Yuxarıya
skip to main content

Post-pandemiya: Hara gedirik? (II hissə)

06.06.2020

İlk öncə onu qeyd edək ki, beynəlxalq ticarət həcmi 1990-cı illərdə qlobal təchizat zəncirlərinin kompleks şəbəkəsinin böyüməsi ilə sürətlə artmağa başladı. Bu zəncirlər çox kəskin ixtisaslaşma və istehsalın coğrafi fraqmentasiya prosesini təmsil edir. Inkişaf etməkdə olan dövlətlərin də dünya iqtisadiyyatına inteqrasiya edilməsi kasıblığın nəzərəçarpacaq dərəcədə azalmasına səbəb oldu. Bununla belə, iqtisadi qloballaşmaya əsaslanan bu iqtisadi böyümə modelinə COVİD-19-dan daha əvvəl qarşı gəlinməyə başlanmışdı. Çevrəçi qruplar, əmək birlikləri və populistlər azad ticarət və qloballaşmanı müxtəlif səbəblərə görə tənqid edirdilər. 2016-cı ildə on minlərlə avropalı ABŞ və AB arasında müzakirə edilən TTİP (Trans-Atlantik Ticarət və İnvestisiya Partnyorluğu) adlı azad ticarət razılaşmasına etiraz etmək üçün küçələrə axışdı.

Qloballaşma üzərində təzyiqlər dünya miqyasında proteksionist addımların da sayını artırmaqda idi. Keçən il Ümumdünya Ticarət Təşkilatı 2009-cu ildən bəri idxal üzərində restriktiv siyasətlərin dünya idxalatının 7.5 faizinə təsir etdiyini hesabladı. WTO 2018-2019-cu illərdə dövlətlər tərəfindən “ticarət üzərində məhdudlaşdırıcı” 102 yeni iqtisadi demarş qeyd alıb ki, bu da 747 milyard dollarlıq ticarət dövriyəsini özündə ehtiva edir. ABŞ-Çin arasında başlayan ticarət müharibəsi iqtisadi “parçalanma” prosesinə səbəb olmaqla yanaşı, amerikan və çin şirkətlərini təchizat zəncirlərini başqa yerlərə yönəltməyə sövq etdi.

Qloballaşma və azad ticarət ciddi təzyiqə məruz qalarkən bildiyimiz iqtisadi qloballaşmanın bu zərbədən sağ çıxıb-çıxmayacağı sual altındadır. COVİD-19 iqtisadi qloballaşmanı kollaps astanasına gətirməklə  bərabər, beynəlxalq təchizat zəncirlərinin idarə edilmə tərzini də dəyişdirir. Bu pandemiyanın dünyanı iqtisadi resessiya mərhələsinə daxil etdiyi inkar edilməzdir. Lakin bu resessiyanın iqtisadi qloballaşmanı nə dərəcədə struktural olaraq transformasiya edəcəyi tam məlum deyil.

COVİD-19 virusunun iqtisadi qloballaşma üzərində təsirlərini təhlil etməzdən öncə, qeyd edilən anlayışın müxtəlif elementlərini dekompozisiya etsək, bu fenomenin milli sərhədləri aşan ticari axın, kapital axını, data axını, insanların mübadiləsi və s. elementlərdən təşkil olunduğunu görə bilərik. Onlardan qlobal təchizat zəncirlərində (GVC) iştirak konsepti mövcud virusun potensial təsir gücünü daha yaxşı dərk etməyimizə kömək edir. Dolayısı ilə, inter-regional və intra-regional təchizat zəncirlərində iştirak üzərində pandemiyanın təsiri necə olacaq? Onu təhlil etmək üçün ən azı üç ssenari irəli sürmək olar:

Qloballaşma əvəzinə lokallaşma

Bu ssenaridə milli dövlətlərin proteksionist siyasətlər qəbul etməsi və xarici təchizatçılara bağlılıqdan xilas olmaq üçün şirkətləri istehsal müəssisələrinin “vətən”ə daha yaxın yerlərə relokasiyasına məcbur etməsi ilə pandemiya qlobal təchizat zəncirlərinin kollapsı ilə nəticələnəcək. Şirkətlərin həm intra, həm də inter-regional GVC-lərdə iştirakı kəskin dərəcədə aşağı düşəcək. 2012-2016-cı illərdə qlobal ÜDM-in bir hissəsi olaraq GVC istehsal fəaliyyətlərinin illik böyümə dərəcəsi nəzərəçarpacaq dərəcədə (-1.65 faiz) aşağı düşdü, bunun müqabilində daxili istehsal eyni dövrdə həcmcə 1.50 faiz artım göstərdi.

