“Ermənistanın Azərbaycan xalqına qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda konfrans keçirildi
Sosial Tədqiqatlar Mərkəzinin (STM) təşkilatçılığı ilə oktyabrın 10-da Bakıda “Ermənistanın Azərbaycan xalqına qarşı müharibə cinayətləri son 30 ildə" mövzusunda konfrans keçirilib.
Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Ermənistanın xalqımıza qarşı həyata keçirdiyi müharibə cinayətlərini əks etdirən videoçarx nümayiş olunub.
STM-in İdarə Heyətinin sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc çıxış edərək deyib ki, Azərbaycan xalqına qarşı ermənilərin son 34 ildə törətdiyi müharibə cinayətlərinin külliyyatını qısa videoçarxlara yerləşdirmək mümkün deyil.
O qeyd edib: “Azərbaycanın bir neçə yüzillik gələcəyini müəyyən edən dönüş salnaməsini, Zəfər təqvimini sonrakı nəsillərə ötürmək, siyasi-ideoloji proqramlara köçürmək vəzifəsini bir an belə unutmadan bizi dünya gündəminə çevirənlərə cavab verməliyik.
Oktyabrın 2-də erməni əsgərlərinin qətli ilə bağlı tirajlanan səhnələrin ətrafındakı ajiotaj da, ilk növbədə, Qələbəmizə zərbə vurmağı hədəf alıb. Praqada böyük sülh müqaviləsinın imzalanmasına ümid yaradan danışıqlar, hərbi qələbəmizin siyasi-diplomatik masaya daşınmasına paralel olaraq, nifaqın qalmasına çalışan qüvvələrin də mütəşəkkilliyi artıb. Sülh razılaşması yaxınlaşdıqca, həqiqi düşmənlərin də siması aydın görünür, çoxəsrlik münaqişədən qazananlar açıq səhnəyə çıxırlar”.
“Lakin bir həqiqət danılmazdır: Azərbaycan dövləti İkinci Qarabağ müharibəsini beynəlxalq hüquqa və əsas qanunlara tam uyğun apardı. Dövlətimizin başçısı 2021-ci ilin noyabrın 8-də Zəfər Günündə xalqa müraciətində dedi: “Biz öz torpağımızda uğurlu əməliyyat aparmışıq, biz beynəlxalq hüququ pozmamışıq, müharibə qanunlarını pozmamışıq. Ədalətli müharibə aparmışıq və döyüş meydanında düşməni məğlub etmişik”. Əvəzində 44 günlük müqəddəs müharibə əsl Nürmberq mühakiməsi oldu. Beynəlxalq ədalət məhkəməsinin və BMT-nin sifətini Azərbaycan Ordusu xilas etdi. Ulu öndər Heydər Əliyev 1995-ci ildə xalqımız üçün ağır günlərdə bəyan edirdi ki, soyqırımına görə başımızı aşağı salmayın, gələcək qələbənizə inanın!
Şübhəsiz, Ermənistan xalqımıza qarşı 1949-cu ilin Cenevrə Konvensiyasında cinayət sayılan bütün əməlləri törədib. Lakin Göyçədən Zəngəzuradək deportasiyalara, Xocalıdan Gəncəyə, Bərdəyə vurulan raket zərbələrinə və son Edilli kütləvi məzarlığına qədər heç birinə Haaqada hüquqi qiymət verilməyib. 2020-ci il noyabrın 10-dan sonra dünya gördü ki, “qurucu millət” ələ keçirdiyi ərazilərdə son 30 ildə bir milyon ölüm minası “əkib” və hərbi məğlubiyyətlə də bəhrəsini görür. Minaların mülki insanların yaşadığı ərazilərdə, eləcə də yollarda, yaxud piyadalar əleyhinə basdırılmasına qarşı “Human Rights Watch”un 2011-ci ildə təsis etdiyi üzv dövlətlərdən ibarət koalisiyasından hələ heç bir reaksiya verilməyib.
Ermənistanın milli məhkəmələrində bir nəfər də olsun Xocalı qatili mühakimə olunmayıb. Əksinə, onların son 30 ildəki hərbi qəhrəmanlarının çoxu millətimizə qarşı cinayət törədənlərdir. Ali Baş Komandan İlham Əliyev 2021-ci il avqustun 16-dakı çıxışında erməni siyasi-hərbi rəhbərlərinə üz tutaraq, “çıxarın o medalları, atın yerə, çünki siz artıq məğlub olmusunuz” demişdi. İndi o adamlar nəinki xalqımızın, elə sadə ermənilərin də nifrətini qazanıblar. Haaqa tribunalı gərək o qəhrəmanlardan başlayardı”,-deyə STM-in İdarə Heyətinin sədri deyib.
O qeyd edib ki, ilk növbədə, Birinci və İkinci Qarabağ savaşlarını əhatə edən Müharibə Cinayətlərinin Cəzalandırılması Komissiyasının yaradılması vacibdir. Bu halda son 34 ilin hərbi cinayətlərini vahid platformada və siyasətdə birləşdirmək olar. Əgər düşmən tərəfinin 34 illik hərbi cinayətlərə görə təzminat ödəməyə imkanı yoxdursa, dünyada onun əvəzini torpaq və digər alternativ vasitələrlə tələb etmək nümunələri var. Zəngəzur dəhlizi xalqımıza qarşı edilən müharibə cinayətlərinin, vurulan mülki və iqtisadi ziyanların əvəzində tam Azərbaycanın istifadəsinə verilməlidir.
Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini Çingiz Əsgərov çıxışında bildirib: “Azərbaycan öz haqqını beynəlxalq məhkəmələrdə də müdafiə etməlidir. 2003-cü ildən biz bu işlərlə məşğuluq. 2005-ci ildən isə erməni vandalizmi ilə bağlı bütün materiallar Avropa Məhkəməsinə təqdim edilib. Tarixdə ilk dəfə olaraq Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması əks olunub. Bu qərar 2005-ci ildə təsdiqlənib. 2021-ci il yanvarın ortalarında böyük dövlətlərarası şikayət hazırlanıb və təqdim olunub. Bu müharibə cinayətləri Cenevrə Konvensiyası ilə tənzimlənir”.
O deyib ki, Avropa Məhkəməsi son qərarlarında beynəlxalq hüquqa müraciət edir, bəzən də erməni cinayətlərinə qiymət verir. Belə ki, ermənilər tərəfindən Azərbaycan xalqına, hərbçilərinə qarşı törədilən zorakılıqlarla bağlı məlumatlar Avropa Məhkəməsinə təqdim edilib.
Çingiz Əsgərov, həmçinin qeyd edib: “Azərbaycan xalqına qarşı həyata keçirilən vəhşiliklərə, terrorlara dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar susur. Bu da onların ikili standartlarının göstəricisidir. Bütün bunlar ayrı-seçkilikdir. Buna baxmayaraq, biz bu istiqamətdə çalışmalıyıq. İnanırıq ki, məhkəmədə qalib gələcəyik. Ermənistan isə kompensasiya ödəyəcək”.
Müharibə cinayətlərinə görə cəza tədbirlərinin görülməsi beynəlxalq təşkilatların prioritet istiqamətlərindən biri olduğunu deyən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov bildirib: “Bütün bunlar 4 Cenevrə Konvensiyasında nəzərdə tutulur. Amma Ermənistan bütün bunları görməzdən gəlir. Çünki bu konvensiyalar onların günahlar olduqlarını göstərir. Belə ki, Ermənistan Cenevrə Konvensiyasını pozub. Ermənistan asimmetrik müharibə aparıb. Belə ki, onlar mülki obyektlərə ziyan vurub, əsirlərə, girovlara əzab veriblər”.
N.Səfərov vurğulayıb ki, Azərbaycan və Ermənistan Cenevrə konvensiyalarının iştirakçısıdır və buna əməl etmək onların vəzifəsidir. Lakin Ermənistan bunlara əməl etmir.
“Ermənistan müharibə zonasından kənarda yerləşən obyektləri atəşə tutub və mülki şəxsləri qətlə yetirib. Bundan əlavə, mülki və hərbi obyektləri qadağan edilmiş silahlardan atəşə tutub. Bu silahlar beynəlxalq səviyyədə qadağan edilib. Həmçinin Ermənistan Azərbaycan ərazilərini minalayıb”, - deyə deputat qeyd edib.
