SSRİ-də din xofu- (Dördüncü Yazı)/ ARAŞDIRMA
Bütün görüşlərdə insanlara islamda matəm yığıncaqlarının olmadığı, bunun sadəcə adi adət olduğu təbliğ edilirdi. Apardığımız araşdırmalar göstərir ki, sovet orqanları və xüsusi Dini Şuranın fəaliyyəti nəticəsində 1948-ci illərdən fərqli olaraq 1949-cu illərdə xüsusi dini qruplar tərəfindən baş kəsmə, özünü döymə kimi hallara və qanun pozuntularına cəhdlər baş verməmiş, tasua, aşura və şəmiqariban matəm günləri daha mütəşəkkil şəkildə keçirilmiş, heç bir küçə hərəkatı qeydə alınmamışdı. Hətta görülən tədbirlər nəticəsində bu dövrdə məscidlərə ziyarətlərin sayında da xeyli azalma qeydə alınmışdı. Əgər 1948-ci ildə Təzəpir məscidinin minlərlə ziyarətçisi var idisə, 1949-cu ildə bu kəskin dərəcədə azalmış, onların sırasında da qoca qadın və kişilər üstünlük təşkil etmişdi. Əjdərbəy məscidini ziyarət edənlərin sayı 300 nəfər, Ağdamdakı məscidi 100 nəfər, Astaranın Kum kəndindəki məscidi 34 kişi, 50 qadın ziyarət etmişdi. Ziyarətçilərin sayı ilə bərabər, məscidlərə pul bağışlamalarında da bu dövrdə iki dəfəyədək azalma qeydə alınmışdı. Əgər 1948-ci ildə Kumdakı məscidə 13 min rubl pul bağışlanmışdısa, 1949-cu ildə bu rəqəm 5 min rubla kimi azalmışdı. Şəki, Zaqatala, Balakəndə yerləşən dini icmaların məscidlərində məhərrəmliyə riayət edilmirdi, çünki bu rayonlarda cəmiyyətin əksəriyyətini sünnilər təşkil edirdi. Ərbeyin matəm gününə ancaq şiələr riayət edirdi. Namazlar əsasən evlərdə qılınırdı və buna riayət edənlər ümumi inanclıların 2 %-dən çox olmayan hissəsini təşkil edirdilər. Sünnilər isə cümə namazına ciddi riayət edir, şiələrdən fərqli olaraq allaha məscidlərdə ibadət edirdilər. Belə ki, Zaqatalada yerləşən məsciddə namaza 60, Göyçay yerləşən məscidə 50-60, Balakəndə yerləşən məscidə isə 60-ı qadın olmaqla 300 nəfər insan qatılmışdı. Əjdərbəy məscidinə namaz üçün gələnlər isə 100-150 nəfər ətrafında qoca qadın və kişilərdən ibarət idi. 1951-ci ildə Əjdərbəy məscidinə Aşurada təxminən 400 kişi, 500 qadın, 1952-ci ildə 700, Maştağda Cümə məscidinə 1951-ci ildə 450-500, 1952-də təxminən 350-450, Naxçıvanda Came məscidinə 1951-ci ildə 600, 1952-ci ildə isə 500, Şahabbas məscidinə 1951-ci ildə 500-600, 1952-də 450-500, Göyçayda yerləşən məscidə 1951-də 600-700, 1952-də 500-600, Sabirabaddakı məscidə 1951-də 350-400, 1952-də 300-350 nəfər, Göy İmam məscidinə isə 50 qadın, 15-20 kişi ziyarət etmişdi. Adi günlərdə isə Göy İmam məscidinə təxminən 100 nəfər ziyarət edirdi ki, onlarında sırasında da qoca qadınlar üstünlük təşkil edirdi. Təzəpir məscidini Aşurada ziyarət edənlərin sayı ilin vaxtlarından asılı olaraq dəyişirdi. Belə ki, 1952-1953-cü ildə ziyarətçilərin sayı hətta 1954-1955-ci illərdəki kimi çox olmasa da, az da deyildi. 