SSRİ dindən "nə istəyirdi"?- İkinci Yazı/ ARAŞDIRMA
1985-ci ildən sonrakı sonuncu dövr isə liberallaşma dönəmi kimi xarakterizə edilə bilər. SSRİ-nin islama qarşı mübarizəsinin ilkin mərhələsi kimi xarakterizə edilən və 1943-1958-cü illəri əhatə edən bu dövrdə Azərbaycan SSR-də respublikanın müxtəlif rayon və kəndlərində olan müqəddəs ocaqlar, pirlər, məscidlər və ziyarətgahlar öz dini təyinatından uzaqlaşdırılaraq müxtəlif məqsədlərlə istifadə edilirdi. Ancaq bu heç bir halda sovet hökumətini qane etmirdi. Dini Ayin İşlər Şurası Zəhmətkeş Xalq Deputatları Soveti icraiyyə komitələrindən göstərilən dövr ərzində respublika üzrə bütün məscidlərin siyahısına, təyinatına və mövcud durumuna, habelə yerlərdə dindarlığın vəziyyətinə dair daim hesabat tələb edirdi. Bu dövrdə Kürdəmir, Şəki (Nuxa), Quba, Qax, Ordubad, Şamaxı (Mərəzə), Xocavənd (Hadrut), İsmayıllı, Zaqatala, Qəbələ (Qutqaşen), Kürdəmir, Ağcabədi, Maştağa, Xankəndi (Stepanakert), Xudat, Ağsu, Yardımlı, Qobustan, Tovuz, Bərdə, Ordubad, Gəncə (Kirovabad) və Bakının Əzizbəyov rayonunda yerləşən pir və ziyarətgahlar bütün cəhdlərə rəğmən öz fəaliyyətlərini davam etdirirdilər. Belə ki, Qaxın Gürmük kəndində yerləşən pirin ildə 400, Ordubadda Malik İbrahim qəbrinin ənənəvi bayramlarda 60-100, Xudatın Vəlimir kəndində Dəli Pirin ildə təxminən 100, Şamaxının Leninabad kəndində Pir Sağadın ildə 200-250, Gəncənin ermənilər yerləşən hissəsində Çolak ibadətgahının bazar günlərində 20-30, böyük dini bayramlarda isə 300-400 nəfər ziyarətçisi var idi. Tovuzdan 1015 km uzaqlıqda Əli Dədə piri, Bərdədə İmamzadə, Ağcabədidə Əlimirzə ocağı, Ordubadda Nüsnüs kəndində Nüsnüs və Məlik İbrahim pirləri qeyri-rəsmi işləyirdi, təxminən 350 nəfər ziyarətçisi olurdu.
Bakıdan 85 km uzaqlıqda Siyəzən və Dəvəçinin arasında Beşbarmaq və ya Xıdırzində ziyarətgahın gündəlik 100 nəfər (sünnilər) ziyarətçisi olurdu. Ağcabədidə Xəlfərəddin kəndində Həzrətbaba ocağını ziyarət edənlərin sayı təxminən 250 nəfər civarında idi. Bakıda insanlar isə daha çox Ət Ağanın qəbrini ziyarət edir, oraya nəzir qoyurdular. Buraya gündəlik 50-60 qadın və uşaq, bayram günlərində isə 200 nəfər ziyarət üçün gəlirdi. Qadınlardan fərqli olaraq inanclı kişilər ətrafdakı insanların bilməməsi üçün bu ziyarətgahı hava qaranlanda ziyarət edirdilər. Burada səhərdən axşama kimi nəzir yığılmasına icazə verilirdi. Yerli orqanlar vergi ödədəyinə görə, ziyarətgahın rəsmi fəaliyyətinə əngəl törətmirdilər. Məhz bu səbəblə də küçə mollalarının Ət Ağaya girişinə qadağan qoyulmuşdu. Araşdırmalar o dövrdə bu ziyarətgaha inamın olduqca güclü olduğunu göstərir. Qubanın Möhückəndində “Ağamir”, “Babarüstəm”, “Pirəbdülcabbar” və Təkə-Şıxıda Möhüc kənd sovetliyində “Babaməhəmməd” pirləri isə fəaliyyət göstərmir və inanclı müsəlmanlar tərəfindən ziyarət edilmirdi. Qaxın İlisu, Ağçay, Qaxbaş, Güllük, Korağan, Oncalı, Lələli, Daşkəsənin (Dəstəfur) Zəylik, Çovdar, Bayan kəndlərində, Lənkəranın