Milken İnstitutundan Körtis Kin qeyd edir ki, ABŞ-Çin arasındakı “decoupling” prosesi sürətləndikcə, inter-regional GVC-lərdə iştirak güman edildiyindən daha çox azalacaq. Time Magazine də bildirir ki, Avropa Birliyi ölkələrinin öz qonşuları ilə maraqlanmayaraq zəruri tibbi ehtiyacları toplamaqla öz sərhədlərini bağlaması bu tendensiyanın başqa bir refleksiyasıdır.

Macarıstanın koronavirusun müalicəsində istifadə edilən “hidroksixlorokin sulfatı”nın ticari ixracatını, Almaniyanın isə Lissabon razılaşmasının şərtlərini pozaraq digər AB ölkələrinə hər növ tibbi təchizat məhsullarının ixracatını qadağan etməsi bu kontekstdə qeyd edilməlidir.

Qloballaşma əvəzinə regionallaşma

Bu ssenaridə pandemiya kompleks inter-regional təchizat zəncirlərinə ağır zərbə vuracaq olsa da, intra-regional GVC-lər üzərində təsiri daha minimal olacaq. COVİD-19 iqtisadi qlobalizasiyanın kollapsına səbəb olmasa da, güclü regionalizasiya prosesi meydana çıxacaq. London School of Economics-dən Filipp Leqreyn bildirir ki, COVİD-19 qlobal biznes fəaliyyətlərinin yenidən strukturlaşdırılması və onların təchizat zəncirlərinin qısalması baxımından dönüm nöqtəsi olacaq, artıq ABŞ şirkətləri istehsalını Meksikaya, Avropa şirkətləri isə Şərqi Avropa və Türkiyəyə yönəldirlər {1}. Regional ticarət müqavilələri kontekstində regionallaşma prosesinin koronavirusun meydana çıxmasından daha əvvəl başladığını söyləmək olar. Keçən il ABŞ, Meksika və Kanadanın qəbul etdiyi USMCA adlı ticarət razılaşması buna misaldır. Pandemiya ticarətin regionallaşması prosesinin katalizatoru ola bilər.

Koronavirusun Avropa Birliyinin iqtisadi suverenlik və strateji muxtariyyət axtarışını gücləndirməyə, habelə ictimai səhiyyə sistemi perspektivindən qeyri-Avropa ölkələrindən asılılığı azaltmaq üçün ciddi cəhdlərə sövq edəcəyi gözlənilir.

Dolayısı ilə, ikinci ssenaridə COVİD-19 təchizat zəncirlərini qısaltmaqla və regionallaşdırmaqla iqtisadi qloballaşmanı dəyişdirəcək.

Qloballaşmanın davamı

Bu ssenaridə resessiyanın sona çatması və maliyyə bazarlarının koronavirus şokundan sonra özünə gəlməsi ilə iqtisadi qlobalizasiya da tədricən “sağlamlaşma” prosesinə daxil olacaq. Inter və intra-regional təchizat zəncirlərində iştirak bərpa olunacaq, iqtisadi qloballaşma COVİD-19-dan əvvəlki səviyyələrə qayıdacaq.

Empirik tarixi data da onu göstərir ki, keçmişdə dünya iqtisadiyyatı bir epidemiyaya “V-formalı” modelə uyğun olaraq reaksiya verib, yəni sürətli tənəzzül sürətli yüksəliş ilə əvəzlənib. 2003-cü ildəki SARS, 1968-ci ildəki “Honq-Konq qripi” kimi epidemiyalardan sonra iqtisadi böyümə tam olaraq bərpa olunmaqla iqtisadi şoku az və ya çox dərəcədə absorbsiya edə bilib.

Əvvəlki ssenaridən fərqli olaraq bu ssenaridə ABŞ-Çin rəqabəti və COVİD-19 regional təchizat zəncirlərinə səbəb olmayacaq; şirkətləri öz istehsalını Vyetnam və İndoneziya kimi digər Asiya bazarlarına yönəltməsinə gətirib çıxaracaq. Beləcə, qlobal təchizat zəncirləri mühüm rol oynamağa davam edəcək.

