Yuxarıya
skip to main content

Azərbaycanda biznes mühiti və imkanlar

25.02.2022

Prezident İlham Əliyev Ağdam rayonuna səfəri zamanı ölkənin iş adamlarına müraciət edib. O, yerli iş adamlarını işğaldan azad edilmiş ərazilərə sərmayə qoymağa çağırıb: “Azərbaycan iş adamlarına bu gün burada – Ağdam Cümə məscidinin önündə çağırış edirəm ki, gəlsinlər həm Ağdama, həm də azad edilmiş bütün digər ərazilərə sərmayə qoysunlar, vəsait qoysunlar”.

Ölkə başçısı bildirib ki, sahibkarlara mənəvi-siyasi dəstək, eyni zamanda, güzəştli kreditlər verilir: “Əlbəttə ki, bölgələrdə infrastruktur layihələrinin icrası sahibkarlıq üçün də gözəl imkanlar yaradır. Ona görə Azərbaycan sahibkarları gərək azad edilmiş torpaqlara gəlsinlər və burada müəssisələr qursunlar, iş yerləri yaratsınlar. Biz azad edilmiş torpaqları ancaq bu yolla tezliklə canlandıra bilərik”.

Prezident qeyd edib ki, dövlət öz tərəfindən lazımi addımları atır və atacaq, özəl sektorun nümayəndələri də bu işlərdə fəal olmalıdırlar.

Dövlət başçısı bundan öncə də yerli iş adamlarına Azərbaycan iqtisadiyyatına sərmayə yatırmaqla bağlı çağırışlar edib. Prezidenti həmçinin xarici şirkətləri də ölkəyə dəvət edib, onların biznes fəaliyyətinə şəxsən təminat verdiyini açıqlayıb. 

44 günlük Vətən müharibəsində qələbəmizdən sonra işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri başlayıb. Bu işlərin əsasını nəqliyyat və kommunikasiya əlaqələrinin, vasitələrinin bərpası, bunların ən müasir tələblər əsasında qurulması və təmin edilməsi, o cümlədən yaşayış yerlərinin salınması və sair təşkil edir. 

Bu və digər baxımdan prezident dövlətin lazımi addımlar atdığını və atacağını vurğulayıb.

Dövlət investisiyaları ilə yanaşı, yerli və xarici sərmayələrin cəlb edilməsi ilə işğaldan azad olunan ərazilərdə iqtisadi və sosial infrastrukturun yenidən qurulması, əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində işlərin həyata keçirilməsi prioritetdir. Ekspertlər qeyd edir ki, işğaldan azad edilmiş ərazilərin böyük iqtisadi potensialı və təbii ehtiyatları var. Bu da həmin ərazilərə yerli və xarici investisiyaların cəlbi, bu fonda əhalinin məşğulluğunun təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

2021-ci il dekabrın 10-da Prezident İlham Əliyev “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən işğaldan azad edilmiş ərazilərdə iqtisadi resursların və əmək resurslarının səmərəli idarə olunması, onların emal sənayesinin və xidmət infrastrukturunun yaradılmasına yönəldilməsi məqsədilə vergi güzəştləri, sosial sığorta və digər güzəştlər tətbiq ediləcək.

Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə özəl təşəbbüslərin stimullaşdırılması, investisiyaların təşviqi mexanizmlərinin təkmilləşdirilməsi, həmin ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün xammal və materialların idxalı ilə bağlı gömrük və vergi güzəştləri müəyyən ediləcək.

Qeyd olunub ki, məqsəd işğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanmanın sürətləndirilməsi və investisiya cəlbediciliyinin artırılması, müasir və effektiv istehsal, ticarət və xidmət infrastrukturunun yaradılması, innovativ texnologiyaların tətbiqi, sənaye potensialının reallaşdırılması, optimal güzəştlərin və stimullaşdırıcı mexanizmlərin hazırlanması və sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün əlverişli şəraitin yaradılmasdır. Nazirlər Kabineti bu istiqamətlərdə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir.