Şıxakəran, Alxovkanın Sütəmurdov, Viyən kəndində Xolmilidə, Seyidəkəran, Viravul, Vilvan, Yuxarı Nüvədi kəndlərində, Naxçıvanın Xalxal, Vayxır, Didivar, Cəhri, Bulqan, Süst kəndlərində yerləşən pirlər, Nehrəmdə isə İmamzadə məzarlığı fəaliyyət göstərmirdi. Gədəbəyin Ağamalı (Çanaqçı), Xarxar kəndi, Qaramurad, İvanovka və digər kəndlərində keçmişdən qalan xeyli istifadə olunmayan pir, ocaq, məqbərə varlığını qoruyub saxlamışdı. Bundan başqa, Gədəbəy rayonunun ərazisində 30-a kimi keçmişdən qalmış tarixi abidə var idi. Yevlax (Xaldan) Beyləqan (Jdanov) Xankəndi (Stepanakert), Xocavənd (Hadrut) , Füzuli (Karyagin), Lerik, Masallı, Ağsu, İsmayıllı, Xudat, Kürdəmir, Cəbrayıl, Xızı, Qubadlı, Şuşa, Qəbələ (Qutqaşen), Tərtər (Mirbəşir), Oğuz (Vartaşen), İsmayıllı rayonlarında yerləşən pirləri də bu kateqaoriyaya aid etmək olar. Qeyd etmək lazımdır ki, göstərilən rayonlarda yerləşən bir sıra pirlər isə dağılmışdı, bəzilərinin isə əhəmiyyətsiz sayda ziyarətçisi var idi. Məsələn, İsmayıllıda Baba Pirinə gündə 5-10 insan ziyarət edirdi. Ümumilikdə rayonda olan 21 pirdən yalnız biri fəaliyyət göstərirdi. Qazaxda yerləşən yeganə məscid rayon icraiyyə komitəsinin ixtiyarına verilmişdi. Burada başqa pir, ocaq, qəbir və ziyarətgahlara rast gəlinmirdi. Sözügedən dövrdə əksər dini ocaqların tamamilə başqa məqsədlərlə istifadə edildiyi də məlumdur. Məsələn, Şəmkirin Qaracəmirli kəndində olan məscid məktəb, Niyazlı kəndindəki ziyarətgah uşaq baxçası, Çardaxlıda kilsə isə Xruşov adına kolxozun ambarı, Leninkənddə kilsə teatr, Şəmkirdə ziyarətgah isə mədəniyyət evi kimi istifadə edilirdi. Tovuzun bir sıra müsəlman kəndlərində olan məscidlər də taxıl ambarı, Göygölün Çaykənd, Mirzik kəndlərində yerləşən kilsələr isə ambar, Murutda yerləşən kilsə isə Əzizbəyov adına əmanətlərin mühafizə bölməsi kimi istifadə edilirdi. Ağsu rayonunda yerləşən məscidlər isə əsasən pambıq quruducusu, barama qurdu yetişdirən bina, ibtidai məktəb kimi istifadə edilirdi. Ümumlikdə rayonda 13 pirdən 12-i fəaliyyət göstərmirdi. Yeganə Keçtiməz kəndində yerləşən pir işləyir, ildə təxminən 30-40 nəfər ziyatəçisi olurdu. Şuşada 12 məsciddən biri rayon istehlak cəmiyyəti təşkilatının ambarı, biri hərbi hissə kimi istifadə edilir, biri isə dağılmış vəziyyətdə idi, fəaliyyət göstərmirdi, biri isə 5 nömrəli uşaq evinin yeməkxanası kimi fəaliyyət göstərirdi, 9 pir, 1 ocaq, 3 kilsə isə ümumiyyətlə fəaliyyət göstərmirdi. Bundan başqa, Azərbaycan SSR-də qeydiyyata alınmamış müəyyən sayda yevangel xristian baptist icmaları da mövcud idi. Faktiki fəaliyyət göstərən bu icmaların Şamaxıda İkinci Cabanıda (Dzerjinovka) kəndində 35, Cəlilabad (Astraxanbazar) 25, qədim İvanovka (İsmayıllı), Nağaraxana (Kirovka) 50, Novo-İvanovka (Gədəbəy) 45, Novo-Saratovka (Gədəbəy) 60, Novo-Vasilyevka (Neftçala) 70, Neftçala 21, Lənkəran 21, Pirişibdə (Cəlilabad) 45, Xaçmaz 23, Mixalyovka (Göygöl) 45, Göyçayda 20 üzvü var idi.