Daha sonra çıxış edən Müdafiə Nazirliyinin Hərbi hissə komandirinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavini, polkovnik Elşad Əbilov deyib ki, 1988-ci ildən başlayaraq Dağlıq Qarabağda qanunsuz fəaliyyət göstərən erməni silahlı birləşmələri və Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycan Respublikasının Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərində yaşayan Azərbaycanlılar olan yerli əhalinin qanuni yerləşdiyi yerlərdən məcburi hərəkətlərlə didərgin salınması, yaşayış məntəqələrində və dövlət obyektlərində maddi sərvətlərin, mədəniyyət abidələrinin talanması və dağıdılması, azərbaycanlı əsir və girovlara dəhşətli işgəncələr verilməsi, Beynəlxalq humanitar hüquqla mühafizə olunan mülki və digər şəxslərlə amansız rəftar etmə, azərbaycanlıları milli bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürməklə soyqırım, deportasiya, işgəncə və s. sülh və insanlıq əleyhinə cinayətlər, habelə qəsdən adam öldürmə, təxribat, terrorizm və başqa xüsusilə ağır cinayət hadisələri törədilmişdir.
Ermənistan Respublikasının bir qrup silahlıları tərəfindən 24 mart 1990-cı il tarixdə Qazax rayonunun Bağanis-Ayrım kəndinə, 1991 -ci il dekabr ayının 14-dən 15-nə keçən gecə Əsgəran rayonunun Cəmilli kəndinə, 22 dekabr 1991 -ci il tarixdə Əsgəran rayonunun Meşəli kəndinə, 11 fevral 1992-ci il tarixdə Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərinə, 1992-ci ilin fevral ayının 14-nə kimi Xocavənd rayonunun Qaradağlı kəndinə silahlı basqın zamanı yüzlərlə sakinlər öldürülmüş, müxtəlif dərəcəli bədən xəsarətləri almış, kəndləri işğal edərkən fərdi yaşayış evləri, mədəniyyət evləri, kitabxana binaları, məktəb binaları, xəstəxana binaları, tarixi abidələr, digər dövlət obyektləri, habelə hektarlarla meşə zolaqları yandırılaraq, dövlətə və əhaliyə maddi ziyan vurulmuşdur.
Xocavənd rayonunun Tuğ kəndində 1989-cu ildən başlayaraq 1991-ci ilə kimi erməni silahlı dəstələri tərəfindən edilmiş mütəmadi hücumlar və basqınlar nəticəsində 1000-dən artıq azərbaycanlı əhali qanuni yaşadıqları yerlərdən məcburi köçürülməyə məruz qalmış və yaşayış binaları, dövlət obyektləri, təhsil ocaqları və s. məntəqələr yandırılaraq məhv edilmişdir.
Xocavənd rayonunun Xocavənd kəndində 1989-cu ilin noyabr ayından başlayaraq 1991-ci ilin oktyabr ayına kimi erməni silahlı dəstələri tərəfindən 243 ailə zorla deportasiya edilərək, dövlət obyektləri, binalar, yaşayış evləri yandırılmışdır.
25 fevral 1992-ci il tarixdə 366-cı motoatıcı alayın şəxsi heyəti və hərbi texnikası ilə birgə Xocalı şəhərinə hücuma keçmiş, nəticədə Xocalı sakini olan 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın işgəncə ilə öldürülmüş, 8 ailə bütünlüklə məhv olunmuş və 487 nəfər şikəst edilmişdir. 1275 sakin-qocalar, uşaqlar, qadınlar girov götürülmüş, onlardan 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyildir.
Xocalıda törətdikləri soyqırımı bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. Dünya tarixində Xocalı faciəsi tarixi yaddaşlardan heç vaxt silinməyən Xatın, Xirosima, Naqasaki, Sonqmi, Ruanda, Srebrenitsa və Xolokost kimi dəhşətli faciələrdən heç də geri qalmır. Adıçəkilən hadisələr müharibələr tarixinə dinc əhalinin soyqırımı olaraq daxil olmuş və bütün dünyada geniş əks-səda doğurmuşdur.
12 mart 1992-ci il tarixdə Ağdərə rayonunun Sırxavənd kəndinə edilən hücum nəticəsində 12 nəfər ölmüş, 2 nəfər yaralanmış, kəndin 1150 nəfər azərbaycanlı əhalisi evlərini tərk edib çıxaraq öz yaşadıqları torpaqlardan məcburən didərgin salınmışdır.
12 mart 1992-ci il tarixdə saat 23 radələrində Ağdərə rayonunun Başgüneypəyə kəndinə silahlı basqın etmələri nəticəsində, həmin kənd sakinlərindən 17 nəfəri qətlə yetirilmiş, 4 nəfər xəsarət almış, kəndin 120 ailədən ibarət 599 nəfər dinc sakinləri öz doğma yerlərindən məcburi qovulmuş, onların evləri yandırılıb əmlakları dağıdılmaqla talan edilmişdir.
Mono-etnik dövlət yaratmağa nail olan Ermənistan silahlı qüvvələri ona himayədarlıq edən dövlətlərin köməyindən istifadə edərək Dağlıq Qarabağ bölgəsinin (4,4 min kvadratkilometr) hüdudlarından kənarda yerləşən və onun ərazisindən 4 dəfə böyük olan Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan bölgələrini, eləcə də Dağlıq Qarabağ regionundan uzaqda, Ermənistanla sərhəddə yerləşən Qazax rayonunun yeddi kəndini və Naxçıvanın Kərki kəndini işğal etdi. Ermənistanın ərazi iddiası obyekti olan Dağlıq Qarabağın 120 min nəfərlik erməni icmasının öz müqəddəratını təyin etmək cəhdi kimi qələmə verdiyi bu proses Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyondan çox azərbaycanlının öz torpağında qaçqın vəziyyətinə düşməsinə gətirib çıxardı.
İşğal nəticəsində 900-ə yaxın yaşayış məntəqəsi, 22 muzey və 4 rəsm qalereyası, tarixi əhəmiyyəti olan 9 saray, nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı, 44 məbəd və 9 məscid dağıdılmış, talan edilmiş və yandırılmışdır. Bundan əlavə, 927 kitabxanada 4,6 milyon kitab və qiymətli tarixi əlyazmalar məhv edilmişdir. Eyni zamanda, dövlət terrorizmi və soyqırımı siyasəti yeridən Ermənistan və işğal olunmuş ərazilərdəki separatçı rejim tərəfindən ümumilikdə, müxtəlif səpkili (sərnişin avtobuslarında, sərnişin və yük qatarlarında, Bakı Metropolitenində, hava nəqliyyatında, sərnişin daşıyan dəniz bərəsində, yaşayış məntəqələrində, mülki və dövlət obyektlərində) 373 terror aktı törədilmişdir ki, nəticədə 1200 nəfər həlak olmuş, 1705 nəfər yaralanmışdır.
1988-1994-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20000 nəfərdən çox azərbaycanlı həlak olmuş, 100000 nəfərdən çoxu yaralanmış, 50000 nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur. Münaqişə dövründə 4853 nəfər itkin düşmüş, onlardan 1357 nəfəri əsirlikdən azad edilmiş, 783 nəfəri isə hələ də Ermənistanda əsirlikdədir. Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatına görə, 439 nəfər əsirlikdə öldürülmüşdür.
1993-cü ildə BMT Təhlükəsizlik Şurası 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələr qəbul etmişdir. Qətnamələrdə Təhlükəsizlik Şurası Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi yenidən təsdiq etmiş və işğalçı qoşunların Azərbaycanın işğal edilmiş bütün ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb etmişdir. Lakin bu qətnamələrin heç biri yerinə yetirilməmişdir.
Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyətinin nəticəsi də olmamışdır.
02-05 aprel 2016-cı il tarixlərində Goranboy, Tərtər, Ağdam və Füzuli rayonlarının yaşayış məntəqələrinə və həmin rayonların ərazisində yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi hissələrinin mövqelərinə erməni separatçıları tərəfindən iriçaplı silahlardan və artilleriya qurğularından istifadə etməklə hücum təşkil olunmuş, nəticədə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir neçə hərbi qulluqçusu qəsdən öldürülmüş, bir neçəsinin sağlamlığına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməklə qəsdən öldürülmələrinə cəhd edilmiş, habelə qəsdən öldürülmüş hərbi qulluqçuların meyitləri üzərində təhqiredici hərəkətlər “vandalizm” edilmiş, dövlətə, fiziki və hüquqi şəxslərə külli miqdarda maddi zərər vurulmuşdur.
Həmin hücumun qarşısı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bölmələri tərəfindən alınaraq əks hücumla Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Çocuq Mərcanlı kəndi yaxınlığında yerləşən Lələtəpə yüksəkliyi və digər ərazilər düşmən işğalından azad edilmişdir.
2020-ci il iyulun 12-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqeləri ələ keçirmək məqsədi ilə atəşkəs rejimini kobud şəkildə pozaraq dinc əhalinin sıx yaşadığı əraziləri artilleriya atəşinə tutmuş, nəticədə Azərbaycan Ordusunun 13 hərbi qulluqçusu şəhid olmuş, digərləri müxtəlif dərəcəli bədən xəsarətləri almış, o cümlədən cəbhə bölgəsindəki Tovuz rayonu Ağdam kənd sakini həlak olmuş, ümumilikdə mülki əhaliyə mühüm ziyan dəymişdir.