Sərəncamdan məlum məlduğu kimi azad olunan ərazilərə yerli investisiyaları cəlb etmək üçün çoxşaxəli güzəşt və imtiyazlar tətbiq ediləcək.  Bu güzəştlər xarici investorların da həmin ərazilərə gəlməsini stimullaşdıracaq. Məqsəd azad olunan əraziləri təkcə bərpa etmək deyil, həm də oradakı iqtisadiyyatın ölkə iqtisadiyyatına inteqrasiyasına nail olmaqdır. Buna görə də stimullaşdırıcı addımların atılması vacib məqamlardandır.

Ekspertlər hesab edirlər ki, sahibkarların bölgəyə marağı və investisiya istəyi az deyil. Buna real şərait, zəmin və müvafiq çağırış da var. Sadəcə, müəyyən tərəddüdlər mövcuddur ki, bu da təbiidir. Birincisi, sahibkarlarımızın çoxunda qısamüddətli qazanc istəyi güclüdür, ikincisi, sözügedən bölgənin və ya iqtisadi rayonların potensialına dair ətraflı və çevik bilgi səviyyəsi qənaətbəxş həddə deyil, üçüncüsü, gizlində təhlükəsizliyə zəmanət istəyi mövcuddur, dördüncüsü isə qeyd olunan bölgədə biznes və sahibkarlıq fəaliyyəti üçün ola bilsin əlavə güzəştlər gözlənilir və s.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının potensialı müəyyən amillər baxımından digər rayonlarda yoxdur. Təbii resurslar, müharibə bitdikdən bəri Prezidentin rəhbərliyi altında dövlətin və hökumətin bu ərazidə gördüyü işlər nəticəsində yaranan və hələ yaradılacaq şərait, bölgənin ölkəmizin coğrafi nöqteyi-nəzərindən çox mühüm yerində yerləşməsi və kənar ölkələrin bazarlarına çıxmaq şanslarının geniş olması mühüm amillərdir.

Təhlükəsizliyə zəmanətə gəldikdə, bir fakta diqqət çəkmək kifayətdir. Dövlət başçısı hər dəfə bölgənin bu və ya digər rayonlarına səfəri zamanı müxtəlif infrastruktur layihələrin açılışına və yaxud da tikintisinə start verilməsi ilə bağlı tədbirlərdə iştirak etməklə yanaşı, Silahlı Qüvvələrin ayrı-ayrı qoşun növlərinə dair ən müasir təchizata malik hərbi hissələrin də fəaliyyətə başlamasına dair mərasimlərə qatılır, bununla da nəzərdə tutulan bütün iqtisadi perspektivləri heç bir hərbi-siyasi təhlükə gözləmədiyini nümayiş etdirir.

Sahibkarlar üçün işğaldan azad olunmuş ərazilərdə tikinti, turizm, istehsal, kənd təsərrüfatı məhsulları tədarükü, eyni zamanda emalı, həmçinin ticarət və müxtəlif növ xidmət sahələrində biznes qurmaq və fəaliyyət göstərmək imkanları var.

Bundan əlavə, sadalanan sahələrdə hələ ki, rəqabət yoxdur, ona görə də, sərmayə qoyuluşunda birincilik daha çox qazanc gətirə bilər və gətirəcək.

Təbii sərvətlərin, faydalı qazıntıların işlənilməsi investisiyaların qoyuluşu baxımından böyük perspektiv vəd edir. Son illərdə Azərbaycanın qeyri-neft ixracında qızıl mühüm yer tutur. Həm dünya bazarlarında qızılın qiymətinin yüksəlməsi, həm də bu sahədəki şirkətlərin müasir istehsal texnologiyalarına sahib olması onu deməyə əsas verir ki, işğaldan azad edilmiş ərazilərdə qızıl yataqlarının istismarı yaxın illərdə Azərbaycan iqtisadiyyatına böyük töhfə verəcək. Genişmiqyaslı bərpa fəaliyyətləri və yeni infrastrukturun qurulması tikinti sektoru üçün yeni imkanlar açır. Bütün bunlar xarici investorları da maraqlandırır.

