Məqalələr

Unutdurulmayan tarix və silinməyən yaddaş

avatar
İlyas Hüseynov
2019-09-24
BSU-nun beynəlxalq münasibətlər, BAAU-nun iqtisadiyyat fakültəsinin magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. Hazırda BSU-nun Beynəlxalq münasibətlər kafedrasının doktorantıdır. Tədqiqat istiqamətləri: Dağlıq Qarabağ münaqişəsinin sosial aspektlərinin təhlili, Ermənistanın ictimai-siyasi və sosial vəziyyətinin öyrənilməsi, Azərbaycan-Yunanıstan münasibətlərinin tədqiqi, dünya ölkələrinin enerji siyasəti və Azərbaycanın enerji diplomatiyası.

 

 

 

Rusiyanın Levada Mərkəzi (Yuri Levadanın Analitik Mərkəzi) 2019-cu ilin 18 - 24 iyul tarixlərində "1989-cu il hadisələri" ilə əlaqədar keçirdiyi soruğunun nəticələrini elan edib. Sorğu Rusiya Federasiyasının  50 subyektində, 137 yaşayış məntəqəsində 18 yaşdan yuxarı şəhər və kənd əhalisi olmaqla Ümumrusiya seçimi əsasında 1605 nəfər arasında aparılıb. Tədqiqat respondentin evində fərdi intervü metodu ilə keçirilib. Cavabların bölüşdürülməsi əvvəlki sorğuların məlumatları ilə birlikdə respondentlərin ümumi sayına nisbətdə verilib.  

 

Qeyd edək ki, bu sorğu müxtəlif dövrlərdə də keçirilib. 1989, 2004, 2009, 2014 və bu il keçirilən sorğularda respondentlərə cəmi 1 sual ünvanlanıb – “1989-cu ildə baş vermiş aşağıda qeyd olunan hadisələrdən hansılar sizin üçün daha əhəmiyyətli olmuşdur?

 

Müxtəlif illərdə həyata keçirilmiş sorğunun nəticələri aşağıdakı cədvəldə göstərilmişdir.

                      

 

 

Sorğunun nəticələrinin təhlili   

 

 

Levada Mərkəzi tərəfindən keçirilən sorğunun nəticələrinin təhlilinə keçməzdən əvvəl qeyd olunmalıdır ki, 1989-cu ildə keçirilmiş eyniadlı sorğuda respondentlər cavabları özləri qeyd etsələr də, 2004-2019-cu illərdə aparılan sorğularda respondentlərə cavablardan ibarət kartlar təqdim olunub və sorğu iştirakçılarına bir və bir neçə variantı seçmək və ya öz variantını qeyd etmək hüququ verilib.

 

2019-cu ildə keçirilən sorğunun nəticələrinə görə, SSRİ qoşunlarının Əfqanıstana 10 il davam edən hərbi müdaxiləsinin (1979-1989) bitməsi hadisəsi siyahıya başçılıq edir.Respondentlərin yarıdan çoxu (54%) belə hesab edir ki, 1989-cu ilin ən yadda qalan hadisəsi sovet qoşunlarının Əfqanıstandan çıxarılması olmuşdur. 10 illik silahlı qarşıdurmadan sonra SSRİ qoşunlarının Əfqanıstandan çıxarılmasının başa çatması hadisəsi bu mövzuda keçirilmiş bütün tədqiqatlar üçün ən yüksək göstəricidir. Müqayisə üçün qeyd edək ki, 2014-cü ilin yanvarında rəyi soruşulanların yalnız üçdə biri (33%) bu hadisəyə önəm verirdi.

 

İkinci yerdə, 13 avqust 1961-ci ildə Almaniya Demokratik Respublikası (ADR) ilə Qərbi Berlin arasında 155 km uzunluğunda (o cümlədən Berlin civarında 43,1 km) çəkilmiş Berlin divarının 9 noyabr 1989-cu ildə aradan qaldırılması və sərhədlərin açılması dayanır (24%).  

 

İlk üçlük 1989-сu ildə başlayan, ölkədə ilk açıq kütləvi xarakter daşıyan, dərin iqtisadi və siyasi nəticələrlə müşayiət olunan “mədənçilərin tətili hadisəsi” ilə tamamlanır (19%).

