Sosial Tədqiqatlar Mərkəzi “Azərbaycanda mövcud ailə münasibətləri: sosial-psixoloji təhlil” sorğusunun nəticələrini açıqlayıb
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Sosial Tədqiqatlar Mərkəzinin həyata keçirdiyi sosioloji sorğu və tədqiqat layihəsinin nəticələri açıqlanıb.
“Azərbaycanda mövcud ailə münasibətləri: sosial-psixoloji təhlil” ictimai rəy sorğusu və sosioloji tədqiqatın nəticələrinə dair konfransda Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, Milli Məclisin deputatları və digər rəsmi şəxslər iştirak ediblər.
Tədbiri giriş sözü açan Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc bildirib ki, Mərkəz ictimai həyatın müxtəlif sahələri ilə bağlı aktual məsələləri araşdırmağa, tədqiqatlar aparmağa, gəldiyi nəticələri hakimiyyət institutlarına və cəmiyyətə çatdırmağa çalışır. Qeyd edilib ki, bu gün ailə institutu, milli dəyərlər sistemi fasiləsiz olaraq xaricilərə təzyiq məruz qalır. Ailə bizim varlığımızı hədəfə alan qlobal hücumlara qarşı qorunmalı olan ən müqəddəs ictimai strukturdur. Bütün alternativlərə qarşı hörmət, sevgi, anlayış kimi ən gözəl davranışların sərgiləndiyi ailə nümunələrinin, obrazlarının ictimailəşdirməsi, qalib Azərbaycan ailələrinin kütləvi təbliği, bizi zirvələrə ucaldan qəhrəmanları yetirən valideynlərin, ailə tərbiyəsinin, mühitinin və təliminin ideallaşdırılması mühüm milli vəzifədir.
Sonra tədbirdə Azərbaycanda ailə münasibətlərinə dair videoçarx nümayiş olunub.
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, möhkəm təməllərlə qurulan ailələr bir qayda olaraq dövlətin güclü əsası rolunu oynayır. Ailə institutu dəyişən dünyanın lokal, qlobal təsirlərindən özünü qorumalıdır. Dünyada inkişafın və tənəzzülün səbəbi insan amili ilə bağlıdır. Bütün bunların faydası və ziyanları da insana birbaşa təsir edir. Demokratik dövlətlərin formalaşdırdığı modellər ailəni dünyanın regional və qlobal təsirlərindən qorumalıdır. Biz də bu yöndə inkişaf edən ailə modelləri üzərində işləməliyik ki, dəyişən dünyanın problemlərinin təsirini minimuma endirmək mümkün olsun.
Sonra çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bir neçə vacib məqama toxunaraq deyib: “Bu il təyin edilmiş 400 min sosial müavinətin 30 faizi aztəminatlı ailələrin payına düşür. Əlli mindən çox aztəminatlı ailələr isə sosial müavinətlər alır. Bu da təxminən 200 min insan edir. Bunların yarıdan çoxu qadınlar və uşaqlardır.
Dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanda iqtisadi-sosial islahatlar davam etdirilir. İlk növbədə isə ailələrin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində işlər görülür. Bu da ailə münasibətlərinə müsbət təsir edən amillərdəndir. Buraya məşğulluq xidmətləri və sosial ödənişlər də daxildir. Növbəti illər üçün sırf sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası ilə bağlı yeni sənəd hazırlanıb. Bu, Milli Fəaliyyət Planıdır və növbəti 6 ildə icra olunacaq.
“Digər layihə isə övladlığa götürmə, valideyn himayəsindən məhrum olan uşaqlarla bağlıdır. 106 uşaq yeni ailələrə verilib. Ailələrin qiymətləndirilməsində elektron platformadan istifadə edilib.
Növbəti layihə himayədar ailə layihəsidir. Bu da uşaqların cəmiyyətə inteqrasiyası üçün vacibdir”,-deyə nazir müavini bildirib.
Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov çıxışında deyib: “Mediasiya Şurasına indiyədək 9550 müraciət daxil olub. Bu müraciətlərdən 8515-i ailə mübahisələridir. Ümumi müraciətlərin 80 faizi ailə mübahisələri ilə bağlıdır. Bizim əsas məqsədiniz ailələri barışığa dəvət etməkdir”.
Daha sonra çıxış edən Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü, professor Tahirə Allahyarova bildirib ki, Azərbaycanda mövcud ailə münasibətləri: sosial-psixoloji təhlil” sorğusu ölkəmizdə ilk dəfə keçirilir və bu, bizim ailə barədə fikirlərimizi zənginləşdirəcək. Azərbaycan ailəsi onu hansı təhdidlərin müşayiət etdiyini biləcək. Bizim gənclərin ailə haqqında nə düşündükləri, onları hansı problemlərin gözlədiyi sorğuda müəyyən dərəcədə əhatə olunub.
O qeyd edib ki, digər aspektdən baxsaq, ailələr qlobal səviyyədə problemlərlə üzləşirlər. Dünyada qəbul olunan faktdır ki, ailə transformasiyadan keçir. Bu, hər zaman belə olub. Bəziləri hesab edirlər ki, ailə sistemi böhranlarla üz-üzədir. Ailə institutunda problemdən çıxmaq çətindir. Biz hazırda ailələrin problemlərin hansı hissəsində olduğunu sorğu nəticəsində qlobal aspektdən görəcəyik. Hər bir dövlət güclü ailənin formalaşmasında maraqlıdır. Bu da ailə dəyərlərinin qorunmasının zəruri olmasının göstəricisidir.
Çıxışlardan sonra Sosial Tədqiqatlar Mərkəzinin apardığı sorğu nəticələri təqdim olunub.
Qeyd edək ki, sorğu son illərdə Azərbaycan ailəsinin, ailədaxili münasibətlərin, ailə dəyərlərinin dinamikası və transformasiyasının qarşılıqlı təsir və əlaqədə araşdırılması, ailə məsələlərində ümumi mənzərənin, eləcə də dövlət ailə siyasətinin sistemli təqdim edilməsi aspektində demək olar ilk dəfə aparılıb.
“Azərbaycanda mövcud ailə münasibətləri: sosial-psixoloji təhlil” ictimai rəy sorğusu