Ekspertlər hesab edirlər ki, Qarabağda kiçik və orta biznesin inkişafı bu yerlərdə daha da canlanmaya səbəb ola bilər. Əlbəttə ki, iri şirkətlərin fəaliyyəti vacibdir və onlar da məşğulluğun formalaşdırırılmasında böyük yer tuturlar. Lakin iqtisadi sistemin mərkəzində KOB-lar yer almalıdır. Təbii ki, burada infrastrukturla bağlı bir sıra problemlər ola bilər, amma ən önəmlisi KOB-ların maliyyə mənbələrinə əlçatanlığının təmin edilməsidir.

Prezidentin müvafiq fərmanları ilə Cəbrayıl rayonunda Araz Vadisi İqtisadi Zonası Sənaye Parkının, həmçinin Ağdam Sənaye Parkının yaradılmasına başlanıb.  İqtisadiyyat naziri Mikayıl Cabbarovun sözlərinə görə, bu sənaye parklarının rezidenti olmaq üçün sahibkarlar nazirliyə 10 layihə təqdim edib. Həmin layihələrin ilkin investisiya dəyəri 40 milyon manata yaxındır. Hazırda layihələr dəyərləndirilir. Ağdam Sənaye Parkında müxtəlif çeşidli sintetik xalça, xüsusi və fərdi geyimlər, polimer məhsulları, günəş enerjisi ilə qidalanan işıq dirəkləri və xüsusi dam örtükləri, prefabrik dəmir-beton məmulatlarının istehsalı üzrə beş layihəyə baxılır. Bu layihələr üzrə 1 100-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Bu sənaye parklarının rezidentləri ölkənin bütün sənaye parklarına şamil olan güzəştlərdən istifadə etməklə yanaşı, sırf azad edilmiş ərazilər üçün nəzərdə tutulmuş güzəşt və imtiyazlardan da yararlana biləcəklər.

Qeyd edək ki, Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra başladığı sürətli quruculuq işlərində beynəlxalq təcrübədən ciddi yararlanır. Bu istiqamətdə müxtəlif ölkələrin bərpa təcrübəsi öyrənilir, beynəlxalq təşkilatlarla əməkdaşlıq edilir.

Təkcə azad edilmiş ərazilərimizdə yox, ümumiyyətlə, ölkədə biznes və investisiya mühitinin yaxşılaşdırılması, qeyri-neft sektorunun, regionların və sahibkarlığın inkişafı ilə bağlı görülmüş işlər, pandemiyanın Azərbaycanda biznes mühitinə təsiri və hökumətin dəstək mexanizmləri, sənaye zonalarının, həmçinin Ələt Azad İqtisadi Zonasının logistika imkanları, Milli Prioritetlərimizdən olan işğaldan azad edilmiş ərazilərimizə Böyük Qayıdış, bu ərazilərdə reallaşdırılacaq “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları sərmayədarlar üçün yeni biznes və investisiya imkanları açır.

Azərbaycanda biznes mühiti necə qiymətləndirilir?

Aparıcı iqtisadi-maliyyə institutları və reytinq mərkəzləri Azərbaycandakı sistemli iqtisadi siyasəti, islahatları yüksək qiymətləndirir.

Dünya İqtisadi Forumu  tərəfindən nəşr edilən "Qlobal Rəqabətlilik İndeksi 2019” hesabatında Azərbaycan 2018-ci illə müqayisədə 11 pillə irəliləyərək, 141 ölkə arasında 58-ci yeri tutub. Qlobal rəqabətlilik hesabatı dünya miqyasında mötəbər hesabat olmaqla, beynəlxalq təşkilatlar, investor və sahibkarlar, müstəqil beyin mərkəzləri tərəfindən istinad mənbəyi kimi istifadə olunur.