Honq-Konqda yerləşən təchizat zəncirlərinin təftiş şirkəti – Qima öz hesabatında qeyd edir ki, ABŞ şirkətləri istehsalı öz ölkələrinə qaytarmaq üçün tələsmirlər, onlar biznes fəaliyyətlərini Çinin qonşuluğundakı regionlara yönəltməyə çalışırlar. İstehsal prosesinin yönləndirilməyə başlandığı Cənub-Şərqi Asiya ölkələri və Tayvanda ABŞ şirkətləri tərəfindən təftişlər və auditlər keçən il 9.7 faiz artıb.

Buna görə də, COVİD-19-un təchizat zəncirlərinin diversifikasiyası prosesini təhrik edəcəyi də bu ssenari daxilində mümkündür. Buna müvafiq olaraq qlobal təchizat zəncirləri yenidən düzənlənəcək, amma öncəki iki ssenaridə olduğu kimi qısalmaya məruz qalmayacaq. Bu həm də o deməkdir ki, pandemiya fərdi şirkətlərin öz təchizat zəncirlərini akkumulyativ şəkildə yenidən biçimləndirməsinə səbəb ola bilər.

Koronavirusun ağuşuna aldığı dünyada yeganə müəyyənlik heç nəyin müəyyən olmamasıdır. Vinston Çörçill qeyd edirdi ki, əlverişli böhranın boşa getməsinə heç vaxt icazə verməyin. Bu o deməkdir ki, böhranlar yeni texnologiyaların yaradılmasını sürətləndirə bilər. “Cek Ma-nın qurduğu Ev: Əlibaba” adlı kitabın müəllifi Danken Klark, 2003-cü il SARS epidemiyasının Çinin rəqəmsal iqtisdiyyatında misligörünməmiş tərəqqiyə səbəb olduğunu qeyd edir {2}. Con Kampfner isə bildirir ki, 2003-cü ilə qədər Çin dünya istehsalının  8 faizini təşkil edirdisə, bu gün qeyd edilən rəqəm 20 faiz təşkil edir.

Dünya iqtisadiyyatında lokallaşmanın, regionallaşmanın, qloballaşmanın davamının yaxud da hər üçünün kombinasiyasının və ya alternativ ssenarinin baş verəcəyini bizə şübhəsiz ki qarşıdakı aylar göstərəcək. Bu ssenarilərin məqsədi gələcəyi öncədən görmək deyil, post-COVİD-19 dünyası haqqında debatlara yeni bir perspektiv qazandırmaqdır.

İqtisadi qloballaşmadan kənarda, bütöv planeti gözləyən gələcəyin utopik deyil, daha çox distopik xarakterli olacağı güman edilir. Bu, neo-liberal utopiyaların neo-real distopiyalar ilə əvəzlənməsi deməkdir. Bəzi skeptiklər isə pandemiyanın çox şişirdildiyini və hökumətlər tərəfindən insanların azadlıqlarından məhrum edilməsi üçün istismar olunduğunu bildirirlər. Xüsusən də Qərb ölkələrində hökumətlər heç vaxt insanlar üzərində belə geniş hakimiyyət gücünə sahib olmayıb. Skeptikləri qorxudan məqam odur ki, pandemiyanın sona çatmasından sonra belə, hökumətlər əldə etdikləri bu nəzarət gücünü asanlıqla təslim etməyəcəklər. NSA-in məxfi agenti, hazırda Rusiyaya sığınan Edvard Snovden da bildirib ki, “Covid-19”a qarşı mübarizə aparmaq üçün dünya hökumətlərinin müraciət etdiyi “high-tech” nəzarət – müşahidə və müşaiyət rejimi tezlikle sona çatmayacaq {3}.

Bəzi ölkələrdə de-fakto fövqəladə vəziyyət və məcburi karantinlər gələcəkdə “ehtiyac duyulduğu” zaman müxtəlif bəhanələr ilə tez-tez “yeni norma” olaraq tətbiq edilə bilər. Xüsusən də ABŞ-da bunun üçün post 9/11 (2001-ci il 11 sentyabr teraktları) dövründə və ondan əvvəl qəbul edilən edilən konstitusional düzəlişlər və hüquqi aktlar var. Məsələn Reyqanın 1988-ci ildə verdiyi 12656 saylı “executive order”i “milli təhlükəsizliyə təhdid” vəziyyətində bütün ölkə boyu hərbiləşdirməni özündə ehtiva edir. 2017-ci ilin avqustunda da prezident Donald Trump döyüş  meydanlarında istifadə edilən hərbi silah və texnikanın polis departamentlərinə verilməsi üzərindəki qadağanı ləğv etdi. Bu da, “ictimai nəzarət” adı ilə ölkənin bütün ştatlarında sərt hərbi-polis nəzarətini tətbiq etməyə icazə verir.

