Yuxarıya
skip to main content

ANKET SORĞULAR


Məlumat toplama metodları:

  • anket sorğusu
  • statistik analiz və məlumatların ikinci təhlili
  • strukturlu müşahidə

Anket sorğusu – əsasən qapalı suallardan (cavab variantlarının təqdim edildiyi) ibarət anketdən istifadə edilən məlumat toplama metodudur. Siyasi oriyentasiya, münasibətlər, inanclar və faktiki məlumat (məsələn, demoqrafik göstəricilər) tipli informasiyanı bu məlumat toplama metodu ilə əldə etmək üçün münasibdir. Anket sorğusu ən azı 4 qaydada aparıla bilər - üzbəüz, poçt, telefon və internet vasitəsilə. Bu bölgünün digər təsnifatı isə belədir: respondent tərəfindən təklikdə doldurulan anket (qiyabi sorğu) və anketçinin iştirakı ilə (birbaşa sorğu) aparılan sorğu.

Anket suallarının sayına məhdudiyyət olmasa da, təcrübələrə əsasən 35-40 sualdan ibarət anket adətən 15-20 dəqiqə davam edə bilər. Lakin bu, sorğunun üzbəüz, poçt, telefon və ya internet vasitəsilə aparılmasından əhəmiyyətli dərəcədə asılı olan haldır.

Anket sualları mövzular üzrə müəyyən bloklara bölünür. Blokların sayına dair də məhdudiyyət yoxdur. Anket sualları məzmununa görə isə belədir: şəxsin faktiki məlumatlarına dair suallar; şəxsi rəy və fikirləri öyrənən suallar; inanclar və mənsubiyyət; hansısa məsələyə münasibəti öyrənən suallar; müəyyən sahə üzrə bilik və məlumatlılıq səviyyəsini ölçən suallar. Suallar verilmə tərzinə görə birbaşa və dolayı (bilavasitə və vasitəli) kimi təsnifatlandırılır. Dolayı suallar əsasən həssas məsələlərin öyrənilməsində faydalıdır.

Struktur cəhətdən formallaşdırılmış və öncədən konkretləşdirilmiş mahiyyətə malik olduğundan anket sorğularının başlıca zəif cəhəti respondentin yalnız intervüçü üçün maraqlı olan məsələlər barədə danışa bilməsidir. Eynilə, intervüçü özü də sorğu vaxtı təzahür edən məqamları aydınlaşdırmaq, yaxud təfsilatları öyrənmək üçün əlavə suallar ünvanlaya bilmir.

Sorğunun tərtib edilməsində qızıl isə qayda belədir ki, hər bir sual hazırlanarkən, tədqiqatçı özünü respondentin əvəzində təsəvvür etməlidir – “bu sual mənə verilsə, necə cavablandırardım..?”.


Sosial Tədqiqatlar Mərkəzi