Sözügedən dövrdə pirlərlə, yanaşı məscidlərin fəaliyyəti və orada icra edilən dini ayinlər, istər adi, istərsə də bayram və matəm günərində dindarlığın vəziyyəti Şuranın xüsusi nəzarətində idi. Belə ki, bütün respublika rayonlarının Zəhmətkeş Deputatları Soveti icraiyyə komitələri fəaliyyət göstərdikləri ərazilər üzrə verilən tapşırıqların icrası ilə bağlı açıq və şəffaf hesabatdan praktiki cəhətdən heç cür yayına bilməzdilər. Burada bir məqamı da xüsusilə diqqətə çatdırmaq lazımdır ki, Azərbaycan SSR-də dindarlığa qarşı mübarizə təkcə yerli sovet orqanları, Dini Ayin İşləri Şurası, SSRİ Nazirlər Sovetinin idarəçiliyi altında getmirdi, bütövlükdə ölkə üzrə dinə nəzarətdə o dövrün xüsusi xidmət orqanlarının da payı az deyildi. Bu xüsusilə Şuranın tələb etdiyi hesabata nail olmadıqda rayon icraiyyə komitələrinə tutduğu iradlar zamanı özünü aydın şəkildə biruzə verir. Rayon icraiyyə komitələri təlimatlardan yayındıqda Şura yenidən onların rəhbərlərinə xəbərdarlıq edərək məscid və ibadət evlərinin siyahısı və fəaliyyət istiqaməti ilə bağlı tam hesabat tələb edirdi. Təbii ki, növbəti xəbərdarlıq Şuranın hesabat tələb etdiyi rayonun ərazisində olan ibadət yerləri və məscidlərin fəaliyyəti ilə bağlı məlumatlı olmasından qaynaqlanırdı. Bu isə özlüyündə respublikada dinə nəzarət işində Şuranın KQB ilə yaxın əməkdaşlıq çərçivəsində fəaliyyətini sübuta yetirirdi.