27 sentyabr 2020-ci il tarixdə erməni silahlı qüvvələrinin bütün cəbhəboyu törətdikləri təxribatların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə başlanan Vətən müharibəsi zəfərlə başa çatmış, Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etmiş və Azərbaycanın ərazi bütövlüyü təmin edilmişdir.
Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə bəyanatla Müzəffər Ali Baş Komandan İlham Əliyev hərbi sahədəki möhtəşəm uğurlarımızı məharətlə siyasi-diplomatik müstəviyə keçirməyə nail oldu. Bu sənəd Azərbaycanın Qələbəsinin təsdiqi olmaqla yanaşı, işğal altında olan digər torpaqlarımızın müharibəsiz, qansız, şəhidsiz geri qaytarılmasını təmin etdi.
Lakin ermənilər işğaldan azad edilmiş ərazilərimizi tərk edərkən özləri ilə apara bilmədikləri hər şeyi yandırır, məhv edirdilər. Ali Baş Komandanımız cənab İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibəsində bu faktı xüsusi qeyd etmişdir ki, Füzuli şəhərini işğaldan azad edəndə orada bayrağımızı ucaltmaq üçün bircə salamat bina tapa bilmədik. O bildirib: “Təsəvvür edirsinizmi? Bütün şəhərdə, halbuki orada 10 minlərlə insan yaşayırdı. Bircə bina da qalmayıb. Mənə zəng vurdular, dedim ki, bayrağı dirək üzərində qaldırın. Görün, onlar nə ediblər. Ağdamın, Cəbrayıl rayonunun xarabalıqlarına baxın. Hər şey dağıdılıb. Elə bil buradan vəhşilər keçiblər. Elə bil bunlar insan deyilmiş. Onlar hər şeyi söküb-dağıdıblar. Evlərin damlarını, pəncərə çərçivələrini, hətta unitazları da. Bu, sadəcə, quldurluqdur”.
Mühüm bir faktı da unutmamaq lazımdır ki, Ermənistan silahlı qüvvələri 30 il işğal altında saxladığı Azərbaycan ərazilərini minalarla çirkləndirib. Brüsseldə əldə edilmiş razılıqlara zidd olaraq, rəsmi İrəvan bu günədək mina xəritələrini və Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş 4000-dək azərbaycanlının taleyi barədə məlumatları Azərbaycana təqdim etməyib. Həmçinin basdırılmış mina xəritələrinin Azərbaycana təqdim olunmaması rəsmi İrəvanın bu gün də hərbi cinayətlər törətdiyini sübut edir. Basdırılmış yüz minlərlə mina işğaldan azad edilmiş ərazilərdə bərpa işlərini əsaslı şəkildə ləngidir və mülki əhalinin həyatı üçün təhdid törədir. Müharibə başa çatandan bu günədək 250-dən çox mülki şəxs və hərbiçi minaya düşərək həlak olmuş və ya öz sağlamlığını itirmişdir. Əslində hər bir mina partlayışı atəşkəsin və sülhün pozulması kimi qiymətləndirilə bilər. Buna görə Ermənistan minaların xəritələrini vermədiyinə və bütün bu cinayətlərə görə hüquqi məsuliyyət daşımalıdır.
44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra Azərbaycan Ordusunun Mühəndis Qoşunları tərəfindən görülən işlər:
1. 10 noyabr 2020-ci il tarixdən bu günədək 27590 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib;
- 2477 ədəd tank əleyhinə mina, 8786 ədəd piyada əleyhinə mina, 10310 ədəd partlamamış hərbi sursatlar-cəmi 21573 ədəd aşkar olunub və zərərsizləşdirilib.
2. 13.09.2022-ci il tarixdən Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisində 90 ədəd tank əleyhinə mina, 3287 ədəd piyada əleyhinə mina aşkar edilib. Onlardan 2408 ədədi 2021-ci ildə Ermənistanda istehsal olunan PMN-Э minaları, qalanları 2012, 2016, 2019-cu illərin istehsalıdır.
Düşmən minalarının partlayışı nəticəsində 8 hərbi qulluqçu həlak olub, 85 hərbi qulluqçu yaralanıb. 20 ədəd hərbi texnika, 14 ədəd mülki şəxslərə və təşkilatlara məxsus texnika yararsız hala düşüb.
Ermənilərin qəddarlığının daha bir nümunəsini qeyd etmək istəyirəm. Onlar həm 1-ci həm də 2-ci Qarabağ müharıbəsində minaları xaotik şəkildə, bəzən qalaq-qalaq basdırmaqla, həmçini 2 ədəd piyada əleyhinə minanı bir-birinin üzərinə, tank əleyhinə mina ilə piyada əleyhinə minanı yan-yana qoymaqla, şəhidlərin cəsədlərinin altına mina qoymaqla daha çox insanların həlak olmasına çalışmış, minalı sahələrin axtarışını çətinləşdirmək üçün dəmir hissələrinin səpələnməsi, digər sürpriz bombaların və minaların partlayışının gücləndirilməsi vasitələrindən istifadə etmişlər.
Beynəlxalq Konvensiyalarla qadağan edilmiş kasetli və fosforlu mərmiləri 07.10.2020-ci il tarixdə Cəbrayıl rayonuna atmışlar, Şuşada və digər ərazilərdə sonradan kasetli və fosforlu mərmilər aşkar edilmişdir.
Ermənistan işğal olunmuş ərazilərdə evləri, tikililəri sökərək atış mövqeyi, özlərinin fikrincə keçilməz ohanyan səddi yaratmışlar. Lakin onlar Azərbaycan Ordusunun gücünü hesablamamışdılar.
57 Ermənistan vətəndaşı məsuliyyətə cəlb olunub.
86 Ermənistan vətəndaşı cinayət işi başlanılıb.
Ötən 30 il ərzində 3336 nəfər mina partlayışı nəticəsində həlak olub, yaralanıb, xəsarət alıb. Onlardan 38-i qadın, 357-si isə uşaqdı.
Vətən müharibəsindən sonra 164 şəxs, 1713 meyit, 12-13 sentyabr 2022-ci il tarixlərdə erməni təxribatlarının qarşısının alınması əməliyyatından sonra 17 şəxs və 133 meyit Ermənistana təhvil verilmişdir.
Ermənistan hər iki Qarabağ müharibəsinin gedişində, eləcə də bu iki savaşın arasında sürən işğal dövründə çox sayda hərbi cinayətlər törədib. İşğaldan azad edilən ərazilərimizdə ardıcıl aşkar olunan kütləvi məzarlıqlar da bunun sübutudur.
Bu ərazilər minalardan təmizləndikcə aşkara çıxan kütləvi məzarlıqlar Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətini, dinc insanlara qarşı törətmiş olduğu müharibə cinayətlərini bir daha sübut edir. Bütün bu faktlar Ermənistanın beynəlxalq hüquqi məsuliyyətə cəlb olunması üçün əsasdır.
2022-ci il martın 28-də Azərbaycan Ordusunun hərbiçiləri Fərrux kəndi ərazisindəki mövqelərdə qazıntı işləri apararkən insan qalıqları aşkar ediblər. Bir gün sonra isə kəndin ətrafında ayrı-ayrı yerlərdə aparılmış qazıntılar zamanı daha bir neçə insan skeleti tapılıb. Aşkarlanan qalıqların Birinci Qarabağ müharibəsində Fərrux yüksəkliyi və eyniadlı kənd uğrunda gedən döyüşlərdə şəhid olmuş şəxslərə aid olduğu güman edilir. Bütün bu fəaliyyətlər beynəlxalq hüququn norma və prinsiplərinə zidd olmaqla yanaşı, Ermənistanın özünün də qoşulduğu beynəlxalq konvensiyalara ziddir və ermənilərin müharibə cinayəti hesab edilir.
Azərbaycan Ordusunun işğaldan azad etdiyi Xocavənd rayonunun Edilli kəndində aşkarlanan kütləvi məzarlıq sayca birinci deyil. Həmin məzarlıqda məftil və kəndirlərdən istifadə edilməklə əl-ayağı bağlanaraq kütləvi şəkildə dəfn edilmiş 12 insan qalığının tapılması, ümumilikdə Edillidə kütləvi məzarlıqlardan qalıqları aşkarlanmış insanların sayının 25-ə çatdığını söyləməyə əsas verir. Geyim və əşyalarından həmin şəxslərin hərbiçi olduqlarını, azərbaycanlı hərbi əsirlərin işgəncə verilərək qətlə yetirilməsini sübut edir.
