Yuxarıya
skip to main content

“İqtisadi insan”ın tiraniyası (I hissə)

15.02.2023

Tarixən totaltarizm ilə mübarizədə demokratiya hər kəsin azadlığı qarşısında bir əngəl təşkil edən qüvvə kimi  fərdin zərərinə kollektiv sferanın hipertrofiyasına diqqət çəkib. Lakin bu gün Qərb dünyasında demokratiya qarşısındakı əsas təhdidlərindən biri kollektivin ifrat ekspansiyasından deyil, bütövlükdə cəmiyyəti təhdid edən bir formada fərd yaxud müəyyən qrup fərdlərin misligörünməmiş güclənməsindən qaynaqlanır.

Bu yeni təhdidin meydana çıxmasını anlamaq üçün Fransa inqilabına müraciət etməyimizin zəruri olduğunu düşünürəm. Çünki “ilahi hüquq”un iqtidarını xalqın iqtidarı ilə əvəzləyən bu inqilab oldu. Məqsədin sürətlə reallaşdırılmasına rəğmən, qədim dünyanın əlverişsizliklərinə tam üstün gəlinmədiyi aşkar edildi. Dövlətin iqtidarı legitimləşdirildi, amma bir neçə onillik sonra yeni bir sosial aktor olaraq fərd meydana çıxdı. Bu fərdə qədim rejimə nisbətən yeni rejim heç də daha yaxşı münasibət göstərmirdi. Mütləqiyyət inqilaba rəğmən mövcudiyyətini qoruya bildi, fərd hələ də qanunla müdafiə edilmirdi.

Fransız filosofu və riyaziyyatçısı Markiz de Kondorsedən sonra, “Siyasətin prinsipləri” adlı kitabında B.Konstan (Napoleon hakimiyyəti ələ aldıqdan sonra) qeyd edir ki, suverenlik yalnız məhdud və nisbi formada mövcud ola bilər. Fərdi mövcudiyyətin müstəqilliyinin başlandığı yerdə bu suverenliyin yurisdiksiyası sona çatır (bax.1).

Böyük Terror tərəfindən başladılan faciənin bir nəticəsi kimi, xalqın suveren hakimiyyəti tamamilə əks effekt verdiyi zaman Konstan və dövrün digər liberalları fərdi mövcudluğun məkanını qorumaq və onu təcrid etmək zərurətini dərk etdilər. Onlara görə, birisinin digərini məhdudlaşdırmaq üçün Monteskiyö tərəfindən təklif edilən hakimiyyət bölgüsü, dünyəvi hakimiyyətin (dövlət) spiritual hakimiyyəti (Kilsə) qarşılıqlı olaraq məhdudlaşdırması kifayət deyildi. Siyasi rejimin modernləşdirilməsi, başqa sözlə, iqtidarın plüralizmi və onun qollarının bir-birini məhdudlaşdırması bu yekun məqsədə - fərdin müdafiəsi və rifahı üçün dizayn edilmiş vasitə olmalı idi. Buna görə də, fərd artıq liberal düzəndə bir bütöv kimi cəmiyyətin elementi deyil, muxtar bir varlıq olaraq düşünülürdü. Bu sosial həyat –cəmiyyət fərdin rifahına yardım edib etmədiyindən asılı olaraq bir fayda yaxud da əngəl olaraq görülürdü.

Lakin bütün sosial nəzarətdən azad olan bu mövcudiyyətin hara qədər genişlənməsi məsələsi meydana çıxdı. Konstan yalnız vətəndaş azadlıqlarına icazə verir. Fərd başqasına zərər vurmadığı müddətcə azad bir şəkildə fəaliyyət göstərə, istədiyini etdiyinə inana, düşüncələrini ifadə edə bilər (bax.2). Lakin o əsərinin ikinci hissəsində maddi sferada yerləşən digər bir azadlıq formasını - sənaye (və ya iqtisadi) azadlığı təxəyyül edirdi. Konstant, kommersial azadlığın vətəndaş azadlığı ilə ekvivalent olduğunu ideyasından uzaq idi. O, birisinin sorğulanmasının digərinin zərurətinə şübhə edilməsinə səbəb olmasını istəmirdi. Amma sonrakı illərdə, Konstan iqtisadi azadlığı digər fərdi azadlıqlar ilə eyni müstəviyə qoymağa başladı.

XVIII əsrdə Lui Dümonun misligörünməmiş innovasiya adlandırdığı fenomen - sosial bütövün iqtisadi aspektlərinin radikal separasiyası və muxtar domen təşkil etməsi – baş verdi. Ənənəvi cəmiyyətlərdə iqtisadiyyat sosial həyatın bir neçə dimensiyasından biri olaraq görülürdüsə, XVIII əsr İngiltərə və Fransada iqtisadiyyat din, etika və siyasətdən, eləcə də hər bir əxlaqi mühakimədən separat fəaliyyət olaraq dərk edilməyə başlandı (bax.3).

Buna paralel olaraq digər bir fundamental transformasiya baş verdi. Nyutonun cazibə qanunu ilə bağlı kəşfləri XVIII əsrdə də dominant trendlərdən biri idi. Əksər filosoflar da insan davranışlarının Nyutonun fizika dünyası üçün yaratdığı ümumi və obyektiv qanunları kəşf etməyə çalışırdılar. Kondorse inanırdı ki, hər növ insani bilik riyazi elmlərin obyekti ola bilər. Bu yanaşma Konstanın da düşüncəsinə həlledici şəkildə təsir etdi. O da inanırdı ki, sosial həyat determinant qanunlara tabedir və onları kəşf etmək mümkündür.

