Yuxarıya
skip to main content

Miqrant problemi yoxsa insan alveri? - (İkinci Hissə)

28.11.2019

Qanunsuz beynəlxalq miqrasiyanın qarşısının alınması ilə bağlı beynəlxalq hüquqi baza və həmçinin ölkələrin milli qanunvericiliyi formalaşdırılıb. Beynəlxalq hüquqi aktlardan 2000-ci il noyabrın 15-də BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiya”nı, həmçinin onu tamamlayan “İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında” və “Miqrantların quru, dəniz və hava ilə sərhəddən qanunsuz keçirilməsinə qarşı” iki Protokolu göstərmək olar. Adı çəkilən sənədlərdən birinci Protokolda qeyd edilir ki,“insan alveri” dedikdə, güc tətbiq etmək hədəsi ilə və ya güc tətbiq etməklə və ya məcburetmə, oğurlama, dələduzluq, aldatma, hakimiyyətdən və ya vəziyyətin zəifliyindən sui‐istifadə etməklə, yaxud da digər şəxsə nəzarət edən şəxsin razılığını almaq üçün ödəniş və ya mənfəət şəklində rüşvət verməklə insanların istismar məqsədi ilə cəlb edilməsi, daşınması, təhvil verilməsi, gizlədilməsi və ya alınması başa düşülür” (maddə 3). “İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında” Protokolun "Preambula" hissəsində iştirakçı dövlətlər insan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması üzrə səmərəli tədbirlərin görülməsinə və onunla mübarizə aparmaq üçün mənşə, tranzit və təyinat ölkələrində bu cür alverin qarşısının alınmasına, bununla məşğul olan şəxslərin cəzalandırılmasına və bu cür alverin qurbanlarının müdafiəsinə, o cümlədən onların beynəlxalq səviyyədə tanınmış insan hüquqlarının müdafiəsinə yönələn tədbirləri özündə əks etdirən hərtərəfli beynəlxalq yanaşmanı zəruri hesab edirlər. “Miqrantların quru, dəniz və hava ilə sərhəddən qanunsuz keçirilməsinə qarşı” Protokolun məqsədi isə miqrantların sərhəddən qanunsuz keçirilməsinin qarşısını almaq və onunla mübarizə aparmaqdan, habelə bu məqsədlərə nail olmaq üçün sərhəddən qanunsuz keçirilmiş miqrantların hüquqlarının müdafiəsi zamanı iştirakçı dövlətlər arasında əməkdaşlığın təşviq edilməsindən ibarətdir.

 

Sənədin “Anlayışlar” maddəsində miqrantların qeyri-qanuni gətirilməsinə aydınlıq gətirilir: “Miqrantların qeyriqanuni gətirilməsi dedikdə, hər hansı bir maliyyə və ya digər maddi mənfəətin birbaşa və ya dolayı alınması məqsədi ilə istənilən iştirakçı dövlətin ərazisinə onun vətəndaşı olmayan və ya onun ərazisində daimi yaşamayan hər bir şəxsin qeyriqanuni daxil olmasının təmin edilməsi başa düşülür; “qeyriqanuni gəlmək” dedikdə, qəbul edən dövlətə qanuni əsaslarla daxil olmaq üçün vacib tələblərə riayət etməməklə sərhədi keçmək başa düşülür”.

 