Belə məzarlıqların üzə çıxması etnik nifrət hissinə köklənmiş Ermənistan silahlı qüvvələrinin davamlı olaraq beynəlxalq hüququn, beynəlxalq humanitar hüququn normalarının, o cümlədən müharibə qurbanlarının müdafiəsi haqqında 1949-cü il tarixli Cenevrə konvensiyalarının tələblərini kobud şəkildə pozaraq azərbaycanlı mülki şəxslərə, hərbi qulluqçulara, xüsusilə də yaralılara və həlak olmuş şəxslərə qarşı işgəncə və insanlıq əleyhinə əməllərlə müşahidə olunan müharibə cinayətlərini açıq şəkildə ifşa edir. Onların qeyri-humanist davranışını, genosid siyasəti həyata keçirdiyini nümayiş etdirir. Birinci və İkinci Qarabağ müharibələri zamanı erməni hərbi qulluqçuları tərəfindən azərbaycanlı hərbi əsirlərin yaxın məsafədən başlarına, ürək nahiyələrinə atəş açmaqla qəddarcasına qətlə yetirilməsi, hərbiçilərin cəsədlərinin qarət olunması, hissələrə doğranması, insanlığa sığmayan hərəkətlərə yol verilməklə işgəncə və təhqirə məruz qalması ilə bağlı çoxsaylı faktları təsdiq edən xeyli sayda videolar qeyd edilənlərin bariz nümunəsidir.
Vətən müharibəsinin davam etdiyi dövrdə beynəlxalq ictimaiyyət dəfələrlə erməni vəhşiliyinin şahidi oldu. Təkcə Gəncə şəhərinə ballistik raketlərin atılması barbarlığın, hərbi cinayətkarlığın ən böyük göstəricisidir. Çünki bu, gecə vaxtı insanların yatdığı zaman hədəflənmiş hücum idi. Azərbaycan Ordusunun zəfər yürüşü qarşısında tab gətirə bilməyən düşmən təxribatlara əl ataraq dinc mülki şəxsləri hədəfə almaqla müharibə cinayətləri törətmişdir. Azərbaycanın şəhərləri ballistik raketlərlə, fosforlu və kasetli bombalarla atəşə tutulmuşdur. Müharibə dövründə namərd atəşlər nəticəsində 100-ə yaxın mülki şəxs, onların arasında uşaqlar, qadınlar həlak olmuşlar. 400-dən çox mülki şəxs yaralanmış, 5 mindən çox ev dağıdılmış, ziyan çəkmişdir. Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan, Mingəçevir və Tərtər rayonlarında şəhər və kəndlərin raket atəşinə tutulması müharibə cinayətidir.
Bu beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq normalarının, o cümlədən “Müharibə qurbanlarının müdafiəsi haqqında” 1949-cu il tarixli Cenevrə konvensiyalarının, xüsusilə də “Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında” Konvensiyanın və ona dair 1977-ci il tarixli I Əlavə Protokolun müddəalarının Ermənistan tərəfindən kobud şəkildə pozulmasıdır.
Ermənilərin insanlığa qarşı olan cinayətlərinə baxmayaraq Azərbaycan Ordusunun hərbi qulluqçuları humanistlik göstərir, Beynəlxalq Humanitar Hüquq normalarına riayət etməyi üstün tutur.
Vətən müharibəsindən sonrakı dövrdə Azərbaycan Ordusunun daha da gücləndirilməsi istiqamətində tədbirlər görülmüş, ermənilərin hər cür təxribatlarının qarşısını bundan sonra da almağa, döyüş tapşırıqlarını qəhrəmanlıq göstərərək yerinə yetirməyə qadir olan yeni “Komando” hərbi hissələri yaradılmışdır.
Bu gün Azərbaycan Ordusu Ali Baş Komandanımız tərəfindən qarşıya qoyulmuş hər bir tapşırığın və əmrin yerinə yetirilməsinə hər an hazırdır.
-----------------------------------------------------
Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzovun çıxışından tezislər
Çox təəssüflər olsun ki, bu gün Azərbaycan Respublikasına qarşı haqqı, ədaləti fərqli, qərəzli şəkildə onun ziyanına şərh etmək və pozmaq cəhdləri kimi ikili standartlar davam etməkdədir.
Bütün dünyanın da agah olduğu bir bariz nümunə demək istəyirəm: Azərbaycan Respublikasının 20 faiz ərazisi Ermənistan tərəfindən işğal olunaraq 30 il ərzində işğal altında saxlanılarkən, 2 milyon məcburi köçkünü və qaçqını olarkən, köməksiz, hər hansı müqavimət göstərmək iqtidarında olmayan 613 mülki şəxs Azərbaycanın öz suveren ərazisində - Xocalı şəhərində əsir götürülüb xüsusi qəddarlıqla öldürülərək soyqırıma məruz qalarkən və həmin cinayətləri törədən şəxslər bütün dünyaya məlum olarkən bəzi dövlətlərin və beynəlxalq təşkilatların yadına “təqsirsizlik prezumpsiyası” düşür, bu cinayətləri törədən hakimiyyət, məsuliyyətə cəlb olunmur.
Ancaq KİV-də döyüş əməliyyatları zamanı bir neçə Ermənistan hərbi qulluqçularının öldürülməsi və yaxud meyitləri üzərində təhqiredici hərəkətlərə yol verilməsi barədə mənbəyi məlum olmayan, hələki araşdırılması istintaq yolu ilə davam etdirilən videoların yayılmasını az qala bəzi dövlətlər, beynəlxalq təşkilatlar Azərbaycan dövlətinin soyqırım siyasəti kimi qələmə verməyə çalışırlar.
Mən bir daha Azərbaycan Respublikasının Baş Prokurorluğunun nümayəndəsi kimi bəyan edirəm ki, biz hüquqi dövlət olaraq Azərbaycan ərazisində törədilməsi kimi iddia edilərək yayılan, özündə cinayətlərin əlamətlərini əks etdirən hər bir fakt üzrə cinayət işi başlamışıq və həmin işlərin obyektiv istintaqını aparırıq, əgər bu faktlar üzrə cinayət hadisəsi müəyyən olunacaqsa, hər hansı hərbi qulluqçunun təqsiri müəyyən olunacaqsa təqsirli şəxslər məsuliyətə cəlb ediləcəkdir və bizim apardığımız istintaqın gedişinə hər hansı bir dövlətin, beynəlxalq təşkilatın bəyanatı təsir göstərə bilməz.
Təsəvvür edin, cəmi bir neçə gün qabaq, yəni 02.10.2022-ci il tarixdə Azərbaycan Respublikasının hərbi qulluqçuları tərəfindən törədilməsi iddia edilərək yayılan videogörüntülərlə bağlı bəzi dövlətlər, beynəlxalq təşkilatlar istintaqın nəticəsini gözləmədən Azərbaycan insanını-hansı ki, hal-hazırda bu dövlətin ərazisində 20-yə yaxın millətin nümayəndəsi, o cümlədən 120.000 erməni əsilli şəxs yaşayır- bu xalqı hamıya məlum olan siyasi məqsədləri naminə “dinc yanaşı yaşamayan” xalq adlandırdılar.
Bu mövqedən çıxış edənlərə məsləhətim odur ki, 30 il ərzində Azərbaycana qarşı törədilən cinayətlərin xronologiyasına bir nəzər yetirsinlər, Azərbaycan Respublikasının istintaq qurumlarında toplanmış sübutlar əsasında öz təsdiqini tapan, Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycana qarşı törətdiyi çoxsaylı, qəddar, amansız bütün cinayətləri dünyaya bəyan etsək də, videoları görən gözlər nədənsə həmin cinayətləri görə bilmir və yaxud görmək istəmirlər.
Yalnız Vətən müharibəsi dövründə Azərbaycan Respublikasına Ermənistan tərəfindən təhvil verilmiş çoxsaylı hərbi qulluqçularımızın nəşləri üzərində işgəncə izlərinin əlamətləri aşkar edilmişdir, o cümlədən döyüş meydanında yaralı vəziyyətdə olan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının köməksiz vəziyyətdə olmalarına və özlərini müdafiə etmək qabiliyyətinə malik olmadıqlarına baxmayaraq, meyitlərə baxış keçirilərkən, tibbi ekspertiza rəyləri və digər istintaq sənədləri ilə bir neçəsinin başlarının diri-diri kəsilməsi, yaxın məsafədən alın və baş nahiyəsinin digər hissələrinə qəsdən açılmış atəşlər nəticəsində qətlə yetirilməsi, meyitlərinin yandırılması məlum olmuşdur. ER-nın hərbi qulluqçularının AR-nın hərbi qulluqçularına və ya onların nəşlərinə qarşı törətdiyi işgəncə faktları, meyitlər üzərində təhqiredici hərəkətlərə yol vermələri barədə 30-a yaxın videomateriallar mövcuddur (o cümlədən 2 nəfərin əsir götürülərək qəddarlıqla - birinin boğazının kəsilərək öldürülməsi, digər yaralının avtomatın qundağı ilə başından dəfələrlə vurularaq öldürülməsi kimi).
