Post-pandemiya: Hara gedirik? (I hissə)
Hər şeydən öncə, biz koronavirusun təsir gücünə beynəlxalq sistem üzərində nəzər yetirməliyik. Bu, Avropada Otuzillik müharibədən sonra 1648-ci il Vestfaliya sülhü ilə ortaya çıxan və özünəməxsus sərhədləri ilə milli dövlətlər arasında dünyanın bölünməsinə əsaslanan bir sistem idi.
Tarixdə daha öncəki epidemiyalar kimi COVİD-19 üçün də milli sərhədlər qətiyyən bir əngəl deyil. Kultural kodekslərdən meydana çıxdığı söylənilən milli dövlətlər və sərhədlər təbiətdə baş verən bioloji dinamikalara gəlindiyi zaman heç də açıqlayıcı ya da müqavimət göstərici gücdə deyil. Ortaya çıxan ilkin həlledici sual koronavirusun qloballaşmanın dinamikalarını zəiflədib-zəiflətməyəcəyi haqqındadır. “Foreign Policy”də yayımlanan məqaləsində britaniyalı iqtisadçı Filipp Leqreyin COVİD-19-u qloballaşma üçün ölüm zəngi olaraq xarakterizə edir. Onun arqumentləri bütün dünyada vətəndaşlarını virusdan qorumaq üçün sərhədlərini ani bir şəkildə bağlayan milli dövlətlərin cavab reaksiyalarından irəli gəlir. Hətta bəzi dövlətlər öz hüdudları daxilində belə ölkənin müxtəlif ərazilərini bir-birindən təcrid etdilər. Məsələn, İtaliya ölkənin şimalını mərkəzi və cənub bölgələrindən, Filippin isə paytaxt Manilanı digər regionlardan tam təcrid etdi.
Məsələnin təbiətinə beynəlxalq münasibətlər kontekstində diqqət yetirsək onu görərik ki, insan növü digər başqa bir növün deyil, bir virusun hücumuna məruz qalıb. Bu, ideoloji yaxud da millətçi səbəbə görə bir-birini əzməyə çalışan iki insan qrupu arasında yaşanan bir hal da deyil. Ona görə də, insanlar pandemiyaya siyasi olaraq deyil, hər şeydən öncə, bioloji olaraq cavab verirlər. Başqa gözəgörünməz bir submikroskopik orqanizmin hücumu qarşısında əsas hərəkət motivimiz sağ qalmağa çalışmaqdır. Pandemiya qarşısında bir vaksinə sahib olmadığımız üçün bir antilopun şirdən qaçması kimi, biz də virusdan qaçmalıyıq. Düşmənini məhv edəcək gücə sahib deyilsənsə, ya qaçmalı, ya da gizlənməlisən. Gigiyenik qaydalara müntəzəm riayət, sosial distansiyanı qorumaq və tibbi-qoruyucu vasitələrdən istifadə bizim bu qaçışımızda yardımçı alətlərimizdir.
Bu kontekstdə, mühüm olan amil mübarizəni siyasiləşdirməməkdir. Məsələn, virusun öz dininin həqiqətini təsdiq etdiyini bildirən bir müsəlmanın və ya azad testinq kitlərinin yaxud buna oxşar təşəbbüslərin hökumət tərəfindən distribusiyasının sosializmin doğruluğunu sübut etdiyini vurğulayan bir sosialistin düşüncəsində olmamaq zəruridir. Bu yanlış yanaşmalara qarşı özümüzü vətəndaşlar, liberallar, sosialistlər, müsəlmanlar, xristianlar, yəhudilər yaxud başqa bir dinin (ya da ideologiyanın) nümayəndələri olaraq deyil, pandemiyaya reaksiya verən “Homo Sapiens”lər olaraq dərk etməliyik.
Koronavirusun siyasi təsirlərini təhlil edən müxtəlif yanaşmalar var. Onlardan bəziləri virusun qloballaşmanın təməlini sarsıtdığını vurğulayarkən, digərləri texno-iqtisadi və hərbi güclənməyə milyardlarla dollar yatıran modern milli dövlətlərin də öz vətəndaşlarını qoruya bilmədiyinin aşkara çıxdığını qeyd edir. Başqa sözlə, COVİD-19 modern milli dövlətlərə olan sayğının itməsi ilə nəticələnib.