1952-1953-cü illərin statistik təhlili qeyd edilən məscidləri Aşurada ziyarət edənlərin sayının açıq şəkildə azaldığına dair təsəvvür yaradır. Məsələn, əvvəlki illərə nisbətən Gəncədə Göy İmam məzarlığını Aşurada ziyarət edənlərin sayı 1500-2000 nəfər olmuşdu. Bütün bu müqəddəs yerlərdə ziyarətçilərin 85-90%-i qadın, 15-20%-i isə cavanlar təşkil edirdi. Beləliklə, ötən illərdən fərqli olaraq, 1951 və 1952-ci illərdə matəm günlərində heç bir qayda pozuntusu, şəbehlərin küçə hərəkatı, özünü döymə halları qeydə alınmamışdı. İnanclı insanlar artıq məscidlərdə sovet hökumətinin gücünə dua edirdilər. Maraqlı bir fakt isə qeydiyyata alınmış fəaliyyət göstərən məscidlərin ruhanilərinin və inanclı dini müsəlman icmalarının məhərrəmlikdə Göyçay, Salyan, Sabirabadda pambıq yığımı kampaniyasında rayonlarda aktiv iştirakı ilə bağlı idi. Məhərrəmlikdə 12 saatlıq aşura matəmindən sonra bu təsərrüfat kampaniyasında onları siyasi yerli hakimiyyət orqanları da müşayiət edirdi. Dini fəaliyyətə nəzarəti həyata keçirən məsul qurumların insanları dindən uzaqlaşdırmaq məqsədilə bu düşünülmüş tədbirləri ruhanilərin və inanclıların qeydiyyata alınmış məsidlərdə dini aktivliyinin qarşısının alınmasında mühüm rol oynayırdı. Bu özünü şiə və sünni ruhanilər arasında münasibətlərdə də göstərir, nəticədə iki fərqli dini axının nümayəndələri arasında hər hansı münaqişə qeydə alınmırdı. ZMRİ-nin sədri şeyxülislam Axund Ağa Əlizadənin Rusiyada müsəlmanların vəziyyəti ilə bağlı çıxışında keçmişdən fərqli olaraq sözügedən dönəmdə əhalinin böyük əkəsəriyyətinin sənaye, kənd sədrliyi, əkinçilik, mədəni maarifçilik işləri, dövlət işləri, ölkə idarəçiliyində aktiv iştirak etdiyinə dair fikirləri də bunu sübut edir.
Diaqram 3. Aşurada ziyarətlərin sayı.
Maştağada yerləşən Cümə məscidi 1953-cü ildə təmirə verildiyi üçün bu ibadət evi haqda heç bir məlumat yoxdur.
Bütövlükdə, statistika matəm günlərində dindarlığın səviyyəsinin artdığını açıq şəkildə göstərməklə bərabər, müsəlmanların məhərrəmlik ayında Aşuraya daha ciddi riayət etdiyini bir daha təsdiqləyir. Bakıda Təzəpir və Əjdərbəy məscidlərində matəm günlərində keçirilən dini yığıncaqlarda iştirak edən insanlar çoxluq təşkil edirdi. 1953-cü ili çıxmaq şərtilə Cümə məscidini digər illərdə ziyarət edənlərin sayında elə də ciddi dəyişiklik qeydə alınmamışdı. Bundan başqa, Şuranın 1957-ci yarım illik planı üzrə Naxçıvanda Came, Ordubadda Nüs-nüs məscidlərində, Əylisdə və qeydiyyata alınmış dini cəmiyyətlərin olmadığı kəndlərdə dindarlığın və sovet qanunvericiliyinin dini ayinlərlə bağlı durumuna dair araşdırmalar göstərir ki, Aşurada Bənənyar kəndində inaclı qrupların xəncərlə baş yarmalarına dair faktlar var idi. Bunu Şuranın səlahiyyətli nümayəndəsinin Naxçıvanda apardığı müşahidələr nəticəsində gəldiyi nəticələr də sübut edir. Şura səlahiyyətlisi Ramazanda Naxçıvanda Came məscidinə gündəlik hardasa 80-90 kişinin, 300-350 qadının ziyarət etdiyini, onlar arasında da yaşlıların üstünlük təşkil etdiyini, İmamzadəyə isə daha çox xəstə inanclıların ziyarət etdiyini, hətta onların orada gecələdiyini qeyd edirdi. Bütün bunlar onu göstərir ki, dini fəaliyyətə nəzarəti həyata keçirən qurumların tədbirlərinə rəğmən özəlliklə məhərrəmliyin Aşura günündə inanclıların sayında artım müşahidə edilir, insanlar tərəfindən özünə işgəncə vermə hallarına rast gəlinirdi.
