SSRİ-də dini fanatizmə qarşı mübarizə metodu – Yeddinci yazı / Araşdırma
SSRİ-nin islama qarşı mübarizəsinin III mərhələsi (1965-1985) III dönəmdə Dini Ayin İşlər Şurasının fəaliyyəti
Sovet hökumətinin antiislam mübarizəsinin intibah dövrü hesab edilən bu dönəmdə dinə qarşı inzibati və güc yolu ilə mübarizə respublikanın rayon və kəndlərində genişmiqyaslı təbliğat kampaniyası ilə dəstəklənmişdi. Respublika seminar yığıncaqlarında rayon və şəhər icraiyyə komitəsinin nəzarət komissiyasının nümayəndələrinin üzərinə sovet dini qanunvericiliyinə nəzarətlə bağlı qoyulan məsuliyyətin tələbləri daha da sərtləşdirilmişdi. Bir çox rayon, şəhər icrakomlarının dini qanunvericiliyə riayət olunmasına nəzarət işlərini müasir tələblərin səviyyəsinə qaldırması qarşıya qoyulan əsas məsələlərdən biri idi. 1968-ci ildə Azərbaycan SSR-də faktiki 59 müsəlman birliyi fəaliyyət göstərirdi. Bunlardan da 16 qeydiyyata alınmış müsəlman birliyi inanclıların istifadəsinə pulsuz verilmişdi, 43-ü isə (32-sinin ibadət binası yox idi, 11-i isə daimi fəaliyyət göstərirdi) qeydiyyata alınmamışdı. İstifadə edilməyən 62 ibadət binası var idi. Aparılan araşdırma göstərir ki, qeydiyyatsız məscidlər öz fəaliyyətləri ilə qeydiyyata alınmış məscidlərdən heç nə ilə fərqlənmirdi. 1970-ci ildə Azərbaycan SSRİ-də 44 fəaliyyətdə olan qeydiyyata alınmış dini bina fəaliyyət göstərirdi. Buraya Nardaran qəsəbəsində Maştağa məscidinin filialı ilə birlikdə 17-i müsəlman məscidi, 4-ü rus-provaslav, 2-i erməni-qriqoryan kilsəsi, 3-ü yəhudi sinaqoqu, 6-ı yevangel-xristian-baptist birliyi, 9-u xristian-molokan ruhani birliyi, 1-i yevangel ruhani xristian, 1-i 7 günlük adventist birliyi və bir də Göy İmam məscidi daxildir. Bu dövrdə bütün fəaliyyət göstərən dini birliklərdə 140 din xidmətçisindən 95-i müsəlman ( 71 şiə, 24 sünni), 15-i rus-pravoslav, 5-i erməni-qriqoryan, 6-ı yəhudi, 19-u sektantlardan ibarət idi. Azərbaycanın 70 rayonundan 40-da, 8 şəhərindən 3-də ümumilikdə 553 qeydiyyatsız din xidmətçisi qeydə alınmışdı. Bunlardan 496-ı müsəlmanlara, yerə qalanları isə digər dinlərə məxsus idi.
Azərbaycan SSR-də 70-ci illərdə dini aktivliyin dinamikası
1972-ci il üzrə ölkədə dindarlığın səviyyəsinə dair apardığımız tədqiqatlar göstərir ki, bu dövrdə şiə axundları kollektiv ibadət qaydalarına riayət etmirdilər. Belə ki, məscid onlar üçün təkcə ibadət yeri deyil, həm də görüş və əsas dünyəvi söhbətlər üçün xüsusi bir məkan idi. Bu dövrdə sünnilik islamın əsas qolundan hesab edilirdi və onlar yalnız şiələrin üstünlük təşkil etdiyi İran, Yəmən və Cənubi İraqda azlıq təşkil edirdilər. Azərbaycan və Dağlıq Tacikistanı çıxmaq şərtilə SSRİ-də müsəlmanların böyük əksəriyyətini sünnilər təşkil edirdi. Şiələrdən fərqli olaraq sünnilər Orucluq və Qurban bayramını geniş qeyd edir, daha çox isə məhərrəmlikdə yüksək aktivlik nümayiş etdirirdilər. 1971-ci ildə 17 müsəlman məscidi və qeydiyyata alınmış 146 din xidmətçisi fəaliyyət göstərirdi. Respublikanın 49 rayonunda və 3 şəhərində qeydiyyatsız din xidmətçilərinin sayı 632 nəfər idi. Bunlardan 575-i müsəlman, yerdə qalanları isə digər dinlərin xidmətçiləri idi. Qeydiyyatsız müsəlman din xidmətçilərinin 85%, sektant ruhanilərinin 99%-nin yaşı 60-dan yuxarı idi. Böyük əksəriyyətinin isə (589) ruhani təhsili yox idi. Ölkədə qeydiyyatsız 46 müsəlman, 57 sektant dini birliyi var idi. Müsəlman birliklərindən 12 boş məscid binasında qeydiyyatsız müsəlman birlikləri müntəzəm, 34-ü isə vaxtaşırı, daha çox dini bayramlarda, xüsusilə də məhərrəmlikdə fəaliyyət göstərirdi.