“Biznesin dinamikliyi” və “innovasiya” üzrə Azərbaycan müvafiq olaraq 8 və 3 pillə irəliləyərək ölkəmizin biznes mühitinin inkişafı istiqaməti üzrə aparılan intensiv islahatlara adekvat cavab verib. Sahibkarlıq risklərinin tənzimlənməsi, ölkə üzrə müflisləşmə, biznesə başlamaq üçün sərf olunan zaman, elm-tədqiqat xərcləri, patent müraciətləri, tədqiqat institutlarının sayı və keyfiyyəti, biznesdə innovativ yeniliklərin tətbiqi üzrə Azərbaycan dünya ölkələri arasında yüksək bal əldə edib. Yalnız biznesin dinamikliyi üzrə Azərbaycan 141 ölkə arasında 31-ci mövqedə qərarlaşıb.

Dünyanın nüfuzlu beyin mərkəzlərindən olan İrs Fondu tərəfindən hazırlanan “İqtisadi Azadlıq İndeksi 2021” hesabatında Azərbaycanın mövqeyi 6 pillə yaxşılaşaraq 172 ölkə arasında 38-ci yerdə qərarlaşıb. Azərbaycan iqtisadi azadlıq üzrə mümkün 100 baldan 70,1 bal toplayıb.

Hesabata görə, Azərbaycan Avropa regionunda 45 ölkə arasında 23-cü yerdədir, onun ümumi balı regional orta göstəriciyə bərabər, dünya üzrə orta göstəricidən yüksəkdir. Hesabatda ölkəmiz Fransa, İspaniya, İtaliya və Polşa kimi inkişaf etmiş ölkələri qabaqlayıb və indeks üzrə ən çox irəliləyən ölkələr sırasında yer alıb. İqtisadiyyatda əsasən bank, əmlak, monetar, vergi, fiskal və digər istiqamətlərdə qeydə alınan inkişaf trendləri dünyada Azərbaycan iqtisadiyyatına inamı gücləndirir.

Dünya Bankının “Doing Business” hesabatında son illərdə ölkəmizdə reallaşan islahatlar vurğulanaraq, nümunəvi islahatlar kimi nəzərə alınıb. Azərbaycanın “Doing Business 2020” hesabatındakı mövqeyi daha da yaxşılaşıb. Məsələn, Azərbaycan Dünya Bankının “Doing Business 2020” hesabatında 10 ən islahatçı ölkənin sırasında yer alıb. Hesabatda ölkənin qlobal reytinq sıralamasında mövqeyi 191 ölkə arasında 28-ci yerdə qərarlaşıb ki, bu da əksər postsovet, Mərkəzi Asiya və Şərqi Avropa regionu üzrə ölkələrin mövqeyindən daha yaxşı göstəricidir.

“Moody's Investors Service” şirkəti isə 2021-ci ildə Azərbaycan iqtisadiyyatının təxminən 4 faiz artacağını proqnozlaşdırıb. Bu proqnoz əsas beynəlxalq təşkilatların (BMT, Dünya Bankı) və beynəlxalq kredit agentliklərin ("Standard and Poor’s" və "Fitch Ratings") gözləntilərindən daha yüksək olub.

Alman-Azərbaycan Xarici Ticarət Paltasının təşkilatçılığı ilə təqdimatı olmuş “Azərbaycanda Xarici Biznes: Biznes Mühiti sorğusu 2021” hesabatı da ölkəmizdə investisiya mühiti və həyata keçirilən iqtisadi islahatların səmərəliliyi haqqında fikir ortaya qoyur. 2021-ci ilin may-iyul aylarında keçirilmiş sorğunun nəticələrinə əsaslanan və sorğu iştirakçılarının cavablarını özündə əks etdirən hesabat ölkədəki investisiya mühitinə diqqət ayırmaqla xarici şirkətlərin Azərbaycandakı fəaliyyətinə fokuslanıb. Hesabatda Azərbaycanın sosial-iqtisadi sahədə qazandığı nailiyyətlər, ölkənin investisiya yatırımı üçün cəlbediciliyi əcnəbi iş adamları tərəfindən xüsusi olaraq vurğulanır.  Hesabatın hazırlanması məqsədilə Azərbaycanda fəaliyyət göstərən və 30 ölkəni (Almaniya, Böyük Britaniya, ABŞ, İsveçrə, Türkiyə və sair) təmsil edən 270 xarici şirkətə sorğu göndərilib. Dəyərləndirmə üçün 130 etibarlı və tamamlanmış cavab seçilib.