Eramızın IV-V əsrlər Roma filosofu Pelagiusun “mömin tələbələri” olaraq bu inqilabçılar insan iradəsinin cəmiyyəti transformasiya edə biləcəyini inanırdılar (bax.4). Bununla yanaşı, onlar tamamilə müxtəlif bir həqiqəti aşkar etdilər: insanlar reallıqda bilmədikləri qüvvələr tərəfindən hərəkətləndirilir. Bu qüvvələr keçmişdəki kimi ilahi dizayn ilə identifikasiya edilə bilməyən, filosofların formullaşdırmalı olduqları tarixi-sosial qanunlardır. İnsani məsələlərin hər bir domenində aktiv olan bu yazılmamış qanunlar süni və təsadüfi qanunlardan daha mühüm idi.

“Qanunlar sadəcə olaraq insanlar arasındakı münasibətin ekspressiyası olduğu və bu münasibətlər onların təbiəti tərəfindən müəyyən edildiyi üçün, heç kəs yeni qanun yarada bilməz. Çünki bu sadəcə artıq mövcud olanın yenidən deklarasiyasıdır. Fizika təbiət üçün nə ifadə edirsə, qanunverici də sosial düzən üçün onu ifadə edir. Nyuton yalnız təbiəti müşahidə edə və fərqinə vardığını düşündüyü qanunları bizə söyləyə bildi” (bax.5)

Təbiət və cəmiyyətin qanunlarının “Tanrının dizaynı”nını əvəz etdiyini qəbul etdiyimiz zaman Pelagiusdan daha çox Avqustin Avreliusa yaxınlaşırıq. Qərb fəlsəfi ənənəsində, həm Xristianlıq, həm də Platonun düşüncələrində insanı ətrafındakı digər insanlarla təmasa daxil olmazdan öncə yalnız qeyri-insani şeylər və yaradılışlar ilə əlaqəsi olan təcrid edilmiş varlıq olaraq təxəyyülünü müşahidə edirik. Bu, pre-modern dünyanın ənənələr və mifologiyalarında aşkar etdiyimiz baxış ilə diametral ziddiyyət təşkil edir. Modernizm öncəsi dünyada insan sosial varlıqdan daha öncə mövcud olan və digər insani varlıqlarla münasibətindən əvvəl qeyri-insani varlıqlar ilə münasibəti olan məfhum olaraq dərk edilmir.

İnsanı öz əməyinin məhsulunun sahibi olaraq dərk edən Lokun XVIII əsr xələfləri insanlar arasındakı münasibətləri insanlar və şeylər arasındakı münasibət olaraq interpretasiya etməyə başladılar. Bu, iqtisadi domeni bütövlükdə sosial həyatdan təcrid etməyi mümkünləşdirdi. Bununla da, yalnız özündən asılı olan fərd öz qabiliyyətini təsbit edə və insani dünya haqqında faydalı biliyi qazana bilərdi. Sonrakı əsrdə, utopik yazar Sen-Simon öz elmi doktrinasının postulatlarından birini “insanların idarəetməsinin şeylərin administrasiyası ilə əvəzləmək zərurəti” olaraq formullaşdırdı.

B.Konstanda sosial dünyanın fiziki dünya ilə identifikasiyasının ilkin nəticəsi siyasi sferanın fəaliyyət dairəsinin nəzərəçarpacaq dərəcədə daralması idi. Onun daha sonralar neoliberalların da əxz edəcəkləri ideyasına görə, dövlətin fəaliyyəti essensial olaraq vətəndaşların təhlükəsizliyini təmin etməklə məhdudlaşır; daxildə polis gücü və ədliyyə sistemi, kənardan gələcək təhdidə qarşı isə ordudan istifadə ilə. O həm də bu xidmətlərin funksionallığını qorumaq üçün zəruri vergiləri də toplamalıdır. Çox kateqorikal yanaşmaya sahib olan Konstana görə, dövlətin fəaliyyəti minimuma – ictimai düzənin sabitliyinin qorunmasına – endirilməlidir. Bu məhdudiyyəti aşan hər şey istismardır (bax.6).

Bu tələb iqtisadi fəaliyyətlər üçün də keçərli idi. Bu sferada məsələ artıq “maddi rifahın təmini” və onun “ədalətli bölüşdürülməsi” yaxud da ifrat zənginliyinin qarşısının alınması deyildi. Hər bir çatışmazlıq yaxud da uğursuzluq üçün panaseya azad fərdlərdən qaynaqlanacaqdı. Onlara qadağasız akt göstərməyə icazə verilməli idi. Konstana görə, xeyiri tapmaqda fərdlərə inana bilərik və sənaye haqqında heç bir qanun qəbul etməməliyik. Hər bir iqtisadi problem öz həllini özü tapacaq. Panaseya rəqabətdir. Adam Smitdən daha radikal mövqeyə sahib olan Kondorseyə görə, iqtisadi rifah yalnız fərdlərin azad aktlarına bağlı idi  və dövlətin müdaxiləsi qadağan edilməlidir. Təhsil, düşüncə və sənayeyə gəldikdə hökumətlərin “motto”su belə olmalıdır: laissez-faire et laissez-les tranquilles (qoyun etsinlər və onları yalnız buraxın). Konstana görə, təbiət yalnız xeyirin təcəssümüdür və bir cahil müdaxlə etmədikcə o yalnız bizi xeyirə yönəldə bilər.

Sübhan Padarsoy
Bakı Dövlət Universitetinin tarix fakültəsi məzunu, modernizm sosiologiyası üzrə tədqiqatçı, "Modernizm əsri və insan", "Entropik dünya" kitablarının müəllifidir.