SSRİ-də din xofu- (Üçüncü Yazı)/ ARAŞDIRMA

17.12.2019

Azərbaycan SSR-də dini ayinlərin və dindarlığın vəziyyəti 1949-cu ildə Azərbaycan SSR-də fəaliyyət göstərən 25 dini binadan 16-ı məscid, 3-ü erməni qriqoryan kilsəsi, 3-ü sinaqoq (gürcü və dağ yəhudiləri), 1-i yevangel xristian baptist, 1-i xristian molok

(Birinci Yazı)

(İkinci Yazı)


 

1949-1951-ci illər üzrə dindarlığın vəziyyətinin təhlili göstərir ki, dini matəm günlərində Bakıda Təzəpir məscidini 300 nəfər ziyarət edirdi, bunun da 200-ü qadın, 100-ü kişi idi. Naxçıvanda isə bu rəqəm 120 nəfəri keçmirdi, bunun da 80 faizini qadınlar təşkil edirdi, cümə günlərində isə ziyarərtçilərin sayı 50 nəfəri ötmürdü. Ötən illərə nisbətən bu dövrdə məscidlərə ziyarət edənlərin sayında azalma müşahidə edilir, ən əsası isə dini evlərdə cavanlara rast gəlinmirdi. Maraqlıdır, o dövrdə allaha inananlar məscidlərdə həm də sovet hakimiyyətinə və onun gücünə dua edirdilər. Azərbaycan SSR-də dinə sitayiş edənlərin əksəriyyəti şiələr idi. Xüsusilə də məhərrəmlikdə şiələr matəm qaydalarına daha çox riayət edirdilər. Belə ki, bu dövrdə 16 məsciddən 14-ü şiələrə, 2-i sünnilərə məxsus idi. Azərbaycanda dinə qulluq edənlərin 60-65%-i şiə, 35-40%-i isə sünnilər təşkil edirdi. Quba, Nuxa, Göyçay və Bakıda yerləşən dörd məsciddə isə şiə və sünnilər bir yerdə dua edirdilər. Sovet hakimiyyəti Azərbaycanda qurulmazdan öncə belə hal qeydə alınmamışdı. Bu, sünni və şiələr arasındakı antoqonizmin tədricən yox olmasının işartılarından xəbər verirdi. Bəhs edilən dövrdə şəxsi evlərdə qrup yığıncaqları ötən illərlə müqayisədə bir qədər azalmış, dini bayramlarda qeydiyyata alınmamış məscidlərdə kütləvi yığıncaqlar isə ümumiyyətlə dayandırılmışdı. Matəm günlərində isə  “şaxsey-vaxsey” nümayişinə ümumiyyətlə icazə verilmirdi. Əslində, bütün bu nailiyyətlər və müharibə şəraitinin dini hərəkatda yaratdığı qarışıqlığın xeyli dərəcədə azalması Azərbaycan SSR-də partiya və sovet orqanlarını idarə edənlər tərəfindən verilən qərarların nəticəsi idi. Araşdırmalarımız göstərir ki, bütün bunlarla yanaşı, sözügedən dövrdə bəzi çatışmamazlıqlar qalmaqda idi. Belə ki, dindarlığın göstərilən səviyyədə azalması konkret faktlara deyil, hansısa hadisələrə əsaslanırdı. Bu isə rayon icraiyyə komitələrinin fəaliyyət göstərdikləri ərazilər üzrə dindarlığın səviyyəsinə dair təqdim etdikləri hesabatların məlumat bazasının azlığından xəbər verirdi. Təqdim edilən hesabatlar respublikada dindarlığın vəziyyətini müəyyənləşdirmək baxımından yetərli və keyfiyyətli deyildi. Bu baxımdan da Azərbaycan SSR-də dini proqressiv hərəkatın düşüşündən tam əminliklə danışmaq olmazdı. Məsələn, Xudatın