“Miqrantların quru, dəniz və hava ilə sərhəddən qanunsuz keçirilməsinə qarşı” Protokolun 6-cı maddəsinə əsasən, hər bir iştirakçı dövlət qəsdən və birbaşa və ya dolayı maliyyə və ya digər maddi mənfəət almaq məqsədi ilə törədilən əməlləri cinayət qanunu ilə cəzalandırılan əməl kimi tanımaq üçün lazımi qanunverici və digər tədbirlər görür. Bu əməllər aşağıdakılardır: 1) miqrantların sərhəddən qanunsuz keçirilməsi; 2) əməllər miqrantların sərhəddən qanunsuz keçirilməsi üçün şəraitin yaradılması məqsədi ilə törədilərkən: a) ölkədən getmək və ölkəyə gəlmək üçün saxta sənədin və ya şəxsiyyət vəsiqəsinin düzəldilməsi; b) bu cür sənədin əldə olunması və ya verilməsi və ya bu cür sənədə malik olmaq; 3) aidiyyətli dövlətin vətəndaşı olmayan və ya onun ərazisində daimi yaşamayan hər hansı bir şəxsə yuxarıda göstərilən üsullar və ya digər hər hansı bir qeyri‐qanuni vasitələrlə qanuni qalmaq üçün zəruri olan qanuni tələblərə riayət etməməklə, bu dövlətin ərazisində qalmağa imkanın yaradılması. Adı çəkilən maddədə həmçinin qeyd edilir ki, hər bir iştirakçı dövlət eyni zamanda aşağıdakı əməlləri cinayət qanunu ilə cəzalandırılan əməl kimi tanımaq üçün lazımi qanunverici və digər tədbirlər görür: a) öz hüquq sisteminin əsas prinsiplərinə riayət etmək şərti ilə bu maddəyə uyğun olaraq cinayət kimi müəyyən edilmiş hər hansı bir cinayətin törədilməsinə cəhd; b) bu maddəyə uyğun olaraq cinayət kimi müəyyən edilmiş hər hansı bir cinayətin törədilməsində cinayət yoldaşı qismində iştirakçılıq və öz hüquq sisteminin əsas prinsiplərinə riayət etmək şərti ilə bu maddəyə uyğun olaraq cinayət kimi müəyyən edilmiş hər hansı bir cinayətin törədilməsində cinayət yoldaşı qismində iştirakçılıq; c) bu maddəyə uyğun olaraq cinayət kimi müəyyən edilmiş hər hansı bir cinayəti törətmək məqsədi ilə digər şəxslərin təşkilatlandırılması və ya onlara rəhbərlik.

 

Hazırda qeyri-leqal miqrasiyaya qarşı dövlətlər tərəfindən bir sıra tədbirlər görülməkdədir. Buna səbəb isə qeyri-leqal miqrasiya probleminin daha da aktuallaşmasıdır. Belə ki, təkcə 2015-ci ildə Avropa İttifaqının xarici sərhədlərin təhlükəsizliyi üzrə qurumu – FRONTEKS agentliyi sərhədlərin qeyri-leqal keçilməsi ilə bağlı rekord sayda – 1,8 milyon hal qeydə alıb. Lakin bir il sonra bu rəqəm xeyli aşağı enmiş və 503.700 təşkil etmişdir.

 

 

Finlandiyada qeyri-leqal immiqrasiya hazırda ciddi problem sayılmır. Ölkədə təxminən 10 min immiqrantın qeyri-leqal şəkildə yaşadığı təxmin edilir. Onların əksəriyyəti ölkədə qalma şərtlərini pozanlardır. Finlandiya qanunvericiliyinə əsasən, qeyri-leqal immiqrasiyanın təşkili kriminal cinayət sayılır və cərimə və ya iki il azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılır. Qeyri-leqal miqrantların əməyindən istifadə edən sahibkarlar üçün də cərimə və bir il həbs cəzası nəzərdə tutulub.

 

Siyasi sığınacaq almaq arzusunda olan əcnəbilərin əksəriyyəti İsveçrəyə gələrkən geri qaytarılmamaq üçün ölkəyə qeyri-leqal şəkildə daxil olmaq məcburiyyətində qalırlar. Məsələn, 1998-ci ildə İsveçrə sərhədində siyasi sığınacaq almaq istəyən 25,7 faiz əcnəbiyə rədd cavabı verilib. Əgər xarici vətəndaş İsveçrəyə qeyri-leqal daxil olursa, o, qəbul mərkəzlərindən birinə gedərək öz ərizəsini verə bilər. Əgər xarici vətəndaşı İsveçrəyə qanunsuz keçməyə cəhd edərkən sərhəddə saxlayarlarsa, onu dərhal qonşu ölkənin hakimiyyət orqanlarına təhvil verirlər. Əcnəbi təhvil verildiyi ölkədə siyasi sığınacaq istəyə bilər. Əgər həmin əcnəbinin İsveçrədə yaxın qohumları qanuni əsaslarla yaşayırlarsa, hakimiyyət istisnaya yol verə bilər. Onun hətta hansı ölkədən gəldiyini müəyyənləşdirmək mümkün olmasa belə, İsveçrə hökuməti onun ərizəsini nəzərdən keçirə bilər. Avstraliya qanunvericiliyinə əsasən, viza və yol sənədləri olmadan ölkəyə gəlməyə cəhd edən, eləcə də bu ölkədə müvəqqəti qalma şərtlərini pozan şəxslər qeyrl-leqal immiqrantlar sayılır. Avstraliyanın coğrafi cəhətdən yerləşməsinin özünəməxsusluğu müvafiq sənədləri olmayan immiqrantların da sayının azlığına təsir göstərir. Məsələn, 1999-2000-ci illərdə hava nəqliyyatı ilə cəmi 231, dəniz nəqliyyatı ilə isə təxminən 4000 qanunsuz giriş halı qeydə alınıb. Qeyri-leqal immiqrantların əksəriyyətini viza müddəti başa çatdıqdan sonra ölkədə qalmaqda davam edən şəxslər, habelə müvafiq icazə almadan işləyənlər təşkil edir. 2000-ci ildə bu cür insanlar 58.750 nəfər idi. Avstraliyada vizasız və ölkədə qalma şərtlərini pozan əcnəbilər saxlanılaraq deportasiya olunurlar

