Yuxarıya
skip to main content

Miqrant problemi yoxsa insan alveri? - (Birinci Hissə)

19.11.2019

Miqrasiyanın siyasi alver predmetinə çevrilmə meyrarları isə dünyadakı ən utancverici cinayətlərdən hesab olunur. Təəssüflər olsun ki, özlərini müxalifətçi, siyasi fəal və sair qondarma adlarla təqdim edən bəzi adamların siyasi dəllallığı indi Almaniya və Qərb mediasında geniş işıqlandırılır. Azərbaycanlı adına yaraşmayan hərəkətlər edən, nəzarətə götürülən adamlardan bəhs etməzdən öncə miqrasiya porbleminin səbəb olduğu fəsadlara mütləq nəzər salmalıyıq.


Miqrasiyanın bir çox səbəbləri var. Bu baxımdan analitiklər miqrasiyanı iki qrupa ayırır:

 

1) Haqlı miqrasiya- Bir insanın öz ölkəsində yaşamaq üçün lazım olan bütün zəruri və hüquqi ehtiyatlardan məhrum olması ilə yaranan təbii köç prosesi.

 

2) Haqsız miqrasiya- Öz ölkəsində hüququ tapdalayaraq, qanunsuzluq edənlər və uğursuz “fərdi dissident” obrazı yaradan marginalların “qaçışı”.

 

 

İnsanlar daha yaxşı yaşamaq istədiyindən iqtisadi inkişafın sürətlə getdiyi ölkələrə üz tuturlar.

 

Aşağıdakı cədvələ diqqətlə baxsaq, statistik məlumatlar da deyilənləri təsdiqləyir. Cədvəldə 2017-ci il Dünya Bankının məlumalarına əsaslanmış xalis miqrasiyanın çox olduğu 10 ölkə sıralanıb və qarşısında ona uyğun iqtisadi göstəriciləri əks olunub. Xalis miqrasiyanın müsbət olması ölkəyə axının çox olmasından qaynaqlanır. Bütün bunları ümumiləşdirdikdə, cədvəldən də göründüyü kimi daha çox insan axının olduğu ölkələr məhz inkişaf etmiş və ya inkişafa meyilli ölkələrdir. Başqa sözlə desək, iqtisadi göstəriciləri daha yüksək olan ölkələrə axın vardır. Sıralamada 2017-ci ildə 1-ci yeri tutan ABŞ-da xalis miqrasiya 4.5 milyon nəfər qeydə alınmışdır. Həmin il üzrə onun iqtisadi göstəricilərinə baxdıqda isə, adambaşına düşən məhsul buraxılışı təxminən 60 min dollar (adambaşına düşən məhsul buraxılışı və ya ÜDM ölkə ərazisində müəyyən dövr ərzində istehsal olunmuş son məhsul və xidmətlərin bazar dəyərinin əhalinin sayına nisbətidir), işsizlik dərəcəsi 3.9% (işsizlik dərəcəsi ölkənin işsiz əhalisinin işçi qüvvəsinə nisbəti ilə hesablanır və 5%-ə qədər təbii işsizlik sayılır ki, bu da iqtisadi inkişaf üçün stimul məqsədi daşıyır), infilyasiya həddi isə 2.11% olub ( inkişaf etmiş ölkələr üçün infilyasiyanın optimal həddi 2-3% qəbul edilir). Tərlan Qəhrəmanova bu məsələni belə qruplaşdırıb.

 

 

Son illərdə Avropa ölkələrində anti-miqrasiyanı siyasətlərinin əsas prinsipi edən tərəflərin səs nisbətinin artması müşahidə olunur. Alman Fridrix Ebert Fondunun Macarıstan alimləri tərəfindən apardığı araşdırma əvvəlcə "bu münasibətin səbəbi nədir"  kimi bir sıra suallara cavab axtarır.Tədqiqat Avropa siyasətçiləri üçün də bir bələdçi rolunda çıxış edir.