Bu cür hesabatlar işgüzar dairələrin rəyinin öyrənilməsi, biznes çağırışlarının dəyərləndirilməsi, hər hansı ölkənin biznes cəlbediciliyinin səviyyəsini nümayiş etdirmək baxımından əhəmiyyət kəsb edir.

Sorğuda rəyi öyrənilən respondentlərin 68 faizi Azərbaycan iqtisadiyyatının mövcud vəziyyətini sabit qiymətləndirir.

Xarici şirkətlərin 57 faizi Azərbaycanda fəaliyyətini genişləndirmək və ya yeni investisiya qoymaq niyyətindədir.

Respondentlərin 60 faizi Azərbaycanı əlverişli biznes məkanı kimi tövsiyə edir. Xarici iş adamları inanır ki, işğaldan azad edilmiş ərazilərimizdə bərpa işlərinin aparılması Xəzər bölgəsində təhlükəsizliyin və stabilliyin gücləndirilməsinə, beynəlxalq nəqliyyat və kommunikasiya layihələrinin həyata keçirilməsinə, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə töhfə verməklə yanaşı, dünyada ölkəmizin investisiya cəlbediciliyini və rəqabət qabiliyyətini artıracaq.

Növbəti dövrlərdə də iqtisadiyyatın neftdən asılılığının minimuma endirilməsi və sahibkarlığın inkişafına əsaslanan rəqabətqabiliyyətli milli iqtisadiyyata çevrilməsi, biznes və insvestisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirmək dövlətin əsas strateji hədəflərindən biridir.

https://oxu.az/economy/573389

İl ərzində biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində bir sıra önəmli layihələr icra olunub. Ölkədə xarici investiya qoyuluşu diqqət mərkəzində saxlanıl­maqla yanaşı, dövlət müəssisələrinə ayrılan sərmayələrin səmərəli istifadəsinə də nəzarət gücləndirilib. Belə ki, dövlət müəssisələrinin maliyyə sağlamlığını və dayanıqlılığını yax­şılaşdırmaq, maliyyə resurslarının, habelə xarici borcların cəlb olunmasını səmərəli meyarlar əsasında idarə etmək məqsədilə Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Azərbaycan İnvestisiya Holdinqi yara­dılıb. Bu, dövlət müəssisələrinin profi­sitinin artırılmasına, onların büdcədən asılılıqlarının azaldılmasına, azad ba­zar münasibətlərinin hərtərəfli inkişa­fına, özəl mülkiyyətin genişlənməsinə mühüm təsir göstərib.

Azərbaycana investisiya qoyulu­şuna marağın getdikcə artması, həm də ölkəmizin siyasi cəhətdən sabit olması, milli, dini və irqi tolerantlığı baxımından seçilməsi ilə bağlıdır. Bununla bərabər, respublika hökuməti tərəfindən həyata keçirilən iqtisadi siyasət, aparılan islahatlar nəticəsində ölkədə güclü iqtisadi potensial möv­cuddur. Yaradılan əlverişli biznes və investisiya mühiti, Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınması, regionda əlverişli mövqeyə malik mühüm tranzit mərkəzi olması, insan kapitalının inkişafı da ölkəmizin investisiya qoyuluşu baxımından cəlbediciliyini artırır. Eyni zamanda, Azərbaycan beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirir. Ölkəmizin təşəbbüskarı olduğu trans­milli layihələr bu gün Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.

