Yuxarıya
skip to main content

Vəzifədən getmək mədəniyyəti

26.10.2019

Amerikalı bioloq, 1962-ci ildə nüvə turşularının molekulyar quruluşunun və canlılarda genetik məlumatın ötürülməsində önəminə dair kəşflərinə görə fiziologiya və tibb üzrə (Frensis Krik və Moris Uilkins ilə birlikdə – hər ikisi Böyük Britaniya) Nobel mükafatı laureatı olan Ceyms Uotson qeyd edir ki, aparıcı alimlərin vəzifə artımı onların gözlədiyi vaxtdan tez olmalıdır.

2019-cu ilin əvvəlindən başlayan genişmiqyaslı islahatlar özünü kadr sahəsində göstərir.

Vəzifədən getmək mədəniyyəti formalaşır

2019-cu oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə kadr islahatlarının davam etdiriləcəyi vurğulanıb. Dövlət başçısı öz çıxışında müasir iqtisadiyyatı bilən, savadlı, gənc kadrların işə cəlb olunmasının əhəmiyyətini qeyd edib: “Yeni hökumət qarşısında bir çox vəzifələr qoyulub. İslahatlar aparılmalıdır, o cümlədən kadr islahatları. Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, savadlı kadrlar işə cəlb edilməlidir. Biz XXI əsrdə yaşayırıq, köhnə təfəkkürlə, köhnə biliklərlə gələcəyə necə gedə bilərik? Düzdür, islahatlar aparılır, dediyim rəqəmlər bunun əyani sübutudur. Hər bir ölkə bu nəticələrlə öyünə bilər. Ancaq biz bilirik ki, ehtiyatlarımız çoxdur. Onu da bilirik ki, əgər hər hansı dövlət və ya özəl quruma təmiz, bilikli və Vətənə bağlı kadr gəlirsə, biz orada dərhal dəyişiklikləri görürük. Hesab olunurdu ki, bizdə elə sahələr var ki, orada islahatlar aparıla bilməz. Onlardan biri də vergi sistemidir. Hesab olunurdu ki, necə deyərlər, o biabırçı vəziyyət əbədi qalmalıdır və burada heç bir irəliləyişə nail ola bilmərik. Amma hər kəs gördü ki, biz vəziyyəti islahatlar yolu ilə düzəldə bildik. Büdcəyə yüz milyonlarla manat vəsait daxil olub, digər sahələrdə də həmçinin”.

Qeyd olunan müşavirənin ardınca, Prezident İlham Əliyev uzun müddət dövlət idarəçiliyində yüksək vəzifə tutan, Baş Nazirin müavinləri Əli Həsənov və Hacıbala Abutalıbovu vəzifədən azad etdi. Qeyd edək ki, uzun müddət dövlətçiliyə xidmət edən hər iki dövlət xadimi öz xahişi ilə vəzifədən azad olunmaq üçün dövlət başçısına ərizə ilə müraciət edib. Prezident hər iki məmurla söhbətində onların 70 yaşı ötdüyünü və təqaüd vaxtı olduğunu bildirib. Prezident İlham Əliyev 70 yaşı keçən digər məmurları da istefa ərizəsi yazmağa çağırıb: “Həyat yerində durmur, qarşıya yeni vəzifələr qoyulur, yeni çağırışlar qarşımızda durur. Yaşınız da artıq 75-i keçibdir və əlbəttə ki, daha gənc nəslə yol vermək lazımdır. Ona görə sizin ərizə ilə mənə müraciətinizi yüksək qiymətləndirirəm. Hesab edirəm ki, pensiya yaşına çatmış, hər halda 70 yaşını keçən iqtidarda təmsil olunanlar da yəqin ki, sizin nümunənizi təkrar edəcəklər”.

Vətəndaş rəyi

8 oktyabrda Əli Əsədovun yeni Baş Nazir təyin edilməsindən sonra hökumətdə bir sıra kadr dəyişikliklərinin olacağı gözlənilirdi. Hazırda Nazirlər Kabinetinin qarşısında yeni vəzifələr durur, genişmiqyaslı islahatlara adekvat olaraq verilən qərarların düzgün icrasından da çox şey asılıdır.  2019-cu ilin əvvəlindən dövlətdə aparılan köklü iqtisadi və sosial islahatlara uyğun olaraq Prezident tərəfindən mərkəzi və yerli icra hakimiyyəti rəhbərlərinin qarşısında çox əhəmiyyətli vəzifələr qoyulub.

Son dövrdə aparılan kadr islahatları idarəetmədə çevikliyin təmin edilməsi baxımından çox vacibdir. Atılan addımlar xüsusilə iqtisadi sahədə müsbət nəticələrin əldə olunmasına şərait yaradır. Kadr islahatları ölkədə genişmiqyaslı xarakter alan iqtisadi islahatların səmərəliliyinin artırılmasına hesablanıb. Kadr islahatları və dövlət idarəçiyində yeni yanaşma, idarəetmədə çevikliyi təmin etmək baxımından mühüm əhəmiyyətə malikdir.

Son kadr dəyişikliyi sahibkarlara və eləcə də vətəndaşlara göstərilən xidmətin əlçatanlığının daha qısa zamanda təmin edilməsi, elektron xidmətlərdən istifadə olunması və bəzi çətinliklərin aradan qaldırılmasına yönəlib.

