Sosial Tədqiqatlar Mərkəzində “Böyük millət- güclü dövlət: müasir Azərbaycanın yeni ideoloji xətti” mövzusunda dəyirmi masa keçirilib

26.10.2022

Sosial Tədqiqatlar Mərkəzində “Böyük millət- güclü dövlət: müasir Azərbaycanın yeni ideoloji xətti” mövzusu ilə bağlı dinləmələr keçirilib.Tədbirdə genişmiqyaslı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Dəyirmi masada bir sıra elm adamları ilə yanaşı STM-nin İdarə Heyətinin üzvləri Elşad Mirbəşir oğlu və Tahirə Allahyarova da iştirak edib.

Elşad Mirbəşir oğlu mövzu ətrafında bir sıra vacib məqamlara toxunub: “Nəzərə almaq lazımdır ki, Vətən müharibəsindən sonra Azərbaycan bütün layihələrdə yeni bir obraz kimi iştirak edir. Təbii ki, buna qədər də bizim inkişaf göstəricilərimiz yaxşı olub. Amma etiraf etmək lazımdır ki, torpaqlar işğal altındaykən hamımızın gözündə kölgə var idi. İndi Azərbaycan ordusunun qüdrəti sayəsində torpaqlarımız azaddır. Güclü Azərbaycan daha da güclü olub. Artıq azərbaycançılıq ideyasının əsas hədəfi son nəticədə güclü Azərbaycanı qurmaq idi. Prezident İlham Əliyevin strateji baxışları azərbaycançılıq ideologiyasının əsasında duran arzuları təmin edə bildi. Ulu Öndər bildirmişdi ki, taleyüklü planların İlham Əliyev tərəfindən yerinə yetiriləcəyinə inanıram. Bu gün Azərbaycan qüdrətli bir dövlətdir. Böyük millət güclü dövlət ideologiyası artıq bizim yeni siyasi xəttimiz kimi görünə bilər. Bu baxımdan da dəyirmi masanın mövzusu yeni ideoloji baxışlarla bağlıdır".

STM-nin sədr müavini, İdarə Heytənin üzvü Elşad Mirbəşir oğlunun giriş nitqindən sonra tədbir iştirakçılarına videoçarx nümayiş etdirilib.

Daha sonra konfrans Milli Məclisin deputatı, Elm və Təhsil komitəsinin sədr müavini, Professor Musa Qasımlının sözləri ilə davam edib.

O çıxışı zamanı Azərbaycanın güclü dövlət olmaq yolunda keçdiyi çətinliklərdən bəhs edib. O bildirib ki, güclü dövlət quru sözlərlə əldə edilmir. Dövlət hər zaman ədalətli qanunlarla qurulur.

“1993-cü ildən sonraki dövr güclü dövlətin qurulmasının başlanğıcı idi. Bir ölkənin qüdrətinin artması milli təhlükəsizliyinin təmin olunmasının birinci təsir obyekti onun quruluşudur.”

Dəyirmi masada Musa Qasımlı ilə yanaşı Milli Məclisin deputatı Fazil Mustafa, fəlsəfə elmləri doktoru professor İlham Məmmədzadə, siyasi elmlər doktoru, professor Gülzar İbrahimova və digər qonaqlar iştirak edib.

Fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə öz sözlərinə bu tədbirin təşkilinə və dəvətə görə STM rəhbərliyinə təşəkkür edərək başlayıb.