Azərbaycanda investisiya mü­hitinin yaxşılaşdırılmasının diqqət mərkəzində saxlanılmasının nətiticəsidir ki, il ərzində müasir tex­nologiyaların və qabaqcıl təcrübənin tətbiqi sayəsində ölkəmizdə sənayeləşmə sürətlə inkişaf edib, metallurgiya, maşınqayırma, kimya, inşaat materiallarının istehsalı, qida və digər ənənəvi sənaye sahələri genişlənib, yeni sənaye sahələri yaradılıb, respublikamızda sənaye məhsulları üzrə özünütəminetmə səviyyəsi getdikcə yüksəlib.

Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2021-ci ilin 11 ayı ərzində 47,9 milyard manatlıq və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,5 faiz çox sənaye məhsulu istehsal edilib. Sənayenin qeyri-neft sektorun­da məhsul istehsalı 20,7 faiz artıb. Respublikada sahibkarlar tərəfindən indiyədək sənaye zonalarına 6,2 milyard manatdan çox investisiya yatırılıb.

Sözsüz ki, postmüharibə dövründə Azərbaycan dövlətinin qarşısında erməni vandalizminin viran qoyduğu torpaqlara yenidən həyat bəxş etmək, 30 ilə yaxın təcavüzə məruz qalan Qarabağın dirçəlişi üçün addımlar atmaq missiyası da dayanıb. Bu baxımdan Azərbaycan liderinin 2021-ci ilin yanvarın 19-da “Qarabağ Dirçəliş Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” fərmanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, sözügedən fərman məhz Qarabağda geniş quruculuq-bərpa işlərinin ölkəmiz üçün prioritet təşkil etdiyini bir daha nümayiş etdirir.

Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci ilin iyulun 7-də daha bir əhəmiyyətli sərəncam imzalayıb. “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərmanla dövlət başçısı tarixi bir hadisəyə imza atdı. Fərmanla Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradıldı ki, bu amil də öz növbəsində Azərbaycanın birlik və bölünməzliyi qəti şəkildə təsdiq olundu.

04 oktyabr 2021 tarixində “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanıb. 21 dekabr 2021-ci ildə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin yaradılıb.

Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə fevralın 2-də təsdiq olunmuş “Azərbaycan 2030: Milli Prioritetlər” sənədinə əsasən, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsindən sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəldilməsi, reinteqrasiyası və inkişafı iqtisadi siyasətin əsas istiqamətlərindən biri elan edilib.

Azad olunan ərazilərin Azərbaycan iqtisadiyyatına reinteqrasiyası, burada əhalinin məşğulluğunun təmin edilməsi, istehsal, xidmət, ticarət, nəqliyyat, logistika və digər sahələrin yaradılması da diqqət mərkəzində olan əsas məsələlərdən biridir. Bütün bunlar ümumilikdə Azərbaycanın iqtisadi potensialının daha da güclənməsinə, ümumi daxili məhsul istehsalında ciddi artıma səbəb olacaq.

İşğaldan azad olunan ərazilərdə dağ-mədən, yeyinti, emal sənayeləri, metallurgiya, turizm-rekreasiya, əczaçılıq, taxılçılıq, tərəvəzçilik, üzümçülük, pambıqçılıq, meyvəçilik, heyvandarlıq, quşçuluq, arıçılıq, tikini materialları kimi sahələr böyük inkişaf potensialına malikdir. Bu sahələrə yatırılan sərmayələr həm qeyri-neft ixracının artması və idxalın əvəzlənməsi, həm də dəyər zəncirlərinə qoşulmaq baxımından mühüm əhəmiyyət kəsb edəcək. Həmçinin buraya yeni texnologiyaların cəlbi də iqtisadi inkişafda innovasiyalarla müşayiət ediləcək.

 

 

Şəfanə İbrahimova
BDU-nun jurnalistika fakültəsini həm bakalavr, həm də magistr pilləsi üzrə bitirib. Müxtəlif media orqanlarında jurnalist kimi çalışıb. Hazırda Sosial Tədqiqatlar Mərkəzi ilə əməkdaşlıq edir.