Bundan başqa, müsəlmanlar mövlud, 9 mart Fatimeyi Zəhranın matəm gününə, 1 may İmam Həzrət Əlinin doğum günü, 21 mayda İmam Hüseynin, 27 may Məhəmməd peyğəmbərin yüksəldiyi məqamla bağlı günlərə də riayət edirdilər. Mövlud bayramında din xidmətçiləri məscidlərdə Məhəmməd peyğəmbərin həyat və fəaliyyətindən bəhs edirdilər. Aparılan araşdırmalar göstərir ki, 50-ci illərdə məscidlərə ziyarət edənlərin sayı elə çox deyildi. Məsələn, keçən il mövlud günündə Bakıda Təzəpirin ziyarətçilərinin sayı yüzlərlə idisə, 1950-ci ildə 100 kişi, 150 qadından ibarət idi. Təhlillər göstərir ki, qeydiyyata alınmış fəaliyyət göstərən məscidləri ziyarət edənlərin sayı getdikcə azalırdı, belə inanclıların əksəriyətini isə qoca qadın və qoca kişilər təşkil edirdi. Yuxarıda qeyd edilən digər dini bayram və matəmlərdə isə məcidləri ziyarət edənlər əhəmiyyətsiz sayda idi, cavanlara isə ümumiyyətlə heç rast gəlinmirdi. Analoji vəziyyət adi günlərdə də müşahidə edilirdi. Burada dini qurumların fəaliyyəti və gördüyü sərt tədbirlərlə yanaşı, digər faktorlar da mühüm rol oynayırdı. Həmin il qış çox sərt keçdiyindən ayrı-ayrı fəaliyyət göstərən məscidlər bağlanmışdı. Təbbi ki, dinə nəzarət məsələsini dövlət siyasətinə çevirən sovet hökuməti üçün bu göydəndüşmə fürsət sayılırdı və bu kimi bəhanələrlə məscidlərin fəaliyyətinə son qoyulurdu. Şuranın fəaliyyəti nəticəsində müsəlmanlar və digər rasional dinlər, ən əsası isə şiələrlə sünnilər arasında düşmənçilik getdikcə yox olurdu. Bütövlükdə, dini bayramlarda qeydiyyata alınmış məscidlərdə 1949, 1950, 1951-ci illər üzrə dindarlığın səviyyəsində ciddi azalma müşahidə edilirdi. Əgər Bakıda Təzəpir məscidinə 1949-cu ildə bir neçə min insan ziyarət edirdisə və məscidlər ikiqat dolu idisə, 1950-ci ildə inanclı ziyarətçilərin sayı hardasa 2000, 1951-ci ildə isə 1700-2000 nəfər, 1952-də təxminən 1600-1800 nəfər, 1953-də Təzəpirə 900-950, 1954-də 800-850 nəfər idi, orta yaşlı inanclı təbəqə əhəmiyyətsiz sayda idi.
Analoji vəziyyət 1951 və 1952-ci illərdə Bakı və digər bölgələrdə də davam etmiş, məscidə gələn ziyarətçilərin sayında ciddi azalma müşahidə edilmişdi. Azalma əsasən Bakıda Əjdərbəy məscidində, Maştağada cümə, Gəncədə Şahabbas məscidini, Göyçay, Sabirabad, Samux (Səfərəliyev) rayonlarındakı məscidləri əhatə etmişdi. Məsələn, 1952-ci ildə Göy İmam məzarlığında infeksion xəstəlik aşkar olunduğundan komissiya prafilaktik tədbirlərin görülməsi ilə bağlı qərar almışdı. Gəncə regional icra komitəsi antisanitar vəziyyətdə olmasını əlində əsas tutaraq Azərbayacn SSRİ Nazirlər Soveti qarşısında məzarlığın, eləcə də ona yaxın digər yerlərin və tikililərin 7 illiyinə bağlanmasına dair vəsatət qaldırmışdı.