Hazırda həmin faktlarla bağlı Baş Prokurorluğun İstintaq idarəsində 10 cinayət işinin ibtidai istintaqı aparılır.
Ermənistan dövlətinin hərbi-siyasi rəhbərliyi tərəfindən və ya onların cinayətkar əmrləri əsasında AR-na qarşı törədilmiş çoxsaylı cinayətlərin xronologiyası barədə məlumat vermək istəyirəm:
Yalnız 1988-94-cü illərdə azərbaycanlı mülki əhalinin hədəf alınaraq törədilən 38 terror hücumu zamanı 1105 nəfər mülki şəxs qəsdən öldürülüb, 1180-dən çox mülki şəxs yaralanıb.
Həmin terror hücumlarından biri zamanı 20.11.1991-ci il tarixdə Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında erməni hərbi dəstələri tərəfindən Azərbaycan Respublikasına məxsus Mİ-8 markalı hərbi helikopterin vurulması nəticəsində Azərbaycan Respublikasının ümumilikdə 22 nəfər dövlət vəzifəli şəxsləri qətlə yetirilib.
Bundan başqa, 24.05.1990-cı ildə Bağanis-Ayrım qətliamında - 7 nəfər,
23.12.1991-ci ildə Meşəli qətliamında – 25 nəfər,
Xocalı soyqırımına hazırlıq mərhələsi keçmək məqsədilə 14.02.1992-ci ildə törədilmiş Qaradağlı qətliamında - 67 nəfər,
26.02.1992-ci ildə Xocalı soyqırımında - 613 nəfər öldürülüb, 8 ailə tamamilə məhv edilib, 487 nəfər öldürülməyə cəhd edilib, 1275 qadın, uşaq və qoca girov götürülməklə işgəncəyə məruz qalıb, 5379 nəfər daimi yaşayış yerini tərk etməyə məcbur olub.
08.04.1992-ci ildə Kəlbəcərin Ağdaban kəndində qətliam zamanı -67 nəfər,
28.12.1992-ci ildə Kərkicahan qətliamında - 17 nəfər,
31.03.1993-cü ildə “Tunel” qətliamında – Kəlbəcər rayonunun Comərd kəndində 26 nəfər öldürülüb və meyitləri maşınlarla birgə yandırılıb,
18.04.1993-cü ildə Başlıbel faciəsində - 12 nəfər öldürülüb.
Bu faktların hər biri ilə bağlı cinayət işlərinin istintaqı prokurorluqda davam etdirilir.
Azərbaycanı hərbi əsirlərlə qəddar davranışda ittiham edənlər bilməlidirlər ki, Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən «Hərbi əsirlərlə rəftara dair» və «Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair» 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarının və «Beynəlxalq silahlı münaqişə qurbanlarının müdafiəsinə dair» 08 iyun 1977-ci il tarixli 1 №-li əlavə Protokolun müddəalarının kobud surətdə pozulması nəticəsində 1988-1994-cü illərdə Azərbaycan Respublikası tərəfindən 3890 nəfər itkin düşüb. Onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri isə mülki şəxs olub. İtkin düşənlərin 872-sinin əsir-girov götürülməsi barədə istintaq qurumuna məlumatlar daxil olmuşdur.
Bu gün də 3890 nəfər itkin düşmüş şəxsin taleyi məlum deyil, istintaaq məlumdur ki, həmin insanlar kütləvi şəkildə qəsdən öldürülüblər, toplu halda meyitləri ya yandırılmış, yaxud torpağa basdırılmışdır.
Yuxarıda sadalanan cinayətləri törədən 297 şəxs prokurorluq tərəfindən axtarışa verilmişdir. Bu, prokurorluğun istintaqla təqsirini müəyyən etdiyi şəxslərdir, bizə məlum olmayan çoxsaylı cinayət törətmiş digər şəxslər də vardır.
Ümumilikdə, Azərbaycan Respublikası Prokurorluğunun mərkəzi struktur qurumlarında ER-nın törətdiyi cinayətlərlə bağlı 1200-ə yaxın cinayət işi istintaq olunmuş və 360 şəxs sülh və insanlıq əleyhinə, müharibə cinayətləri, şəxsiyyət əleyhinə, ictimai-təhlükəsizlik əleyhinə cinayətlər törətdiyi üçün təqsirləndirilən şəxs qismində cəlb olunaraq həbsli axtarışa verilmişdir.
Ən yaxın dövrdə Azərbaycan Respublikasının mülki şəxslərinə qarşı törədilmiş cinayətlərlə bağlı başlanmış cinayət işləri barədə məlumat vermək istəyirəm:
02-28 aprel 2016-cı il tarixlərdə ER-nın Silahlı Qüvvələrinin AR-nın işğal etdikləri ərazilərindən Goranboy, Füzuli, Ağcabədi, Ağdam və Tərtər rayonlarına təcavüzkar məqsədlə etdikləri hücumlar nəticəsində 6 nəfər mülki şəxs, 2020-ci ilin iyul ayında təkrarən eyni məqsədlə AR-nın Tovuz və Qazax rayonlarına etdikləri hücumlarla 1 nəfər mülki şəxs qəsdən öldürülmüş, çoxsaylı mülki şəxslərə və infrastruktura xüsusilə külli miqdarda ziyan vurulmuşdur. Bu faktlarla bağlı 39 cinayət işi başlanaraq cinayətlərin izləri rəsmiləşdirilmişdir.
10 noyabr 2020-ci il tarixdə Azərbaycan, Ermənistan və Rusiya Federasiyasının dövlət başçıları tərəfindən imzalanmış, Ermənistanın təslim olmaqla İkinci Qarabağ Müharibəsini yekunlaşdıran üçtərəfli bəyanatdan sonra, 2020-ci ilin noyabr ayının 10-dan sonrakı tarixlərdə istehsal edilmiş «PMN-G» və «PMN-2» tipli piyada əleyhinə, «TM-57», «TM-62R» və «TM-62M» tipli tank əleyhinə minaların yerləşdirilməsinə və onların milli ədavət və düşmənçilik niyyəti ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına və mülki şəxslərə qarşı tətbiq edilməsinə yönəldilən bilə-bilə cinayətkar əmr və sərəncamlar verilmiş, nəticədə xidməti vəzifələrini yerinə yetirən Azərbaycan Ordusunun onlarla hərbi qulluqçusu, habelə mülki şəxslər həlak olmuş və ya müxtəlif dərəcəli bədən xəsarətləri almışlar.
Ermənistan hərbi qulluqçularının Azərbaycan Respublikası ərazisində qurduqları mina tələləri vasitəsilə çoxsaylı vətəndaşlarımız zərər çəkmiş, 44 şəxs, o cümlədən 1 qadın, 3 uşaq və 9 hərbi qulluqçu həyatını itirmişdir.
Hətta 14.07.2022-ci ildə Azərbaycan Respublikasının Xocavənd rayonunun Tağaverd kəndinin ərazisində infrastrukturun bərpası ilə məşğul olan şirkətdə işləyən Yalpiri Yıldıray Cuma oğlunun işlədiyi traktorla tank əleyhinə minaya düşərək xəsarət alması faktı üzrə cinayət işinin materiallarına əsasən həmin əraziyə baxış keçirilmiş və əraziyə yeni basdırılmış 1 ədəd “TM-62” markalı tank əleyhinə mina aşkar edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikasının Rusiya Sülhməramlılarının müvəqqəti nəzarətində qalmış ərazidə yaşayan və yaxud orada qanunsuz qalmış ER-nın silahlı qüvvələri yenə də terror fəaliyyətini davam etdirməkdədirlər.
2022-ci ilin avqust-oktyabr ayları ərzində Laçın rayonunun İkinci İpək, Böyük İşıqlı kəndləri, Kəlbəcər rayonunun Keşişkənd, Alagöllər, Daşkəsən rayonunun Qoturdağ, Buğdadağ kəndləri, Tərtər-Suqovuşan istiqamətində və digər ərazilərdə Ermənistan Respublikası Müdafiə Nazirliyinin rəhbərliyi və Silahlı Qüvvələrinin digər vəzifəli şəxslərinin əmr və sərəncamları əsasında Azərbaycan Respublikasının əraziləri işğaldan azad olunduqdan sonrakı dövrdə basdırılması ehtimal olunan 8786 ədəd piyada əleyhinə, 2476 ədəd tank əleyhinə mina və 10310 ədəd partlamamış hərbi sursat Müdafiə Nazirliyinin hərbi qulluqçuları tərəfindən aşkar edilərək zərərsizləşdirilmişdir.
