17 fevral 2025-ci il tarixində akademik tədqiqat, elmi analitika və informasiya sahəsində qlobal lider olaraq tanınan Elsevier Digital Commons platformasının təklifi ilə Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşları arasında görüş keçirilib.
Onlayn formatda keçirilən görüşdə “Elsevier” nəşriyyatının təmsilçiləri – “Digital Commons”-un regional əməkaşlıq üzrə meneceri Yasemin Solay, tədqiqat üzrə məsləhətçisi Hossam Aşur, Sosial Tədqiqatlar Mərkəzinin təsisçisi olduğu “Sosial Tədqiqatlar” jurnalının beynəlxalq redaksiya heyətinin müavini prof. Tahirə Allahyarova, Mərkəzin kommunikasiya və beynəlxalq inkişaf məsələləri üzrə əməkdaşı Aytən Babayeva iştirak edib.
Görüşdə “Elsevier” qlobal elmi platformasının regional meneceri Yasemin Solay bu platformada təmsilçiliyin “Sosial Tədqiqatlar” jurnalının tanınması, sosial elmlər sahəsində xarici tədqiqatçı və müəlliflər arasında yayılması, auditoriyaya çatdırılması, istinad indekslərinin artırılması, rəqabət qabiliyyətinin yüksəldilməsi, habelə redaksiya effektivliyini artıran alətlər, idarə paneli-dashboard və s. innnovasiya alətlərinin tətbiqinə dair ətraflı təqdimatla çıxış edib. Elsevier Digital Commons platformasının “Sosial Tədqiqatlar” jurnalının açıq elmi platformalarda performans səviyyəsi, akademik elmi nəşr kimi zəruri məqsədlərə çatmaq üçün yaratdığı imkanlar müzakirə edilib.
STM İdarə Heyəti sədrinin müavini, prof. Tahirə Allahyarova Elsevier Digital Commons platformasının regional təmsilçilərinə “Sosial Tədqiqatlar” jurnalının nəşr tarixi, əhatə etdiyi elm sahələri və mövzular haqqında məlumat verib, göstərdikləri diqqətə, jurnalın akademik səviyyəsinin artırılması ilə bağlı verdikləri təkiliflərə görə təşəkkür edib. Görüşdə tərəfləri maraqlandıran, əməkdaşlığın inkişaf etdirilməsinə dair suallar cavablandırılıb. Davamlı əməkdaşlıqla bağlı ümumi razılıq əldə edilib.