1972, 1973 və 1974-cü illərdə də Azərbaycan SSR-də 17 müsəlman məscidi və digər dinlərə məxsus olan dini birliklər öz varlığını qoruyub saxlamışdı. 1973-cü ildə fəaliyyət göstərən 142 dini birlikdən 99-u qeydiyyata alınmamışdı. Dini birliklər, din xidmətçiləri və müqəddəs yerlərin böyük əksəriyyəti müsəlmanların payına düşürdü. 17 müsəlman birliyi qeydiyyatlı, 46-sı isə qeydiyyatsız şəkildə fəaliyyət göstərirdi. 660 din xidmətçisinin 607-i müsəlmanlardan ibarət idi. Bu azalma şəxsiyyətə pərəsətiş dövründə dindarların amansız təqiblərə məruz qalması və əhalinin qorxudulması yolu ilə dindarlığın insanların daxilinə qovulmasının nəticəsi sayıla bilərdi. İnzibati amirlik, partiya və hökumətin apardığı elmi ateizm tərbiyəsi Azərbaycan SSR-də təkcə kəmiyyət deyil, eyni zamanda, keyfiyyət dəyişikliyi ilə müşayiət edilmişdi. Yəni dindarların sayının azalması ilə bərabər, getdikcə onların baxışları və dinə olan münasibəti də dəyişikliyə məruz qalırdı. Partiya və sovet orqanlarının 70-ci illərin əvvəllərində əhali arasında tərbiyəvi ateist işlərinin və dini qanunvericiliyinə riayət olunmasına nəzarətin artırılması nəticəsində son üç ildə əsas dini istiqamətlərdən gələn gəlirlər bir qədər stabilləşmişdi. Əgər 1974-də ZMRİ-yə məscidlərdən 104 879 rubl daxil olmuşdusa, 1975-də bu rəqəm 81 157 rubla, 1976-da 79 294, 1977-ci ildə isə 77 794 rubla enmişdi. Bu azalmanın bir səbəbi isə Göy İmam məscidinin gəlirlərinin ZMRİ-yə daxil olmaması ilə əlaqədar idi. Sovet hökumətinin 1944-cü ildə başlatdığı qeydiyyata alınma prosesi səbəbindən vaxtilə Azərbaycan SSR-də fəaliyyət göstərən mindən çox məsciddən cəmi 17 ibadət evinin qalması açıq-aşkar rejimin inzibati təzyiqlərinin nəticəsi hesab edilə bilər. Respublikada yerli partiya və sovet orqanları yerlərdə dini hisslərin məqsədli şəkildə qızışdırılmasından ehtiyat edərək məsciddə zərərli fəaliyyətə qarşı tədbirlər görür, qanun pozuntusu aşkalandıqda dərhal məscidlərin bağlanılması və əmlakının müsadirə olunması ilə bağlı göstəriş verirdilər. Buna baxmayaraq müqəddəs yerlər öz fəaliyyətlərini müxtəlif formalarda davam etdirirdilər. Qeydiyyatsız dini müsəlman birliklərinin əhaliyə təsiri hələ də güclü olaraq qalmaqda idi. Keçmiş illərdə olduğu kimi Abşeron, Astara, Cəlilabad, Masallı, Culfa, Lənkəran, Xaçmaz və digər rayonların kəndlərində özbaşına mollalar məhərrəmlik matəminə həsr olunmuş dini məclislər təşkil edərək fanatizmi yaymaqda davam edirdilər. Hətta respublikanın bəzi yerlərində ruhanilər qəbiristanlıq və dəfn xidmətlərini öz əllərinə