Yuxarıya
skip to main content

Zahid Oruc

Sədr
Z.M.Orucun Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Zahid Məhərrəm oğlu Oruc Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilsin. 2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 11 fevral 2019-cu il. Zahid Oruc 1972-ci il fevralın 1-də Gədəbəy rayonunun Əlismayıllı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1989-cu ildə Azərbaycan Texniki Universitetinə qəbul olunub və 1994-cü ildə ali təhsilini başa vurub. 1994-cü ildə Azərbaycan Texniki Universitetini əla qiymətlərlə başa vurduqdan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Fotoelektronika İnstitutunun aspiranturasına daxil olub. Sonra Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda elmi işçi kimi çalışıb. Həmçinin, Azərbaycan Texniki Universitetinin 10 nəfər əlaçı tələbə komitəsinin üzvlərindən biri və bu ali təhsil ocağının elmi şurasının 5 il üzvü olub. Zahid Oruc 1990-cı ildən başlayaraq Azərbaycanda genişlənən xalq hərəkatı və milli azadlıq mübarizəsinə yaxından qoşularaq aktiv tələbə təşkilatlarının rəhbərlərindən biri kimi tanınıb. 1992-ci ildə fəal siyasi həyatını davam etdirərək Ana Vətən Partiyasının mətbuat xidmətinin rəhbəri, siyasi məsələlər üzrə müavini seçilib. 1999-2000-ci illərdə "Ana Vətən" qəzetinin baş redaktoru vəzifəsini daşıyıb. 2001, 2005, 2010 və 2015-ci illərdə 93 saylı Bərdə şəhər seçki dairəsindən II, III, IV və V-ci çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilib. Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvüdür. Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. 15 il davamlı olaraq "Parlament Jurnalistlər Birliyi"nin və Azərbaycan Respublikasının Milli Məclisinin ən aktiv 10 millət vəkilindən biri kimi media qurumlarının və ictimai təşkilatların mükafatlarına layiq görülüb. 10 il müddətində Azərbaycan Respublikasının Milli Məclisi-NATO Parlament Assambleyası üzrə əlaqələr qrupunun üzvü kimi müxtəlif beynəlxalq konfransların işində yaxından iştirak edib. 12 avqust 2013-cü ildə müstəqil qaydada öz təşəbbüsü ilə Azərbaycan Respublikası prezidentliyinə namizədliyini irəli sürərək sənədlərini MSK-ya təqdim edib və bununla da təmsil etdiyi Ana Vətən Partiyasının sıralarından azad olub. Zahid Oruc 2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərində müstəqil namizəd kimi iştirakı və ölkə həyatının müxtəlif sahələri ilə bağlı son dərəcə əhəmiyyətli baxışları, təklif və ideyaları ilə tanınıb. Dövri mətbuatda geosiyasətə, regional və beynəlxalq siyasətə dair, o cümlədən Azərbaycanın dövlət və ictimai həyatı ilə bağlı ardıcıl məqalələrlə çıxış edir. Beynəlxalq Marşall mərkəzində, NATO-nun "Sülh Naminə Tərəfdaşlıq Proqramı" çərçivəsində həyata keçirilən layihələrin fəal tərəfdaşı kimi müxtəlif sertifikatlar və digər nominasiyalar alıb. Ehtiyatda olan zabitdir. Rus, türk və ingilis dillərini bilir. Ailəlidir, 2 övladı var.