Vəlimir meşəsi yaxınlığında Susay sovetliyində fəaliyyət göstərən Dəli Pirə və Maştağanın Buzovna kəndində Əli Ayağı Pirinə ziyarətlər artırdı. Araşdırmalar göstərir ki, rayon icraiyyə komitələrinin yerlərdə dindarlığın azalmasına dair səthi məlumatları ilə bu faktlar arasında ziddiyyət var. Bu anormal vəziyyət təbii ki, dini mədəniyyətin sistematik öyrənilməməsi və praktik fəaliyyətin olmamasından qaynaqlanırdı. Məhz bu səbəblə də Şura rayon icraiyyə komitələrinə sıx-sıx dini ayinlərin icra olunmasına nəzarətlə bağlı gündəlik və sistematik məşğul olmağı və digər dinlərə də çoxlu diqqət ayırmağı tələb edirdi. Çünki hesabatlarda matəm günlərində “şaxsey-vaxsey” edənlərə rast gəlinmədiyi qeyd edilsə də, əslində vəziyyət göstəriləndən fərqli idi. 1948-ci ildə məhərrəmlikdə matəm günündə Təzəpir məscidində bu kimi halların baş verməsi və qarşısının alınmamasına dair Şuranın tutduğu iradlar da bunu açıqlığa qovuşdurur. Şura dinin zərərli tərəfləri ilə lazımı qədər effektiv mübarizə aparılmadığını nəzərə alaraq, bu çatışmamazlıqların aradan qaldırılması üçün bir sıra vacib tədbirlər həyata keçirirdi. Bu tədbirlər sırasında 1949-cu ilin II rübündə dini mədəniyyətlərin, ilk növbədə isə müsəlman mədəniyyətinin öyrənilməsi və daha böyük sferada sistematik müşahidə olunması üçün mərasimlərin keçirilməsi, informasiya hesabatlarının keyfiyyətinin köklü şəkildə artırılması, dini icmaların fəaliyyətinin konkret faktlarla əks etdirilməsi, onların həyatında olan dəyişikliklərin sistematik olaraq göstərilməsi və bunun əsasında da müvafiq ümumiləşdirmələrin aparılaraq dinlər haqqında konkret nəticələrin çıxarılması, fərdi evlərdə qrup yığıncaqlarının qarşısının alınması, müsəlman şiələrinin məhərrəmliyi ancaq qeydiyyata alınmış məscidlərdə və ZMRİ tərəfindən qeydiyyata alınmış mollaların iştirakı ilə keçirməsi və küçə hərəkatlarının qarşısının alınması yer alırdı. Bütövlükdə, 1955-ci ilin 1 iyul tarixində Azərbaycan SSR-də fəaliyyət göstərməyən ibadət binalarının ümumi sayı 910 idi. Bunun da 723-ü məscid, 170-i kilsə, 11-i ocaq, 6-ı isə ibadət binası idi. Belə ki, 227 bina dini maarifləndirmə, 531 bina isə ambar və istehsalat müəssisələrinin istifadəsinə verilmişdi, 153 bina isə boş vəziyyətdə idi. Halbuki 1946-cı ildə fəaliyyət göstərməyən 1433 dini binadan 297-i dini maarifləndirmə müəssisəsinə, 862-i ambar və istehsalat müəssisəsinə verilmişdi, 274-ü isə boş vəziyyətdə idi. Statistika göstərir ki, 9 il öncəki dövrlə müqayisədə bu rəqəmlər xeyli fərqli bir durumu əks etdirir. Təbii ki, bu azalma Şuranın dinə nəzarət sahəsində fəaliyyətinin təhlili baxımından önəmli faktlardan biri sayıla bilər.