almışdılar. Ağdaş, Ağsu, Yevlax, Quba, Xaçmaz, Şəki və digər rayonlarda qəbiristanlıqlar 1972-ci ilə qədər dindarların əlində cəmləşmişdi. Şura və administrativ orqanları tərəfindən Bakıda keçirilən reydlər nəticəsində mərkəzdə də bu cür şarlatan elementlər ifşa edilmişdi. Qəbiristanlıq və dəfn xidməti tamamilə yerli sovet orqanlarının idarəçiliyində olduğundan dindarların bu işə müdaxiləsi yolverilməz idi və sovet dini qanunverciyiliyinin kobud şəkildə pozulması anlamına gəlirdi. Təkcə 1971-ci ilin dekabrda Bakının müsəlman qəbiristanlığı yerləşən Yasamal (Oktyabr) rayonunun ərazisində fırıldaqçılıqla məşğul olan və qeyri-qanuni fəaliyyət göstərən 24 molla cərimələnmişdi. Culfanın Bənənyar kəndində uşaqlara quran öyrətmək üçün gecə məktəbi təşkil etdiyinə görə bir molla həbs edilmişdi. Analoji faktlar başqa rayonlarda da qeydə alınmışdı. Yerli sovet orqanları respublika siyasi orqanları və Şura ilə birgə rayonlarda dindarlığın qarşısının alınması istiqamətində sistematik tədbirləri davam etdirirdilər. Belə ki, sözügedən dövrdə yalnız qeydiyyata alınmış mollalardan gəlir vergisi tutulurdu. Bu isə özlüyündə qeydiyyatsız din xidmətçilərinin vergiyə cəlb edilməsi məsələsinin də diqqətə saxlanılması zərurətini ortaya qoyurdu. Azərbaycan ərazisində olan 440 müqəddəs yerdən əksəriyyətinin fəaliyyəti lokal xarakter daşıyırdı, ziyarətçiləri çox deyildi. Belə yerlərin 400-dən çoxu müsəlmanlara aid idi və yalnız Göy İmam məscidi qeydiyyata alınmışdı. Qubada 10 müqəddəs yerin və qeydiyyatsız din xidmətçilərinin fəaliyyətinə son qoyulmuşdu. 23 iyun 1972-ci ildə Azərbaycan SSR yüksək rəyasət heyəti şurasının iclasında Şura “Quba və Şəkidə dini qanunvericiliyə nəzarətin durumu” hesabatı ilə çıxış etmişdi. Dini qanunvericiliyin pozulması faktlarının aşkarlanması barədə dövrün respublika qəzetlərində də materiallar dərc olunmuşdu. Bəzi dini obyektlərdə aktivliyin və ziyarətçi sayının azalmasında respublika təşkilatları və yerli orqanların gördüyü tədbirlər, cəmiyyət təşkilatlarının əhali arasında sovet və tərbiyəvi ateist işləri və din haqqında qanunvericiliyə nəzarəti effektiv nəticə verir, qeydiyyatsız dini binaların və ruhanilərin fəaliyyətində tədricən zəifləmə müşahidə edilmişdi. Buna nümunə kimi Qaxda gündəlik sistematik nəzarət və profilaktik tədbirlər nəticəsində ziyarətlərin sayının azalmasını, Cəlilabadın Kazımabad kəndində qeyri-qanuni dini tikilinin aşkar edilərək kənd məktəbinin kitabxanası, Qubanın Tüllər kəndində isə qanunsuz dini binanın ilk tibbi yardım məntəqəsi kimi istifadəyə verilməsini göstərmək olar.