 

 

Səyahət azadlığı və turizmin heç bir zaman əvvəlki kimi olmayacağı düşünülür. Ən azı 2020-ci ili qlobal turizm üçün kollaps ili hesab etmək olar. Bir ölkədən digərinə səyahət üzərində geniş qadağaların adiləşəcəyi, iş və təhsil vizası almaq qaydalarının sərtləşdiriləcəyi yüksək ehtimaldır. Xarici qonaqlar xüsusi hallar istisna olmaqla “öz-özünü karantin” rejiminə tabe tutulacaq. “Açıq sərhədlər” adlanan o günlərin yerli əhalini əcnəbilərdən qorumaq üçün kəskin sərhəd-keçid nəzarət mexanizmləri ilə əvəzlənəcəyinin ilkin siqnalları artıq müşahidə olunur.

Distant təhsil və ya əksər sektorlarda distant iş rejimi müvəqqətidən daimi xarakterə keçəcək. Xüsusən təhsil alma məsələsində, amerikalı siyasi analitik Endru Koribko bildirir ki, qarşıdan gələn COVİD dünya düzəni həm də elitist təhsilin “Filldişi qəsri”nin (Fildişi qəsri – real, gündəlik həyatın praktik qayğılarından qopmuş bir şəkildə öz intellektual və estetik zövqlərini yaşamaq istəyən insanların özlərini xoşbəxt hiss etdiyi metaforik məkan) devrilməsinə səbəb olacaq {4}. Tələbələr arasında sosial distansiyanı qorumaq üçün ali təhsilin birdən-birə auditoriyalardan virtual “instruksiya”ya doğru yönəlməsi bütövlükdə təhsil institutunun cəmiyyət tərəfindən persepsiyalarında müəyyən dəyişikliklər doğurdu. Fiziki elmlərdə təhsil şəxsi təlim və öyrənməni zəruriləşdirsə də, “Fildişi qəsri” olaraq təsvir edilən anlayışın əsasını təşkil edən sosial və siyasi elmlər haqqında bunu deyə bilmərik. Bu sahələrdə təhsil, yüksək kvalifikasiyalı bir professorun mühazirələrinə qulaq asmaq, ondan davamlı olaraq tapşırıq və materiallar almaq, öyrəndiklərini auditoriya mühitində onunla müzakirə etməyi tələb edir. Lakin sosial distansiya şəraitində, tələbə müəllimin müharizələrinə qulaq asmaq və onunla diskussiyalara daxil olmaq əvəzinə, bunu etmək üçün öz evinin komfortlu bir hissəsindən Zoom kimi softveyrlərdən istifadə edir. E.Koribko bu tendensiya qarşısında “Fildişi qəsri”nin geri çəkiləcəyini, aşağı – keyfiyyətsiz təhsil nəticəsində qeyd edilən sahələrdə kvalifikasiyasız, akademik bacarıqlara tam yiyələnə bilməyən məzunlar kütləsinin ortaya çıxacağını vurğulayır.

“Forbes”dən Bernard Marr isə qeyd edir ki, post-Covid dünyası daha çox kontaktsız interfeyslər və interaksiyalar ilə xarakterizə oluna bilər. Belə ki, bu yeni dünyada biz daha az “touch screen”lərə, lakin daha çox səs interfeyslərinə, fəaliyyət və əməliyyatların kompüterlər, robotlar digər cihazlar tərəfindən vizual analizinə şahidlik edəcəyik. Bura avtomatlaşdırılmış yoxlanış, optik xarakterli tanıma və digər kontaktsız tətbiqatlar daxildir. Pandemiyadan əvvəl də, mobil cihazlar vasitəsilə kontaktsız ödənişin geniş yayılmasını gördük. Lakin pandemiyadan sonra insanların toxunmalı olan şeylərin sayını məhdudlaşdırmaq istəyi, dolayısı ilə fiziki kontaktdan yayınmaq daha geniş vüsət alacaq {5}.