Mövcud pandemiya üzərində ictimai diskussiyalar dünyanın müxtəlif regionlarına görə fərqliləşir. Türkiyə, Hindistan və İran kimi ölkələrdə ictimai debatlar zamanı din və elm arasındakı münasibətə istinad edilir. “New-York Magazine”-in analitiki Ed Kilqor bildirir ki, COVİD-19 təşkilatlanmış dinin gücünü test edir və nəticədə insanlar pandemiyanın sona çatmasından sonra izdihamlı dini rituallara kəskin şübhə ilə yanaşa və bu da inanclı insanların daha fərdiyyətçi inanc formasına meyillənməsinə gətirib çıxara bilər.
Qeyd edilən debatlar həm də din və elm arasındakı nəzəri münasibətlər ətrafında da formalaşır. Türkiyə və İran kimi ölkələrdə virusun meydana çıxması ilə törəyən arqumentlər xüsusən də, daha gənc nəsil arasında dinin xalq arasında nüfuzunun aşağı düşməsi ilə nəticələnib. Məsələn, xəstəliklərin inanc əsaslı müalicəsi haqqında çıxışlar edən tanınmış din xadimi Abbas Təbrizian gənc iranlılar arasında gülüş obyektinə çevrilib.
Koronavirus qarşısında ənənəvi mövqeyə sahib dini xadimlərinin öz missiyalarını müəyyən edə bilmədikləri aşkar bir reallıqdır. Qərb dünyasında elmlə konfliktlərini çoxdan tərk edən Xristianlığın tanınmış simaları “elmi tövsiyə dini tövsiyədir” deyərək üzərlərinə düşən çətin məsuliyyətdən xilas olmağa çalışırlar.
Hansı dinə mənsub olmalarından asılı olmayaraq, Papa Fransiskin öz-özünü təcrid etməsi və boş Müqəddəs Pyotr meydanında dini ayin icra etməsi, Məkkə və Mədinə kimi İslamın ən müqəddəs yerlərinin ziyarətə bağlanması şübhəsiz ki, gənc insanların yaddaşında silinməz bir iz qoymaqla yanaşı, onların gözündə dinin təməl gücsüzlüyü və daxili atrofiyasını da aşkara çıxarmış olacaq. Halbuki, XIV əsrdə əsasən də, Avropanı vuran “qara ölüm” – taun pandemiyası zamanı din xadimləri bu xəstəliyi Allahdan “şəhidlik və inayət” olaraq dəyərləndirməklə, insanları ölümdən qorxmamağa, spiritual dirayət və əzm nümayiş etdirməyə çağırırdı. Lakin indiki halda, koronavirus pandemiyası qarşısında üç böyük səmavi dindən – İslam, Xristianlıq və İudaizm – heç bir tanınmış din xadimi bəşəriyyətə bu formada “Ey, insanlar” deyə xitab edə bilməyib. Bütün görüşlərində qərbliləri pozitivliyə səsləyən “Asiyalı Musa” - Dalai Lama da susqunluq içərisindədir. Böyük dinlərin söyləyə bildiyi əsasən “sosial distansiyanı qorumaq və evdə qal”dan ibarətdir. Lakin, mayın əvvəllərində elan edilən bir petisiya ən azından Katolisizm daxilində susqunluğu pozdu. Belə ki, may ayının 7-də keçmiş Papalıq elçiləri (papal nuncio) arxiyepiskop Karlo Maria Viqano, kardinallar Gerhard Lüdviq Müller, Jozef Zen, Robert Sara və Yannis Puyats-ın imzaladıqları, daha sonra 8 yepiskop, 3 keşiş, 21 jurnalist, 11 tibb doktoru, 13 hüquqşünas, 12 müxtəlif qruplar və assosiasiyaların da qoşulduğu “Kilsə və dünya üçün” adlı petisiyada COVİD-19 pandemiyasının hökumətlər tərəfindən dünya xalqlarına total nəzarət, onları təməl vətəndaş hüquqlarından məhrum etmək üçün bir bəhanə kimi istifadə edildiyi bildirilir.