 

Orucluq müsəlmanların riayət etdiyi əsas ənənələrdən biri idi. Bu ay ərzində oruc tutanların əksəriyyətini yaşı 50-dən yuxarı olan qoca qadın və kişilər təşkil edirdi. Orta təbəqə arasında əhəmiyyətsiz sayda insan bu ənənəyə sadiq qalır, cavanlar isə ümumiyyətlə riayət etmirdi. Bu ayda kütləvi namazlar ancaq qeydiyyata alınmış məscidlərdə qılınırdı, məscid olmayan rayonlarda isə açıq havada olmamaq şərtilə isə hər kəs öz evində namaz qıla bilərdi. Şuranın fəaliyyəti nəticəsində Azərbaycan SSR-də 1948-ci ildə açıq-aşkar qanundan yayınan 24 dini qrup və icma qeydə alınmışdı. Əslində, bu qrup və icmaların ara-sıra fəaliyyət göstərən qruplara, daimi tərkibi və xüsusi yeri olmayan dinə xidmət edənlərə aid edilməsi, eyni zamanda, qeydiyyata alınmamış məscidlərdə namaz qılınmaması ilə bağlı məlumatlar bir qədər şübhəli idi. Əks halda bayram günlərində qeydiyyat alınmış icmaların olmadığı rayonlarda 15 müsəlman icması açıq-aşkar fəaliyyət göstərə və hər icmada 2000 inanclı yer almazdı. Məhz bu səbəblə də Şura o dövrdə molla qadınların yığıncaqlar təşkil etməsindən, dini təbliğat keçirməsindən və insanlardan pul yığmasından xəbərdar idi və rayon icariyyə komitələrinin sədrlərinə onların fəaliyyətinin öyrənilməsi ilə bağlı xüsusi tapşırıqlar vermişdi. Şura həmçinin rayon icraiyyə komitələrinin məscid mollaları, dini idarəetmə üzvləri, icmaları idarə edən orqanlar, rozaxanlar və mərsiyyəxanlarla görüşüb, danışıqlar keçirməsinə qarşı idi. Çünki rayon icraiyyə komitələrinin ruhani qrupu ilə keçirdiyi görüş və söhbətlər kənardan onların dini orqanların daxili həyatına müdaxilə kimi şərh oluna bilərdi. Məhz bu səbəblə də zərurət yarandıqda  belə görüşlər şeyxülislam Əlizadə və müfti Əfəndizadəyə tövsiyyə edilirdi. Orucluqda ibadətlər Bakıda qeydiyyata alınmış məcidlərdə saat 17:00-dan,  rayonlarda isə 18:00-dan başlayırdı. Kütləvi namazlar Ramazanda ancaq qeydiyyata alınmış məscidlərdə baş tuturdu və bu məscidlərə inanclıların ziyarəti əhəmiyyətsiz sayda idi. Belə inanclılar arasında isə qoca kişi və qadınlar üstünlük təşkil edirdi. Bakıda Təzəpir məscidini ziyarət edənlərin sayı 200 kişi, 350 qadın, Maştağada Cümə məscidini ziyarət edənlərin sayı isə keçən ilə nisbətən azalaraq 150 nəfər qoca kişi və qoca qadından ibarət idi. Bayramlarda Əjdərbəy məscidini ziyarət edənlərin sayı isə 200-dən çox deyildi və ötən ilə nisbətən böyüklərin sayında azalma müşahidə edilirdi.

 