27.09.2020-ci il tarixdən başlayaraq 44 gün davam etmiş Vətən müharibəsi zamanı və ondan sonrakı müddətlərdə Ermənistan silahlı qüvvələri və qanunsuz silahlı birləşmələrinin təcavüz faktları
27.09.2020-ci il tarixdən başlayaraq davam edən 44 günlük müharibə zamanı Ermənistan Silahlı Qüvvələri və digər vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasına, mülki vətəndaşlarına, habelə əmlakın qəsdən məhv edilməsi cinayətlərinin törədilməsi faktları aşkar edilməklə başlanılmış ümumilikdə 87 cinayət işinin ibtidai istintaqı Baş Prokurorluğun İstintaq idarəsində aparılır.
Həmin cinayət işləri tərəfimizdən aşağıdakı şəkildə qruplaşdırılmışdır:
- Mülki əhalinin qəsdən öldürülməsi və sağlamlığına ziyan vurulması, əmlakın qəsdən məhv edilməsi və zədələnməsi faktlarına dair 39 cinayət işi,
- Mina və digər növ partlayıcı qurğuların partlayışları nəticəsində mülki şəxslərin qəsdən öldürülməsi və ya sağlamlıqlarına ziyan vurulması faktlarına dair 26 cinayət işi,
- İnfrastruktur obyektlərin ağır artilleriya mərmisi və ballistik raketlərlə hədəfə alınması faktlarına dair 3 cinayət işi,
- İşğal altında olmuş ərazilərdə tarixi, mədəniyyət abidələrinin məhv edilməsi, qanunsuz ağac kəsmə və ya digər ekoloji cinayət faktlarına dair 3 cinayət işi,
- Vətən müharibəsi müddətində fosfor mərmilərindən istifadə edilməsi faktlarına dair 1 cinayət işi,
- Qarabağ bölgəsində ayrı-ayrı muzdlu dəstələrin silahlı birləşmələrə qanunsuz cəlb edilməsi, Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etmələri faktlarına dair 8 cinayət işi,
- Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn qanunsuz açıq çağırış faktlarına dair 4 cinayət işi,
- İşğal altında olmuş ərazilərə qanunsuz silah daşınması faktlarına dair 1 cinayət işi,
- İşğal altında olmuş ərazilərdə erməni milliyyətindən olan mülki şəxslərin qəsdən məskunlaşdırılması faktlarına dair 1 cinayət işi,
- Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlərin edilməsi faktına dair 1 cinayət işi.
87 cinayət işi üzrə ümumilikdə 124 nəfər mülki şəxs qəsdən öldürülmüş, 525 nəfər mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Ölmüş şəxslərdən 28-i qadın, 14-ü isə uşaq olmuşdur. Xəsarət almış 525 nəfərdən 101-i qadın, 52-si isə uşaq olmuşdur.
Habelə, 14 şəhər və rayon üzrə (Gəncə, Mingəçevir, Ağdam, Ağcabədi, Beyləqan, Bərdə, Cəbrayıl, Füzuli, Goranboy, Xocalı, Göygöl, Tərtər, Qəbələ və Daşkəsən) ümumilikdə 14.724 əmlaka (fərdi yaşayış evi, ictimai, iaşə, ticarət obyektləri, inzibati binalar, ev heyvanları, avtomobillər) hazırki dövrə qədər olan hesablamaya əsasən təxminən 47.503.911 manat maddi ziyan dəymişdir.
Yuxarıda qeyd olunan 87 cinayət işindən 10 cinayət işi üzrə 36 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində axtarış elan edilmişdir. Həmin təqsirləndirilən şəxslərdən 13-ü Rusiya Federasiyasının, 17-si Ermənistan Respublikasının, 5-i Fransa Respublikasının, 1-i isə Gürcüstan vətəndaşlarıdır.
Habelə onlardan 3-ü təcavüzkar müharibəni planlaşdırmaqla həyata keçirilməsini, habelə mülki şəxslərin qəsdən öldürülməsini, qəsdən əmlaka xüsusilə külli miqdarda ziyan vurmaqla terror hücumlarını təşkil edən, 17-si muzdlu döyüşçü kimi qanunsuz silahlı birləşmələrin tərkibində döyüşən, 3-ü işğal altında olmuş ərazilərə qanunsuz silah daşınmasını həyata keçirən, 1-i Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edən, 1-i terrorçuluğa açıq çağırışlar edən, 11-i isə Azərbaycan Respublikasının dövlət bayrağını təhqir edən futbolçulardır.
Cinayət işlərindən 7 iş üzrə 151 (onlardan 133 şəxs VoMA adlı terror təşkilatının üzvləri barəsindədir) şəxs barəsində 23 ölkəyə 36 beynəlxalq hüquqi yardım göstərilməsi haqqında vəsatət göndərilmişdir.
Ümumilikdə isə hazırki tarixədək 40-a yaxın dövlətə Ermənistan dövləti tərəfindən AR-na qarşı törədilmiş cinayətlərlə bağlı 71 hüquqi yardım göstərilməsi haqqında vəsatət göndərilmişdir.
Qısa da olsa ER-nın 2020-ci ilin 27 sentyabr tarixindən Azərbaycan Respublikasının mülki şəxslərinə qarşı törətdiyi terror cinayətləri barədə məlumat vermək istəyirəm:
GƏNCƏ TERRORU
Azərbaycan Respublikasının 2-ci böyük şəhəri olan Gəncənin müdafiə olunmayan əraziləri, yaşayış məntəqələri və silahsızlaşdırılmış zonaları, habelə hərbi hədəf olmayan, aydın görünən obyektləri Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən hədəfə alınmaqla, böyük dağıdıcı qüvvəyə malik operativ-taktiki təyinatlı ballistik 9K72 (“SS-1 C”və ya “Scud B”) Elbrus və 9M528, bəzi hallarda 9M55 raketlərlə təchiz olmuş Katyuşa nəslindən olan 9K58 “Smerç” (BM-30) reaktiv yaylım atəşi sistemindən istifadə edilməklə xüsusilə gecə saatlarında əhalinin yatdığı vaxt xaincəsinə hücumlar təşkil olunmuşdur.
Belə ki, 4, 5, 8, 11 və 17 oktyabr 2020-ci il tarixlərdə Gəncəyə açılmış atəşlər nəticəsində, 10 nəfəri kişi, 10 nəfəri qadın və 6 nəfəri uşaq olmaqla 26 nəfər (25 nəfəri Azərbaycan Respublikasının, 1 nəfər isə Rusiya Federasiyasının vətəndaşı) mülki əhali qəsdən öldürülmüşdür. Öldürülənlərdən 5 nəfəri 60 yaşdan yuxarı, 1 nəfəri 0-5 yaş arası, 5 nəfəri 5-18 yaş arası olmuşdur.
Xəsarət alanlardan 86 nəfəri kişi, 57 nəfəri qadın, 32 nəfəri uşaq olmaqla cəmi 175 nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Xəsarət almış şəxslərdən 24 nəfəri 60 yaşdan yuxarı, 21 nəfəri 5-18 yaş arası, 11 nəfəri 0-5 yaş arasında olmuşdur.
Araşdırmaya əsasən təxminən 3875 yaşayış evi və ya mənzil və 33 qeyri-yaşayış obyekti (o cümlədən 4 və 29 saylı 2 tam orta məktəb, 4 saylı 1 uşaq poliklinikası, 10 və 52 saylı 2 körpələr evi-uşaq bağçası, 1 Musiqi kolleci) olmaqla ümumilikdə 863.700 m2 təşkil edən sahənin dağıdılması və zədələnməsi nəticəsində ümumilikdə milyonlarla məbləğdə maddi ziyan dəymişdir.
11 oktyabr və 17 oktyabr 2020-ci il tarixlərdə hər tarixdə 3 ailə olmaqla 6 ailə tamamilə məhv edilmiş, qəsdən öldürülmüşdür.
Qeyd olunan cinayət əməlləri nəticəsində 4 oktyabr tarixdə 30.000 m2 yaşayış və qeyri-yaşayış sahəsi, 5 oktyabr tarixdə 3.180 m2, 8 oktyabr tarixdə 520 m2, 11 oktyabr tarixdə 80.000 m2, 17 oktyabr tarixdə 750.000 m2 (Aida İmamquliyeva küçəsində 400.000, Samir Xasıyev küçəsində 350.000 m2) olmaqla, dağıntının və zədənin əhatə dairəsi ümumilikdə 863.700 m2 təşkil etmişdir.
Dağıntıya məruz qalan qeyri-yaşayış sahələri arasında xüsusi mülkiyyətdə olan ticarət obyektləri ilə yanaşı, həmçinin dövlət mülkiyyətində olan 2 saylı İstintaq Təcridxanasının binası, 2 məktəb, 1 poliklinika, 1 uşaq bağçası, 1 Kinoteatr binası da olmuşdur.