Pandemiya şəraitində potensial yoluxmaların qarşısını almaq üçün “Big data” və “İoT” sistemindən istifadə edilməsinin daha yaxşı monitorinq imkanları verdiyi ortaya çıxdı. Kimin virusun simptomlarını daşıdığını, onların kimlərlə interaksiyada olduğunu izləmək üçün GPS data-dan geniş şəkildə faydalanılması onun effektivliyini göstərdi. Sözsüz ki, gələcək yoluxmaların qarşısının alınması və monitorinqi üçün bu sistemlərin tətbiqi həm də fərdin şəxsi məlumatlarının mühafizə edilməsini tələb edir.

Sosial distansiyanın dominantlığı kontekstində “tele-tibb”, yəni uzaqdan tibbi xidmətlərin və ya virtual tibbi konsultasiyaların genişlənəcəyi də bu “yeni dünya”nın xarakteristikaları arasında  vurğulanır.

Böyük idman yarışlarının koronavirus səbəbilə qeyri-müəyyən müddətə təxirə salınması e-sports, yəni virtual idman oyunlarına marağı xeyli dərəcədə artırıb. Peşəkar idmançılar rəqəmsal meydana enib. F1 yarışı, futbol, basketbol, reqbi, kriket və hokkey çempionatlarının da televiziyada e-versiyaları mövcuddur. Elektron idman hadisələrinin bir üstünlüyü də asanlıqla onlayn olaraq yayımlana bilməsidir.

Post-pandemiya dövründə insanların böyük izdihamlar və ya kiçik qruplar halında toplaşmasını qadağan edən sosial distansiyanın “tiraniya”sından bəhs edə bilərik. Fiziki distansiya tələbləri müvəqqəti olacaq olsa da, onların çox geniş sosial-iqtisadi implikasiyaları ilə işləmək və təhsil almaq tərzlərimizi dəyişdirəcəyini güman etmək olar.

Milli dövlətlərin nüfuzu müəyyən dərəcədə bərpa olunacaq. ABŞ başda olmaqla dünyanın öncül inkişaf etmiş ölkələrinin daha içinə qapalı və izolyasionist siyasət yürüdəcəyini güman etmək olar. Milliləşdirmə meyilləri güclənəcək. Hökumətlər “ən həyati sənaye sahələri”nə tam nəzarət etmək üçün genişmiqyaslı milləşdirmə addımları atacaq. Artıq, Britaniyada, bir neçə digər Avropa və Asiya ölkələrində təklif edildiyi kimi hava yolu şirkətlərindən başlamaqla tədrici milliləşdirmə prosesini müşahidə edə bilərik. Bu kontekstdə, analitiklər sosializm və faşizmə meyilli daha sərt iqtisadi modellərin yenidən meydana çıxmasından ehtiyat edir.

Əlbəttə, qeyd edilən ssenarilərin necə və hansı sürətlə həyata keçəcəyini tam dəqiqliklə söyləmək qeyri-mümkündür. Lakin onlardan bəzilərinin tədricən reallaşacağının işarələri artıq mövcuddur. Bəlkə də, COVİD-19 pandemiyası Rene və Jak Dübonun qeyd etdiyi kimi, dünya tarixində epoxal bölünmənin {6}, tədricən yeni bir planetar formasiyaya keçidin simvolu olacaq. Və ya Fukuyamanın mütləq zəfərini elan etdiyi liberal-demokratiya Çin tərzi partiya dövləti və Sinqapur tərzi texnokratiyanın kombinasiyası ilə əvəzlənəcək.

(Məqalənin birinci hissəsini oxumaq üçün TIKLA)

 

{1} - https://foreignpolicy.com/2020/03/12/coronavirus-killing-globalization-nationalism-protectionism-trump/

{2} – Duncan Clark – “Alibaba: The House that Jack Ma built”, An Imprint of Harper Collins Publishers, p.136

{3} - https://www.dailymail.co.uk/sciencetech/article-8214833/Whistleblower-Edward-Snowden-warns-citizens-privacy-suffer-coronavirus-over.html

{4}http://oneworld.press/?module=articles&action=view&id=1412&fbclid=IwAR3JuOCyV5vnSqn8teLsncj22aqet_RiZZjaAxBAOfPS0jwXs5TGmmIw7E8

{5} - https://www.forbes.com/sites/bernardmarr/2020/04/03/9-future-predictions-for-a-post-coronavirus-world/#454cbac95410

{6} – Jean Dubos – “The White Plague: Tuberculosis, Man and Society”, Kindle edition