Rayonlara gəldikdə, Göyçayda məscidə gələn qoca qadınların sayı 30-40, Salyanda 25-30 kişi və 50 qoca qadın, Astarada Kum kəndində 5 kişi, 4 qadın təşkil edirdi. 1950-ci ildə oruc tutanların qeydiyyata alınmış məscidlərə ziyarəti keçən ilə nisbətən azalmışdı. Bu xüsusilə əhya gecəsində daha çox nəzərə çarpırdı. Belə ki, azalma təkcə şəhərlərdə deyil, eyni zamanda, rayonlarda da müşahidə edilirdi. 1951-ci ildə Təzəpir məscidinə orucluq bayramında 580 nəfər, Əjdərbəy məscidinə 360 nəfər, Maştağada Cümə məscidinə 400 nəfər ziyarət etmişdi. Analoji proses 1952-ci ildə də davam etmiş, yeganə Təzəpir məscidinə orucluq bayramında ziyarət edənlərin sayı artaraq 2000 nəfər təşkil etmişdi. Digər iki məscidə (Əjdərbəy və Cümə) ziyarət edənlərin sayında da artım qeydə alınmışdı. Qeyd edilən statistikanı nəzərə alsaq, orucluq bayramında məscidləri ziyarət edənlərin ötən illərə nisbətən azaldığını söyləmək olar. Müsəlmanların bu müqəddəs ayında kolxozçular və müəssisə işçiləri tərəfindən heç bir qayda pozuntusu qeydə alınmamışdı. Təbii ki, burada müəssisə rəhbərlərinin həmin gün işçiləri tətilə buraxmasının da rolu vardı. Kommunistlərin, komsomolçuların və sovet intiligentlərinin dini ənənələrə riayət  etməsi və orucluq bayramında iştirakı ilə bağlı birbaşa və dolayı hər hansı fakta rast gəlinmirdi. Xüsusi Şuranın göstərişi ilə orucluq başlamazdan sovetin yüksək orqanları müsəlmanların orucluq ayı və orucluq bayramı günü ilə bağlı yüksək ideoloji təbliğat aparırdılar. Şura din xadimlərinin bütün inanclıların iş qaydalarına riayət etməsi və qayda pozuntusuna yol verməməsinə dair xüsusi xəbərdarlıq məktubu göndərirdi. Belə ki, oruc tutanlar kasıblara, ehtiyacı olanlara 7-8 rubl və 3 kq buğda, ya da arpa verməli idilər. Şura din xadimlərinə məscidin ehtiyaclarının ödənilməsi baxımından bu cür yardımları qadağan etmişdi. 50-ci illərində ortalarında isə vəziyyət bir qədər fərqli idi.

 

Diaqram 1. Orucluq ayında ziyarətlərin sayı.

 

 

 

Diaqram 1-dən də göründüyü kimi, ötən illərdən fərqli olaraq 1953-1957-ci illər üzrə orucluq bayramında qeydiyyata alınmış məscidlərə (Təzəpir, Əjdərbəy, Maştağa, Buzovna, Gəncə, Ağdam, Göyçay, Sabirabad,Salyan, Astara, Quba, Xaçmaz, Şəki, Zaqatala, Balakən, Naxçıvanda Göy İmam), xüsusilə də Əjdərbəy məscidinə ziyarət edən inanclı insanların sayında artım müşahidə olunurdu. Nəzərə çatdıraq ki, bu dönəmdə Əjdərbəy məscidinə cümə günlərində kazan tatarları daha çox ziyarət edirdilər, şiələrdən fərqli olaraq onlar sünnilər kimi cümə namazı qılırdılar. Xüsusilə qeyd etmək lazımdır ki, inanclı insanlar arasında kişilər daha çox üstünlük təşkil edirdi. Belə ki, 1953-1954-cü illərdə qadın ziyarətçilər xüsusi günlərdə 35-40%, cümə və adi günlərdə isə 15-20%-dən artıq olmurdu.

 

Şəhərlərdən fərqli olaraq rayonlarda bu göstəricilər elə də çox deyildi. Məsələn, Orucluq bayramında Qubada məscidə 100-120, Şəkidə məscidə 500-600, Balakəndə məscidə 550-600, Göyçayda məscidə 200-250, Salyanda məscidə 100-150 nəfər, Sabirabadda məscidə 100-180, Maştağada məscidə 350-400, Naxçıvanda Came məscidinə 500 nəfər insan ziyarət edirdi. Bunların içərisində Naxçıvanda Yaycı, Culfa, Ordubad və Nehrəmdə qadınlar orucluğa daha ciddi riayət edirdilər. Bu kənddə 80 nəfər kolxoz işçisindən əsasən qadınların və bir neçə kommunistlərin arvadlarının başlarına çadra örtdüyünə dair faktlar daaşkar edilmişdi. Məhz bu səbəblə də sovet bu ərazidə dini maarifləndirmə işlərinin gücləndirilməsinə dair göstərişlər vermişdi. Nehrəmdə ümumilikdə 60 kommunist, 100 komsomolçu, 50 fəal var idi. ZMRİ-nin məlumatlarında Azərbaycan SSR-də 15 müsəlman cəmiyyətinin olduğu göstərilsə də, reallıqda 1954-cü ildə 28 dini icmadan 16-ı müsəlman cəmiyyəti idi. Məhz buna görə də xüsusi Şura rayon icraiyyə komitələrinə yalnız ZMRİ-nin məlumatlarına istinad etdiyi üçün irad tutur, onlara yerli sovet orqanları ilə birgə işləməyi təklif edirdi. Çünki Şura o dövrdə respublikada qeydiyyat alınmamış, ancaq açıq-aşkar fəaliyyət göstərən fərqli dini qrupların olduğuna əmin idi. Bunu Şura səlahiyyətlərinin o dövrdə dini xidmətlərə görə məcburi yığımlara dair mənfi rəyləri də sübut edir.