Bütövlükdə, respublikanın 70 rayonunda konfranslar təşkil edilmişdi. Bu konfranslarda Şura və onun aparat işçiləri “Sovetin dini ayinlər haqqında qanunvericiliyinə” dair hesabatlarla çıxış edirdilər. 1971-ci ilin II yarısından 1972-ci ilin I yarısına qədər Şuranın aparat işçiləri yerli sovet orqanlarına birbaşa kömək göstərmək, qanunvericiliyin yerinə yetirilməsini nəzarətdə saxlamaq üçün 100 gün respublika rayonlarında səfərdə olmuşdular. Şura, yerli sovet orqanları və dini qanunvericiliyə nəzarət komissiyaları təkcə müsəlman deyil, eləcə də Azərbaycanda qeydiyyatsız sektant, erməni, xüsusilə də kilsə şurasının tərəfdarları olan yevangel xristian baptist birliklərini də nəzarətdə saxlayırdı. 1973-cü ildə erməni-qriqoryan din nümayəndələri Şəki, Xanlar, Ağdərə və digər rayonlarda aktivləşərək erməni əhali arasında dini hissləri alovlandırmağa cəhd etmişdilər. Bu səbəblə də dini əməliyyatlar təkcə bölgələrdə deyil, mərkəz Bakıda da gücləndirilmişdi. Yerli hakimiyyət orqanları belə qrupların qeydiyyatla bağlı müraciətlərinə məhəl qoymurdular. Belə ki, Bakıda Nərimanov rayonunda 150 nəfərlik böyük qrupun qanunsuz dini fəaliyyətinə son qoyulmuşdu. Analoji tədbirləri Gəncə, Goranboy, Xanlar, Şamaxı, Sumqayıt rayonlarına da şamil etmək olar. Qanunsuz dini fəaliyyətin təşkilatçısı bu işə uşaqları cəlb etdiyi üçün cərimə olunmuş və 5 il azadlıqdan məhrum edilmişdi. Bundan başqa Gəncədə yevangel-xristian-baptistlərin “Pentikostallar” birliyi yaratmaq cəhdlərinin qarşısı uğurla alınmışdı.
1975 və 1976-cı illərdə fəaliyyət göstərən 94 qeydiyyatsız dini birliyin 46-sı müsəlmanlara məxsus idi. Bunlardan da ikisi müntəzəm, 34-ü böyük bayramlarda, xüsusilə də məhərrəmlikdə fəaliyyət göstərirdilər. Dini Şuranın gördüyü tədbirlər nəticəsində 1975-də üç qeydiyyatsız dini icmanın fəaliyyətinə son qoyulmuşdu. 1976-da qeydiyyata alınmamış 576 din xidmətçisindən 526-ı özünü molla kimi təqdim edən şəxlərdən ibarət idi. Bu dövrdə qeydiyyatsız ruhanilərə, fanatizm və xurafatçılıqla məşğul olan şarlatanlara qarşı mübarizədə ən effektiv mübarizə metodu kimi əhali arasında ateist təbliğatının və dini ayinlərin yerinə yetirilməsinə görə, ruhanilərin gəlir vergisinə cəlb edilməsi prosesində prinsipiallığın artırılması qarşıya qoyulmuş əsas hədəflərdən biri idi. Çünki 1975-ci ildə respublikada fəaliyyət göstərən 608 qeydiyyatsız din xidmətçisindən yalnız 34-dən gəlir vergisi tutulmuşdu. Son dörd ildə əhali arasında dini fanatizmi yayaraq bundan öz məqsədləri üçün istifadə edən 22 molla sovet dini qanunvericiliyini pozduğu üçün həbs edilmişdi. 1971-1974-cü illərdə isə ümumulikdə 66 din xidmətçisi məsuliyyətə cəlb edilmişdi. Həmin illərdə 116 insan gəlir vergisinə cəlb edilmişdi. Araşdırmalar nəticəsində respublika üzrə özünü din xidmətçisi kimi təqdim edərək qanunsuz fəaliyyət göstərən 600 nəfər qeydə alınmışdı. Bu faktın özü birbaşa qeydiyyatsız ruhanilər haqqında aydın təsəvvür yaratmağa imkan verir. Bunu nəzərə alan yerli və administrativ sovet orqanları ilk növbədə əsas diqqəti qanun əleyhinə fəaliyyət göstərən, müqəddəs yerlərdə, qeydiyyatsız ibadət evlərində, qəbiristanlıq və müxtəlif inanclıların evlərində dini həyatın davam etdirilməsində aktiv iştirak edən qeydiyyatsız din xidmətçilərinə yönəltmişdilər. Fanatizmi yayan və sovet qanunlarına hörmət etməyən 7 nəfər insanlardan pul yığdığına görə məhkum edilmişdi.
