Texnoloji vasitələrin getdikcə artması ilə bu sahəyə daxil olmaq xeyli asanlaşmış oldu. Qarşılıqlı təsir, açıqlıq, iştirak və icma qurmaq kimi xüsusiyyətlərə malik olan sosial media effektivlik səviyyəsinə görə çox mühim bir sahədir. Bu həqiqətin işığında tədqiqatın əsas məqsədi sosial media platformasının istifadə sahələlərini ortaya çıxarmaq və geniş diapazonda gündən-günə böyüyən sosial media fenomenini hərtərəfli izah etməkdir. Məqalə həmçinin müəyyən mənada bu mövzunu öyrənməkdə maraqlı olan tədqiqatçılara nəzəri təlimat vermək məqsədi daşıyır.


“Yeni nəşrlər, rəylər” bölməsində Rusiya Elmlər Akademiyasının Federal Elmi-Tədqiqat Sosioloji Mərkəzinin Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, Rusiya EA Fəlsəfə Cəmiyyətinin "Mədəniyyətlərin dialoqu: fəlsəfə və dünyagörüş problemləri" tədqiqat qrupunun rəhbəri Ariz Gözəlovun A.K.Məmmədov və M.E.Qorlaçın “Sosial qarşılıqlı əlaqələr sistemində qoxular” /Moskva: Max Press, 2023. – 232 s./ kitabına yazdığı rəy yer alır. Qeyd edilir ki, kitabın məzmununun təhlili tədqiqat obyektinin və predmetinin öyrənilməsinə dərin və hərtərəfli yanaşmanın olduğunu, materialın yüksək elmi səviyyədə təqdim edildiyini göstərir, bütün terminlər şərhlərlə izah edildiyindən və dəqiq şəkildə müəyyənləşdirildiyindən onun tələbələr tərəfindən asan qavranılmasına imkan verir. Hətta tarixi faktların verildiyi yerlərdə belə materialın yüksək dərəcədə aktuallığını saxlamasını qeyd etmək lazımdır. Nəzərdən keçirilən dərsliyin müəllifləri qoxunun sosial təbiətinin öyrənilməsində klassik ənənələrə (G.Zimmeldən başlayaraq) istinad edir, eyni zamanda, heç şübhəsiz ki, qoxunun sosioloji və mədəni aspektlərinin öyrənilməsinə zamanın rakursundan yanaşaraq bir çox yeniliklər əlavə edirlər. Kitab sosioloqlar, politoloqlar, filoloqlar, filosoflar, tarixçilər və mədəniyyət ekspertləri də daxil olmaqla geniş oxucu kütləsi üçün maraqlı ola bilər.


“Beynəlxalq tədbirlər, elmi əməkdaşlıq” bölməsində “COP29 çərçivəsində Azərbaycan və Qətərin birgə fəaliyyətinə həsr olunmuş tədbir, Sosial Tədqiqatlar Mərkəzində “COP29 – yaşıl strategiya, iqlim dəyişikliyi və sosial elmlər: çağırışlar, vəzifələr” mövzusunda keçrilmiş dəyirmi masa, həmçinin Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyəti sədrinin müavini, professor Tahirə Allahyarovanın məruzəçi və dəyirmi masa təşkilatçısı kimi iştirak etdiyi XXV Ümumdünya Fəlsəfə Konqresi haqqında ətraflı məlumat verilir. 


Qeyd edək ki, beynəlxalq redaksiya heyətinə malik, ictimai və humanitar elmlərin geniş spektrini əhatə edən, rüblük dövri nəşri olan “Sosial tədqiqatlar” jurnalının yeni sayının PDF versiyasını jurnalın internet səhifəsindən də (https://socialresearchjournal.az/)  oxumaq mümkündür.


 Onu da əlavə edək ki, “Sosial tədqiqatlar” jurnalı 06 avqust 2019-cu il tarixində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 4248 nömrəsi ilə mətbu nəşrlərin reyestrinə daxil edilmişdir. Fransanın Paris şəhərində yerləşən Beynəlxalq Serial Nəşrlərin Qeydiyyatı Mərkəzi tərəfindən “Sosial tədqiqatlar” jurnalına Beynəlxalq Standart Seriya Nömrəsi (ISSN 2788-8789 print və ISSN 2959-5223 online) ilə bağlı sertifikat verilmiş, Ali Attestasiya Komissiyası tərəfindən “Elm sahələri üzrə dövri elmi nəşrlərin siyahısı”na dörd elm bölməsi (“Fəlsəfə və sosiologiya”, “Siyasi elmlər”, “İqtisad elmləri”, “Tarix və antropologiya”) üzrə daxil edilmişdir. Hazırda jurnalın beynəlxalq xülasələndirmə və indeksləmə bazalarına daxil olması üzərində intensiv işlər aparılır.

 

“Sosial tədqiqatlar” jurnalının Redaksiya Heyəti