Məhz bu zaman rayon icraiyyə komitələri fəaliyyət göstərdikləri ərazi üzrə bütün hesabatlarda şəffaflığa riayət etməyə məcbur qalırdılar. Ayrca, dinə, dini ayinlərin icrasına və dindarlığın vəziyyətinə nəzarətin mütəşəkkil qaydada həyata keçirilməsi, hətta müqəddəs yerlərə ziyarət edən insanların avtomobillərinin nömrəsinə kimi bütün məlumatların qeydiyyata alınması və yoxlamalardan sonra görülən bir sıra tədbirlər də da buna şübhə yeri qoymurdu. Avtomobillər kütləvi ziyarəti stimullaşdırdığından Şuranın göstərişi ilə onların ziyarətgahlara girişinə qadağa qoyulmuşdu. Təbii ki, Şuranın fəaliyyətini bu şəkildə ciddi şərtləndirən təkcə o dövrdə dini vəziyyət və insanların inancı deyildi, bu, eyni zamanda, Moskvanın Bakıya xüsusi nəzarətindən də qaynaqlanırdı. Dini Ayin İşlər Şurası da məhz bu səbəblə yerli dövlət orqanlarını bölgələrdəki dini duruma dair vəziyyəti araşdırmaqdan yayındıqları və polisə baş vurmadıqları üçün sərt tənqid edirdi. Yerli dövlət orqanlarının vəzifəsi Şura təmsilçilərinə məlumat vermək olsa da, onlar çox vaxt bundan boyun qaçırır, xalq arasında dindarlığın səviyyəsini az göstərməyə, özəlliklə də Moskvadan gizli saxlamağa çalışırdılar. Çünki belə tipli məlumatların açıqlanması buna məsul olan bölgə idarəçiliyini həyata keçirənlərin qaralanmasına yol aça bilərdi. 1973-cü ildə Naxçıvanda olan Şura nümayəndəsi bölgədə dini ayinlərin icra olunmamasına şübhə ilə yanaşmış və bunu sübut edən hər hansı dəlilin olmadığını bildirmişdi. Təbii ki, yerli dövlət orqanlarının bu hərəkətinin ən tutarlı səbəblərindən biri kimi Moskvanın təpkisindən qurtulmaq istəklərini göstərmək olar. Buna baxmayaraq, Azərbaycanın ən yüksək rəhbərləri belə islam qaydalarının xalqın yaşamındakı mərkəzi mövqeyinin fərqində idilər, hətta onlar özləri bu qaydaların bir qisminə əməl etməkdə idilər. İyerarxiya üzrə aşağı ranqlı rəhbərlər xalqla daha çox iç-içə olduqlarından özləri də dini ənənələrə təslim olmuş, yalnız özəl məkanlarda deyil, hətta bəzən xalq arasında da ənənələrə aktiv qatılırdılar. Yerli dövlət orqanları dini duruma nəzarəti çox ciddiyə almasalar da, dinə qarşı mübarizə partiya və dövlətin rəsmi siyasətinə çevrildiyindən rejimdən gələn siqnalara cavab verirdilər. Moskvadan əsən küləyin Bakıda, daha sonra isə regionlarda ciddi təsirini yerli icra orqanlarının o dövrdə sadəcə kağız üzərində deyil, eləcə də ən sərt tədbirlərə əl atmasından da sezmək mümkündür.
Bunu 1969-cu ilin ortalarında Moskvanın sərt reaksiyasına məruz qalan Azərbaycan SSRİ Nazirlər Sovetinin yayımladığı qərarında maliyyə və idarə orqanlarının qeyri-qanuni dini fəaliyyətlə mübarizə apardığını, yalnız bəzi yerli icra orqanlarının qanunvericiliyə riayət olunmasında lazımı nəzarəti göstərmədiklərini ifadə etməsi də açıq şəkildə sübuta yetirir. Məhz bu qərar bir sıra rayon icra orqanlarını öz ərazilərində qeyri-qanuni fəaliyyət göstərən mollaların dini aktivliyi rədd etmələrinə və boş qalan məscidlərin müxtəlif məqsədlər üçün istifadə ediliyinə dair məlumatları Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinə təqdim etməyə vadar etmişdi. Buna baxmayaraq, Şuranın yerində yoxlamaları zamanı əks olunan məlumatlar özünü doğrultmamış, hesabatdakı məlumatların əksinə olaraq bəzi rayonlarda dini fəaliyyətlərin davam etdiyi ortaya çıxmışdı. Ortaya çıxan bu mənzərə ən sonda ucqar yerlərdə belə məscidlərin bağlanması, orada dini ayinlərin icrasının əngəllənməsi və istifadə edilməyən binalara çevrilməsi ilə müşayiət edilmişdi. Apardığmız tədqiqatlar göstərir ki, bu dönəmdə Azərbaycan SSR-də respublikanın demək olar ki, bütün rayon, şəhər və kəndlərində yoxlamalar davam edir, dini ayinlərin icrasına çox ciddi nəzarət edilirdi. Belə ki, artıq rayon icariyyə komitələri Şuranın yoxlamaları üzrə təlimatlara riayət edirdilər.