Koronavirus pandemiyasının yayılması kontekstində qəbul edilən karantin rejimləri ilə bağlı onlar qeyd edirlər ki, fərdlərin vətəndaş azadlıqlarını məhdudlaşdırmaq, onlara tam nəzarət və hərəkətlərini daimi müşahidə altında saxlamaq məqsədilə dünya xalqları arasında qorxu və panika yaratmaqda maraqlı olan qüvvələr var. Petisiyada qeyd edilir: “belə qeyri-liberal rejimlərin qəbulu və diktə edilməsi bütün nəzarət mexanizmlərindən tamamilə kənar bir dünya hökumətinin realizasiyası üçün bir başlanğıcdır”.
Kardinallar vurğulayır ki, Allahın yolundan sapmayan, inanclı insanlar mövcud böhranı həvarilərin işığında dərk etməlidir: “Bu o deməkdir ki, ya İsa ilə birlikdəyik, ya da ona qarşıyıq. Bizim azlıqda olduğumuzu təlqin etməyə çalışanların təhdidlərindən qorxmamalıyıq. Xeyir onların bizi inandırmağa çalışdığından daha hüdudsuz və güclüdür. Biz vətəndaşları bölməyə, uşaqları valideynlərindən, nəvələri nənə-babalarından, inanclıları ruhanilərdən, tələbələri müəllimlərdən, müştəriləri satıcılardan ayırmağa çalışan gözəgörünməz düşmənə qarşı savaşmalıyıq.”
Məhz buna görə də, qeyd edə bilərik ki, İran və Türkiyə kimi ölkələrdə inanc və din arasında böyük konseptual parçalanma meydana çıxa bilər. Biz artıq öz inancını qoruyacaq lakin təşkilatlanmış və institutlaşmış dindən özünü uzaq saxlayacaq bir nəslin işarələrini görməkdəyik.
Tarixi presedentlərə əsasən onu söyləmək olar ki, planetar miqyas alan bir pandemiyanın özündən sonra ciddi sosial-iqtisadi implikasiyalar və kardinal dəyişikliklər meydana çıxaracağı şübhəsizdir. 1347-1353-cü illərdə əsasən Avropanı vuran “qara ölüm” adlandırılan “Taun” pandemiyası köhnə qitənin gələcək tarixində sivilizasional dəyişikliklərə səbəb oldu. Bu dəyişiklikləri belə sıralamaq olar: 1. Avropada anti-semit dözümsüzlük mədəniyyətinin ilkin rüşeymləri meydana çıxdı. Əhalisinin xeyli hissəsinin tələf olduğu Avropada insanlar epidemiyaya görə bir günah keçisi axtarırdılar. Xüsusən də, Almaniyada taundan daha əvvəl də, mövcud olmayan təhdidlərin “təqsirkar”ını aradan qaldırmaq bəhanəsi ilə yəhudilərə qarşı poqromlar təşkil edilirdi. Taun dövründə bu poqromlar daha da artdı. 600 il sonra məhz həmin bölgələrdə Holokost başlamışdı. 2. “Qara ölüm” pandemiyası Protestant Reformasiyasını da alovlandırdı. Qeyd edilən pandemiya və ondan sonrakı xaos Qərb Xristianlığı – Katolisizm daxilində böyük sxizmaya (parçalanma) səbəbiyyət verən ən əsas faktorlardan biri idi. Belə ki, bu xəstəlik Katolik Kilsəsi daxilində ali zümrənin xeyli hissəsinin tələf olması və onların postunun məziyyətsiz, daha az təcrübəli din xadimləri tərəfindən tutulması ilə nəticələnmişdi. “Böyük Sxizma” və Kilsə iyerarxiyası daxilində korrupsiya Protestant Reformasiyasını doğurdu. 3. Taundan sonra ilk dəfə İngiltərədə “orta sinif” məfhumu meydana çıxdı. İngiltərədə bu xəstəlik yayılmağa başlayanda insanların böyük əksəriyyəti kənd təssərüfatında çalışırdı. Pandemiyanın çox sayda kəndlinin ölümünə səbəb olması əməyin dəyərinin artıq əvvəlki kimi ucuz olmayacağı anlamına gəlirdi. İnsanların iş seçimləri birdən-birə genişləndi. Daha çox məvacib almaqdan əlavə, kəndlilər ölmüş yaxınlarının mal-mülkünü miras almaqla xeyli varlandılar. Qısa müddət ərzində İngiltərədə alıcılıq qabiliyyəti yüksək olan orta sinif formalaşdı. 