 

Yeni Zelandiyada qeyri-leqal immiqrantlar əsasən ölkədə qalma müddətini pozan və sərhədi qanunsuz keçməyə cəhd edən şəxslərdən ibarətdir. Qeyd edək ki, ölkəyə gələn qeyri-leqal miqrantların mənşə ölkələri başlıca olaraq Samoa (21%), Tonqa (21%) və Taylanddır (10%). 2000-2001- ci illərdə Yeni Zelandiyadan 635 qeyri-leqal immiqrant deportasiya olunmuş, 409 nəfər ölkəni könüllü tərk etmiş, 1149 əcnəbi sərhəddə (onların 65%-i Tayland ilə sərhəddə) saxlanılmışdır [16, s. 110, 115, 148, 228, 256]. 2003-cü il sentyabrın 18-də MDB çərçivəsində qeyri-qanuni miqrasiya ilə mübarizə aparan koordinasiya strukturunun– Dövlətlərarası Birgə Komissiya statusunda qurumun təsis edilməsi qərara alınıb.

 

Ölkəmizdə miqrasiya ilə bağlı durum bir çox ölkəyə örnək ola bilər. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramı (2006-2008-ci illər) ölkədə mövcud miqrasiya proseslərinin təhlili əsasında bu sahənin gələcək inkişaf istiqamətlərini və həyata keçirilməli olan zəruri tədbirləri özündə əks etdirir. Dövlət Proqramının əsas məqsədi miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya idarəetmə sisteminin inkişaf etdirilməsi, miqrasiya proseslərinin tənzimlənməsi və proqnozlaşdırılması, bu sahədə qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, qanunların tətbiqinin effektivliyinin təmin edilməsi, miqrasiya sahəsində vahid məlumat bankının, müasir avtomatlaşdırılmış nəzarət sisteminin yaradılması, qeyri-qanuni miqrasiyanın qarşısının alınması və miqrantlarla bağlı sosial müdafiə tədbirlərinin həyata keçirilməsindən ibarətdir. Proqramda qeyd edilir ki, Azərbaycan Respublikasının ərazisində müvafiq qanunvericiliyin tələblərinə uyğun olmadan ölkəyə gələn, burada qalan və ya işləyən əcnəbilər – qeyri-qanuni miqrantlar da vardır. Azərbaycan Respublikasının bir sıra dövlətlərlə vizasız gediş-gəliş rejiminin mövcud olması, ölkəmizin ərazisindən tranzit qaydasında keçən və ya Azərbaycan Respublikasına qısa müddətə gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə kifayət qədər nəzarət edilməməsi və aidiyyəti dövlət orqanları tərəfindən qanunların tətbiqində nöqsanlara yol verilməsi nəticəsində qanunsuz olaraq ölkəmizin ərazisindən üçüncü dövlətlərə getmək məqsədilə istifadə etməyə cəhd göstərən və ya Azərbaycan Respublikasında qanuni əsaslar olmadan daimi yaşayan əcnəbilərin sayı daim artmaqdadır.

 

Bütün bu hadisələrin fonunda “miqrant alveri” və “mühacir biznesi” kimi ikrah doğuran anlayışlar da ortaya çıxır. Öz ölkəsini pisləyib mühacir statusu almaq üçün alver edənlər tarixin ən böyük rəzalətlərinə imza atırlar.

 

(ardı var)


 

(Birinci Hissə)

Tural İsmayılov
Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsini bitirib, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətində sektor müdiri, teleaparıcıdır