SSRİ-nin dinə qarşı mübarizə ilə bağlı dövlət siyasətində kəskinliyi ilə xüsusilə fərqlənən bu dönəmdə dini fəaliyyətlərin qarşısının alınması istiqamətində görülən işlər nəticəsində ölkədə mövcud olan məscidlərin əksəriyyəti müxtəlif kolxozların ambarları, məktəb, istehsalat, feldşer məntəqəsi, uşaq baxçası, kənd soveti, rayon, kolxoz, idarə klubu, ibtidai və 7 illik məktəb, kənd məktəbi, oxu zalı, rayon ümumxalq təhsil müəssisəsi, kinoteatr, mədəniyyət evi, rayon ümumxalq təhsil müəssisəsi, radioqovşaq, çörək sexi, tütün qurutma məntəqəsi, xəstəxana, yaşayış evi, yataqxana, corab və oyuncaq sexi, aptek, idman salonu, rayon icraiyyə komitəsinin kombinantı, emalatxana, xüsusi geyimlərin tikiş sexi, kolxozun ipək və mahud əyirmə fabrikinin, arıçılıq təsərrüfatlarının ambarı, elektrik stansiyası, büdcə klubu, dəyirman, şəhər xəstəxana ambarı, mövsümi pambıq qurutma məntəqəsi, rayon koorperativ ittifaqının istehsalat birliyi, texnikom, hərbi hissə qarnizonunun klubu, mağaza ambarı, hərbi hissə, rayon mərkəzi körpələr evi, mehmanxana, tipoqrafiya, koorperativ mağaza, maarif şöbəsinin məktəbi, labaratoriya, məişət çamaşırxanası, ictimai yığıncaqlar üçün və.s kimi müxtəlif məqsədlərlə istifadə edilirdi. Bunların içərisində məscidlərin kolxoz ambarı və məktəb kimi istifadə edilməsi halı daha çox üstünlük təşkil edirdi. Bununla bərabər, sözügedən dövrdə respublikanın müxtəlif ərazilərində məscidlərin müəyyən hissəsi dağılmış, yarı dağılmış və mövcud formasını itirmiş vəziyyətdə idi, əksəriyyətinin isə əsaslı və cari təmirə ehtiyacı var idi. O da faktdır ki, istifadəyə yararlı olmayan xeyli məscid müxtəlif səbəblərlə sökülmüşdü. Məsələn, Ağdaş rayonunun Xosrov kəndinin Atarbəyov adına kolxozunun 1947-ci il 17 dekabr tarixli iclasında kolxozçular yararlı olmadığı üçün bu ərazidə yerləşən məscidin sökülməsi və yerində kolxoz klubunun tikilməsinə qərar vermişdi. Eyni zamanda, Azərbaycan SSRİ Nazirlər Sovetinin fərmanı ilə Salyanda dağılmış kilsənin dirək və döşəmələrindən rayon ərazisində 1 nömrəli məktəb binasının təmirinin tamamlanmasına dair göstəriş verilmişdi.