1971-1974-cü illərdə 17 müqəddəs yerə zəvvarların ziyarətinin (Qubada Soltan-Xalaç, Ağbil Baba pirinə, Gəncədə Qorxum, Ağdaşda isə Hacı Baba pirinə və.s) və 11 yeni müqəddəs yerin açılması cəhdlərinin qarşısı alınmışdı. 1976-cı ildə Cəbrayıl, İsmayıllı, Qubada üç müqəddəs yer, İsmayıllıda isə 50-ci illər adlanan qrup öz sovet hökumətinin təzyiqləri fonunda fəaliyyətini dayandırmağa məcbur olmuşdu. Sovet və administrativ orqanların belə müqəddəs yerlərdə dini fanatizm və xurafatın qarşısını almaq məqsədilə gördüyü aktiv tədbirlər nəticəsində 1976-cı ildə qeydiyyatsız 476 müsəlman din xidmətçisindən 7-i yaşadığı yeri tərk etmiş, 6-ı dini fəaliyyətini dayandırmış, 3-ü qeydiyyata alınmış, 21-i isə dini fəaliyyətindən şəxsi məqsədləri naminə yararlandıqları üçün təqsirləndirilmişdi. Araşdırmalar göstərir ki, bu cür ruhanilər arasında xurafatın genişlənməsi daha çox onların təhsilsiz olmasından qaynaqlanırdı. Məscidlərin fəaliyyətinə dair apardığımız tədqiqatlar göstərir ki, dini təsisatların sayının azalması ilə bərabər, bu yerlərə gələn inanclı insanların tərkibi də əsaslı surətdə dəyişmişdi. Beləliklə, sözügedən dövrdə 523 qeydiyyatsız din xidmətçisindən 432-si savadsız idi və yalnız 8-i yüksək təhsil almışdı. 165 qeydiyyat alınmış ruhanidən isə cəmi 10-u yüksək təhsilli, 9-u orta, 12-i ilkin ruhani təhsili almışdı, 134-ü isə ümumiyyətlə savadsız idi. Həmin dini fəalların 92%-nin yaşı 60-dan yuxarı idi.
1977-ci ildə müsəlmanlara məxsus 371 müqəddəs yeri qalmışdı, 12 müsəlman məscidi və 1 müqəddəs yerin varlığına isə son qoyulmuşdu. Dəvəçi, Quba, Qəbələ, Lerik, Füzuli, Şamaxı, Xocavənd (Hadrut) və Xaçmazın kəndlərində bir sıra pirlər dağıldılmışdı. Sadəcə inanclıların yaddaşında müqəddəs yer kimi qalan pirlərə isə inanclılar çox nadir ziyarət edirdilər. Buna baxmayaraq sovet hökuməti sözügedən müqəddəs yerləri əhali arasında xurafatın yayılması baxımından potensial mənbə hesab edirdi. Məhz bu üzdən də Şuranın aparat işçiləri dini birliklərinin ruhaniləri ilə tez-tez görüşlər keçirirdi. Aydın məsələdir ki, dindarlara ideoloji-siyasi təsirin ən effektiv formalarından biri də məhz belə görüşlər idi. Bəzən bu təsirlərə dözməyən ekstremistlərin hərəkətlənməsi baş verdikdə Şura yerli və administrativ orqanları qanun çərçivəsində təcili sərt tədbirlər görməyə çağırırdı.