Qeyd olunan faktlarla bağlı 4 oktyabr 2020, 11 oktyabr 2020 və 17 oktyabr 2020-ci il tarixlərdə Azərbaycan Respublikası CM-in 100.1, 116.0.1, 117.2, 120.2.1, 214.2.1 və digər maddələri ilə 3 cinayət işi başlanmaqla ibtidai istintaq aparılmışdır.
İstintaq materialları ilə müəyyən olunmuşdur ki, Gəncə şəhərinə 4, 5 və 8 oktyabr 2020-ci il tarixlərdə cəmi 14 ədəd Smerch raketlərindən hücumlar edilmişdir. Bu sistem 1970-ci illərin sonunda SSRİ dövlət tabeçiliyində olan Splav (Tula) silah hazırlama zavodunda yaradılmışdır. Onun minimum atış məsafəsi 20-25 km, maksimal atış məsafəsi 70-90 km həddindədir. Maksimum atış məsafəsində hədəfdən yayınması 150 m təşkil edir.
Qeyd olunan “Smerch” raketlərin xüsusiyyətlərindən də göründüyü kimi, bu raketlər 300 mm çaplı olub yalım atəşlə 672.000 m² məhvetmə radiusuna malikdir və hədəfdən yayınması 0.3% təşkil edir.
Gəncə şəhərinə 05.10.2020-ci il tarixdə edilmiş hücum da eynilə 4 oktyabr tarixdə baş verənləri təkrarlamış, müəyyən olunmuşdur ki, Katyuşa nəslindən olan 9K58 “Smerç” (BM-30) reaktiv yaylım atəşi sistemində istifadə olunan 9M528 raketləri ilə edilmiş hücum zamanı 3 nəfər mülki şəxs xəsarət almış, qeyd olunan tarixdə biri orta məktəb, biri ticarət obyekti (Səbət Bazar ASC) olmaqla 3.000 m2 ərazinin əhatə edən 2 qeyri-yaşayış obyekti, 3 mənzil (180 m2) zərbənin təsirindən zədələnmişdir. Dağıdılmış və zədələnmiş yaşayış və qeyri yaşayış sahəsi ümumilikdə 3.180 m2 ərazini əhatə edir.
Eynilə, 08.10.2020-ci il tarixdə Gəncə şəhərinə 9M528 “Smerch” raketləri ilə edilmiş hücum zamanı 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.
Qeyd olunan tarixdə biri xüsusi mülkiyyət, üçü dövlət mülkiyyəti olmaqla 4 qeyri-yaşayış obyekti zədələnmişdir. Zədələnmiş qeyri-yaşayış sahəsi ümumilikdə 520 m2 ərazini əhatə edir.
Gəncə şəhərinə 11.10.2020-ci il tarixdə isə daha çox dağıdıcı gücə malik 9K72 (“SS-1 C”və ya “Scud B”) Elbrus raketlərindən hücum edilmişdir.
11.10.2020-ci il tarixdə Gəncə şəhərinə 9K72 (“SS-1 C”və ya “Scud B”) Elbrus ballistik raketləri ilə edilmiş hücum zamanı raket mərmisi Gəncə şəhəri Ə.Rəfibəyli küçəsinə düşmüş, mərmi partlamaqla 10 nəfər şəxs qəsdən öldürülmüş, 51 nəfər şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilmişdir. Daha çox insan tələfatı olması məqsədilə cinayət mülki şəxslərin yatdığı vaxtda, gecə saat 02 radələrində törədilmişdir.
İstintaq materiallarına əsasən, müəyyən edilmişdir ki, hadisə zamanı 9 yaşayış binasında 82 fərdi evə zərər dəymiş, onlardan 3 bina tamamilə dağılmışdır. Eləcə də 12 obyekt, o cümlədən 9 xüsusi (ticarət obyektləri), 1 dövlət (Musiqi məktəbi) və 2 ASC-yə (“Azəraqrartikinti” ASC-in Gəncə filialı və “Alov” ASC) zərər dəymişdir. Dağılmış və zədələnmiş qeyri-yaşayış sahəsi ümumilikdə 80.000 m2 ərazini əhatə etmişdir.
Qeyd olunan raketin düşmə yerlərinə nəzər salındıqda müəyyən edilir ki, Ələkbər Rəfibəyli küçəsi Gəncə şəhərində mərkəzdə yerləşməklə, mərminin düşdüyü yerdən bütün istiqamətlərdə kilometrlərlə məsafədə yalnız yaşayış evləri, ticarət obyektləri yerləşmişdir.
“Elbrus” Scud B raketin göstəricilərinə əsasən isə maksimum uçuş məsafəsində hədəfdən yayınması təxminən 450 metr təşkil edir. Bu isə tamamilə sübut edir ki, raketin əhalinin sıx məskunlaşdığı şəhərin mərkəzinə atılması məqsədli şəkildə olmaqla “Smerch” raketindən fərqli olaraq daha çox dağıntının, insan tələfatının olmasına hesablanmışdır.
17.10.2020-ci il tarixdə Gəncə şəhərinə 9K72 (“SS-1 C”və ya “Scud B”) Elbrus ballistik raketləri ilə edilmiş hücum zamanı raket mərmisi Gəncə şəhəri Avtozavod yolu, S.Xasıyev küçəsi və A.İmamquliyeva küçəsinə düşmüş, mərmi partlamaqla 15 nəfər şəxs qəsdən öldürülmüş, 79 nəfərə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilmişdir. Hadisə yenə də mülki şəxslərin yatdığı vaxtda, gecə saat 01 radələrində baş vermişdir.
Ümumilikdə 17.10.2020-ci il tarixdə dağıntı və zədənin əhatə dairəsi 750.000 m2 olmuşdur.
İstintaq materiallarına əsasən təxminən 3875 yaşayış evi və ya mənzil və 33 qeyri-yaşayış obyekti (o cümlədən 4 və 29 saylı 2 tam orta məktəb, 4 saylı 1 uşaq poliklinikası, 10 və 52 saylı 2 körpələr evi-uşaq bağçası, 1 Musiqi kolleci və sair), olmaqla ümumilikdə 863.700 m2 təşkil edən sahənin dağıdılması və zədələnməsi, habelə 92 nəqliyyat vasitəsinin yararsız hala salınması və ya zədələnməsi nəticəsində ümumilikdə milyonlarla manat məbləğində maddi ziyan dəymişdir.
Bununla əlaqədar istintaq tərəfindən Gəncə şəhəri üzrə 113 dağılmış və ya qəzalı, 522 təmir və ya bərpa olunmalı evə, 73 nəqliyyat vasitəsinə, eləcə də 1 fermer təsərrüfatına baxış keçirilmiş, ümumilikdə 669 nəfər əmlak üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır.
Həmçinin müəyyən edilmişdir ki, əmlakına zərər dəymiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin 14.12.2020-ci il tarixli 2343 nömrəli Sərəncamı Ermənistan silahlı qüvvələrinin cinayətləri nəticəsində mülki şəxslərə dəymiş ziyanla bağlı ilkin mərhələdə zərərçəkmiş mülki əhalinin zəruri sosial ehtiyaclarının təmin edilməsi və onların məişət və şəxsi əşyalarına dəymiş ziyanın aradan qaldırılması məqsədilə 5 milyon manata yaxın kompensasiya ödənilmişdir.
BƏRDƏ TERRORU
Azərbaycan Respublikasının Bərdə rayonunun müdafiə olunmayan ərazilərinə “Smerç” (BM-30) reaktiv yaylım atəşi sistemi və Morava reaktiv qrad tipli yaylımlı atəş sisteminə daxil olan 122 çaplı G-2000 raketlərdən istifadə edilməklə 5, 27, 28 oktyabr və 7 noyabr 2020-ci il tarixlərdə açılmış atəşlər nəticəsində 19 nəfəri kişi, 8 nəfəri qadın və 2 nəfəri uşaq olmaqla 29 nəfər mülki əhali qəsdən öldürülmüş, 72 nəfəri kişi, 26 nəfəri qadın, 14 nəfəri uşaq olmaqla 112 nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri almış, habelə 82 müxtəlif markalı avtomobilə, 249 yaşayış və qeyri-yaşayış obyektinə xüsusilə külli miqdarda əmlak ziyanı vurulmuşdur.
Morava reaktiv qrad tipli yaylımlı atəş sisteminə daxil olan 122 çaplı G-2000 raketindən Bərdəyə atılmış atəşlər nəticəsində 5 oktyabr 2020-ci il tarixlərdə 2 nəfər şəxs qəsdən öldürülmüş 5 nəfər şəxs müxtəlif dərəcəli bədən xəsarəti almış, eyni raketlə 8 oktyabr 2020-ci il tarixlərdə edilmiş hücum nəticəsində 8 nəfər şəxs müxtəlif dərəcəli bədən xəsarəti almışdır.