 

 

 

Müharibə xofu və kollektiv yaddaşa təsir edən amillər

   

Fikrimizcə, məhz müharibə rusların qorxu və qürur mənbəyidir. Buna görə də Əfqanıstandakı hərbi əməliyyatların başa çatmasının o dövrün ən vacib hadisəsi kimi qəbul edilməsində təəccüblü heç nə yoxdur. Levada Mərkəzinin uzun illər ərzində həyata keçirdiyi bir sıra tədqiqatlarda (1999-cu il aprel, 2003-cü il iyul, 2008-ci il avqust, 2012-ci il sentyabr, 2014-cü il mart, 2015-ci il iyun, 2017-ci il yanvar) ruslar Böyük Vətən müharibəsində qazanılmış qələbənin əsas nailiyyət olduğunu qeyd edirlər [1] Lakin bununla yanaşı, qorxuları sırasında yaxınlarını itirməkdən sonra ikinci yerdə müharibənin olduğunu vurğulayırlar. Əlamətdar illərdə, adətən, bu və ya digər hadisələrə daha çox diqqət ayrılır.

 

 

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin son 3 ildə “sovet xalqları” ifadəsini tez-tez işlədir. Böyük Vətən müharibəsində qazanılmış qələbədə hər bir xalqın payının olduğunu vurğulayan Putinin böyük kütlələrə xitabən səsləndirdiyi fikirlərin əsas hədəfində keçmiş sovet vətəndaşları və onların hissiyyatları dayanır. Dövlətlərarası inteqrasiyaya çağırış edən Rusiya Prezidentinin əsas məqsədi yaddaşlarda dərin iz buraxmış İttifaqın müsbət tərəflərini qabartmaqdır. Heç də təsadüfi deyil ki, Levada Mərkəzinin 2016-cı ildə keçirdiyi sorğunun nəticələrinə görə, Rusiya vətəndaşlarının 56%-i Sovet İttifaqının dağılmasından təəssüfləndiklərini qeyd ediblər [2]. İctimai rəyi ölçən indikator roluna gətirilmiş Levada Mərkəzi də tarixi keçmişi xatırladan müxtəlif sorğular keçirir, bununla da müxtəlif siyasi terminləri dövriyyəyə daxil edir və sosialist ideologiyasını yenidən dirçəltmək üçün müxtəlif tədqiqatlar aparır. Əldə olunan nəticələr isə tez bir zamanda Rusiya media vasitələrinin əli ilə kütləvi təbliğat alətinə çevrilir.

 

Əfqanıstandan qoşunların çıxarılması və Berlin divarının çöküşü daha geniş miqyasda böyük xalq kütlələrinin şüurunda dərin izlər qoyan hadisələr sırasındadır. Əfqanıstanda müharibə ölkə daxilində bir istinad nöqtəsi olsa da, Berlin divarının yıxılması əsasən xarici dünya üçün aktual bir mövzu hesab olunurdu. İctimai-siyasi kontekst hər zaman kollektiv yaddaşa təsir edən amillərdən hesab olunur. Sovet qoşunlarının Əfqanıstanda qalması bir sıra hallarda sülhməramlı missiya kimi təqdim olunurdusa, Berlin divarının yıxılması Sovet İttifaqının dağılmasını simvolizə edirdi. Bu gün SSRİ-nin tarixə qovuşması əksər rus vətəndaşları üçün “nostalji” xarakteri daşıyır.

 

 

Diqqəti çəkən daha bir məqam ondan ibarətdir ki, 1989-cu ilin əsas xəbərləri arasında pensiya artımını “əsas yadda qalan hadisə” kimi xatırlayan rusların sayı 2 dəfədən də artıq olub. Belə ki, 2014-cü ilin yanvarında keçirilən sorğudan fərqli olaraq (8%), 2019-cu ilin iyulunda respondentlər pensiyaların artırılması məsələsinə daha çox diqqət ayırıblar (18%). Görünür, Rusiyada həyata keçirilən yeni pensiya islahatları vətəndaşlarda mənfi və ya müsbət assosiasiya yaratmaqda üstünlük təşkil edir və ya “pensiyaların artırılması” ifadəsi seçim etmək üçün daha çox nəzərə çarpır.  

 

1989-cu ilin ən yadda qalan hadisələri ilə bağlı keçirilən sorğuda 40 yaşdan yuxarı olan respondentlər gənclərdən (18-24 yaş) fərqli olaraq, Əfqanıstandan qoşunların çıxarılması və Berlin divarının yıxılmasını ən önəmli hadisə hesab edirlər (müvafiq olaraq 64%-ə qarşı 31% və 28%-ə qarşı 15%).

 

Bu il keçirilən sorğu haqqında geniş məlumatlar aşağıdakı cədvəldə göstərilmişdir.