Bu dövrdə hətta müxtəlif sovet və administrativ orqanların təmsilçilərinin fəaliyyətində ultra ateizm elementləri təzahür edir, inanclı vətəndaşların haqları pozulurdu. Dini qanunvericiliklə bağlı təbliğatı olduqca faydalı hesab edən Şura məhz bu siyasət nəticəsində sovet orqanlarının təmsilçilərinin daha çevik mövqe ortaya qoyduğunu düşünürdü. Şuranın nümayəndələri bölgələrdə dini qanunvericiliyi və ona riayət olunmasını təftiş etmək məqsədilə 70-ci illərdə xüsusilə də Gəncə, Quba, Qusar, Qazax, Xaçmaz, Şamaxı və Azərbaycanın digər rayonlarında yoxlamalar keçirirdilər. Bu müsabiqələrin əsas mövzusu yeni konstitusiya və vicdan azadlığı layihəsi, sovet dini qanunvericiliyinin və sovet cəmiyyətinin iqtisadi, siyasi və mədəni bölgələrdə əldə edilən nailiyyətləri haqqında olurdu. Beləliklə, görülən tədbirlər nəticəsində şəhər, rayon icraiyyə komitələrinin dini qanunvericiliyə riayət edilməsi ilə bağlı nəzarət komissiyasının fəaliyyəti 60-cı illərlə müqayisədə 70-ci illərin sonlarına doğru bir qədər yaxşılaşmışdı. Düzdür, 70 rayondan yalnız 42 rayon və şəhərdə xalq deputatları soveti icraiyyə komitələri dini qanunvericiliyə riayət olunmasına nəzarət məsələsi ilə bağlı görüşləri nəzərdən keçirmişdilər. Buna baxmayaraq Gəncə, Sumqayıt və Əlibayramlı rayon icariyyə komitələri, Tərtər, Bakının Yasamal rayonu, Xaçmaz və digər rayon icariyyə komitələri daha çevik və aktiv fəaliyyət nümayiş etdirmişdilər. Əlibayramlı rayon icariyyə komitəsi yanında nəzarət komissiyası prinsipiallıq göstərərək şəhərdə yerləşən və dindarlar tərəfindən məscid kimi istifadə edilən sahibsiz binaların şəhər çörək sexinin ambarı kimi istifadəyə verilməsinə nail olmuşdu. 10 il öncə Əlibayramlı şəhərinin Muğan qəsəbəsində tikilən və məscid kimi istifadə edilən bina müsadirə edilərək 28 nömrəli rayon peşə məktəbinə çevrilmişdi. Bununla yanaşı, əksər nəzarət komissiyaaları faktiki olaraq fəaliyyət göstərmirdilər. Balakən, Oğuz, Qəbələ rayon icraiyyə komitələri fəaliyyət göstərdikləri ərazilərdə qeydiyyat alınmış və qeydiyyatsız dini icmaların, müqəddəs yerlərin və qeyri-qanuni mollaların fəaliyyət göstərməsinə baxmayaraq, bu dövr ərzində dini qanunvericiliyə nəzarətlə bağlı bir məsələni belə qaldırmamışdılar. Şamaxının Xılmilli kəndində qeydiyyata alınmış molokan birliyinin dindarları qəbiristanlıqlara nəzarəti öz əllərinə almışdılar. İsmayıllı, Gədəbəy rayonlarında dini fanatiklər ektremist əhval-ruhiyyə yayaraq dini qanunvericiliyi pozur və qeydiyyatdan imtina edirdilər. Bu dövrdə respublikada 500 (476-ı islama bağlıdır) qeydiyyatsız din xidmətçisindən yalnız 54-ü gəlir vergisinə cəlb olunmuşdu. 1977-1978-ci illərdə 6 müqəddəs yerə ziyarət təşkil edən 6 təşkilatçı dini fəaliyyətdən uzaqlaşdırılmışdı.
Ümumilikdə, 50 qeydiyyata alınmış dini obyektdə 91 qeydiyyatsız birlik fəaliyyət göstərirdi. 1978-ci ilin iyununda Qazax rayonun Ağstafa şəhərində, 1978-ci ilin avqustunda isə Sumqayıtın Corat qəsəbəsində müsəlman birliyi rəsmi qeydiyyata alınmışdı. Səlahiyyətli Şuranın aparatına bu il ərzində 500 sənəd, 12 şikayət daxil olmuşdu. Şura səlahiyyətliləri 1978-də Naxçıvan ASSR, Ağdam, Astara, Ağdaş, Bərdə, Göyçay, Qazax, Gədəbəy, Sabirabad, Salyan, Xaçmaz və Şamaxı rayonlarında, Sumqayıt və Gəncə şəhərlərində yoxlamalarda yaxından iştirak etmişdilər, ümumilikdə, dini fəallar və məscid rəhbərləri ilə 200 müsahibə baş tutmasına nail olmuşdular.