27 oktyabr 2020-ci il tarixlərdə Bərdə rayonu Qarayusifli kəndi istiqamətində 9K58 “Smerç” (BM-30) reaktiv yaylım atəşi sistemində istifadə olunan kasetli döyüş başlıqlı 9M525 raketindən atılmış atəşlər nəticəsində 5 nəfər şəxs qəsdən öldürülmüş 12 nəfər şəxs müxtəlif dərəcəli bədən xəsarəti almış,
28 oktyabr 2020-ci il tarixlərdə Bərdə şəhəri istiqamətində yenidən 9K58 “Smerç” (BM-30) reaktiv yaylım atəşi sistemində istifadə olunan həm kasetli döyüş başlıqlı 9M525, həm də qəlpəli-fuqaslı döyüş başlıqlı 9M528 raketindən işğal olmuş ərazilərdən atılmış atəşlər nəticəsində 21 nəfər şəxs qəsdən öldürülmüş 87 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır.
Ermənistan Respublikasının bu tipli cinayətləri Tərtər, Mingəçevir, Goranboy və digər rayonların ərazisində törədilmişdir.
Bu cinayətlər ER-nın hərbi siyasi rəhbərliyinin beynəlxalq hüquq normalarının, o cümlədən “Silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinə dair” 12.08.1949-cu il tarixli Cenevrə Konvensiyası, 14 noyabr 1975-ci il tarixli “Beynəlxalq yük daşımaları haqqında” Gömrük Konvensiyası, 27 yanvar 1977-ci il tarixli “Terrorizmin qarşısının alınması haqqında” Avropa Konvensiyası, 19 noyabr 1990-cı il tarixli “Avropada Adi Silahların Məhdudlaşdırılması” haqqında Müqavilə, Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin “Təcavüzün anlayışı haqqında” 14 dekabr 1974-cü il tarixli Qətnaməsi, BMT Baş Assambleyasının 16 dekabr 1970-ci il tarixli 2734 saylı qətnaməsi ilə qəbul edilmiş «Beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi haqqında» Bəyannaməsi, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən 30 aprel 1993-cü il tarixdə qəbul olunmuş 822 saylı, 29 iyul 1993-cü il tarixdə qəbul edilmiş 853 saylı, 14 oktyabr 1993-cü il tarixdə qəbul edilmiş 874 saylı, 11 noyabr 1993-cü il tarixdə qəbul edilmiş 884 saylı qətnamələrində, BMT Baş Assambleyası tərəfindən 14 mart 2008-ci il tarixdə qəbul edilmiş "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı qətnamə, BMT Təhlükəsizlik Şurasının sədri tərəfindən 12 may 1992-ci il, 26 avqust 1992-ci il, 27 oktyabr 1992-ci il, 29 yanvar 1993-cü il, 6 aprel 1993-cü il, 18 avqust 1993-cü il, 26 aprel 1995-ci il tarixlərdə qəbul edilmiş 7 bəyanat və digər çoxsaylı beynəlxalq konvensiya, müqavilə və bəyanatların tələblərinin pozulması yolu ilə törədilmişdir.
İşğaldan azad olunmuş ərazilərlə bağlı istintaqın rastlaşdığı nəticələrlə əlaqədar bildirmək istəyirəm ki:
Azərbaycan Respublikasının işğaldan azad olunmuş 800-ə yaxın yaşayış məntəqəsindən 536-na (rayon tabeli 7 şəhər, 11 qəsəbə, 518 kənd) istintaq idarəsinin əməkdaşları tərəfindən müvafiq baxışlar keçirilmiş və aparılmış istintaq hərəkətləri ilə həmin ərazilərdə əvvəllər mövcud olmuş (baxış keçirilmiş ərazilər üzrə) təxminən 94310 (93978 ev və 166 yaşayış binası) yaşayış tikililərindən 94178-nin, 2050 inzibati binadan (399 səhiyyə, 701 təhsil və 950 digər) 2016-nın, 309 tarixi, dini və mədəniyyət abidələrindən 170-nin, 399 qəbirstanlıqdan 366-nın, 55 məsciddən 54-nün tamamilə məhv edilməsi və ya istifadəyə yararsız vəziyyətə salınması, tikinti materialı kimi tikililərin bünövrələrinə qədər sökülüb daşınmaqla talanlar edilməsi faktları müəyyən edilmişdir.
Bundan başqa, Ermənistanın ekoloji terroruna qısa nəzər salsaq istintaq materiallarına əsasən, uzun müddət işğal altında saxlanılmış ərazilərdə Azərbaycan Respublikasının təbiət obyektləri (meşə fondu, meşə fonduna aid olmayan bitkilər, xüsusi mühafizə olunan təbiət əraziləri, təbiət abidələri və mineral-xammal yataqları) Ermənistan Respublikası və onun vəzifəli şəxsləri tərəfindən qanunsuz istismar olunmuş, ilkin istintaqla maddi ziyanın təqribən 16.200.059.474,80 manat olması müəyyən edilmişdir.
Azərbaycan Respublikasının işğal altında olmuş Qarabağ ərazisində qanunsuz iqtisadi və digər fəaliyyətlə məşğul olan şəxslər barədə istintaqı aparılmış işlər
Habelə hazırda İstintaq idarəsində Azərbaycan Respublikasının Ermənistan Silahlı Qüvvələri tərəfindən müvəqqəti işğal edilmiş ərazilərdə qanunsuz iqtisadi fəaliyyətlə bağlı 2 cinayət işinin ibtidai istintaqı aparılır.
İstintaq zamanı hazırkı mərhələdə, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində qeyri-qanuni hasilat işləri ilə məşğul olan ümumilikdə 6 şirkətin 306.821.019,93 (üç yüz altı milyon səkkiz yüz iyirmi bir min on doqquz) manat məbləğində külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirməsi müəyyənləşdirilmişdir.
STM İdarə Heyətinin üzvü professor Tahirə Allahyarova bildirib ki, Birinci Qarabağ müharibəsində ermənilər işğalı legitimləşirməyə, tarixi saxtalaşdırmağa çalışıblar. Amma buna baxmayaraq, bu 30 illik yalanların ən böyük zərbəsi ermənilərin özlərinə dəydi, rüsvayçı məğlubiyyətə uğradılar. İkinci Qarabağ müharibəsi bitdikdən sonra isə Ermənistanın siyasətini dezinformasiya və revanşizm təşkil edib. Müharibə cinayətləri ilə bağlı saxtakarlıqlar isə siyasi korrupsiyaya uğramış beynəlxalq qurumlar və parlamentarilər vasitəsilə yayılır.
O qeyd edib ki, ən dəhşətli hal Ermənistan tərəfindən kütləvi məzarlıqların yerinin gizlədilməsi, mina xəritələrinin verilməməsidir. Bütün bunlar ermənilərin Azərbaycanı günahlandırmaq və özlərinə qarşı rəğbət oyatmaq üçün təşkil etdiyi təxribatların yalnız bir neçə metodudur.
“Son seçkilərdə Avropa Parlamentinə erməni dəstəyi ilə düşən, siyasi korrupsiyaya uğrayan parlamentarilərin kimliyi artıq ifşa edilmiş hesab edilə bilər.
“Qlobal erməni millətinin” yeni layihəsi: onların Avropa Parlamentinə gətirdikləri yeni deputat Rafael Qluksman və onun daxili və xarici “5-ci kolon”la işbirliyinin başlamasıdır. Rafael Qluksman dünyanın ən varlı erməniləri siyahısında 2-ci olan Boqosyanlar ailəsinin kürəkənidir. Qluksmanın həyat yoldaşı Leo Salameo (Hala Salameh) Livanın keçmiş mədəniyyət naziri Hassan Salamehin qızıdır; anası - erməni əsilli Meri Boqosyan dünyada brilyant/almaz maqnatlar kimi tanınmış Jan, Kristian, Albert və Ralf Boqosyanların bacısıdır. Rafael Qluksman parlamentə düşən kimi öz sevimli məşğuliyyətini əks etdirən, ancaq xislətinə uyğun “kreativ-məcazi” adda: “Avropa İttifaqında demokratik proseslərə xarici müdaxilə üzrə Xüsusi Komissiya”nı (İMGE) yaratdı və onun prezidenti oldu. Komissiyanın 1 prezidenti, 19 üzvü hamısı “ağır çəkili” ermənipərəstlərdir. Hər birinin bunu sübut edən dosyesi mövcuddur”, - deyə T.Allahyarova vurğulayıb.
Konfransda Milli Məclisin deputatları, kütləvi informasiya vasitələrinin nümayəndələri, erməni cinayətlərindən əziyyət çəkən insanlar və digər rəsmi şəxslər çıxış edərək Ermənistanın xalqımıza qarşı həyata keçirdikləri cinayətlərdən, terror aktlarından danışıblar.