 

Qurban bayramına inanclı müsəlmanlar arasında qoca qadın və qoca kişilər daha çox riayət edirdilər. Qeydiyyata alınmış və fəaliyyət göstərən məscidlərdə namaz qılan inanclılar elə də əhəmiyyətli sayda deyildi. Məscidə pul bağışlayan inanclılar arasında qoca qadın və qoca kişilər üstünlüyü qoruyurdu. Qeydiyyata alınmış məscidlər olmayan ərazilərdə kütləvi namazların qılınmasına icazə verilmirdi. Tanınmış partiyalar və sovet orqanları tərəfindən Qurban bayramı ərəfəsində dini müsəlmanların aktivliyinin qarşısını almaq məqsədilə xalq arasında mədəni-siyasi tədbirlərin görülməsi artıq adi hala çevrilmişdi. ZMRİ hər il bayram başlamazdan öncə qurban kəsilməsinin məcburi olmadığına dair din xidmətçilərinə məktub ünvanlayırdı. Təkcə 1949-cu ildə respublikada 400-500 baş heyvan qurban kəsilmişdi. Qurbanlıq gətirənlər isə ancaq qoca qadın və qoca kişilərdən ibarət idi. 1950-ci ildə Qurban bayramında Bakıda Təzəpir məscidinə ziyarət edənlərin sayı 200 kişi, 400 qadın, 1951-ci ildə 100 kişi, 200 qadın idisə, 1952-ci ildə təxminən 300 nəfər təşkil edirdi. Əjdərbəy məscidini 1950-ci ildə 50 kişi, 30 qadın ziyarət edirdisə, 1951-ci ildə ziyarətçilərin sayı 100 kişi, 150 qadın, 1952-ci ildə 60 nəfər qoca kişidən ibarət idi. Maştağada Cümə məscidini ziyarət edənlərin sayı 1950-ci ildə 30 kişi, 40 qadın, 1951-ci ildə isə təxminən 60 kişi, 120 qadın, 1952-ci ildə hardasa 40 nəfər təşkil edirdi. Gəncədə Şah Abbas məscidinə 1950-ci ildə 90 nəfər, 1951-ci ildə 70, 1952-ci ildə hardasa 45 nəfər, Göyçayda 1950-ci ildə məscidə Qurban bayramında 60 nəfər, 1951-ci ildə 100, 1952-ci ildə 80 nəfər qoca kişi, Şəkidə yerləşən məscidə 1950-ci ildə təxminən 450 nəfər, 1951-ci ildə 370 nəfər, 1952-ci ildə isə 300 nəfər qoca kişi, Salyanda Qaraçuzlu məhəlləsindəki məscidə 1950-ci ildə təxminən 80 nəfər, 1951-ci ildə 60, 1952-ci ildə isə 35 nəfər, Naxçıvanda Came məscidini 1950, 1951, 1952-ci illərdə təxminən 55 kişi, 200 qoca qadın ziyarət etmişdi. Bütövlükdə, qeydiyata alınmış məscidlərə ziyarətlərdə əvvəlki illərə nisbətən azalma qeydə alınmışdı. Statistika üzrə azalma eyni zamanda, kəsilən qurbanların sayında da özünü göstərirdi. Əgər 1950-ci ildə 300 baş mal-qara kəsilmişdisə, 1951-də 270-280, 1952-də isə 196 kişik baş heyvan kəsilmişdi. Rayonlarda, xüsusilə də Sabirabad və Göyçayda yerləşən məscidlərə ziyarət edən inanclı insanların sayında da azalma müşahidə edilmişdi. Buradan o qənaətə gəlmək olar ki, mərkəzdə yerləşən məscidlərə bu bayramda daha çox qoca qadın və qoca kişilər gəlirdilər ki, onların sayı elə də çox deyildi.