4. Taun pandemiyası həm də xəstəxanaların fundamental olaraq dəyişməsinə yol açdı. Pandemiyaya qədər Avropada xəstəxanalar tibbi xidmət müəssisələri kimi deyil, əsasən əsrimizin hotelləri – mehmanxanalar kimi fəaliyyət göstərirdilər. İtaliyada, Florensiyadan başlayaraq “orta əsr xəstəxanalarının tibbiləşməsi” 1340-1350-ci illərə təsadüf edir. İntibah dövründə isə xəstəxanalar müxtəlif xəstəliklər üzrə daha da ixtisaslaşdı. 5. Əksər tarixçilərə görə, “qara ölüm” latın dilini bilən və bu dildə dini ayinlər icra etməyə qadir olan ruhanilərin sayını disproporsional şəkildə azaltmaqla ingilis dilinin dominantlığını sürətləndirdi. 6. “Karantin” anlayışı ilk dəfə bu dövrdə, İtaliyada meydana çıxdı. “Quaranta” sözündən qaynaqlanan bu anlayış tauna yoluxmuş xəstələrin 40 gün ərzində özünü sağlam adamlardan təcrid etməsi praktikası ilə bağlı idi. Xəstələri sağlamlardan izolyasiya etmək konsepti “qara ölüm”dən əvvələ aid olsa da, “karantin” termini mənşəyi etibarilə bu dövrdə meydana çıxdı. 7. “Yoluxucu xəstəlik” nəzəriyyəsinə yol açan da məhz bu pandemiya oldu. Belə ki, taun pandemiyası ilə Avropa ictimaiyyəti “ruh halları”nın xəstəliklərin səbəbi olmadığını dərk etdi. Böyük sayda insanların sürətlə xəstələnməsi və dünyasını dəyişməsi bir fərdin sağlamlığına nəzarət edən 4 bədən axını – ruh halı (melanxolik, fleqmatik, xolerik və sanqvinik) haqqında Yunan konseptinin əhəmiyyətini itirməsi ilə nəticələndi. “Yoluxucu xəstəlik” nəzəriyyəsi tədricən amma qəti şəkildə qəbul edildi. Lakin yalnız 1546-cı ildə Avropada “tibbi isteblishment” bu nəzəriyyəni tam şəkildə dəstəkləməyə başladı. 8. Mövcud mülkiyyət qanunlarının bazisi də məhz həmin dövrdə ortaya çıxdı. Milyonlarla insanların ölümünə və ailələrin parçalanmasına səbəb olan “qara ölüm” sağ qalanlar arasında kimin mülkiyyət və varislik hüququna sahib olması uğrunda kəskin münaqişələr ortaya çıxardı. Bu hüquqi dilemmalar bugünədək mülkiyyət qanunlarında əks olunan müxtəlif presedentlərin yaranması ilə nəticələndi.
Taun pandemiyasının meydana çıxardığı bu dəyişikliklər perspektivindən yanaşaraq, iqtisadi qloballaşma, kapitalın və datanın yüksək moblilliyi, multikulturalizm, milli dövlətlər və sərhədlər anlayışının əhəmiyyətsizləşdirilməsi, hüdudsuz bio-texnoloji inkişaf, mobil, hiper-interaktiv texno-gizmolar və digər başqa fenomenlər ilə səciyyələnən XXI əsr dünyası üzərində COVİD-19 pandemiyasının da sosial, iqtisadi, mədəni, habelə geo-iqtisadi və geo-siyasi implikasiyalara səbəb olacağını, modern insanın bir çox vərdişlərinin dəyişəcəyini düşünmək olar.
Sübhan Padarsoy
Bakı Dövlət Universitetinin tarix fakültəsi məzunu, modernizm sosiologiyası üzrə tədqiqatçı, "Modernizm əsri və insan", "Entropik dünya" kitablarının müəllifidir.