Tədqiqat Avropa ölkələrində aparılan sorğular və “Avropa Sosial Tədqiqat” məlumatlarından istifadə etməklə aşağıdakı suala cavab axtardı: "Fərqli bir ölkədən və mədəniyyətdən olan bir insanı nə dərəcədə dost, həyat yoldaşı, qonşu və ya iş rəhbəri kimi qəbul edə bilərsən”?

 

 

Respondentlər bu sualı 1-10 bal ilə qiymətləndirdilər. Bu sualın cavablarından belə məlum olur ki, Macarıstan immiqrasiya əleyhinə 48 faizlə xeyli qabaqdadır. Macarıstanı 29 faizlə Estoniya, 28 faizlə Çexiya izlədi. Siyahının sonunda 7 faizlə Almaniya, 3 faizlə Norveç, 2 faizlə İsveç var. Sorğu nəticəsində məlum oldu ki, onların miqrantlara münasibəti digər ölkərə nisbətdə daha loyaldır.

 

Mütəxəssislər miqrantların "istənməməsinin" səbəblərini də araşdırıblar. Mühacirləri rədd edənlərin bunu hansı səbəbdən etdiyini öyrənməyə çalışıblar. Mütəxəssislər immiqrantların gəlişi ilə yarana biləcək Avropa ölkələri vətəndaşları tərəfindən vurğulanan 5 təhdit təhlükəsini müəyyənləşdiriblər.

 

Bunlardan birincisi "işsizlik qorxusu"dur. Başqa sözlə, respondentlər belə düşünür ki,  mühacirlər gəlsə, ölkələrində işsizlik artır və vətəndaşlar işsiz qala bilər. “ İşsiz  qala bilərəm” qoxusunun ən yüksən olduğu ölkə 66 faiz ilə Macarıstandır, Çexiya 65 faizlə ikincidir. Sloveniya bu sıralamada üçüncü ölkədir.

 

Cədvəlin sonunda mühacirlərin gəlişi ilə əlaqədar ən az "işsizlik qorxusu" olan üç ölkə Almaniya, Norveç və İsveçdir.

 

Sorğu göstərib ki, mühacirlərin gəlişi ilə ölkələrində rifah halının düşməsindən narahat olan respondentlər də mövcuddur. 63 faizlə Çexiya bu sualla birincidir, 62 faiz ilə Macarıstan ikinci, 61 faizlə İspaniya üçüncüdür. Avstriya, Norveç və İsveç isə bu sorğuda sonuncu sıralardadır.

 

Mühacirləri öz kültürləri üçün təhlükə kimi görənlərin  nisbəti Macarıstanda 51 faizlə ən yüksəkdir. Macarıstanı 50 faiz ilə Böyük Britaniya izləyir. Avstriya üçüncü yeri tutur. Bu qrupun sonunda 37 faizlə Almaniya, 32 faizlə Finlandiya və 27 faizlə İsveç yer alır. “İmmiqrantlar gəlsə, bu, dinimiz üçün bir təhdid olardı” fikrində Çexiya 58 faizlə birincidir. Onu 55 faizlə Fransa və 55 faizlə İngiltərə izləyir. Bu qrupun son üç ölkəsi 47 faizlə Polşa, 45 faiz İsveç və 42 faizlə Finlandiyadır.

 

Ölkəyə gələn immiqrantların kriminogen duruma təsir edəcəyini düşünənlər 70 faizlə Avstriyada üstünlük təşkil edirlər. Sonra 68 faizlə Norveç, 67 faizlə Çexiya gəlir. Bu kateqoriyada son üç ölkə 58 faizlə Fransa, 57 faizlə Estoniya və 57 faizlə Polşadır.

 

Tədqiqat ayrıca ölkələrin vətəndaşların mühacirlərə qarşı çıxmasının səbəblərini ortaya qoyan sualların cavablarına görə qorxu əmsalı hazırlayıb. Buna görə mühacirlərin Avropaya gəlişindən ən çox qorxan ölkələrin sıralaması aşağıdakı kimidir.

 

(ardı var)

Tural İsmayılov
Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsini bitirib, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətində sektor müdiri, teleaparıcıdır