Araşdırmalar göstərir ki, bu dövrdə məscidlərin sökülməsi və ya təyinatının dəyişdirilməsi zamanı kolxozçularla yanaşı, xalqın rəyi də nəzərə alırdı. O da məlumdur ki, bu dövrdə insanlar heç cür məscidlərin sökülməsinə etiraz edə və yenisinin tikilməsi təklifi ilə çıxış edə bilmirdilər. Düzdür, bir çox məscidlər fəaliyyət göstərmir, boş vəziyyətdə idilər. Məsələn, oktyabr inqilabına qədər Naxçıvan respublikasında 202 məscid mövcud idisə, sözügedən dövrə qədər 10-u tamamilə dağılmışdı. Belə ki, Naxçıvan şəhərində 1 məscid evi dindarlara xidmət edir, 191 məscid isə ümumiyyətlə fəaliyyətini dayandırmışdı. Bunun da 165-dən kolxoz və bəzi təşkilatlar ambar kimi istifadə edirdi, 3 məscid isə mədəni maaarif sahəsinə xidmət edirdi, 23-nün çox hissəsi boş idi, az hissəsinin isə təmirə ehtiyacı olduğundan istifadə edilmirdi. Buna Zəhmətkeş Xalq Deputatları Soveti rayon icraiyyə komitələrinin Dini Ayin İşlər Şurasına verdiyi hesabatlar da işıq salır. Ancaq o dövrdə SSRİ Nazirlər Sovetinin 14.10.1948-ci il tarixli 3898 nömrəli mədəniyyət abidələrinin qorunması, yaxşılaşdırılmasına dair qərarı ilə razılaşdırılmış “Arxitektur abidələrinin uçot, qeydiyyat, saxlanılma və yenidən bərpa edilməsi” təlimatına və icarə müqaviləsinə əsasən, arxitektur abidəsi olduğuna görə, Bəylər Məscidinin qoruması haqqında Bakı şəhər icra komitəsinin arxitektura işləri üzrə şöbəsinə göstəriş verilmişdi. Bir çox hallarda rayon və kəndlərdə məscidlər inanclı insanlar tərəfindən ziyarət edilirdi.
Şuranın sərt xəbərdarlıqlarına rəğmən, rayon icraiyyə komitələri fəaliyyət göstərdikləri ərazilərdə yerləşən məscid, kilsə, sinaqoq və digər ibadət yerlərinin sayının gizlədilməsinə cəhd edirdilər. Analoji vəziyyət müxtəlif rayon icraiyyə komitələri tərəfindən də təkrarlanmışdı. Zəhmətkeş Xalq Deputatları Soveti icraiyyə komitəsinin dini binalarla bağlı göndərdiyi məlumatlar tələb edilən formaya uyğun olmadıqda Şura hesabatı rədd edir və yenidən dəqiqləşdirilməsini xahiş edirdi. Çünki yarımçıq və şəffaf olmayan hesabat heç bir halda Moskvanı qane edə bilməzdi. Azərbaycan SSR-də dini, dindarlığın vəziyyətini xüsusi nəzarətdə saxlayan Moskvada yaradılan Dini İbadət İşləri Şurası (DİŞ) məscid və ibadətxanaların başqa binalara köçülürməsi və təyinatının dəyirşdirilməsi yolu ilə ölkədə dindarlığın səviyyəsini minimuma endirməyi hədəfləyirdi. Bütün səylərə baxmayaraq, 40-ci illərin əvvələrində və 50-ci illərin sonunda Azərbaycan SSR-də dindarların hərəkətini və dini durumun vəziyyətin kökündən dəyişmək elə də asan məsələ deyildi. İnsanların dini hiss və duyğuları onların daxilinə qovulsa da, xalqı dini ənənələrdən tamamilə uzaqlaşdırmaq mümkün deyildi. Çünki dindarlar tərəfindən bəhs edilən dövrdə yeni dini binaların açılmasına dair artıq Şuraya müraciətlər daxil olmuşdu. Dini evlərin açılmasını nəzərdə tutan 24 ərizədən 7-i yevangel xristian baptistlər, 1-i dağ yəhudilərinə, 1-i erməni qriqoryan kilsəsinə (Şamaxıda), nəhayət, 15-i isə inanclı müsəmlanlara məxsus idi.
(ardı var)
Aygün Yusibova
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Hal-hazırda Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə təhsilini davam etdirir. Tədqiqat sahələri Qarabağ, sülh quruculuğu, ictimai-siyasi mövzuları əhatə edir. Müvafiq sahələr üzrə tədqiqatların, elmi araşdırma və məqalələrin müəllifidir.