“Böyük millət sözü böyük ideoloji anlayışdır. Bu ideoloq alimlər və ideoloji işlərlə məşğul olan şəxslərin məşğul olmalı olduğu işdir. Ona görə ki, dövlətlərin bir millət kimi funksiyalaşması asan məsələ deyil. Şuşa Bəyannaməsi də bu mövzunun təcəssümüdür. Azərbaycanın işbirliyi əlaqələri təkcə Türkiyə ilə deyil, digər dövlətlərlə də güclü münasibətlər var. Güclü dövlət həm də geosiyasi məsələlərdə Cənubi Qafqazın inkişafı ilə əlaqəlidir. Müasir Azərbaycan qalibdir. Amma müasir olmaq həmişə inkişafda olmaq deməkdir. Fikirləşmək lazımdır ki, sonrakı qələbələri necə əldə etmək olar? Bəlkə də bu son müharibə axırıncı olmayacaq. Müasir dünyaya artıq müharibə qayıdır, biz etiraz edə bilmərik ki əsas məsələ müharibəsiz dünyadır. Bu bir reallıqdır ki, müharibəsiz dünya bir xəyaldır. Azərbaycan son proseslərə hazır olmalıdır”- deyə İlham Məmmədzadə bildirib.

Daha sonra STM İdarə Heyətinin üzvü, professor Tahirə Allahyarova öz çıxışına başlayıb. O da öz nitqinə tədbir iştirakçılarına bu tarixi müzakirəyə qatıldıqları üçün təşəkkür edib.

“Fikrimcə milli ideologiyanın makro tarixinə nəzər salsaq Cumhuriyyət dövrünə kimi getmiş olaraq. Əsrin sonunda biz müstəqilliyi bir daha bərpa etdik. Dəyirmi masanın adında da görüldüyü kimi mövzu güclü dövlətdir. Milli ideologiya bir doqma deyil, onun hədəfləri yerinə yetirilib. Ermənistan özünə kiçik dövlət, qlobal millət ideyasını qəbul edərək revanşist xarakterli çıxış edir. Biz artıq zəfərimizi yaşayırıq. Hazırda dünyada bəlli olan paradiqmalar çökür. Biz aydın bilməliyik ki, bizim növbəti məqsədlərimiz nələrdir. Müstəqilliyin ilk dövrlərində biz bu müzakirələri aparmışdıq. Böyük millət güclü dövlət sözü tamamilə əməllərimizə uyğundur.”

Daha sonra siyasi elmlər doktoru, professor Gülzar İbrahimovaya söz verilib.

“Dəyişikliklər baş verməkdədir və bir sual doğur ki 44 günlük müharibə bizə nəyi qazandırdı? 44 günlük müharibə yeni bir geosiyasət yaratdı. Bu coğrafiyada Azərbaycan qüdrətli bir dövlət olduğunu bir daha göstərdi. Böyük millət güclü dövlət anlayışını artıq həmkarlarım açıqlayıb. Biz buna qədər də belə ideoloji xəttə malik idik. Dünən cənab Zahid Orucun bir fikrini oxuduqdan sonra onu bir daha dəstəklədim. Biz bu gün diplomatik siyasi təzyiqlərlə qarşı-qarşıyayıq. Bu yeni ideoloji xətt istiqamətində inkişaf etmək üçün çevik siyasətimizi hər zaman yeritməliyik. Hazırda bu istiqamətdə bizim çətinliklərimiz çoxdur. Biz ideoloji cəhətdən silahlanmalıyıq. Azərbaycandan gedən tələbələr və ümumilikdə xalqımızın nümayəndələri oralarda hansısa xidmət sektorunda çalışmaqla qürurlanmamalıdır. Oralarda strateji vacib mövqelərdə yer tutmalıdırlar. Biz xarici lobbiçiliyimizi gücləndirməliyik. Hərb tariximizin zənginləşdirilməsi baxımından sonuncu Vətən Müharibəsi böyük önəmə sahibdir. Bu gün ölkəmizdə kadr yetişdirilməsi ilə bağlı liderlik məktəblərinə ehtiyac var.”

STM-nin baş məsləhətçisi Sübhan Padarsoy da sonda öz məruzəsini edib. O çıxışında dünya tarixindən bir sıra nümunələr gətirərək müharibələrin acı gerçəkləri ilə yanaşı onun mümkün nəticələrindən danışıb.