1979-cu ildə isə respublika ərazisində 52 qeydiyyat alınmış və 87 qeydiyyatsız dini birlik və qrup fəaliyyət göstərirdi. Bunlardan 45-i müsəlman icmalarına məxsus idi. Qeydiyyatsız müsəlman birliklərindən 11-i müntəzəm, yerdə qalan 34-ü isə böyük bayramlarda, xüsusilə də şiələrin məhərrəmlik matəmində (50 gün ərzində) fəaliyyət göstərirdi. Rəsmi qaydada isə 18 məscid fəaliyyət göstərirdi. Həmçinin 400 müqəddəs yerdən 367-i müsəlmanlara məxsus idi. Respublikada bütün dinlər üzrə 220 qeydiyyata alınmış din xidmətçisidən 156-ı müsəlmanlardan ibarət idi. 464 qeydiyyatsız din xidmətçisindən isə 420-i müsəlman mollaları təşkil edirdi. Keçən il olduğu kimi bu cür mollalar daha çox Ağdaş Ağsu, Cəlilabad, Lənkəran, Masallı, Biləsuvar, Şamaxı, eləcə də Naxçıvan ASSR, Bakı və Gəncədə çoxluq təşkil edirdilər. Lənkəran, Cəlilabad, Biləsuvar və Masallıda olan qeydiyyatsız ruhanilər dini rituallardan öz mənfi məqsədləri üçün istifadə edir, xurafat və fanatizmin yayılmasında hələ aktiv iştirak edirdilər. Məsələn, təkcə Cəlilabadın Pirişib kəndində 15 siyahıya alınmış molla var idi. Buna baxmayaraq ruhanilər və aktiv dini birliklər, eləcə də qeydiyyatsız icma rəhbərlərinin böyük əksəriyyəti din və sosialist fəaliyyətlə bağlı sovet qanunvericiliyinə hörmətlə yanaşırdılar. 1979-cu ildə 80 rayon icraiyyə komitəsinin nəzarət komissiyasından yalnız 36-ı dini ayin qanunvericiliyinə nəzarət məsələsini həyata keçirmişdi. Gəncə və Sumqayıt, Göyçay, Quba, Xaçmaz, Bakının Yasamal və Nərimanov rayon icraiyyə komitələrinin nəzarət komissiyaları fəaliyyətlərində müsbət nəticələrə nail olmuşdular. Naxçıvan ASSR, eləcə də Ağsu, Cəlilabad, Masallı, Biləsuvar, Kürdəmir, Ucar və digər rayon icraiyyə komitələrinin komissiyaları isə demək olar ki, fəaliyyət göstərmirdilər. Göründüyü kimi, bu dönəm üzrə aparılan ardıcıl və sistemli tədqiqat göstərir ki, xüsusilə də qeydiyyatsız dini birliklərin sayında nəzərə çarpan azalmanın avtomatik olaraq dini aktivliyin zəifləməsi ilə müşayiət edilməsi sovet hökumətinin 70-ci illərdə sərt antislam siyasətinin təzahürü idi. Məhz bu siyasətin nəticəsində Azərbaycanda 1970-ci illərdə görülən tədbirlər nəticəsində son 10 ildən bəri fəaliyyət göstərən 45 icmadan 38-i qeydiyyatsız müsəlman dini birliyi fəaliyyətini dayandırmışdı. Belə ki, Şura 70-ci illərdə fəaliyyəti dövründə bütün rayon və şəhər icariyyə komitələrinə 150-dən artıq məktub ünvanlanmşdı. Bütövlükdə, Şuraya isə 400 sənəd (240 açıq, 19 məxfi), inanclılar tərəfindən 32 ərizə və şikayət daxil olmuşdu.
Aygün Yusibova
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Hal-hazırda Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə təhsilini davam etdirir. Tədqiqat sahələri Qarabağ, sülh quruculuğu, ictimai-siyasi mövzuları əhatə edir. Müvafiq sahələr üzrə tədqiqatların, elmi araşdırma və məqalələrin müəllifidir.