1951-1958-ci illərdə Şuranın müsəlman dini ayinlərinin fəaliyyəti, sovet hökumətinin dini ayinlərlə bağlı qanun və sərəncamlara riayət olunmasına təlimat və göstərişləri getdikcə sərtləşirdi. Bunların sırasında dini fanatizmdən öz şəxsi maraqları naminə istifadə edən şarlatan molların fəaliyyyətinin dayandırılması, kilsələrin fəaliyyətinin aktivləşdirilməsinə və sovet hökumətinin qanun və sərəncamlara riayət olunmasına dair tədbirlər, əhali arasında sektantların fəaliyyətinin forma və metodları, onların sovet qanunlarını pozan tədbirlərinin aradan qaldırılması yer alırdı. Belə ki, təkcə Salyanda dua yazan, fala baxaraq fırıldaqçılıqla məşğul olan mollaların qanunsuz fəaliyyəti ifşa edilmiş, onlar SSR maliyyə nazirinin 13.12.1946-cı il tarixli təlimatına əsasən, vergiyə cəlb edilmişdilər. Bu sırada rozaxanalıqla məşğul olan qadın mollalar, kəbin kəsməklə məşğul olan mollalar da yer alırdı.
Bütövlükdə, 1953-cü ildə ZMRİ-nin idarəetməsində 16 qeydiyyata alınmış məscid fəaliyyət göstərirdi. Məscidlərdə işləyən din xidmətçilərin əksəriyyətinin yaşı 60-dan yuxarı idi. Onlardan yalnız 8 ruhani yüksək, 9-u isə orta təhsilli idi. 1956-c ildə respublika ərazisində 955 ibadət binası var idi. Bunlardan 820-i məscid, 159-u kilsə (10-a yaxını provaslav, yerdə qalanları erməni), 3 sinaqoq, 9 ibadət bina, 7 monastr idi. 955 ibadət binasından 257-i mədəni maarif işlərində, 575-i isə ambar kimi istifadə edilirdi. 163-ü isə boş idi və bunlardan bəziləri inanclılar tərəfindən dini bayramlarda ibadət məqsədilə istifadə edilirdi. Respublikada 39 rayondan başqa ümumilikdə 277 pir, ocaq məzarlıq və ya digər müqəddəs yerlər var idi. Bunlardan 52-i işləyir, 255-i isə isə işləmirdi. Belə yerlərə gedənlərin sayı ayın ortalarında 1000-dən çox olmurdu. Bundan başqa, müqəddəs yerlərə ziyarətlərin aradan qaldırılması ilə bağlı tədbirlərin görülməsi də Şuranın fəaliyyət dairəsində olan əsas məsələlərdən biri idi. Çünki Məkkəyə həcc ziyarətinə maraq var idi. Məkkə, Nəcəf, Kərbəla hər zaman müsəlmanlar üçün xüsusi önəm kəsb edirdi. Şiələr isə daha çox Kərbəlaya getməyə üstünlük verirdilər. Araşdırmalar o dövrdə belə insanların sayının elə də az olmadığını göstərir. Bəhs edilən dövrdə azərbaycanlılar arasında ziyarət etmək istəyənlərin sayı isə yetərincə çox idi və hər bir inanclı bu ziyarəti öz hesabına həyata keçirməli idi. Üstəlik, Məkkəyə getmək istəyənlər ruhani idarəsinə 1700 rubl vəsait ödəməli idilər. Bir sıra çətinliklərlə üzləşən insanlar 1955-ci ildə bu ziyarəti necə reallaşdıracaqlarını bilmirdilər. Faktlar göstərir ki, 1954-cü ildə azərbaycanlılardan başqa sovet birliyinin hər tərəfindən Məkkəni ziyarət edənlərin sayı hardasa cəmi 40 nəfərdən ibarət idi.
Aygün Yusibova
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Hal-hazırda Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə təhsilini davam etdirir. Tədqiqat sahələri Qarabağ, sülh quruculuğu, ictimai-siyasi mövzuları əhatə edir. Müvafiq sahələr üzrə tədqiqatların, elmi araşdırma və məqalələrin müəllifidir.