Hazırda neftin hasilatının bir qədər aşağı düşməsi ölkə iqtisadiyyatına və ümumi daxili məhsula mənfi təsir edən amillərdir. Lakin buna baxmayaraq, cari ilin doqquz ayı üçün ümumi daxili məhsul 2,5 faiz, qeyri-neft sektoru 3,5 faiz, kənd təsərrüfatı 7%-dən çox, qeyri-neft sənayesi 15%-dən çox artıb. Lakin inkişafın dayanıqlı olması üçün bundan sonra da çox ciddi islahatlara böyük ehtiyac vardır.

Sosial Tədqiqatlar Mərkəzinin 2019-cu il iyulun 7-dən 14-dək Bakı-Abşeron və 7 iqtisadi rayon üzrə (Gəncə-Qazax, Şəki-Zaqatala, Lənkəran, Quba-Xaçmaz, Aran, Dağlıq Şirvan, Yuxarı Qarabağ və Kəlbəcər-Laçın) 25 şəhər, 76 rayon və kənddə 1212 respondent arasında keçirilən rəy sorğusunda Prezident tərəfindən imzalanan sərəncamla hüquq-mühafizə sistemində baş verən kadr dəyişikliklərindən razılıqla bağlı suala cavabında respondentlərin böyük bir hissəsi (74%) hüquq-mühafizə və təhlükəsizlik sistemində baş verən kadr dəyişikliklərindən razı olduğunu bildirib.

İslahatlara alternativ yoxdur

Oktyabrın 23-də Mikayıl Cabbarovu yeni vəzifəyə - İqtisadiyyat naziri təyin olunması ilə əlaqədar qəbul edən Prezident İlham Əliyev öz çıxışında təyin olunan kadrlarla bağlı vəziyyət haqqında öz fikrini bildirib: “Mən yeni iqtisadi model haqqında öz andiçmə mərasimimdə fikirlərimi ifadə etmişəm. Əsas konturlar o vaxt müəyyən olunub. Ondan sonra aparılan islahatlar, o cümlədən kadr islahatları bu məqsədi güdür. Kadr islahatları labüddür, bu, qaçılmazdır. Çünki mən bunu demişəm, biz XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza ata bilmərik. Əlbəttə, yeni, savadlı, bilikli, müasir kadrlar, ilk növbədə, Vətənə bağlı olmalıdırlar, hər hansı bir xarici təsirdən azad olmalıdırlar və vətənpərvər olmalıdırlar ki, Vətənin inkişafı üçün öz səylərini göstərə bilsinlər”.

Qeyd etmək lazımdır ki, yeni iqtisadiyyat naziri Mikayıl Cabbarov vergi sistemində köklü dəyişikliklər etməyə nail olub və onun sayəsində büdcə daxilolmaları xeyli dərəcədə artıb, kölgə iqtisadiyyatı, ikili mühasibatlıq və digər neqativ halların aradan qaldırılması sayəsində mühüm addımlar atılıb.

Gənc naziri yeni vəzifədə böyük işlər gözləyir. Ölkədə kiçik və orta sahibkarlıq fəaliyyətinin inkişafını stimullaşdırmaq lazımdır, bu da öz növbəsində vergilər hesabına büdcə gəlirlərini artıracaqdır. İqtisadi inkişaf nail olmaq üçün vahid strateji yol tələb olunur. “Strateji yol” xəritəsi olsa da, onun həyata keçirilməsi üçün əsaslı iqtisadi və struktur islahatları gərəklidir.

Yeni dövrün çağırışları

Yeni dövrün xarakteri ondan ibarətdir ki, vəzifəyə təyin olunan şəxslər zamanın çağırışlarına cavab versinlər. Vəzifəli şəxslərin yaratdığı obraz vətəndaşların gözü qarşısındadır. Məmur obrazı qapalı, qaradinməzmənada qəbul olunan şəxslərdən ibarət olmamalıdır. Yeni məmur siması gülərüz, vətəndaşın dərdinə şərik olan, onu dinləyən, ona öz övladı kimi qayğı göstərən şəxslərdən seçilməlidir. Yeni təfəkkür tərzinə malik, müasir, savadlı və informasiya texnologiyalarına yiyələnmək vərdişləri formalaşmış şəxslərin dövlət idarəçiliyində irəli çəkilməsi vətəndaş-dövlət münasibətlərində yeni bir eranın başlanmasına səbəb ola bilər.

2019-cu ilin 9 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə qeyd olunduğu kimi dövlət orqanlarında və dövlət təsisatlarında gəncləşmə siyasətinin aparılması, strukturlarda savadlı, bilikli və müasir kadrların çalışması ilə bağlı səslənən fikirlərə uyğun olaraq kadr islahatlarının davamlı olacağı gözlənilir. Digər tərəfdən, indiki dövrdə Azərbaycanı keyfiyyətcə fərqli inkişaf səviyyəsinə qaldıracaq yeni kadrlara ehtiyac duyulur.

Zaman öz yerində dayanmır. Fizikanın və biologiyanın öz qanunları var. Strategiyalar, məqsədlər, xarici siyasi tarazlıq dəyişir, bəzi geosiyasi mərkəzlər zəifləyir, digərləri isə əksinə güclənir, müasir texnologiyalar şəraitində hadisələr inanılmaz sürətlə inkişaf edir. Müasir geosiyasi çağırışlarla ayaqlaşmaq zamanıdır.