 

 

Yaddan çıxmaz Qarabağ

   

Bizim üçün maraqlı cəhət ondan ibarətdir ki, 2019-cu ilin 18 - 24 iyul tarixlərində keçirilən sorğunun nəticələrinə görə, Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı variant siyahıda 5-ci yerdə qərarlaşıb və sorğu iştirakçılarının 15 % səsini toplayıb. 

 

Ermənistan-Azərbaycan müharibəsinin başlanmasından 30 il keçsə də Rusiya vətəndaşları üçün bu hadisə hələ də unudulmayıb. Deməli, məlumatlıdırlar və ya hər zaman məlumatlı olublar. Bunun özü də bir göstəricidir və burada dərin siyasi motivlər axtarmaq olar. Sadə rus vətəndaşı üçün M.S.Qorbaçovla "Böyük Buş"un görüşü, ölkənin müxtəlif şəhərlərində QİÇS-in yayılması, Başqırdıstanda dəmiryolu qəzası, Andrey Dmitriyeviç Saxarovun ölümü, Tbilisidə nümayişçilərin gülləbaran edilməsi, Şərqi Avropada siyasi dəyişikliklər, Fərqanə vadisində milli zəmində qarşıdurmalar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən daha az əhəmiyyət daşıyır və ya yaddaşında qalın toz qatına bürünüb. Rəyi soruşulanlar Dağlıq Qarabağ məsələsinə daha çox diqqət ayırıblar. Bizimlə eyni tarixi yaşayan respondent üçün Qarabağda olan qarşıdurmalar niyə bu qədər önəmli olmalıdır? Düşünürəm ki, bu sorğunun nəticələrində informasiya məkanındakı vahdiliyinin hələ tam pozulmaması rol oynasa da siyasi motivlərin olması açıq-aşkar sezilir. Belə ki, rus əsgərlərinin də yaxından iştirak etdiyi Qafqaz savaşları təəssüflər olsun ki, yalnız 17-20 ci əsrdə qalmayıb bolşeviklərin süqutundan sonra da davam edib. Digər tərəfdən, Qarabağ savaşını rusiyalı vətəndaşın ümummilli probleminə çevirən qüvvələrin böyük bir hissəsi Rusiyanın elmi-siyasi və maliyyə çevrələrində qərarlaşan erməni elitasıdır... Onlar çox ustalıqla Kremlin strateji kursunun müəyyənləşməsində müəyyən səlahiyyətlər qazanıblar və belə möhkəm statuslar, çinlər, diplomatik mərtəbələr sadə rus əhalisinin də rəyini özünə cəlb edə bilir. Rəy isə böyük qüvvədir!

___________________

 

[1]1989 və 2004-cü illərdə: “A.D. Saxarovun Əfqanıstandakı müharibə haqqında çıxışı"

[2] Bu variant seçim üçün cavab kartlarına daxil edilməyib.

[3] Bu variant seçim üçün cavab kartlarına daxil edilməyib.

[5] Rusiya vətəndaşlarının yarıdan çoxu SSRİ-nin dağılmasından təəssüflənir - https://www.levada.ru/2016/04/19/bolshe-poloviny-rossiyan-sozhaleyut-o-raspade-sssr/

 

 

PAYLAŞ

Oxşarlar

MÜSƏLMAN ŞƏRQİNDƏ DEMOKRATİYA, DÜNYƏVİLİK  VƏ PARLAMENTARİZM ƏNƏNƏSİ

MÜSƏLMAN ŞƏRQİNDƏ DEMOKRATİYA, DÜNYƏVİLİK VƏ PARLAMENTARİZM ƏNƏNƏSİ

03 İyun 2020

Azərbaycanın bu gün dünya müstəvisində müstəqil dövlət kimi bərqərar olmasının, demokratik ənənələrin, insan hüquq və azadlı… ƏTRAFLI

Azərbaycanlının nəzərində 2020-ci il dünya xəritəsi

Azərbaycanlının nəzərində 2020-ci il dünya xəritəsi

03 İyun 2020

Опрос Центра социальных исследований, датированный январем-мартом 2020 года, несет в себе актуа… ƏTRAFLI

Dünya iqtisadiyyatı pandemiya ilə

Dünya iqtisadiyyatı pandemiya ilə "savaşda" - TƏHLİL

02 İyun 2020

Pandemiya iqtisadiyyatın həm bu günü, həm də gələcəyi üçün nikbin proqnozları yanıldır. Ümumilikdə qlobal fəlakətlər və pan… ƏTRAFLI