 

1949-cu ildə Təzəpir məscidində kütləvi namazlarda 400 kişi, 100 qadın, Əjdərbəy məscidində 80 kişi, 100 qadın, Maştağada Cümə məscidində 100 nəfər, Göyçaydakı məsciddə 50 nəfər, Sabirabaddakı məsciddə 17 nəfər, 1950-ci ildə Təzəpir məscidində 200 kişi, 400 qadın, Əjdərbəy məscidində 50 kişi, 30 qadın, Maştağadakı Came məscidində 30 kişi, 40 qadın, Göyçaydakı məsciddə 60 nəfər, Sabirabaddakı məsciddə ehtimal olunan səviyyədə (17), 1951-ci ildə Təzəpirdə 100 kişi, 200 qadın, qoca kişi və qadın, Əjdərbəy məscidində 100 kişi 150 qadın, Maştağanın mərkəzi Maştağada Cümə məscidinə 50-60  kişi, 100-120 qadın, Sabirabad məscidində 7 kişi, 6 qadın, Göyçaydakı məsciddə isə ehtimal olunan səviyyədə (60) inanclı qatılmışdı. Tovuz rayonunda hansısa qeydiyyata alınmamış dini qrupların sayı (5 dəfə namaz qılanlar) 2-3 nəfər qoca qadın və qoca kişidən çox deyildi. Bütövlükdə, Qurban bayramında göstərilən  məscidlər üzrə heç bir ayda qanun pozuntusu qeydə alınmamış, ruhanilər və inanclılar tərəfindən sovetin dini ayinlərə dair qanunlarının pozulması və əhalinin bayram namazına cəlb edilməsi hallarına rast gəlinməmişdi.  Kommunist və komsomolçuların bu bayramında dini ənənələrə riayət olunmasına dair birbaşa və dolayı faktları aşkar olunmamışdı. Kolxozçular və müəssisə işçiləri tərəfindən heç bir qayda pozuntu qeydə alınmamışdı.

 

Diaqram 2. Qurban bayramında ziyarətlərin sayı.

 

 

1953-1957-ci illərdə Qurban bayramında qeydiyyata alınmış məscidlərə (Təzəpir, Əjdərbəy, Maştağa, Buzovna, Gəncə, Ağdam, Göyçay, Sabirabad,Salyan, Astara, Quba, Xaçmaz, Şəki, Zaqatala, Balakən, Naxçıvanda Göy İmam) ziyarət edən inanclı insanların sayında ümumilikdə artım baş vermişdi. Diaqramdan da göründüyü kimi, ziyarətçilərin sayına görə, Bakıda yerləşən Əjdərbəy məscidi ilk sırada gəlir. Digər iki məscidə ziyarətçilərin sayında elə də ciddi artım baş verməmişdi. Buradan o qənaətə gəlmək olar ki, regionlarla müqayisədə inanclı müsəlmanların əksəriyyəti mərkəz Bakıda cəmləşmişdi.

 

Bundan başqa, 1957-ci ildə Qurban Bayramında İmamzadəyə Ağdam, Yevlax, Qasım İsmayılov (Goranboy), Samux (Səfərəliyev), Tovuz, Gəncə və digər rayonlardan gələn inanclı müsəlmanların 90%-i qadınlar, 10%-i isə kişilər təşkil edirdi. Müsəlman inanclılar arasında hardasa 40 erməni var idi, bunun da 35-i qadın, 5-i kişi idi. 

 

(ardı var)

Aygün Yusibova

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Hal-hazırda Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə təhsilini davam etdirir. Tədqiqat sahələri Qarabağ, sülh quruculuğu, ictimai-siyasi mövzuları əhatə edir. Müvafiq sahələr üzrə tədqiqatların, elmi araşdırma və məqalələrin müəllifidir.